«Qara su» və «Göz dağı»

 

Paşa Qəlbinurun miniatür romanlarının təqdimatı keçirildi

 

Paşa Qəlbinur: «Bu əsərlər obrazlı desək, təyyarələri «radar tutmayan zonada» yazılıb» Dünən Azərbaycan Yazıçılar Birliyində (YB) tanınmış şair, professor Paşa Qəlbinurun «Qara su» və «Göz dağı» miniatür romanlarının təqdimatı keçirildi. Tədbiri giriş sözüylə YB-nin katibi Rəşad Məcid açdı, 60 yaşı münasibətilə Birliyin təbrikini yetirdi. Tədbiri aparan Hizaməddin Şəmsizadə Paşa Qəlbinurun yaradıcılığı, xüsusən də «Qara su» və «Göz dağı» romanları haqqında danışdı, bildirdi ki, bu əsərlər ədəbiyyatımızda ilk miniatür romanlardır. Tədbirdə Fərəc Quliyev, Əjdər Ol, Məhərrəm Qasımlı, Ramiz Duyğun, Binnət Əsgər, Ramiz Məmmədzadə, Tahirə Məmmədli, Fəxrəddin Meydanlı, Yusif Həsənbəy, Abbas Abdulla, Oqtay Rza, Mahirə Abdulla, İşıqlı Atalı, Sərvaz Hüseynoğlu, Əlirza Amanbəyli və başqaları çıxış etdilər. Sonda çıxış edən Paşa Qəlbinur iştirakçılara təşəkkürünü bildirdi, yaradıcılığı haqqında danışdı, şeir oxudu.

«Qara su» və «Göz dağı» miniatür romanları insan faciələrinin yetkin bədii ifadəsidir. Çağımızda sənədli-bədii əsərlərə meyl artır. Adamlar hadisələrin mahiyyətinə daha tez çatmaq istəyirlər. Ancaq həqiqəti yaşamadan ona çatmaq, onunla bir olmaq mümkün deyil. Müəllif dərdini dərindən yaşaya, ifadə edə bilib. Xatirəli, faktlı kitabda müəllif görümündəki insan faciələrinin çeşidləri ilə tanış oluruq. Paşa Qəlbinur həyat hadisələrini ömründən keçirdiyi, ardıcıl müşahidə etdiyi dərəcədə kitabına gətirə bilib.

Qasımlar zəlil olduqları dərəcədə yenə də zamanın içindədirlər, adam ağlını azdıra bilirlər, çünki zaman yalnız onun kimilərini görür, başqalarını görmək istəmir. Tək-tük adamlar onların cazibəsinə düşə bilməmək üçün özlərində güc tapa bilirlər. O şey ki, həyatiliyə uyğundur, ondan imtina etmək adam üçün çətin olur. Çünki adamda həyatiliyə fitri meyl var: adam psixologiyası əbədiliyə meyl etdiyi dərəcədə də həyati istəklərə cumur. Gedişatdan üstün olmaq, zamanın toruna düşməmək, həyatın bolluca çirkabının içinə batanda da çirklənməmək insandan hünər istəyir. Bəy Qasımların sabahları yoxdur, cah-səlallı görünsələr də. Ancaq Aydınların gerçək durumu, əhvalı, yaşamı Qasımları yenə bilmək qüdrətindədirmi? Aydınlar özlərindən sonra elə bir nəsil yaratmalıdırlar ki, o, insani dünyanın təsdiqi olsun. Deməli, insani dünya Aydınlardan başlamalıdır. Cənnət əslində odur. İnsanın cənnəti insaniliyin qaydasına uyğun yaşamasındadır. İnsan insanilik imkanlarını aşkarlamaqla hər cür həyatiliyə – çirkablara qarşı durmaq iqtidarındadır.

Paşa Qəlbinur insan hallarını gözəl bilir, məharətli müqayisələr aparır. Hər yan insan faciələri ilə doludur: ayaq basmağa, addım atmağa, dərindən nəfəs almağa yer, imkan yoxdur. Qasımların zalımlığı, pulçuluğu onların qorxaqlığını azaltmır, əksinə, daha da artırır. Onun yaxşılıqlarının kökündə də qorxu durur. Ancaq qorxuyla, qorxutmaqla var olmaq, başqasını var etmək qətiyyən mümkün deyil. Əsl yaxşılıq qorxudan, qorxutmaqdan yox, insanlıqdan, yəni insandan yaranır. İnsanilik qorxuya, qorxutmağa qarşıdır. Yaxşılıq insaniliyin ifadəsi, təsdiqidir. Kitabdakı iki əsər bir ruhludur – obrazların təxəyyüllü yuxularıyla zəngindir: insanın fəhmi zamanı ötür və həqiqətə çatır. Zamanımız bədiyyatla düzəlmir. Ancaq insanilik harayı çəkən bədiyyat nümunələrinə gərək daha da artacaq. Cəmiyyət əlindən gələni edəcək ki, Qasımlar həmişə və daha çox olsun. Cəmiyyət Qasımların pul iyləməsini də mənəvi yetkinlik kimi qələmə verməkdən belə utanmır. Deməli, Aydınlar o dərəcədə güclü olmalıdırlar ki, Qasımlar onları yenə bilməsinlər.

