Yusif Vəzir Çəmənzəminlinin
məqalələri
Yusif Vəzir: «Millət addım
atdıqca ayaqlarının izi mətbuatda qalır»
Özünəməxsus dəst-xətti
olan yazıçı-publisist, araşdırmaçı
Yusif
Vəzir Çəmənzəminlinin məqalələri bu
yazının mövzusudur. Araşdırmaçı Şəlalə
Hümmətli bildirir ki, Yusif Vəzirin ictimai-siyasi, ədəbi-tənqidi
görüşlərini, elmi-nəzəri mülahizələrini
özündə əks etdirən məqalələri onun həyat
və yaradıcılığını hərtərəfli
tədqiq etmək baxımından böyük əhəmiyyətə
malikdir: «1914-cü ildə «İqbal» qəzetində çap
olunan «Nicat» qiraətxanəsi» adlı məqaləsində
dövri mətbuatda nəşr olunan qəzet və
jurnalların gələcək oxucular üçün
kitabxanalarda qorunub saxlanmasının əhəmiyyətindən
bəhs edən Yusif Vəzir yazırdı: «Millət addım
atdıqca ayaqlarının izi mətbuatda qalır».
Bu mənada
millətinin ən öndə gedən maarifçi vətənpərvər
ziyalılarından olan Yusif Vəzir Çəmənzəminlinin
irəliyə doğru atdığı hər
addımının izini ilk növbədə bu görkəmli
ədibin yaşadığı dövrdə nəşr edilən
mətbuat səhifələrində axtarmalıyıq». Elə
ilk addımı ilə mətbuat aləmində istər-istəməz
səs salan Yusif Vəzirin «Molla Nəsrəddin»
jurnalının 1907-ci il 2 oktyabr tarixli 37-ci sayında
«müdiri-möhtərəm» müraciəti ilə
başlanan, Qarabağdakı pir və ocaqları tənqid edən
ilk məqaləsinin çapı müəllifin həyatı
üçün ciddi təhlükəyə çevrilir;
açıq imza ilə «Bakı Realnı
Şkola»sının altıncı sinif şagirdi Miryusif Vəzirov»
imzası ilə çap edilən bu məqalədən sonra hədə
dolu məktublar alan, ölümlə hədələnən gənc
Yusif narahat günlər yaşayır. Hələ çap
edilən ilk yazılarından qətiyyətli və
mübariz mövqeyi ilə tanınan gənc Yusifin ədəbi
və publisistik fəaliyyəti üçün «Səda» qəzeti
daha geniş imkanlar verir; 1909-cu ildən başlayaraq «Səda»
qəzetində «Məişətimizdən bir şəkil» sərlövhəli
hekayələri və «Hədərən-pədərən» sərlövhəli
felyetonları dərc edilir. Kiyev İmperator Universitetinin
hüquq fakültəsində təhsil aldığı illərdə
də Yusif Vəzir Azərbaycan mətbuatı ilə əlaqəni
kəsmir, «Səda», «Sədayi-həqq» («Səda» qəzeti
sonralar «Sədai-həqq» adı ilə nəşr edilib),
«İqbal» və s. qəzetlərdə «student Yusif bəy Vəzirov»,
«Kiyev Darülfünununun studenti Yusif bəy Vəzirov»
imzalı məktubları, məqalələri ilə
çıxış edir. Kiyevdə Müsəlman Tələbə
Cəmiyyətinin xeyriyyə və mədəni-maarif işlərində
fəal iştirakı ilə fərqlənən tələbə
Yusif Vəzirov 1911-ci ildə «Səda» qəzeti vasitəsilə
«Kiyevdə Heyəti-Nəşriyyat təşkili» haqqında
həmvətənlərinə bir xoş səda
çatdırır. Məqaləsində əsas məqsədin
tələbələrimizin ana dilinə rəğbətlənməsi
olduğunu söyləyən Y.Vəzir yalnız ədəbiyyata
dair deyil, həm də siyasi, tibbi, tarixi, iqtisadi məsələlərdən
bəhs edəcək kitabların nəşr edilməsinin eyni
zamanda «camaatımıza da böyük xidmət olduğunu»
vurğulayır. Az sonra «Sədai-həqq» qəzetində Yusif
Vəzirin «Biz kimik?» adlı bir məqaləsi çap olunur.
