Xayçılar
– dastanları nəql edənlər
Xay sənəti iki mühüm cəhəti tələb edir; burada həm ifa texnikası – çatxanda və ya komısda çalmaq istedadı yüksək olmalı, həm də söyləyicilik qabiliyyəti – səsin qırtlaqda cismani güc tətbiq etməklə improvizə üsulu – fərqli istedadı olmalıdır. Bir növü iki ifaçı sənət türü bir ifaçı şəxsdə yüksək məharətlə birləşməlidir. İfaçı sənətkar hər iki sənət növünü daxili ritm, ahəng və intonasiyalarla bölməli, nizamlamalı, daha çox bas-bariton səs üzərində oxumalı, söyləməlidir. Burada lirik tenor səs işə keçmir. Başqa səs epik ənənəyə uyğun gəlmir. Folklorşünaslar söyləyici-xayçıların, ifaçıların folklor mədəniyyətinin təbliğində xüsusi şəxslər olduğunu hər zaman qeyd edir, onları həmmüəlliflik hüququnda canlı folklor xəzinəsi kimi yüksək dəyərləndirirlər. Məsələn, rus folklorşünaslarından V.N.Putilova görə, söyləyici geniş mənada epik ifaçıdır. Xakaslardakı xayçılıq sənəti də o mənada həmin sistemin tərkib hissəsidir. Türkdilli xalqlarda dastan söyləyən şəxslərə verilən adları müəllif öz məqaləsində belə sıralamışdır; söyləyiciyə yakutlarda – olonxosutu, buryatlarda – uliqerçi, qırğızlarda – manasçı, kalmıklarda – canqarçı, qazaxlarda – akın və ya jırsı, özbəklərdə – baxşı, Azərbaycanda – aşıq, Ukraynada – kobzar, Cənubi Slavyanlarda – quslar, bu sıraya əlavə olaraq tıvalarda və altaylarda – kayçı deyirlər. Folklorşünas alim A.B.Lord: «söyləyici-elə ənənənin özüdür» yazır, lakin nəzərə alsaq ki, söyləyici həm də müəllifdir, o zaman söyləyicinin ənənyə yaradıcı munasibətini də diqqətdən qaçırmamalıyıq».
Xalq arasında xay sənətini sənətkarlıq dərəcəsinə görə üç (üç) yerə ayırırlar; uluğ-xay (böyük xay), kiçiq-xay (kiçik xay), xuruğ-xay (quru xay). Xalq söyləyici-xayçını dinləyərkən səsin süjetin inkişafından asılı olaraq azalması və artması, tembri zamanı estetik zövq və tələblərə cavab verməyəndə gileylənir və xayçı-nımaxçını rişxəndlə belə dəyərləndirir: «inek çili irep tur» (inək kimi mələyir), «Çabağa çıli kistep tur» (iki yaşlı dayça kimi kişnəyir), «Aday çıli irepça» (köpək kimi mırıldayır) və s. Xalq sənətinin yüksək zövqü və tələbləri ruhunda tərbiyə alan dinləyicini yaxşı xayçı tanıyıb, bilir. Ona görə də xayçı xalq sənətinin incəliklərini, ifaçılıq mədəniyyətini, estetik-psixoloji təsir vasitələrini, improvizə xüsusiyyətlərini dərindən bilməli, həm gözəl oxumalı, həm gözəl çatxan və ya komısda (qopız) çalmağı bacarmalı, özünəməxsus artistlik ovqatı yaratmalıdır. Xalqın çox əsrlik ifaçılıq ənənələrini, sənət sirrlərini bilən xayçı dastanın epik məziyyətlərini, poetik-emosional təsirini öz ifa tərzilə sevdirməyi bacarmalıdır. Eynən bizim aşıq sənətində olduğu kimi. Adətən xayçıda ifaçılıq istedadı və mədəniyyəti nə qədər yüksək olursa, o dinləyiciləri bir o qədər dərindən cəlb edir, dinlyici toplumu süjetin inkişafının iştirakçısına çevirir. Məsələn, həyacanlı dinləyici özünü Altın-Arığın tərəfində cinlərə qarşı vuruşda hiss edir. Altın-Arığı böyük məhəbbətlə sevir və Altın-Arığın, Pis-Tumzux-Plö-Xarının, Qız Xanın, Çibeteyin, Xulatayın, Taptaan-Molat və s. obrazların şəxsində yurdu, vətəni, doğma millətini, xalqını sevir, onların cin ruhlu düşmənlərinə Altın-Arığın özü qədər nifrət edir.