Kitabdakı sonuc Qasımların tale sonluğunun faciəsini təsdiq etsə də, bunun insanilik ölçüsündə daha dərin və zərurət olaraq təsdiqi gərəkdir. İnsan gözünü dünyaya açandan, özünü anlayandan faciəvi gedişatın içərisindədir. Bəs niyə biryolluq ümidsizləşmir? Ona görə ki, insanilik ümidi əsasında yaşayır. İnsanı ölməyə, birdəfəlik məhv olmağa qoymayan budur. İnsanilik ölmür, itmir, insanı gec-tez vicdanı ilə üz-üzə qoya bilir. Vicdandan böyük hakim yoxdur əslində. Kitab pulçuluğun hökmünə qarşıdır. İnsan təkcə pisdən, pislikdən ibarət deyil. İnsanda yaxşı nəsə, nələrsə var və əslində insanı yaşadan, təsdiq edən bu keyfiyyətlərdir.

P.Qəlbinur romanın yaranma səbəblərinə belə aydınlıq gətirir: «»Qara su» romanını 20-30 il ərzində ürəyimdə və ağlımda gəzdirmişəm. O vaxta kimi qeydlərimi eləmişəm. Sanki xalçaya – ən nadir güllərin, çiçəklərin rəngini ki, çöldən, çəməndən, dağdan, uzaqlardan, yaxınlardan tapdıqlarını bir-bir naxışa çevirib köçürürsən; 33 il əvvəlki qeydimdən istifadə etmişəm romanda». Roman 3 ilə yazılıb: «Hərçəndi kiçik həcmlidir. Son 10-15 ildə dünyada miniatür romanlar çox yazılır. Məlumdur ki, miniatür romanların virtual həcmi böyük olur. Ancaq məzmunu sıxılır, fiziki cəhətdən çox kiçik həddə gətirilir. Oxucu romanı oxuyanda hiss edir ki, bu, çox «sıxılmış» bir əsərdir. Ona görə də miniatür əsər kimi «Qara su» romanını Azərbaycan ədəbiyyatında yenilik saymaq olar».

«Qara su» romanı ilk dəfə «Azərbaycan» jurnalının 2008-ci il 4-cü sayında işıq üzü görüb. 2009-cu ildə isə əsər Rusiyada çıxıb. Bu yaxınlarda hər iki əsər bir kitabda çap olunub.

«Qara su» romanının davamı isə «Göz dağı» adlanır: «Əvvəllər fikirləşirdim ki, yeni hissəni gec yazım, sonra gördüm oxucular əsərin davamı ilə çox maraqlanırlar. Ağlımda olan bölümü yalnız kağıza köçürdüm. Miniatür romanlar gərək mütləq mənada bənzərsiz olsun, adamın yadına heç bir kitabı salmasın. Kitab yaxşı mənada bu iddia ilə yazılıb. Digər tərəfdən bənzərsizlik, fərqlilik sözün əsl anlamında olmalıdır. Əsərin oxucuya mübarək cazibəsi olmalıdır».

Əsərin məzmunu qısaca belədir: iki nəfər «Bakı-Frankfurt-Çikaqo» reysilə uçurlar. Bunlar biri-birinə qohumdurlar.

Birinin qaraciyərinin bir hissəsini və böyrəyini o birisinə köçürəcəklər. Donor olan adam bir ziyalıdır, adı Aydındır. O birisi ziyalı deyil, ancaq imkanlıdır, adı Bəy Qasımdır: «Bu ziyalının oğlunu haqsız yerə həbs ediblər, buna çox böyük məbləğdə pul lazımdır ki, oğlunu xilas etsin. Bütün fəsillər göydə cərəyan edir, vaxt göydə keçir. Yalnız bir fəsil Çikaqodaprofessor Starlzın klinikasında, əməliyyat otağında keçir. Əməliyyat otağı da nəsə adi yer deyil, insanın düşdüyü fövqəladə bir vəziyyətdir. Virtual vəziyyətlərdə insanlar həmişə sözün düzünü deyirlər. Burada isə təbii, həyati vəziyyətlər məharətli təsvirlərlə müşaiyət olunur: ölüm qorxusu ilə üz-üzə, yerdən çox uca, əməliyyat otağı, narkozda…»

«20 dəfədən çox Amerikaya uçmuşam»-deyən P.Qəlbinur əsərin yazılması psixologiyasına yenidən toxunur: «Saatlarla göydə olmaq, 12-14 saat, getmək-qayıtmaq. Avropaya uçuşların sayını itirmişəm. Bir neçə saat keçəndən sonra insanda artıq başqa-başqa fizioloji vəziyyətlər əmələ gəlir, habelə psixi durumunda. Bir həkim olaraq deyə bilərəm, bu sarıdan da o uçuşlar mənə doğmalaşıb. O uçuşları hər mənada təhlil etmişəm. Əslində o hadisələr praktik olaraq baş verən hadisələrdir. Əslində «Qara su» sözü görmək iddiası ilə yazılıb. Əsərdə süjet var, həm də süjet yox kimidir.

Səmada təyyarələrin radar tutmadığı bir zona var. Bu əsərlər obrazlı desək, həmin «radar tutmayan zonada» yazılıb».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 13 aprel.- S.14.