Xiyabani hərəkatı zamanında Güney Azərbaycanda ədəbi mühit

 

Ötən yüzilin əvvəllərində Güney Azərbaycanda Səttarxan hərəkatından sonra vüsət alan Xiyabani hərəkatı xalqımızın azadlıq eşqinin qətiyyən sönmədiyini, yeni bir mərhələyə adladığının sübutu idi. Xiyabani hərəkatı ilə bağlı məqamları araşdıran İslam Qəribli bildirir ki, XX yüzilliyin əvvəlləri Yaxın və Orta Şərq ölkələrində, o cümlədən Şərqin ayrılmaz bir hissəsi olan Azərbaycanda oyanış, intibah dövrü kimi xarakterizə olunur: «Bu oyanış və milli özünüdərk sayəsində istər Şimali, istərsə də Cənubi Azərbaycanın ictimai-siyasi həyatında bir sıra yeniliklər meydana çıxdı.

Azərbaycanın hər iki tayında azadlıq hərəkatı geniş vüsət aldı, ən əsası yeni ideyaların rəvac tapmasına, yayılmasına imkan və şərait yarandı. Siyasi həyatda baş verən yeniliklər təbii olaraq tədəbi aləmdə də əksini tapdı, milli şüur və düşüncədə bir canlanma hiss edilməyə başlandı. Özündən əvvəlki ədəbiyyatla müqayisədə daha inqilabi-demokratik və eyni zamanda milli dəyərlərə söykənən bir ədəbiyyatın yaranmasına tarixi zəmin yarandı ki, bunların hamısı zamanın tələbi, Rusiyada və İranda baş verən hadisələrin ədəbi mühitdə yaratdığı təbəddülatların labüd nəticəsi idi. Ədəbiyyatın mövzu və mündəricəsində baş verən dəyişmələr onu xalqa daha çox yaxınlaşmağa, xalq ruhunun tərcümanı olmağa vadar etdi. Şimali Azərbaycanda nəşr olunan «Həyat», «Molla Nəsrəddin», «Füyuzat», «Tərəqqi», «İrşad», «İttifaq», «Açıq söz», Güney Azərbaycanda çıxan «Azərbaycan», «Mədəniyyət», «Fəryad», «Səhənd», «Təcəddüd» və s. bu kimi mətbuat orqanlarında dərc olunan yazıların mütləq əksəriyyətində ikili taleyi ilə barışmaq istəməyən Azərbaycanın acı-ağrıları, camaatın zehniyyətində yuva qurmuş elmsizlik, xalqın düçar olduğu səfalət başlıca müzakirə obyektinə çevrildi. C.Məmmədquluzadə, Ə.Hüseynzadə, M.Hadi, Ü.Hacıbəyli, N.Nərimanov, H.Vəzirov, S. Səlmasi, S.Ə.Gilani, S.M.Qənizadə və bir çox başqa müəlliflərin əsərlərində xalqımızın düçar olduğu müsibətlər, bu müsibətlərdən qurtulmağın yolları barədə düşüncələr geniş şəkildə təbliğ olunmağa başladı».

Araşdırmaçı bu dövrdə Güney Azərbaycanda da azadlıq ideyasının geniş bir şəkildə yaradıcı soydaşlarımızın əsərlərində ifadəsini tapdığını bildirir: «Bu, ədəbiyyata döyüşkən ruh, mübarizə əzmi gətirir, bədii sözün kəsərini daha da artırırdı. Zəmanəyə meydan oxumaq, azadlıq eşqi, gələcəyə inam tədricən ədəbiyyatın, xüsusilə poeziyanın baş mövzusuna çevrilirdi. Müəyyən ədəbi təcrübəsi olanların da, yenicə ədəbiyyat cəbhəsinə atılanların da əsərlərində vətən, xalq, millət və onun dili, şərəfli tarixi keçmiş və hazırkı əzici mühit təsvir olunurdu. XX yüzilin əvvəllərində yazıb-yaradan güneyli yazarlarının əksəriyyəti əsərlərini əsasən fars dilində yazsalar da, ruh etibarı ilə onların yaradıcılığı tamamilə milli idi və azadlıq məfkurəsinə söykənmişdi. S.Ə.Gilaninin «Zəfər təranəsi», «Ey vay, Vətən vay», «Laylay», «Təsnif», C.Xamneinin «Vətən», «Ümid fəlsəfəsi», F.Təbrizinin «Marş» şeirlərində əsas ideya hüquqları tapdanılan xalqımızın gələcəyə ümid dolu arzu və diləklərini vəsf etməkdən ibarət idi. Şeirlərinin kiçik bir qismi əldə olan Nimtac xanım Səlmasinin «Qadınların kişilərə xitabı», «Tehrana xitab» adlı şeirləri həmin illərin əhvali-ruhiyyəsini öyrənmək baxımından çox xarakterikdir».

