«Qadınlara
qarşı zorakılıq problem olaraq qalır»
Mehriban
Zeynalova: «Cəmiyyətimizdə qadın həmrəylinə
mane olan bir çox stereotiplər var»
«Zorakılıq hallarının
qarşısını almaq üçün ağsaqqallar
institutunun yenidən bərpasına ehtiyac var»
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında ən fəal iştirak edən qeyri-hökumət təşkilatlarından (QHT) biri də «Təmiz Dünya» İctimai Birliyidir. Ölkəmizdə qadın problemlərilə məşğul olan təşkilat bu istiqamətdə bir sıra əhəmiyyətli layihələri həyata keçirib. Birliyin fəaliyyəti və vətəndaş cəmiyyətinin inkişafı üçün gördüyü işlərlə daha yaxından tanış olmaq istədik. Bu məqsədlə də təşkilatın rəhbəri Mehriban Zeynalova ilə həmsöhbət olduq.
- «Təmiz Dünya» İctimai Birliyi haqqında ümumi məlumat verərdiniz. Neçənci ildən fəaliyyət göstərirsiniz?
- Təşkilatımız 1997-ci ildə yaradılıb. Lakin daha aktiv 1998-ci ildən fəaliyyətə başlayıb. 2006-cı ildə isə dövlət qeydiyyatdan keçmişik. Əsas hədəfimiz və məqsədimiz Azərbaycanda mövcud olan qadın problemlərinin, qadınlara qarşı zorakılıq hallarının araşdırılması və həlli üçün çalışmaqdır.
- Qadınlara qarşı zorakılıq hallarını regionlara görə müəyyənləşdirmək olar?
- Mətbuatın monitorinqinə əsaslanaraq, zorakılığın spesifikasına uyğun olaraq ümumi bir məlumat vermək olar. Azərbaycanın əksər rayonlarında qadın zorakılığı hallarına rast gəlmək olar. Məsələn, gender əsaslı problemlərdən, qadın alverindən söhbət gedərsə, Mingəçevir, Sumqayıt, Gəncə, Şirvanın daha çox adını çəkə bilərik. Lakin ailədaxili zorakılıqdan danışsaq, Bakı daha çox üstünlük təşkil edəcək. Ümumiyyətlə isə Azərbaycan ərazisində qadınlara qarşı zorakılıq aktual problem olaraq qalmaqdadır.
- Zorakılığa məruz qalan qadın sizinlə necə əlaqə saxlaya bilər?
- Bunun üçün bizim qaynar xəttimiz var. Zorakılığa məruz qalan istənilən qadın (012) 408-56-96 və ya 408-56-86 nömrəli telefonlara zəng edə bilərlər. Bundan əlavə, sırf qadın alverinin qurbanı olan vətəndaşlarımız üçün ayrıca telefon xətti xidmət göstərir: (012) 511-11-51. Hüquqlarının pozulduğunu iddia edən hər bir qadın bu nömrələrə zəng etməklə bizimlə əlaqə saxlaya bilərlər. Bizə müraciə edən hər kəsin problemlərinə şərik olub əlimizdən gəldiyi qədər həllinə yardımçı olmağa çalışırıq.
- Sizə müraciət edən təşkilatınızdan hansı yardımları ala bilər?
- Bu bizə müraciət edilən problemin mahiyyətindən asılıdır. Əgər zəng edən qadına hüquqi yardım lazımdırsa, təşkilatımız tərəfindən hüququ məsləhətlər ala bilər. Məsələn, əgər psixoloji yardıma ehtiyacı varsa, biz bunu da təşkil edirik. Edilən zənglər qeydə alınır və psixoloqlarla görüş günü təyin olunur. Təşkilatımızda hər həftənin üçüncü və dördüncü günləri zorakılığa məruz qalan qadınlara psixoloji yardım göstərilir.
- Təklif etdiyiniz xidmətlər ödənişsizdir?
- Bəli, yardımlar pulsuzdur. Yardımlarımız və fəaliyyətimiz bununla bitmir. Biz həmçinin hüquqi problemləri olan, işi məhkəməyə düşən qadınlara hüquqi sənədlərin hazırlanmasında da kömək edirik. Məhkəmə proseslərində onlara təmsilçilik də edirik. Alimentlərin alınması, boşanma kimi proseslərdə də bizə müraciət edən qadınlara dəstək olmağa çalışırıq. Bu bizim əsas vəzifəmiz və fəaliyyət məqsədimizdir. Bundan əlavə, tibbi yardımlar da göstəririk. Təşkilatımızın Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlığı var. Səhhətində problem olan qadınları tibb müəssisələrinə yönləndirə bilirik. Eyni zamanda bizim sırf tibbi məqsədlə fəaliyyət göstərən ayrıca layihəmiz də var. Həmin layihə əsasında təşkilatımızla əməkdaşlıq edən həkim problemli qadınların səhhəti ilə məşğul olur. Layihə qadınların ödənişsiz tibbi müayinədən keçməsini, qan analizləri verməsini təmin edə bilir.