«Biz kimik?» – bu suala cavab axtarmağın hər bir millətpərvər
şəxs üçün vacib məsələlərdən
biri olduğunu söyləyən gənc ədib
yazırdı: «Biz hansı qövmə, hansı millətə
mənsubuq? Keçmişimiz nə təhər imiş?
Hal-hazırımız nəyin nəticəsi olub? Bu suallara
cavab axtarmaq üçün tarixə müraciət etməlidir.
Heyf ki, tariximiz yoxdur». Keçmişimizi öyrənərək
gələcəyimizə yollar açmaq üçün
tariximizə dair məlumatlar toplamağın vacibliyini, «tarixin
millətimizə nə qədər mənfəətli
olmağını nəzərə alan» gənc publisist Kiyev
Müsəlman Tələbələrinin Nəşriyyat Heyəti
adından «ərbabi-qələmimizdən Azərbaycan
türklərinin tarixini yazmağı rica edir». Nəşriyyat
Heyətinin fəaliyyəti müxtəlif səbəblərə
görə yarımçıq qalsa da, Yusif Vəzir Çəmənzəminli
öz yaradıcılığında və ictimai fəaliyyətində
daim irəliyə doğru addımlayıb, hər bir vətənpərvər
ziyalı kimi onu da daim düşündürən ən
mühüm suala – «biz kimik?» sualına cavab verməyə
çalışıb. Onun tariximiz, ədəbiyyatımız,
mədəniyyətimiz, iqtisadiyyatımız və s. ilə
bağlı qələmə aldığı əsərlərin
hər biri, zənnimizcə, məhz həmin suala axtarılan
cavablardır».
Y.V.Çəmənzəminlinin
artıq yaşı 100-ü ötən bir neçə məqaləsini
təqdim edirik.
Biz kimik?
Biz
kimik? Bu suala cavab axtarmaq hər millətpərvər şəxsə
vacib məsələlərdən biridir. Biz hansı qövmə,
hansı millətə mənsubuq? Keçmişimiz nə təhər
imiş? Hal-hazırımız nəyin nəticəsi olub? Bu
suallara cavab axtarmaq üçün tarixə müraciət
edilməlidir. Heyf ki, tariximiz də yoxdur. Azərbaycan məmləkətində
məskun neçə milyon nüfusdan ibarət bir qövm
hansı millətə mənsub olduğunu bilmir.
Özümüzə məxsus az-çox ədəbiyyatımız,
teatromuz, musiqimiz olub, bir dil ilə danışıb, məlum
adət və ayinlərə malikik. Deməli, əlahiddə
bir millət olmağımıza şübhə yoxdur. Pəs,
bizə tarix lazımdır ki, keçmişimizi öyrənib
gələcəyimizə yollar açaq. Bu barədə hər
bir əhli-qələm çalışmalıdır ki,
tariximizə dair məlumat toplansın.
Tarixin
millətimizə nə qədər mənfəəti
olmağını nəzərə alıb, Kiyev Müsəlman
Studentlərinin Nəşriyyat Heyəti ərbabi-qələmimizdən
Azərbaycan türklərinin tarixini yazmağı rica edir.
Tarix müxtəsər və sadəcə, türk dilində
olmalıdır. Onu heyət təb etdirməyi öhdəsinə
götürür və bundan əlavə tarix müəllifinə
bir mükafat da verməyi vəd edir.
Bizlərdə 3 növ tərbiyə
Əcnəbilərdə
tərbiyəyə dair hədsiz-hesabsız kitablar
yazılıb və yazılmaqdadır. Gündə bu barədə
yeni bir fikir, yeni bir təsəvvür ortaya çıxır.