Bu dövr ədəbiyyatını Mirzə Əli Möcüzsüz təsəvvür etmək çətindir: «Əsərlərini doğma Azərbaycan türkcəsində yazan, «Mən xalqımı Sabir kimi oyadacağam» – deyən Möcüz Yaxın Şərq və Azərbaycan ədəbiyyatının mütərəqqi ənənələri zəminində yetişən və onu tamamilə yeni ədəbi-estetik keyfiyyətlərlə zənginləşdirilən novator şairdir. Onun satira estetikası Güney Azərbaycan ədəbiyyatında orijinal mərhələ təşkil edir.

Güney Azərbaycanda Sabir ədəbi üslubunu məharətlə, özünəməxsus tərzdə davam etdirən və ölümündən sonra bir məktəb yaradan Möcüz poeziyasında iki istiqamət özünü göstərməkdədir: ciddi, qismən də lirikadan ibarət olan şeirlər və satirik-yumorist şeirlər. Mövzuforma müxtəlifliyinə baxmayaraq Möcüz şeirlərinin demək olar, hamısında maarifi, mədəniyyəti və azadlıq ideyalarını təbliğ edir, elmsizlik, cəhalət və insanı əzən zəmanədən, onun dövlət sistemi və qanunlarından acı-acı şikayətlənirdi. Sözün, qələmin qüdrətinə dərin inam bəsləyən Möcüz qarşısına belə bir müqəddəs vəzifə qoymuşdu: xalqı cəhalət yuxusundan oyatmaq! Möcüz poeziyasının baş, əbədi və əzəli mövzusu Vətən və millətin taleyi məsələsidir. Qalan bütün şairanə hiss və həyəcanlar, ricətlər bu mövzu ətrafında cərəyan edir. Möcüzə görə xalqın rəzalətə düçar olmasının səbəbi mütiliyin törətdiyi istibdad, qayğısızlıq və bundan doğan səfalətdir. «Molla Nəsrəddin» ədəbi məktəbinin tanınmış simalarından olan, bəzi mənbələrə görə Sabirin təklifilə, bəzilərinə görə Bakıda hamballıq etməsi ilə bağlı özünə «Hammal» təxəllüsü seçən Bayraməli Abbaszadə şeirlərinin baş qəhrəmanı ehtiyac qurbanı olan bu səbəbdən də elindən, yurd-yuvasından didərgin düşən güneyli türklərdir ki, şair çox vaxt bunları iranlı kimi qələmə verir. Şeirlərini «Molla Nəsrəddin» və onun təsiri ilə çıxan satirik jurnallarında çap etdirən B.Abbaszadə əsasən Şimali Azərbaycanda yaşayıb-yaratsa da, yaradıcılığında Güneyİran mövzusu mühüm yer tutur ki, bu da səbəbsiz deyil. Çünki o, Güney Azərbaycan milli-azadlıq hərəkatının bilavasitə iştirakçısı olmuş, xalqın səadəti uğrunda şəhid olmağı özünün idealı elan etmişdi».

Araşdırmaçının fikrincə, Vətən, yurd həsrəti, güneylilərin acınacaqlı taleyini düşünmək, onların tapdanmış hüquqlarını cəsarətlə müdafiə etmək B.Abbaszaşeirinin aparıcı xəttini təşkil edir: «Şairin «Məşrutə», «İranlıların naləsi», «İranlı olmasaydı», «Keçər gedər», «Gözün aydın», «Hər yana baxıram» və s. əsərlərində xalqın, ölkənin ümumi mədəni-siyasi vəziyyəti real şəkildə satirikyumoristik boyalarla əks etdirilir. Vətən, ailə-uşaq həsrəti ilə qəlbi alışıb-yanan, diyarbədiyar gəzib hamballıq, əkinçilik, biçinçilik, çobanlıq, fəhləlik edən Güney zəhmətkeşinin arzu və istəkləri, acı fəryadları B.Abbaszadə satirasının başlıca mövzuları sırasında özünə yer alır. B.Abbaszadə poeziyasında bədii ümumiləşdirmə, adi əhvalatlarda böyük həqiqətləri göstərmə və həyati problemə toxunmaq meyli çox güclüdür.

B.Abbaszadə satiraları ilə Vətənin, millətin halına ağlasa da, onda gələcəyə, xalqının mübarizə əzminə böyük inam var. O, əmindir ki, Səttarxan və Bağırxanın varisləri azadlıq uğrunda mübarizədə son məqsədə çatmaq üçün yenə silaha sarılacaqlar».

İranda «ədəbi təcəddüd», «ədəbi-inqilab» prosesinə ciddi təsir edən, demokratik ədəbiyyatda yeni şeirin əsasını qoyanlardan biri olan Tağı Rüfət Təbrizi Xiyabaninin redaktorluğu ilə çıxan «Təcəddüd» qəzeti ilə əməkdaşlıq edir, sonra isə qəzetin baş katibi vəzifəsində çalışır: «Xiyabani hərəkatı zamanı onun köməkçisi və həmkarı olan Tağı Rüfət «Təcəddüd»lə yanaşı, «Azadistan» jurnalında da açıq imzası və ya «Femina» təxəllüsü ilə çıxış edir, yeniliyi qəbul etməyən mühafizəkarlara, xüsusən Məhəmməd Tağı Baharın redaktoru olduğu «Daneşkədə» məcmuəsinin liberal mövqeyinə qarşı kəskin mübarizə aparır.