- Fəaliyyətiniz yalnız paytaxtda əhatə edir, yoxsa regionlarda da nümayəndəlikləriniz var?
- Əsas fəaliyyətimiz Bakıdadır. Bildiyiniz kimi, regionlarda da QHT-lər var. Bizim onlarla əməkdaşlıqlarımız, əlaqəli fəaliyyətlərimiz olur. Bir sıra məsələlərdə tərəfdaş olduğumuz region təşkilatları var.
- Gələcəkdə regionlarda da nümayəndəliklərinizi açmağı planlaşdırırsınız?
- Regionlarda nümayəndəliklərin açılması çox yaxşı ideyadır. Amma bunu reallaşdırmaq üçün maliyyə vəsaitinə ehtiyac var. QHT-lər əsasən fəaliyyət istiqamətinə uyğun layihələr çərçivəsində çalışırlar. Real layihələr olarsa, regionlarda da fəaliyyət göstərmək istəyərik. Daha çox zorakılığa məruz qalan qadınlar üçün sığnacaqların, yardım mərkəzlərinin açılmasını istəyərdim. Çünki ölkəmizdə buna ehtiyac var. Daha çox onun tərəfdarıyam ki, regionlarda qadın problemləri ilə məşğul olan QHT-lər yaradılsın və müstəqil şəkildə fəaliyyət göstərsinlər. Bizə QHT yaratmaq və ya təşkilatını qeydiyyatdan keçirmək vətəndaşlar yardım üçün müraciət edirlər. İndiyədək bir neçə QHT-yə layihə yazmağı öyrədib, təşkilatlarının qeydiyyatdan keçirməsinə kömək etmişik.
- Azərbaycanda «Təmiz Dünya»dan başqa da qadın problemləri ilə məşğul olan təşkilatlar var. Sizcə, QHT-lərin qadına qarşı zorakılıqla mübarizədə hansı rolu var?
- Azərbaycanda qadın problemləri ilə məşğul olan QHT-lər var, amma kifayət sayda deyil. Amma QHT-lərin də qadın problemlərinin həllində müəyyən rolu və təsiri var. əgər qadınlar seçkilərdə daha aktiv iştirak edirlərsə, öz hüquqları ilə maraqlanıb onların müdafiəsinə qalxan qadınların sayı artırsa, deməli, QHT-lərin bu sahənin inkişafında rolu var. Əvvəllər ailədə döyüldüyü halda səsini çıxara bilməyən qadınlar indi televiziya proqramlarına çıxıb öz problemlərindən danışırlar. Halbuki bir vaxtlar stereotiplərədn asılı olaraq efirə qadının çıxması ayıb sayılırdı. Bunlar QHT-lərin qadınlarla apardığı işin, maarifləndirici söhbətlərin, görüşlərin, müzakirələrin nəticəsidir. Bu gün regionlarda lider qadınlar hazırlanır. Əlbəttə ki, ictimai fəaliyyət öz bəhrəsini verir. Mənim ən narazı qaldığım isə Azərbaycanda qadın həmrəylinin çox zəif olmasıdır.
- Sizcə, səbəb nədir?
- Cəmiyyətimizdə kişilərin həmrəyliyi daha çoxdur. Nəyə görəsə qadınlara qarşı bir qısqanclıq var. Başqa toplumlarda olduğu kimi, Azərbaycanda da qadın həmrəyliyinə mane olan stereotiplər var. Qadınlar öz müstəqilliklərinə inanmırlar. Daha çox stereotiplərə uyur, kişiləri qabağa çəkməyə çalışırlar. Bəzən isə qadınlar özləri özlərinə yamaq vururlar. Bütün bu kimi hallar cəmiyyətimizdə qadın həmrəylinin inkişafına mane olur.
- Bəs qadınların inkişafına mane olan stereotiplərlə necə mübarizə aparmaq olar?
