Musiqinin xan sülaləsi

 

Bakıxanovlar sülaləsinin Azərbaycan Respublikasının ictimai həyatının və mədəniyyətinin inkişafında rolu misilsizdir. Onların hər birinin göstərdiyi xidmətdən böyük əhəmiyyət kəsb edərək, torpağa bağlılıqla, vətəni dərindən sevməklə səciyyələnir. Klassik Azərbaycan poeziyasının incilərinə dərindən bələd olan maarifçi-şair, nüaim sərf-nəhm, tarix, ilahiyyat, etika və fəlsəfə elmlərinə dair möhtəşəm əsərlərin müəllifi, ensiklopedik biliyə malik olan alim və general, hərbçi xadim Abbasqulu Ağa Bakıxanov respublikamızın mütəfəkkir simalarından biridir. Aparılan tədqiqat işlərinə əsasən məlum olmuşdur ki, Azərbaycan muğam və xalq musiqisinin mükəmməl bilicisi olmuş Abbasqulu Ağa Bakı xanı II Mirzə Məhəmmədin oğludur. Ömrünün çox hissəsini rus ordusunda rəsmi qulluqda xidmət etmişdir.

Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, Bakıxanovlar sülaləsini hərbçilər və musiqiçilər təmsil edir. XIX əsrdə bu sülaləni 17 nəfər hərbçi təmsil edib. Abbasqulu Ağa Bakıxanovla yanaşı, Cəfərqulu ağa Bakıxanov, Həsən ağa Bakıxanov və Abdulla ağa Bakıxanov da general rütbəsinə layiq görülüblər. Cəfərqulu Ağa hətta general-leytenant rütbəsinə qədər yüksələrək qiymətləndirilib. Aparılan araşdırmalar nəticəsində bəlli olub ki, ilk azərbaycanlı general – leytenant rütbəsi məhz Cəfərqulu ağa Bakıxanovun adı ilə bağlıdır. Azərbaycan musiqi mədəniyyətinin inkişaf edərək zənginləşməsində Əhmədxan, Məmmədxan, Tələt, Məmmədrza, Akif və Tofiq Bakıxanovların xidmətləri müstəsnadır. Əhmədxan və Məmmədxan Bakıxanov qardaşları Azərbaycan klassik musiqisinin banisi Üzeyir bəy Hacıbəyli ilə həm qonşu, həm də dost idilər. Onlar milli xalq musiqimizin inkişafı və təbliğində çox önəmli rol oynayaraq Üzeyir bəylə çiyin-çiyinə çalışırdılar. Bakıxanov qardaşları Azərbaycan klassik musiqi irsimizdən olan, bir vaxt populyar olub yaddan çıxan melodiyaları araşdıraraq ifa edir və yeni nəslə çatdırırdılar. Onların ifa tərzləri individual xarakteri ilə, alətə dərindən yiyələnmələri ilə, xalq mahnıları və muğamların inprovizasiyasının özünə xas cizgiləri ilə səciyyələnir. Eyni zamanda onlar ilk xalq çalğı alətləri ansambllarının yaradıcılarından hesab olunmuşlar. Məsələn, Azərbaycanda bəzi muğamlar ifa olunmurdu. Əhmədxan Bakıxanov onların sayını artırmışdır.

Mərhum Tələt Bakıxanov ömrünün 50 illindən çoxunu milli musiqi irsimizin təbliğinə və pedaqoji fəaliyyətinə həsr etmişdir. Mahir kamança ustadı Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi keçmiş Sovet İttifaqının bütün respublikalarında, eyni zamanda İranda, Tunisdə, Mərakeşdə, Türkiyədə, Maltada, İndoneziyada, Bolqarıstanda, Almaniyada, Küveytdə, Suriyada, İraqda, Yəməndə, Hindistanda qastrol səfərlərində olmuş, korifey sənətkarlarımız Rəşid Behbudovu, Zeynəb Xanlarovanı, Sara Qədimovanı, Şövkət Ələkbərovanı, Canəli Əkbərovu və bir çox peşəkar musiqiçiləri müşayiət etmişdir. Tələt Bakıxanovun ifa tərzi radio və televiziyanın fonotekasında lentə və videoya yazılıb. «O olmasın bu olsun» televiziya filminin toy məclisi epizodunda xanəndə Xan Şuşinski, tarzən Bəhram Mənsurov və kamança ustadı Tələt Bakıxanov çəkilmişdir.

Məmmədrza və Akif Bakıxanovlar da ömürlərinin 50 ildən çoxunu ifaçı və müəllim kimi fəaliyyət göstərmişlər. Məmmədrza Bakıxanov violonçel, Akif Bakıxanov isə viola ustadıdır. Akif Bakıxanov 1951-ji ildən bu günə kimi Azərbaycan klassik musiqi mədəniyyətinın inkişaf mərhələsində çox önəmli xidmətləri olan korifey sənətkar Niyazinin təşəbbüsü ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrində viola qruppasının konsertmeysteri vəzifəsində çalışır. Bakı musiqi kollecinin qocaman müəllimi Məmmədrza Bakıxanov isə hazırda Türkiyədə yaşayır. Məmmədrza Əhmədxan Bakıxanovun, Akif isə Məmmədxan Bakıxanovun övladıdır.