«Altın-Arığ» dastanının iki variantı mövcuddur. Bir variantı məşhur xakas xayçısı Semyon Prokopyeviç Kadışevdən yazıya alınmışdır. S.P.Kadışev 1885-ci ildə Xakasiyanın şimalında yerləşən Şira rayonunun Çooxçıl kəndində doğulmuşdur. Uzun illər Troşkin qəsəbəsində yaşamış, daha sonralar Ağban (Abakan) şəhərinə köçmüşdür. Əsil-nəsili Qızıl boyundandır. Onun xayçı kimi yetişməsində Ağ Hüs bölgəsinin Tarçı kəndində yaşayan və məşhur xayçı olan əmisi Slo Kadışevin və arvadı Barışevin zəhməti böyük olmuşdur. Semyonun atası Prona da səviyyəli xayçılardanmış. Onun əmisi Slo Kadışev məşhur xayçı alıptıx-nımax söyləyicisi Pyotr Kurbijekovun (1910-66) da ustadı-müəllimi olmuşdur. S.P.Kadışev o zamanların çox məşhur xayçı sənətçisi «Altın-Arığ» və digər alıptıx-nımaxları gözəl bilən Qara Matpıydan da çox şey öyrənmişdir. Onlardan başqa Kadışev Yeqor Kondeyev və Çakım Abdorindən də onların şagirdi olmasa da faydalanmışdır. Haylama sənətinin gözəl bilicisi xayçı-nımaxçı S.P.Kadışev deyilənə görə 30-a yaxın dastanı əzbərdən bilirmiş. «Altın-Arığ» eposundan başqa S.P.Kadışevin söyləyişində «Xan Kiçiqey», «Gün Tenqiz», «Ay Xuuçın» və «Ağ Çibek-Arığ «onun ifasında yazıya alınmışdır. Professor T.Q.Taçeeva «Altın-Arığ» dastanını 1955-ci ildə Çooxçıl kəndində S.P.Kadışevdən yazıya almışdır. Dastanın bütün mətni nəzmlədir. S.P.Kadışev «Altın-Arığ» dastanını ilk dəfə 1912-ci ildə, ikinci dəfə 1935-ci ildə əmisi Slodan eşitmişdi. Onun adı və xay sənəti, repertuarı və yaradıcılığı xakasiyadan uzaqlarda artıq məşhurlaşmışdı.
T.Q.Taçeeva ondan yazıya aldığı «Altın-Arığ» eposunu və başqa dastanları 1958-ci ildə Ağbanda «Altın-Arığ» adı altında bir kitabda nəşr etdirmişdir. Bir neçə il sonra 5181 misralıq həmin variantı «Altın Çüs» adlı yeni yazıya aldığı dastanla birlikdə, arxaik xakas sözlərinin lüğətini tərtib edib əlavə edərək 1987-ci ildə təkrar Ağbanda nəşr etmişdi. Bir qayda olaraq, Xakasiyada söyləyici-xayçılıq sənətinə gənc oğlanlar 10-15 yaşlarında gəlir və 19-20 yaşdan artıq xayçı kimi alıptıx-nımaxı (qəhrəmanlıq nəğmələri) çatxanın və ya komısın müşayiətilə – ifaçılıq məharətini göstərməklə söyləməyə başlayırlar. Hamı kimi Pyotr Vasilyeviç Kurbijekov da yeniyetməlik çağından alıptıx-nımax söyləməyə başlamış və tezliklə məşhur xayçı olmuşdur. «Altın-Arığ»ın ikinci variantını professor B.E.Maynoqaşeva məhz P.V.Kurbijekovdan 1964-cü ildə, xakasiyanın Ustınkino (xakasca keçmiş adı Naa aal) kəndində yazıya almışdır. Mətn bütünlüklə nəzmlədir. Mətn 10341 misradan ibarətdir.
P.V.Kurbijekov (1910-66) Xakasiyanın Şirin bölgəsinin İtemenev (kəndin adı xakasca Puğalar aalı adlanır.) kəndində anadan olmuşdur. O, Qızıl tayfasının Arqan nəslindən çıxmışdır. O dörd yaşındaykən xam – minilməmiş at ona təpik vurmuş, dodağları partlamış-cırılmış və ömrü boyu dodağında cırılmış yerin izi qaldığına görə xalq arasında onu «Çrik Pyodr» deyə çağırmışlar. Yeniyetmə yaşlarında özü müstəqil oxumaq-yazmaq öyrənmiş, sonra 1931-ci ildə Minusində texniki-peşə məktəbində oxumuş, təhsili bitirib İtemen kəndində mağazada satıcı işləmişdir. Daha sonra uzun müddət Saralı kömür mədənində kömürçü-fəhlə işləmişdir.
Kurbijekovun həm ana, həm ata xətti ilə nəslində çoxlu nağıl-dastan söyləyən şəxslər olmuşdur. Doğma əmisi Sorolax Kurbijekov çoxlu qəhrəmanlıq dastanları, nağıllar, rəvayətlər, şifahi ədəbiyyat nümunələrini, taxpaxlar, tapmacalar bilir və onları yüksək ustalıqla söyləməyi bacarırmış. Pyotr Kurbijekovun xalq arasında Ede kimi tanınan ana babası da qəhrəmanlıq dastanlarını və digər folklor janrlarında əsərlərin həm gözəl bilicisi, həm də gözəl ifaçısı imiş. Yeniyetməlik və gənclik illərində demək olar ki, onun bəxti gətirmiş, böyük xay ustaları Semyon Abdorini, İlya İtemenovu, Slo Kadışevi, P. Sulekovu, Nastü nənəni, Petruka Taydonovanı, Tıxteevi, Şişxanovu (iki sonuncunun adını xayçılar unutmuşlar) görüb dinləmiş, onlardan heç şübhəsiz faydalanmışdı.
Xay söyləmək, xayçılıq sənətkarlığı bütün digər – Qızıl qəbiləsindən başqa etnik xakas boyları üçün də – istər Kaçin, Koybal olsun, istərsə də Saqay, Şor, Kamasin və s. boylar olsun mənəvi dəyərlər silsiləsində mühüm yer tutur.
Alıptıx-nımaxlar xüsusi sevgilə gözəl xayçıların ifasında dinlənilir, sevilir, yaşayır, epik-söz mədəniyyətinin sehrini, ecazını yeni zövqlə cilalayır, estetik-fəlsəfi şüur formalarını qədim türkün kainat KUT-u – ruhu ilə qırılmaz əlaqəyə bu gün də cəlb edir, təsir və tərbiyə edir.
Oktay
Xalq Cəbhəsi.- 2012.- 19 aprel.-
S.13.