Qazax ədəbiyyatının renessansı

 

Qazax mədəniyyəti və ədəbiyyatının «qızıl əsri» və ya Qazax Renessansı XX əsrə təsadüf edir. Mən göytürklərin daşlar üzərində həkk etdiyi poemalar, Kaztuqan və Dospambetin şücaət dolu əsərləri, Maxambetin alov saçan şeirləri və Dulatın cilalanmış dastanlarından bəri uzun yol keçən «Abayaqədərki» gözəl ədəbiyyat nümunələrinin əhəmiyyətini kiçiltmək niyyətindən çox uzağam. Amma Allah tərəfindən seçilmiş renessans şəxsiyyəti olmaq yalnız Abaya qismət oldu. Abay ona qədər yaradılanlardan bəhrələnərək qazax mənəviyyatını görünməmiş yüksəkliyə qaldırdı.

Ötən əsrin əvvəlləri üç nəhəngin adı ilə bağlıdır: Şakərim (fəlsəfi poeziya), Maqjan (lirika), Sultanmahmud (vətənpərvər poeziya). 20-60-cı illərin əsas parlaq siması olan İlyas Jansuqurovdan sonrakı dövrün tanınmış nümayəndələri bunlardır: İsa Bayzakov, Saken Seyfullin, Tayır Jarokov, Abdilda Tajibayev, Kalijan Bekxojin, Kasım Amanjolov, Juban Moldaqaliyev, Sırbay Maulenov, Qafu Kayırbəyov. Sonuncu nəslin ədəbiyyata gəlişi inqilab ab-havasında, sovetləşmə dönəmində, Vətən müharibəsinin alovunda baş vermişdi. Böyük ədəbiyyat yaratmaqları heç də onların zəngin təcrübəyə malik olması və sırf ədəbiyyatçı-filoloq təhsillərindən irəli gəlmirdi. Bu, onların fitri istedadından doğurdu. Məhz bu nəsil 60-cıların ədəbiyyata gəlişi üçün zəmin hazırladı.

60-80-ci illərin qazax poeziyası bitkinnovatorluq ideyaları ilə boldur. Bu «böyük köçün» başında Oljas Süleymenov durur. Oljas rusca yazsa da, onun poeziyası dərin milliliyini saxlayıb. Onun əsərlərində qazax vətənpərvər ruhu hökmən hiss olunur. Öz zamanında Oljas orijinal kolorit, xüsusi ritmyeni energetikanı tək öz doğma qazax poeziyasına deyil, həm də Sovetlər Birliyi adlanan nəhəng imperiyanın 1/6 hissəsini tutan rusdilli poeziyaya da gətirdi və qanuniləşdirdi. Oljas çarəsizlikdən öz adı və tarixini unutmağa başlamış, milli dirçəlişə ümidlərini itirmiş, ölgün və məqsədsiz bir şəkildə imperiyanın künc-bucaqlarında ömür sürən bir çox kiçik millətləri yuxudan oyatdı və onları yüksəlişə ruhlandırdı. O, öz şəxsi nümunəsi ilə kütlənin etiraz etmək və əqidənin səsinə qulaq asaraq yaşamağın nə olduğunu əyani göstərdi. Bu dövr qazax poeziyasının üç sütunu Mukaqali Makatayev, Qədir Mirzəliyev, Tumanbay Moldaqaliyevdir. Mukaqali poeziya ilə birlikdə doğulmuş istedaddır, özüxalq mənzum ənənəsi olan «kara elen» – qazax on bir bəndliyi ilə. Onu anlamaq üçün gərək yaranışından qazax olasan. Onun şeirlərinin digər dillərə tərcüməsinin son dərəcə çətin başa gəlməsi də bununla əlaqədardır. Qədirin nəzmi isə özü başqa dillərə tərcümə olunmağa can atır və məharətli tərcüməçinin əlində onun şeirləri nə məna, nə də koloritini itirmədən hər hansı bir əcnəbi dildə sərbəst danışır. Qədir şair-intellektualdır. Tumanbayın poeziyasının ünsürləri – hisslər, leytmotivi – məhəbbətdir. Təsirli, estetik cəhətdən qüsursuz, mənalı, incə və işıqlı lirizmlə dolu olan bir poeziyaonun şeirləri barədə bunu demək olar. XX əsrin qadınlardan ibarət olan qazax poeziyası mənə məhəbbətlə qurulmuş bəzəkli bəyaz çadırı xatırladır ki, onun qübbəsində əbədi olaraq bu zərif poeziyanın başlanğıcında dayanan Məryəm Hakimjanova və Tursınxan Əbdürrəhmanovanın əsərləri həkk olunub. Çadırın tağ-tavanları müasirimiz olan şairələrdən – Fərizə Unqarsınova, Mərfuqə Aytxojina, Akuştap Bəxtigereyevanın sənət incilərindən ibarətdir. Dayaq divarları isə növbəti nəslin nümayəndələri olan Küləş Əhmədova və Gülnar Salıkbayevanın yaradıcılıq məhsullarından təşkil olunub.

