1920-ci il 27 aprel

 

Vəfa Quluzadə: «Hər hansı bir müstəqil dövlətin sərhədində başqa bir dövlətin qoşunu cəmləşirsə, bu həmin ölkəyə təhlükədir»

 

Cümşüd Nuriyev: «Moskva Azərbaycanı siyasi təzyiq altında saxlamaq üçün sərhəddə diviziya yerləşdirib»

 

Elxan Şahinoğlu: «İran ətrafında halqa daralır və ölkəmizə qarşı təxribatların miqyası genişlənir»

 

Son vaxtlar Rusiya KİV-ləri Kremlin Şimali Qafqazda qoşun topladığı barədə məlumatlar yaymağa başlayıb. Bəzi iddialara görə bu Gürcüstana qarşı növbəti müharibəyə hazırlıqdır. Belə fikirlər də səslənir ki, əməliyyatda məqsəd Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya hərbi bazasına dəhliz açılmasıdır. Bu yanaşmanı müdafiə edənlərin qənaətinə görə, Qərbin İrana qarşı müharibəyə başlayacağı təqdirdə Rusiya üçün bu yolun açılması vacibdir.

Qeyd edək ki, Rusiyanın Şimali Qafqazda və Azərbaycanla sərhədə qoşun cəmləşdirməsi təkcə bu günün mövzusu deyil. Kreml mütəmadi olaraq bu kimi hərbi demarşlar etməklə Gürcüstanı və Azərbaycanı, eyni zamanda Qərbi əndişələndirmək niyyəti güdür. Terrorçulara qarşı hərbi əməliyyat adı altında Rusiya hərbi birləşmələrini dislokasiya etməklə paralel olaraq Qərbə mesaj verir ki, İrana qarşı planlaşdırdığı əməliyyatlardan əl çəksin.

Xatırladaq ki, bir müddət öncə Rusiyanın «Nezavisimaya qazeta» nəşri Azərbaycanla sərhəddə 350 minlik rus qoşununun toplandığı barədə məlumat yayıb. Bunların 50 mini xüsusi təyinatlılardan ibarətdir. Qəzet Rusiyanın Şimali Qafqazda hərbi qüvvələrinin sayını artırdığını da yazıb. Düzdür, Rusiya bunu həmin regionda vəziyyətin gərgin olması ilə əlaqələndirib. Amma şimal sərhəddimizdə bu qədər hərbi qüvvənin toplanması Azərbaycan üçünreal təhlükə yaradır.

Rusiyanın Azərbaycan sərhədlərinə qoşun yığması ilə bağlı məlumat «Arqumenti nedeli» həftəliyində də yer alıb. Xəbərə görə, Çeçenistandan Dağıstan ərazisinə 15-25 minlik hərbi qüvvənin yerdəyişməsi həyata keçirilib. Bunlar Rusiya Müdafiə NazirliyininDİN-in nəzdindəki Daxili Qoşunların ağır texnika ilə təchiz edilmiş hərbi birləşmələridir. Rusiya rəsmiləri qoşun cəmləşməsilə bağlı ziddiyyətli izahatlar verir. Gah iddia olunur ki, bu adi rotasiyadır, gah da bunun Dağıstanda Rusiya DİN-in operativ qruplaşmasının yaradılması ilə bağlı olduğu bildirilir. Amma Rusiya mətbuatı da etiraf edir ki, qoşun birləşmələrinin bu miqyasda rotasiyası mümkün deyil. Digər tərəfdən, DİN-in Dağıstanda operativ qruplaşmasının yaradılması üçün bu qədər çox sayda ağır texnikareaktiv artilleriya sistemləri gərəksiz hesab olunur.

«Arqumenti nedeli» Moskvanın Şimali Qafqazda hərbi qüvvə cəmləşdirməsini birbaşa Cənubi Qafqaz siyasətilə əlaqələndirir. Qəzet iddia edir ki, Azərbaycan bu yay Qarabağ problemini güc yolu ilə həll etməyə cəhd göstərəcək və Dağıstana qoşun yığmaqla Rusiya Ermənistanı darda qoymayacağı barədə siqnal verir.

Politoloq Vəfa Quluzadə Rusiyanın hər zaman Azərbaycan üçün təhlükə olduğunu vurğulayıb: «Rusiya Azərbaycan Demokratik Respublikasına da təhlükə idi. Axırda ölkəmizi işğal etdi. 1995-ci ildə Rusiya şimal sərhədlərimizə qoşun toplayırdı. Qoşunun başına da Azərbaycandan gedən canişinlərindən birini qoymuşdular. O zaman ölkə rəhbərliyi diplomatik yollarla bu təhlükəni aradan qaldırdı. Bu dəqiqə də o qoşunlar bizim üçün hədə mənbəyi ola bilər. Çünki hər hansı bir müstəqil dövlətin sərhədində başqa bir dövlətin qoşunu cəmləşirsə, bu həmin ölkəyə təhlükədir». Politoloqun sözlərinə görə, Azərbaycan susmamalı və qoşunların sərhəddən çəkilməsi tələbilə bəyanat verməlidir: «Azərbaycan bu barədə susmamalıdır. Hakimiyyət bəyanatlar verməlidir ki, Rusiya öz qoşunlarını bizim sərhədlərdən çəksin. Bu təhlükəli hadisədir. Siyasi-diplomatik yollarla bütün aləmə çatdırmalıyıq ki, şimaldan bizə təhlükə var».