Bizlərdəsə bircə risalə də yazılmayıb.
Və tamam camaatımız arasında düzgün tərbiyəyə
az-az rast gəlmək olar. Hal-hazırda balalarımıza verilən
tərbiyəni zənnimizcə, üç qismə
ayırmaq olar. Bu qisimlərin bir-birilə təfavütü
varsa da, doğru bir məsləkə qulluq etmirlər. Əvvəlinci
qisim tərbiyə ən qədim halında durub qalmaqdadır.
Uşaqlar doğular-doğulmaz bərk-bərk bələk ilə
sarınıb, bağlanarlar. Gündə bir
çöpçüyə, ocağa (pirə),
boyaqçı küpünün başına apararlar; nadan
duaçıların qələmindən keçər, dərvişlər
osunlarlar… və ilax. Bunları quru topraqların üstə
buraxarlar. Əllərinə keçəni yeyərlər.
Toz-toprağa bulaşarlar. Çirk ol qədər basar ki,
üfunətdən yanlarına düşmək mümkün
olmaz. Paltarları gec-gec dəyişilər, yuyundurulmazlar.
Ağız-burunları milçək yığnağı
olar. Bunların başları keçəl, qarınları
şişik, təmiz hava görməyib, rəngləri
sarı olar. Mənəvi tərbiyələrinə gəldikdə,
bu daha da pis. Dili uşağın söz tutar-tutmaz valideynin təhrikilə
başlar ətrafdakılara söyməyə…
Böylə
tərbiyənin nəticəsi üç cürə olar. Ol
uşaqlar böyüyüb oğru, əyri, quldur, yolkəsən,
adamöldürən olarlar, min evlər yıxarlar, müsəlmana
əcnəbilər arasında «vəhşi» ləqəbi
qazandırarlar və axırda özləri də hədər
yerə tələf olub gedərlər. Əvvəlinci qisim tərbiyə
alanlar bir az tərəqqi etsələr, nadan molla, müftəxor
seyid, dərviş, duayazan və falçı kimi axmaq
şeylər olur, daraşarlar millətin canına və
başlarlar onun olub-qalan qanını sormağa. Bunlar əcnəbilər
arasında camaatımıza «geridəqalmış» adı
qazanarlar.
Bir də
bu tərbiyədən əmələ gələn xəsis
hacılar, mütəəssib kərbəlayılar, riyakar
mömün və müridlər olar ki, bəsirət gözləri
bağlı mollanın ətəyindən tutub uçurumlara
tərəf gedirlər. Bunlar köhnə məsləkdə
ola-ola hamını murdar, napak sayıb, özlərinin
«düz və Allah bəndəsi» olduqlarına fəxr edirlər.
Bunlar da əcnəbilərdən millətə «mütəəssib»
rütbəsini alarlar.
Bu
qisim tərbiyənin insanın bünövrəsinə
atdığı köklər ol qədər dərin olur ki,
insan ondan qəbir evinədək aralana bilmir. Çoxları
hökumət məktəblərinə girirlər, tərbiyəli
ailələrdə ömrünü keçirir, arif məscislərinə
düşürsə də, aldığı tərbiyənin
təsirindən xilas ola bilmir. Danosçu məmurlar,
ruslaşmış «ariflər» həmin bu tərbiyənin meyvələridirlər.
Ali məktəbdə oxuyan bir xeyli müsəlman qurtaran kimi
ya millətin namusunu satar, ya da ki, yalandan camaata
qarışıb «millətpərəstlik» edib, camaatın
ciblərini kəsirlər. Çoxları təkyə edirlər,
mərsiyəxana pul verirlər və möminləri «feyziyab»
etdirib, öz sənətlərinə rəvac vermək
üçün camaata xoş gəlmək istəyirlər.
Bu həriflər də köhnə tərbiyənin
toxumlarını ürəklərində bəsləməkdədirlər.