XX əsr qazax nəsrinin qiymətləndirilməsinə gəldikdə isə bütün adlardan əvvəl ən yüksək və nüfuzlu, ensiklopedik bilikerudisiyaya malik Muxtar Auezovun adını çəkəcəyəm. Ötən əsrin qazax poeziyası ilə müqayisədə qazax nəsri bir o qədər coşğun inkişafı ilə öyünə bilmir. 20-30-cu illlərdə o, özünün ilkin formalaşma mərhələsində idi.

Muxtar Auezovdan sonra yaşayıb-yaratmış bir sıra məşhur yazıçılara bəzi ədəbiyyatşünas və tənqidçilər «alıptar tobı», yəni, «titanlar qrupu» və ya «qüdrətli dəstə» kimi kollektiv ləqəblər verməyə tələsdilər. Ancaq bu «dəstə»dən olanların heç də hamısının yaratdığı əsərlər zamanın sınağından çıxmadı. Bu, xüsusən də indi, 1/4 əsr keçdikdən sonra, nəinki nəsillər, həm də oxucu maraq və zövqlərinin dəyişdiyi dövrdə olduqca təzadlı şəkildə üzə çıxır. Bu sırada ədəbi irsi ilə qazax bədii sözünün ölməz klassikləri səviyyəsinə yüksələn mahir nəsr ustası – Qabit Musrepovun adını xüsusi qeyd etmək istəyirəm. Məncə, onun əsas əsəri «Oyadılmış məmləkət» yox, son romanı «Ulpan»dır. Təəssüf ki, bu cür gözəl əsər zamanında rus dilinə uğursuz tərcümə olunmuşdu. Bu romanda Yeseney Qabit müəllimin özü, Ulpan isə yazıçının həyat yoldaşı Rayadır. Qəhrəmanların romantik məhəbbəti – Qabit müəllimin öz gənc, gözəl və hədsiz dərəcədə çox sevdiyi həyat yoldaşı Raisə Məmmədyarovaya olan sevgisini ifadə edir.

