«Vərqa və Gülşah»
dastanının miniatürləri
«Vərqa
və Gülşah» illüstrasiyaları silsiləsi türk
xalqlarının miniatür sənətinin ilkin nümunəsidir.
Onun mövzuları mənbəyini Qədim Şərq incəsənətindən
götürür. Taxt-tac, ziyafət, məişət
janrı süjetləri ilə yanaşı müharibə, əslində
hərbi məşq olan ov, şəhərlərin,
qalaların mühasirəsi səhnələri, orduların
savaşı, əfsanəvi və tarixi qəhrəmanların
döyüşünü əks etdirən döyüş
mövzusu da mövcud idi. Əhəmiyyətinə görə,
hətta üstün mövqe tuturdu.
Divar naxışları, relyeflər, tətbiqi-dekorativ
məmulatları üzərindəki təsvirlərdən bizə
məlum olan təşəkkül tapmış stereotiplər
onların əsrlər boyu ənənəyə tabe olması
və dəyişməzliyinə dəlalət edir.
Müsəlman Şərqində, məsələn,
kitab miniatür sənəti inkişafının ən ilkin mərhələsində,
ərəb-Mesopotamiya məktəbinin əsərlərində
döyüş janrı mövcud deyildi, mexanika, botanika,
farmakologiya, təbabət üzrə elmi əsərlər və
ya Xəririnin «Məkamlar» kimi məşhur bədii əsərləri
illüstrə edilirdi. Orta əsrlər İslam təsviri sənətində
döyüş janrının tarixi XIII əsrin yeganə tam əlyazması
olan Əyukinin «Vərqa və Gülşah» poemasına
işlənmiş miniatürlərdən başlanır. Hələ
də qədim stereotiplərə tabe olan sənətkar bəzi
miniatürlərdə donuqluğu rəf etməyə
çalışır, kompozisiyaya əlavə personajlar daxil
etməklə səhnəni inkişaf etdirir və zənginləşdirir.
Türk dilində müxtəlif dövrlərdə
yaradılmış üç variant mövcuddur. Birini 1371-ci ildə Azərbaycan dilində şair Yusif Məddah, ikincisini XVI əsrdə şair
Mostarli Diyayi
yaradıb. Üçüncüsünü
isə Azərbaycan şairi Məsihi şah Abbasa həsr edib. Bu da əfsanənin türk dünyasında olduqca
məşhur olduğuna dəlalət edir. İstanbul Topqapı
muzeyində saxlanan əlyazma 70 vərəqdən,
yəni 140 səhifədən ibarətdir, gözəl «nəsxlə»
yazılmışdır, miniatürlərin keyfiyyəti isə
sifarişçinin şah
nəslindən olmasına dəlalət edir.
Miniatürlərin miqdarı heyrət doğurur:
71 miniatür poemanın ən əhəmiyyətli
məqamlarını təfsilatı ilə illüstrə edir və təsvir materialları üzrə məzmunla
tam həcmdə tanış olmaq imkanı yaradır. Miniatürlərin əksəriyyətində
surət çıxaranlar və sənətkar tərəfindən
verilmiş izahlar mövcuddur, habelə sonradan
daha bir nəqqaş
personajlarını başları üzərində
adlarını yazaraq onları müəyyənləşdirib.
Bu, macəralar,
müharibələr poemanın sonunda
xoşbəxtliklə nəticələnən, taleyin gözlənilməz dönüşləri
ilə zəngin məhəbbət romanıdır.
İllüstrasiyaların müəllifi ən maraqlı
epizodları seçir, personajların psixoloji xassələrinin isə üstündən
keçir. O, həvəslə göz yaşlarını, fəryadı, qətlləri
əks etdirir, duyğuları göstərməkdən
vaz keçir, yəni
təkcə zahiri həyəcan təzahürlərini
təsvir edir.
«Gülşah Rəbi ilə döyüşə
çapır» miniatürünün həlli
olduqca maraqlıdır və «Rəbi ben Adnan Vərqanı
öldürmək üçün
Gülşahı buraxdıqda, Gülşah
zirehlərini geydi, qılıncını
qınında bərkitdi və əlinə nizə aldı»
beytlərinə uyğun gəlir. Sonrakı dövrlərin nəqqaşı
səhvən Gülşahın adını Rəbinin
başı üzərində qeyd edib. Burada başqa
rəy ola bilməz, çünki
mətnə görə Gülşah Kufi ipək örtüyünə bürünüb. Vahid üfüqi xətt üzrə sənətkar
iki müxtəlif hərəkəti və
məkanı: sağda Gülşahın varid olduğu şəhəri,
solda uzaqlaşan Rəbini
yerləşdirir. Hər hissənin müstəqilliyini nəzərə
çapdırmaq üçün sənətkar
onları iki paralel xəttlə
ayırır.