Bakıxanovlar sülaləsinin musiqi aləmində sonuncu nümayəndəsi Azərbaycan Respublikasının xalq artisti, əməkdar incəsənət xadimi, Şöhrət ordenli, Abbasqulu Ağa Bakıxanov adına mükafatın iki dəfə laureatı, «Uğur», «Humay», «Min bir mahnı», «İlin bəstəkarı» mükafatı, İranda keçirilən Azərbayjan musiqi festivalının diplomu və «Bahar-Azadi qızıl siqqə» mükafatının laureatı, Azərbaycan Milli Yaradıcılıq Akademiyisanın incəsənət doktoru, Bakı Musiqi Akademiyasının professoru Tofiq Əhmədxan oğlu Bakıxanov milli klassik musiqi irsimizin zənginləşməsində xüsusi rolu olan sənətkarlarımızdandır.

T.Bakıxanov hələ uşaq olarkən onların evində daim musiqi məclisləri keçirilirbu məclislərdə Azərbaycanın görkəmli incəsənət xadimləri iştirak edərdi. Məsələn, Qurban Pirimov, Cabbar Qaryağdıoğlu, Hüseynqulu Sarabski, Seyid Şuşinskis. görkəmli sənətkarlar bu evin daimi qonaqları olmuşdur. Elə o vaxtdan xalq mahnıları və muğamlarımız Tofiq Bakıxanovun qəlbinə yol tapır. Sələflərinin yolunu davam etdirən Tofiqin bir musiqiçi kimi formalaşmasında bu mühütün əvəzedilməz böyük rolu olmuşdur. Tofiq Bakıxanov yaradıcılığının ilk dövründə sənətsevərlər arasında ifaçı-skripkaçı kimi tanınmışdır. O, yaradıcılığının sonrakı dövrünü bəstəkar kimi fəaliyyət göstərmişdir. T.Bakıxanov 1953-cü ildə ADK-nın bəstəkarlıq şöbəsinə, Qara Qarayevin sinfinə daxil olur və 1957-ci ildə bu sinfi bitirir. Bəstəkar müdrik müəllimi haqda belə deyir: «Mənim xoşbəxtliyim onda oldu ki, müəllimim görkəmli sovet bəstəkarı Qara Qarayev idi. Mən ondan musiqinin incəliklərini öyrəndim, bəstəkarlığın necə çətin, lakin şərəfli bir sənət olduğunu dərindən duydum».

T.Bakıxanov opera janrından başqa bütün janrlara müraciət edib. 3 balet, N.Məmmədovla müştərək 3 musiqili komediyanın, 5 simfonik muğamın, 6 simfonik poemanın, 8 simfoniyanın, 26 müxtəlif alətlər üçün yazılmış konsertlərin, 24 iri həcmli kamera-instrumental əsərlərin, xor, 100-ə yaxın mahnı və romansın, müxtəlif alətəlr üçün rəngarəng xarakterli kiçik pyeslərin və bir çox əsərlərin müəllifidir.

Tofiq Bakıxanovun skripkafortepiano üçün pyesləri Azad Əliyevin ifasında Azərbayjan teleradiosunun qızıl fondunda lentə yazılıb. Not məcmuəsindəki pyeslər mərhum ustadın yazdığı redaktə ilə nəşr olunub və məcmuə Azad Əliyevin 80 illik yubileyi ilə əlaqədar olaraq nəşr edilib. Yaradıcılığının I dövrünü skripkaçı-ifaçı kimi fəaliyyət göstərən professor Tofiq Bakıxanovun pyesləri rəngarəng məzmunu və forma xüsusiyyətləri ilə diqqəti cəlb edir. Müəllif müxtəlif xarakterli bu pyeslərdə alətin spesifik xüsusiyyətlərindən, texniki imkanlarından peşəkarcasına istifadə etmişdir. Eyni zamanda lad-intonasiya, ritm dəyişkənliyi, ştrix, passajlar, ikili notlar və səsin keyfiyyətinin yüksək səviyyədə olması üçün ifaçıdan xüsusi bacarıq və peşəkarlıq tələb olunur. Sevindirici haldır ki, pyeslər tədris proqramına salınaraq bu günkonsert salonlarında uğurla səsləndirilir.

Məlumdur ki, bəstəkar sonatalarını «Türk sonatası», «İran sonatası», «Ərəb sonatası» və «Azərbaycan sonatası» şəklində yazmış və bu səbəbdən silsiləni «Şərq sonataları» adlandırmışdır. Silsilə üzərində T.Bakıxanov 1987-ci ilədək işləmişdir. Silsiləyə daxil olan sonatalar hər iki alətin spesifik xüsusiyyətləri baxımından, məzmun dərinliyi və xalq musiqi nümunələrinə və keyfiyyətinə görə T.Bakıxanov yaradıcılığında əhəmiyyətli əsərlər sırasına aid edilə bilər. «Tofiq Bakıxanovun kamera-instrumental əsərlərində ifaçılıq xüsusiyyətləri» adlı monoqrafiyasında belə bir fikir irəli sürülüb: «T.Bakıxanovun bəstəkarlıq istedadının əsas xüsusiyyətlərindən birimilli musiqinin, Şərq musiqisinin incəliklərini böyük həssaslıqla duyması – bu dörd sonatada öz əksini tapmışdır. Lakin qeyd olunan xüsusiyyət bu əsərlərin yeganə müsbət cəhəti deyil. Bəstəkar müxtəlif xalqların musiqi folklorunu, xalq musiqisi nümunələrini çox maraqlı priyomlarla vermiş, bununla da həmin nümunələrə öz bəstəkarlıq prizmasından baxışını, öz fərdi münasibətini nümayiş etdirmişdir».

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 13 aprel.- S.13.