«Titanlar» nəslindən sonra ədəbiyyata gələn Abdijamil Nurpeisov, Taxavi Axtanov, Safuan Şaymerdenov, İlyas Yesenberlin, Anuar Alimjanov, Azilxan Nurşaixov, Şerxan Murtaza öz əsərləri ilə XX əsr qazax nəsrinin böyükkiçik nəsillərinin «sahilləri» arasında «qızıl körpü» salmaqla özlərindən əvvəlki nəslin layiqli davamçıları və vahid işə xidmət edən ədiblər kimi tanındılar. 60-cı illərin Xruşşov «mülayimləşməsi»ndən sonra qazax ədəbiyyatına böyük miqyaslara çıxmağa qabil, kamil nəsrə xas bütün xüsusiyyətləri özündə cəm etmiş «altmışıncılar» gəldi. Onları fərqləndirən xüsusiyyətlər bunlardır: yüksək nəzəri hazırlıq və peşəkar təcrübə; ötən illərin milli nəsrində toplanmış müxtəlif janrlarda və müxtəlif mövzularda orijinal əsərlərin yaradılması; o dövrlərin Sovet ədəbiyyatına gətirilmiş yenilikçilik ruhu, sərbəstfikirlilik və «verilmiş icazələrin» sərhədləri və əhatə dairəsinin genişləndirilməsi. Bütün sadaladıqlarım Abiş Kekilbayev, Muxtar Maqauin, Kabdeş Jumadilov, Kalixan İskakov, Saken Juvisov, Akim Tarazi, Sain Muratbəyov, Dulat İsabəyov, Oralxan Bokeyev, Dukenbay Dosjanov, Satimjan Sanbayevin yaradıcılığında öz əksini tapıb.

O müəlliflərin içində elələri var idi ki, onların əsərləri o vaxtkı «sosialist düşərgəsinin» (xüsusilə Şərqi Avropa) millətlərinin dillərinə və qismən də bizə rəğbət bəsləyən fransızların dilinə tərcümə olunur və təkrar-təkrar nəşr olunurdu. Ancaq bu əsərlərin «ixrac» nüsxələri acınacaqlı dərəcədə az idi, onların tərcüməsı sırf siyasi-təbliğatçılıq məqsədi güdürdü. Kreml senzorları bu işə ciddi nəzarət edirdi. Bəzən əsərləri tərcümədə qəsdən zəiflədir, məzmunsuzlaşdırırdılar. Ona görə də qazax nəsrinin Avropa səviyyəsinə çıxması (hələ dünya səviyyəsi bir yana) barədə söhbət belə gedə bilməzdi. Onu da qeyd edək ki, çağdaş qazax nəsrinin ingilis dilinə tərcümə faktları o dövr üçün fövqəladə sensasiyalı hadisə idi. Bununla həm razılaşmaq, həm də mübahisə etmək olar, ancaq şəxsən mən bu nəsli belə qiymətləndirərdim: əgər sabah məlumat verilsə ki, Oljas SuleymenovAbiş Kekilbayev ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb, mən bu xəbəri tamamilə təbii, qanunauyğun və hətta milli qazax ədəbiyyatının nailiyyətlərinin dünya tərəfindən tanınmasının bir az gecikmiş aktı kimi qəbul edərəm.

Əgər ədəbiyyatdan əvvəl və sonra dilin mövcudluğundan danışsaq, indiyədək mənə alınmaz qala və açması bilinməyən tapmaca kimi görünən Kalixan İskakov yada düşər. Onun yaradıcılığı – canlı qazax dilinin ən şəffaf bulağıdır. Dil zərifliyi, semantik intuisiyaekspressiv məharətdə ona üstün gəlmək arzusuya heç olmazsa ona az da olsa bənzəmək istəyi boş və mənasızdır. Çox gözəl anlayıram ki, ədəbiyyat sexində müqayisə mənasızdır. Ancaq mənim üçün həqiqət daha önəmlidir və açıq deyirəm ki, Kalixan mənim şüurumda inadlı şəkildə qazax Bunini kimi canlanır. Ön səhnəyə yüzilliyin sonlarına yaxın çıxan və ədəbi talelərində preslənmiş zəmanənin təzyiqi açıq-aydın görünən ədəbiyyatçılar nəslini də qeyd etməyə bilmərəm. XX əsrin son rübündə bütün üç nəsil «ədəbiyyat ailəsinin» paradoksu onda özünü göstərdi ki, Kenşilik Mirzəbəyov və Jumabay Jakıpbayev kimi dünyasını dəyişmiş sənətkarlar daha yaşlı qələm yoldaşlarının fonunda əbədi «gənc şairlər» cərgəsinə qatıldılar. Halbuki həmin «həmişəcavan şairlərin» real yaş həddi 45-55 yaşlar arasında dəyişir. Yesenqali Rauşanovun yaradıcılığına şərq poeziyasının rəngarəng bədii ənənələri üzvi şəkildə hopub. Temirxan Mədətbəyin şeirləri sanki göytürklərin dilini bizim üçün canlandırır. Bu, qazax poeziyasının çox böyükgizli, hələ tam açılmamış potensialını göstərir.