«Gülşah
Rəbinin ordusuna yanaşdı»
miniatüründəki növbəti həyəcanlı və
psixoloji cəhətdən dolğun
epizod, mətndə olduğu
kimi kifayət qədər təmkinli və
soyuq şərh edilib:
«Bu parlaq
gözəl at belində yola
düşdü. Rəbinin ordusu qarşısına yetişəndə vəziyyətə
bələd olmaq üçün
hərəkətsiz donub qaldı, çünki hiyləgərlik cəhətdən
çox qüdrətli idi.»
Gülşah, Vərqa və Rəbi sağdan sola
başları üzərindəki yazılarla işarələnib.
«Gülşahla
Qalibin əlbəyaxa vuruşu»
miniatürü böyük
maraq kəsb edir, burada Qalib atın
başını bədənindən ayırır, qız isə
Qalibin atının qabaq
ayaqlarını dizdən yuxarı çapır». Bütün bu təfsilatı,
o cümlədən digər şərhləri
də biz miniatürdə seyr
edirik: «O, qızı iki əlli kəmərindən tutdu,
qız isə qızmış fil kimi onu özünə tərəf
dartdı.» Solda, atdan
yuxarıda Qalibin əlbəyaxa
döyüşdən qabaq
atdığı nizə və şəmşiri (əyri
qılınc), sağda yuxarıda
Gülşahın yerə atılmış qalxan
və qılıncı təsvir edilib.
Əlamətdardır ki, sənətkar
silahların təsvirində mətnə dəqiqliklə riayət
etmir, tez-tez «şəmşir»,
tiq (qılınc) və xəncərin
yerlərini dəyişdirir.
Heyvanların
şərhini də həmin şərtilik fərqləndirir.
Demək olar ki, bütün miniatürlərdə atlar yan
görünüşdə verilib.
Onların yalı çəngə-çəngə
boyunlarına səpələnib, bir
çəngə isə alını örtür.
At sakit durubsa, dörd
dırnağı da yerdədir, dizləri
düzdür, başı isə yana əyilib. Bəzən at
şahə qalxır, başını dik
qaldırır və ya yana
əyərək kişnəyir. Əgər at
asta gedirsə, iki
ayağı yerə möhkəm dirənib, ikisinin
yalnız dırnaqlarının ucu yerə
dəyir. At döyüşün gərginliyindən
arxaya çömbəlibsə, onun iki arxa
qılçası paralel surətdə bükülüb, dırnaqları tamamilə
yerdədir, bu zaman iki qabaq qılçası
düzbucaq şəklində bükülərək
atın altına qısılıb. İnsanlar
və heyvanlarla yanaşı təsvir sisteminin şərtiliyinə dəlalət
edən üçüncü sübut peyzaj
ünsürləridir. Miniatürlərdə verilən peyzaj ən bəsit, ən yığcam
formadır. Məsələn, torpağın hüdudları dəqiq
çəkilməyib, bütövlükdə yer
və göy təsvirlərinə olduqca az təsadüf etmək
olar. Miniatür
kompozisiyasında simmetriya qanunu,
hissələrin tarazlığı əsas götürülür.
Bəzi
miniatürlərdə simmetriya oxu olduqca aydın işarələnib.
Bu –
altında sevgililər Vərqa və Gülşahın
qucaqlaşdığı hündür ağac və ya üzbəüz
çapan Vərqa və Rəbini
ayıran sərv kimi ağac
da ola bilər, halbuki mövzunun əsasını
burada qəhrəmanların döyüşü təşkil edir. Maraqlıdır ki,
rəssam Əbd əl – Mumin simmetriya oxunu nəzərə
çarpdırmaq məqsədilə bəzən kompozisiya çərçivəsini hər
hansı təsvir ünsürü ilə
işarələyir. Miniatürdə mərkəzdə duran sərv açıq aşkar
kompozisiya çərçivəsinin
yuxarı hüdudundan kənara
çıxır.