- İstənilən mövzuda şüurluq məsələsi var. Cəmiyyətdə mövcud olan problemlərlə mübarizə aparmaq üçün çox sayda QHT-lər təsis etmək olar. Bizdə bəzən təkrarlamağı sevirlər. Məsələn, bir QHT uğurlu layihə həyata keçirir, başqa bir təşkilat da bunu görüb həmin mövzunu təkrarlayır. Halbuki məşğul olmaq üçün kifayət qədər çox problemlər və sahələr var. Düşünürəm ki, əgər hər bir təşkilat bir sahə ilə maraqlansa, həmin sahənin problemlərinin həllinə çalışsa, bütövlükdə cəmiyyətimiz fayda görər. Hərtərəfli inkişafla Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına nail olmaq olar.
- Qeyd etdiniz ki, cəmiyyətimizdə yetərincə qadın həmrəyliyi yoxdur. Bu, qadınların inkişafına necə təsir göstərir?
- Problemlər tam çözülməmiş olaraq qalır. Həmrəylik bir sıra problemlərin həllinin asanlaşdırılmasında, qadınların cəmiyyətin müxtəlif sahələrində təmsil olunmasında, qadın hüquqlarının müdafiəsində daha faydalı ola bilər.
- Zorakılığa məruz qalan qadınlar öz hşüquqlarının müdafiəsinə nə dərəcədə can atırlar?
- Çox zaman zorakılığa məruz qalan qadınlar bir sıra səbəblərdən hüquqlarının müdafiəsinə qalxmırlar. Ən əsas səbəblərdən biri də ictimai qınaqdır. İllərlə ailədaxili zorakılığa məruz qalan qadın bu ədalətsizliyə dözür, ictimai qınaqdan çəkinərək dözür. Məsələn, bizdə el arasında belə deyilir ki, yaxşı qadın olsaydın, döyülməzdin və ya yaxşı qadın olsaydın, qadın alverinin qurbanı olmazdın. Bu cür təsəvvürlər qadınların öz hüquqlarını müdafiə və ya tələb etməsinə mane olur. Qadınlar biznes sahəsində də müxtəlif ictimai maneələrlə qarşılaşırlar. Kişilərə daha çox etimad göstərilir. Çünki iqtisadi imkanlar kişilərin əlindədir. Əmlak kişinin əlində olduğundan o özünü sığortalaya da bilir. Halbuki bu kimi imkanlar qadınlara tanınmır. Bəzən qadınlar müraciət etdikləri yerlərdə ya daha çox diqqətlə qarşılaşırlar, ya da onları ciddi qəbul etmirlər. Bütün bu faktorlar nəticədə cəmiyyətimizdə qadınların inkişafına mane olur.
- Azərbaycanda qadın hüquqlarını təmin edən qanunvericilik bazası var. Qadınlar qanunların tanıdığı bütün hüquqlarından istifadə edə bilirlərmi?
- Təəssüf ki, yox. Buna səbəb isə yenə də stereotiplərdir. Məsələn, zorakılığa məruz qalan qadın polis idarəsinə, məhkəməyə müraciət edirsə, müəyyən mənada ictimai qınaqlarla qarşılaşır. Bu cür münasibət onlara sonrakı addımı atmağa imkan vermir. Ailədaxili zorakılığa məruz qalan bir qadın jurnalist vardı. Boşanandan sonra o qədər yersiz ictimai qınaqlarla qarşılaşdı ki, axır da boşanmağına peşman oldu. Dedi ki, gərək zorakılığa dözüb həyat yoldaşımdan ayrılmazdım.
- Qadınların inkişafına mane olan stereotiplərlə hansı mübarizə yolları var?
- Bunun üçün cəmiyyətin özünəməxsus dəyərlərini nəzərə almaqla strategiya müəyyən edilməlidir. Dünyada bu sahə üzrə müxtəlif praktikalar var. Məsələn, bəzi ölkələrdə tanınmış kişilər irəli çıxıb qadın zorakılığının əleyhinə olduqlarını bəyan edirlər. Və ya hansısa məşhur şəxs problemli ailəyə gedərək zorakılıq törədən kişini qınayır. Bizdə bu praktikanı tətbiq etmək çətin olar. Çünki cəmiyyət olaraq özümüzə məxsus milli dəyərlərimiz və təsəvvürlərimiz var. Bizdə hansısa tanınmış kişinin məsələyə qarışması tamamilə əks reaksiya yaradar. Azərbaycan ənənəsində ağsaqqallar institutu vardı. Təəssüf ki, həmin institut deformasiyaya uğrayaraq tədricən sıradan çıxdı. Düşünürəm ki, ağsaqqallar institutu yenidən bərpa edilməlidir. Çünki ailədaxili zorakılıq kimi problemlərin həllinə ağsaqqallar cəlb edilə bilərlər.
Real CƏFƏRLİ
Xalq Cəbhəsi.- 2012.- 13 aprel.- S.10.