Fəlsəfi-romantik poeziyanın bütün enerjisini özündə cəmləşdirmiş Nesipbəy Aytovun bitib-tükənmək bilməyən yaradıcılığı qazaxları milli-tarixi baxımdan gözəl təqdim edir. Gənc, ümidverən istedadları arasında ayrı-ayrı parlaq, insan düşüncəsini həyəcanlandıran debütantlar var. Ancaq tək-tük işlərə əsasən qəti qərarlarla çıxış etmək hələ tezdir. Taleyin hökmü ilə yer səthinə çıxan çeşmə qarşısını kəsən nəhəng qayanı parçaladığı kimi Tınıştıkbəy Abdıkakimov da Ulıqbəy Yestauletovdan sonra bircə anda məşhurluq zirvəsinə yüksəldi və çağdaş qazax poeziyasının görkəmli simaları arasında özünə yer tapdı. Digərlərindən fərqli olaraq Tınıştıkbəy şagirdlik mərhələsi keçmədən birdən «böyüdü» və özünəməxsus yolla iri addımlarla irəliləyərək öz gur səsini aləmə car çəkdi. Yaradıcılıq baxımından əvvəlki nəslə yaxınlaşa bilən gənc nasirlərdən mən Nurqali Oraz və Əskər Altayın adlarını çəkə bilərəm.

Qazaxıstanın rusdilli ədəbiyyatı da çox zəngin və müstəsna tarixə malikdir. Onun yaradıcıları Qazaxıstanda anadan olmuş S.V.İvanov, A.S.Sorokin, İ.P.Şuxovdur. XX əsrin 20-30-cu illərində ədəbiyyatın vəziyyəti barəsində N.Anovun hekayə və esseləri geniş təsəvvür yarada bilər. 60-cı illərdə bu ədəbiyyata M.D.Simaşko, İ.P.Şeqolixin, 70-ci illərdə Q.İ.Tolmaçov, 80-ci illərdə V.F.Mixaylov gəldi və bu müəlliflərin hər biri özünəməxsus bir nəsli formalaşdırmağa müvəffəq oldu. Təkrarsız yaradıcılığı sayəsində ən məşhur və ən çox oxunan yazıçı-naturalistlərlə bir cərgədə dayanan M.D.Zverev şəxsiyyətini xatırlamamaq qeyri-mümkündür.

Hekayə, povest, esselər, qazax müəlliflərinin əsərlərindən edilmiş tərcümələr müəllifi olan üçdilli yazıçı Q.K.Belger başda olmaqla Qaxazıstan-alman ədəbiyyatı; ən ön sıralarında X.AbdullinZ.Samadi olmaqla Qazaxıstan-uyğur ədəbiyyatı; vaxtilə məcburən bura köçürülmüş Koreya diasporu tərəfindən yaradılmış, sonralar isə burada çiçəklənmiş Qazaxıstan-Koreya ədəbiyyatı – bugün keçmişdə olduğu kimi məhsuldar deyil. Bu, böyük təəssüf doğurur. Axı dahi AbayHötenin mənəvi yaxınlığından ilham almış qazax-alman ədəbi əlaqələri bir vaxtlar ədəbiyyatlarımızı birləşdirməkdən savayı, mədəniyyətlərimizi də zənginləşdirmiş və millətlərimizin yaxınlaşmasına səbəb olmuşdu.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 18 aprel.- S.15