Bəzən simmetriya oxu heç də o dərəcədə
aşkar və gözə çarpan
olmur. Məsələn, «Rəbi Banu Şeybə tayfasının ordusuna qalib gəlir» səhnəsindəki
dekorativ kolun bu rolu oynaması faktı,
demək olar ki, nəzərə
çarpmır. Bu işarələnməyə
də bilər, bu halda
təsvirlərin tarazlığı özlüyündə
kompozisiyanın simmetriyasını müəyyən edir. Məsələn, «Qaliblə
Gülşahın təkbətək döyüşü»
miniatürünün hər iki tərəfində, sağda
və solda gəbərmiş və
şikəst edilmiş atlar,
habelə yerə atılmış silah təsvir
edilib. Sağdakı atın üzərindəki
boşluğun əks tərəfdəki boşluqdan böyük
olması, kütlələri tarazlaşdırmaq üçün rəssamı qalxan
təsviri əlavə etməyə vadar edir. Poemanın mətni ilə onun illüstrasiyaları arasındakı əlaqələr
üç səviyyə təşkil edir: bu, sənətkar üçün bilavasitə mənbə olan süjet xətti, hadisə
ilə onun təsviri arasında uyğunluq, poema qəhrəmanlarının
sözlə təsviri və rəsmi arasındakı əlaqədir.
Nəhayət, rəssam Əbu əl – Mumin və poemanın müəllifi Əyukinin
əldə rəhbər tutduğu qaydalar arasındakı daha
çox vasitəli olsa
da, heç az gerçək olmayan əlaqədir.
71 miniatürdən ibarət silsilə boyu
rəssam illüstrə etdiyi mətnə
tam etinasızlıqla yanaşır.
Hətta miniatür, mətnindəki epizoda uyğun olsa belə, bu yalnız
müəyyən arxetipin, poema
mətninə əhəmiyyətli sürətdə təsir
etməyən kompozisiya həlli
variantlarıdır.
Kulturoloji planda ədəbi
və təsvir estetikasının paralelliyinə, qavrama vəhdətinə bundan
uğurlu nümunə tapmaq
çətindir. İncəsənət tarixçisi
üçün bu kitab sənət abidəsi kimi
ona görə dəyərlidir ki, şairlə rəssamın əsərə
yanaşma eyniliyi
poemanın zahiri laylarında, süjetində deyil, onun qaydasında, dilindədir. Poema əlyazmanın tərtibatından
2 əsr əvvəl yazıldığından, təsvir dilinin, onun
poetikasının əsasən poemanı dili
ilə eyni olduğundan
təsvir qəliblərinin möhkəm sabitliyi
ilə üzləşdikdə onların qədim, yəni «Vərqa
və Gülşah»ın yazıldığı dövrə müvafiq olduğunu güman etmək olar. Təsvir qaydasının qədimliyini,
poema süjetlərinin xüsusiyyətlərindən
asılı olmayaraq, kompozisiya
sxemlərinin miqdarının 3-4-dən çox
olmayan ifrat dərəcədə
say məhdudluğuna dəlalət edir. Əlyazmanın müəyyənləşməsi
məsələsində rəylər müxtəlifdir.
Rəssamın «Əl Xoyi» ləqəbinə
istinad edən Azərbaycan tədqiqatçıları
A.Qazıyev və K.Kərimov miniatürləri, güman ki, haqlı olaraq bizim incəsənətin
nümunələri hesab edirlər. Türk tədqiqatçıları Əhməd
Atəş, habelə Kamal Özərgin üslubuna görə onu
XII-XIII əsrlərin Anadolu əlyazmalarına
daha yaxın sayırlar. Qrube
onun üslubunu Turfan Bəzəklik (Şərqi Türküstan, Uyğurstan)
məbəd freskaları üslubu kimi müəyyən edir.
«Vərqa»
miniatürlərinin ənənələrinin qədim əsrlərdən
gəldiyini, poemanın yazıldığı dövrü,
yəni XI əsrin əvvəlini, xüsusilə Səlcuq
dövründə türkdilli
xalqların, o cümlədən Anadolu və cənubi Azərbaycan arasında olan daimi sıx əlaqələri
nəzərə alsaq, böyük imperiya olan Səlcuq səltənətinin
vahid üslubunun mövcudluğunu güman
edə bilərik.
Qeyd etmək lazımdır ki, yuxarıda adı çəkilən
G.Özərgin Konya mədrəsələrindən
birində Konya qazısı İzzətdin
Məhəmməd ər Razinin
651/1253-cü ildə tərtib etdiyi «Vəqfnamə»
əlyazmasını aşkar edib. Sənədi təsdiq edən 50 imza arasında «Əl şeyx
Məhəmməd əl Xoyi» imzası onun diqqətini cəlb edir.
Bu çox güman ki, nəqqaş Əbd
əl Muminin adıdır.
Oktay
Xalq Cəbhəsi.- 2012.- 11 aprel.- S.13.