İstər şeir, istərsə də məqalələrində yeniləşmə tərəfdarı olan müəllif Təbrizdə farsca çap etdirdiyi «Azadistan» jurnalının 1920-ci il saylarından birində yazırdı: «…Bu açıq və aydın bir həqiqətdir ki, yeni fikiryeni hisslər ədəbiyyatda da yeniləşmə tələb edir. Daha doğrusu, ədəbi yeniləşmə, yəni təfəkkür və bəyan tərzində yeniləşmə fikirlərin və hisslərin yeniliyini göstərən yeganə sübutdur». Rüfət Təbrizi özünü ictimai mövzular aləmində daha sərbəst hiss edir. Biz onu əsasən cəmiyyətdən, onun insanı əzən qanunlarından, daha doğrusu, qanunsuzluqlarından narazı bir şəxs kimi görürük. Bu narazılıq heç də bədbinlik notları ilə müşahidə olunmur:

 

Qalx iri addım ilə get irəli, başla işə,

Məyus olmaq səni bil məhv edəcəkdir həmişə.

Bil döyüş gözləyir indi yolunu öndə sənin,

Sabaha səsləyir hər an səni doğma Vətənin».

 

İ.Qəribli «Siyasət» qəzetində çap etdirdiyi ilk şeir və məqalələrilə ictimai quruluşa qarşı kəskin mübarizə aparan Mirzadə Eşqinin şair, nasir, publisist olmaqla yanaşı həm də bir azadlıq mücahidi olduğunu bildirir: «Azadlıq, istiqlal uğrunda mübarizə meydanından çəkilməyən, irticaya, şahlıq rejiminə qarşı sona qədər mübarizə aparan M.Eşqi zəngin bir ədəbi irs qoyaraq gedib. Eşqi yeni ədəbi üslub yaratmaq fikrini irəli sürür, köhnə, ənənəvi qəzəl, qəsidə ədəbiyyatının daim dəyişməkdə, yeniləşməkdə olan zamanla ayaqlaşa bilməməsi qənaətinə gəlirdi. Mirzadə Eşqi üsyankarromantik bir şairdir. Arzu, istək və düşüncələri ilə yaşadığı cəmiyyətin qanunları arasında kəskin ziddiyyət və bu ziddiyyətlərdən doğan acı təəssüflər onun poeziyasında baş, əzəli və ədəbi mövzuya çevrilir. «Şairin sərgüzəşti», «Eşq ustadı», «Ehtiyac, ey ehtiyac» və s. şeirlərində o, zəmanəsini kəskin şəkildə ittiham edir, dönə-dönə bildirir ki, cəmiyyət antiinsani qanunlarla idarə edildiyindən hər şey, bütün aləm bir-birinə qarışıb. Mərd namərdin, məzlum zalımın, yaxşı yamanın, gözəllik eybəcərliyin, ədalət vəhşətin, mənəviyyat maddiyyatın əlində əsir-yesirdir. Hər şey əksinə olmalı ikən, insan övladı qurub-yaratmaq, bir-birinə can deyib can eşitmək duyğusu ilə yaşamalı ikən niyə bu kökə düşüb

İ.Qəribli hesab edir ki, ötən yüzilin 20-ci illərinin əvvəllərində genişlənən milli-azadlıq hərəkatı bədii ədəbiyyatda yeni, «mübariz insan» obrazlarının yaradılması ilə də seçilir ki, bu illərdə ədəbiyyatda Şeyx Məhəmməd Xiyabani, Heydər Əmioğlu, Məhəmməd Tağıxan və s. bu kimi şəxslər barədə dəyərli əsərlər meydana gəlir: «Xorasan üsyanının başçısı olan polkovnik Məhəmməd Tağıxan barədə dəyərli bir şeir yazan İrəc Mirzə onu cəsur vətənpərvər, misilsiz qəhrəman və Vətənə sədaqət simvolu kimi xarakterizə edir. İrəc Mirzə məktəb yaşlı uşaqlar üçün yazılan bir çox oxunaqlı şeirlərin də müəllifidir. Onun «Ədəbi inqilab haqqında», «Balaca siçanla pişiyin hekayəti», «Ayını öldürməmiş dərisini satma», «Dərs oxumaq həvəsi», «Məktəb uşaqları», «Pis oğlan» və s. bu kimi şeirlərində anaya, Vətənə, elm və maarifə məhəbbət aşılayan fikirlər təbliğ olunur. Ümumiləşdirsək, XX əsrin ilk onillikləri istər Şimali, istərsə də Cənubi Azərbaycan ədəbiyyatında orijinal və özünəməxsus bir mərhələdir. Bu mərhələnin ən ümdə məsələsi isə milli-azadlıq mücadiləsinin, bəşəri dəyərlərin bədii ədəbiyyatın aparıcı mövzularından birinə çevrilməsi ilə şərtlənir».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 18 aprel.- S.14.