İkinci qisim tərbiyə
Bu tərbiyə
köhnənin təbiiliyindən və həqiqi tərbiyənin
sağlamlığından uzaqdır. Bunda düz və sabit
bir şey yoxdur. Özü də əqidə nəticəsi
olmayıb, məhz modaya tabe olmaqdan irəli gəlir… Böylə
tərbiyə almış uşaqlar ilə köhnələrin
təfavütü ondadır ki, bunlar öz dilindən
savayı rusca da danışmaq bilirlər. Yoxsa ayrı
şeydə onlardan irəli getməyiblər. Bunlar zahirdə
işıqlı və təmiz gözə dəysələr
də, batində qulluqçu əxlaqlı, aşpaz ədəbli,
nökər və mehtər tinətli bir şeylərdirlər.
Bunların bir qüsuru da budur ki, ana dillərini
danışmağa utanarlar, eyib hesab edərlər…
Üçüncü qisim tərbiyə
Böylə
tərbiyə almış uşaqlar bilmərrə milliyyətdən
uzaq saxlanırlar. Bunlar ana dillərini bilmirlər, milli adətlərindən
xəbərləri yoxdur. Böylə tərbiyənin səbəbi
ya valideynin yarımçıqlığı, ya da ki, əlacsızlığıdır.
Yarımçıq ata öylə güman edir ki,
övladı öz ana dilini itirib, əcnəbi dili öyrənsə,
tərbiyəsi bitib qurtarır. Halbuki əsl tərbiyə
dildən ibarət deyil, bəlkə uşağın əxlaqını
düzəldib, ruhani aləmini təkamülə
çıxartmaqdadır. Doğruçu tərbiyə gərək
əql və zəkaya vüsət versin, nəinki
uşağın ürəyində öz milliyyətinə
qarşı düşmənçilik toxumu əksin.
Əlacsızlığa
gəldikdə, bu da ariflərimizin əcnəbi
qızlarına evlənməklərindən irəli gəlir.
Arif əql dairəsi geniş, məlumatlı bir şəxs
olduğundan avam müsəlman qızlarını özünə
ömür yoldaşı seçməyini rəva bilmir. Bu dərddən
elmli əcnəbi qızlarını vətən
qızlarına tərcih edir. Əcnəbi qızları
islamiyyəti qəbul edirlərsə də,
türklüyü qəbul etmirlər. Çünki tərbiyələrinin,
böyüdükləri mühitin və təlim
aldıqları dövlətin dinlərini dəyişsələr
də, milliyyətlərindən çıxa bilməzlər
– firəng qızı firəngliyində, nemsə qızı
nemsəlikdə əbədi qalırlar. Odur ki, doğduğu
balalar da bizim millətdən olmayıb, anasının getdiyi
yol ilə gedir: tərbiyə ana əlində olur, o da
balasını öz dili ilə danışdırıb,
öz ruhu ilə bəsləyir.
Üç
qisim tərbiyədən bəhs edib, batil olmaqların da isbata
yetirdik. İmdi də bunların səbəblərindən və
o səbəbləri yox etməyə dair bir neçə
söz deyəcəyəm. Əsl tərbiyə ev tərbiyəsindən
ibarətdir. Ev tərbiyəsi yaxşı olarsa, uşaq tərbiyəli
olar. Böyük firəng mütəfəkkiri Monteskyo deyir
ki, mən qədim müəllimlərimdən bir o qədər
məlumat almamışdım ki, mənə süd verən
dayədən aldım. Deməli, uşaq beş-altı
yaşınadək öyrənməyə və
görüb-götürməyə müqtədir və
müsəddəd olan qədər sonralar ola bilməz. Ancaq
asudə, milli vəzifəsini düşünmüş və
kamil arvadlar bizə tərbiyəli övladlar yetirməyə
qadir ola biləcəklər. Ona görə bu yolda
çalışmalıyıq…
Uğur
Xalq Cəbhəsi.- 2012.- 19 aprel.-
S.14.