Şimali Qafqazda Rusiyanın kifayət qədər hərbi qüvvəsinin olduğunu xatırladan politoloq yenidən sərhəddə qoşunların toplaşmasının təhlükədən xəbər verdiyini dedi: «Nəzərə almaq lazımdır ki, Şimali Qafqazda vəziyyət olduqca gərgindir. O halda hansı səbəbə görə qoşunlar Azərbaycan sərhədinə yerləşdirilir?»

Politoloq Cümşüd Nuriyev isə Şimali Qafqaza qoşun cəmləşdirilməsinin Rusiyanın daxili işi olduğunu deyib. Amma bununla belə politoloq Azərbaycanın ehtiyatlı olmasının vacibliyini deyib: «Gəncədən çıxarılan 104-cü diviziya əvvəldən Şimali Qafqaza yerləşdirilib. İndi həmin diviziyanı bir qədər də gücləndiriblər. Azərbaycan sərhədində yerləşdirilən diviziya xüsusi təyinatlılardan ibarətdir. Adətən hər hansısa bir tədbirə hazırlaşan vaxt belə diviziyalar hərəkət edirlər. Bunlar Rusiyanın siyasi elitasında fikir formalaşdırmaq istəyirlər ki, Çeçenistanda, İnquşetiyada, Dağıstanda baş verən bütün terror aktlarını törədənlər Azərbaycan sərhədindən keçirlər. Əslində isə terrorçular özlərinin içərisindədir. Onlar xaricdə hazırlanır, Rusiyaya Gürcüstan vasitəsilə daha rahat keçirlər. Rusiya çox gözəl bilir ki, terrorçular Gürcüstandan adlayır. Amma Gürcüstanın üzərinə bundan artıq yeriyə bilmir. Onsuz da Gürcüstan ərazisinin demək olar ki, yarısını Rusiya işğal edib. İndi onlar bir növ Azərbaycanı siyasi təzyiq altında saxlamaq üçün sərhəddə diviziyanı yerləşdiriblər». Cümşüd Nuriyev Moskvanın təxribatçı planlarının ola biləcəyini də istisna saymır: «Rusiyanın qəbul etdiyi bir qanun da var ki, hər hansı dövlətdə yaşayan Rusiya vətəndaşlarına qarşı bir təhlükə olsa, ordunun ora girmək hüququ var».

Politoloq Elxan Şahinoğlunun fikrincə isə, Rusiya qoşunlarının Dağıstanda toplaşmasının əsl məqsədi bu bölgədə silahlı mücahidlərin aktivləşməsi ilə bağlıdır. Onun sözlərinə görə, hazırda Dağıstan meşələrində lokal döyüşlər gedir: «İkinci çeçen savaşından bu yana rus ordusu bu qədər itki verməmişdi. Lokal döyüşlərdə artıq 20-dən çox rus hərbçisi öldürülüb. Ancaq onu da istisna etmirəm ki, Rusiya Dağıstana qoşun birliklərini yerləşdirməklə bir növ Azərbaycana da mesaj yollayır». Politoloq deyib ki, Rusiya tərəfi Azərbaycana mesaj verməyə çalışır ki, Qarabağın işğaldan azad edilməsi uğrunda savaşa başlasa, Rusiya qoşunları Dağıstan üzərində istənilən həmləyə hazırdır: «Əslində bölgədə vəziyyət xeyli gərgindir. İran ətrafında halqa daralır. İrandan Azərbaycana qarşı təxribatların miqyası genişlənir. İran diqqəti özündən yayındırmaq üçün gərginliyi qonşu ölkələrə keçirməyə cəhd edə bilər. Yəni açıq desək, hər şeyi edə bilər ki, hadisələr Azərbaycanın əleyhinə yönəlsin. Eləcə də Rusiya savaş halında Azərbaycanı strateji layihələrdən çəkindirmək və zəiflətmək üçün əlindən gələni etməyə hazır görünür. Belə bir şəraitdə rəsmi Bakı addımlarında son dərəcə diqqətli olmalıdır».

Son məlumatlara görə yaxın vaxtlarda Ermənistanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq haqda yeni razılaşma imzalanacaq. Ermənistan mediasının verdiyi məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan bildirib ki, yeni razılaşma iki ölkə arasında hərbi əməkdaşlığı dərinləşdirmək üçün ciddi imkanlar yaradacaq. O, bu haqda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi-iqtisadi əməkdaşlıq üzrə Rusiya-Ermənistan dövlətlərarası komissiyasının iclasından sonra keçirilən mətbuat konfransı zamanı məlumat verib.

Baqdasaryan deyib ki, Rusiya bu cür razılaşmanı ancaq Belarusla imzalayıb.

 

 

Cavid

 

Xalq Cəbhəsi.- 2012.- 14 aprel.- S.9.