Nərimanov Nərimanovun
tərəddüdləri
Onun oğlu Nəcəfə məktubunda
faciəviliyi bütün çalarlarıyla
açılır
Qarşıdan
xalqımızın tarixi taleyində faciəvi səhifələr
yazmış 28 Aprel günü gəlir. 1918-1920-ci illərdə
23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin taleyinin
faciəli şəkildə başa çatmasının bir səbəbi
də o çağlar Azərbaycanda müxtəlif təşkilatlar,
partiyalarda təmsil olunan soydaşlarımızın
arasında mövcud olan ciddi fikir ayrılıqları idi. O
çağların ən üzdəki adamlarından biri də
həkim, yazıçı və siyasi xadim Nəriman Nərimanov
idi. Bu gün də onun şəxsiyyətinə təzadlı
yanaşma qalmaqdadır. Tez-tez N.Nərimanovun millətçiliyini
ayrıca qabardırlar, ancaq nədənsə kommunistin əsl
mənada millətçi ola bilməməsini unudurlar.
Yazıçılıq, həkimlik və siyasətçilik
kimi bir neçə gərgin peşəni bir ömürdə
birləşdirən Nərimanovun baş verən olaylardan
uğurla çıxa bilməməsini yaradan amillər var
idi. Hər şeydən öncə Nərimanovun faciəviliyini
onun sosializm ideyalarına fanatikcəsinə
bağlılığında, sonrasa yarıtərəddüd,
yarıinam səviyyəsində, durumunda qalmasında axtarmaq gərəkdir.
Nə qədər acı səslənsə də, onun anadangəlmə
siyasətçi ola bilməməsi faciəvi aqibətini
gerçəkləşdirdi.
Araşdırmaçı Adıgözəl Məmmədov sözügedən mövzu ilə bağlı bunları bildirir: «Hələ də Nərimanovun dövrünün şərtlərindən irəli gələn fəaliyyətinin alt qatlarındakı kimliyini tam düzgün araşdıra bilməmişik. Onun bədii, siyasi yaradıcılığı fonunda daxili aləminin necəliyi, tərəddüdləri, ancaq bolşevik kimi yetişməsinin səbəbləri, XI Qızıl Ordunu müşayiət edərək Azərbaycana işğalçılarla birgə gəlməsi, İnqilabi Şuranın sədri kimi Azərbaycanda fəaliyyəti zamanı düşdüyü çevrə, sonralar isə Kremldəki fəaliyyəti, ömrünün acı, faciəli sonluğu bizi bu şəxsiyyətin xarakteri haqqında dərindən düşünməyə, bu çağacan aydın olmayan cəhətlərinin əsil dəyərini verməyə səsləyir. Bütün bunların kökündə insanın psixi-ruhi durumu dayanır. Nərimanova bu yöndə yanaşma hələ olmayıb».
A.Məmmədov Nərimanovun çoxşaxəli fəaliyyətinə bu prinsiplərlə yanaşıldıqda çoxlu sualların ortaya çıxdığını deyir: «Bu suallardan birincisi odur ki, niyə Nərimanov Azərbaycanın, eləcə də başqa türk ölkələrinin Sovet imperiyasının tərkibinə daxil olmasının tərəfdarı kimi çıxış etdi və bununla yanaşı, millətçilik yönündə də fəaliyyət göstərdi? Bütün bu amillər bizi daha dərindən düşünməyə, ilk olaraq o dönəmin ictimai-siyasi durumunu dərindən araşdırmağa və bəlli sonuca varmağa çağırır. Ötən yüzilin ilk onilliklərində Azərbaycanda, Türküstanda, Osmanlı imperiyasında baş verən gərgin məqamlar bütövlükdə dünyanın türk millətinə qarşı apardığı oyunların əsil mahiyyətini anlamaq üçün bizdə aydın təəssürat yaradır. Sanki bütün türklərə qarşı bir səlib yürüşü elan edilmişdi. Türkü sevməyənlər ilk olaraq Osmanlı imperiyasını çökdürmək, onu bütünlüklə yox etmək arzusunda idilər. Onda Azərbaycan aydınları içərisində ümumən türkü gözləyən təhlükələrlə bağlı aydın, kəskin təsəvvürlərin yaranması ilə yanaşı, bu məsələdə fikir ayrılıqları da ortada idi. Bu dönəmdə Osmanlı imperiyasında türkçülükdən uzaqlaşma istəkləri vardı. Onda geosiyasi durum dəyişilməsəydi, bəlkə də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması da sual altında qalacaqdı. 1920-ci ilin aprelində XI Qızıl Ordunun başında türk övladı Nəriman Nərimanov Bakıya gəlir, Azərbaycan Xalq Cümhuriyyətinin çöküşündə və hakimiyyətin bolşeviklərə, Moskvaya təslim edilməsində əlindən gələni əsirgəmir. Burada Nərimanovun rolundan daha çox o dönəmin tarixi şəraiti, faktorlar nəzərə alınmalıdır. Nə qədər şaşırdıcı olsa da, onda təbii olaraq Azərbaycan aydınları türk millətinə xidmət üçün sanki hərəsi bir təşkilatda qərarlaşmışdılar. N.Nərimanov bəlkə də taktiki baxımdan düz fikirləşirdi, ancaq strateji yanlışlığı isə bircə onda idi ki, milli dövlətçiliyimizi Rusiyanın içərisində görürdü. Hər halda buna tərəddüd etmədən Nərimanovun faciəsi demək olar. Ancaq o, millətimizin düşməni olmayıb, bu faciəvi yanlışlığını artıq İnqilabi Şuranın sədri olduqdan sonra qarşılaşdığı təklənmə məqamında başa düşdü. Ayıldı ki, artıq yörəsində onu anlayacaq bir kimsə belə yoxdur. Bu gedişat Əliheydər Qarayevlə Nəriman Nərimanovun ilişkilərinin gərginləşməsi fonunda qarşıdurmaya gətirib çıxardı. Hər iki türk kökənli şəxsin ilişkilərini çevrədəkilər bacardıqları qədər daha da pozmağa çalışırdılar. Bu zaman Nərimanov artıq şübhəsiz, faciəviliyini aydın anlayır».
Temperament tipi baxımından Nərimanovun daha çox melanxolik tipə yaxın olduğunu deyən A.Məmmədov həm də düşünür ki, onun bir çox addımlarında qətiyyətsizliyini görmək mümkündür: «Məsələn, o, Zəngəzurun taleyinin çözümündə bəlkə də daha ardıcıl iradə göstərsəydi, bu məsələdə üstünlük qazana bilərdi. Çünki Nərimanov onda bolşevizmin üzdə olan sayılan fiqurlarından biri idi. Nərimanov yalnız bir çox məqamlarda qətiyyətsizliyi ucbatından Kremldə baş verən çəkişmələrdə güc nisbətini düzgün təyin edə bilmədi. O, Kremlə aparılan oyunların arxasında hansı güclü fiqurların olduğunu aydınlaşdıra, bunu aydın anlaya bilmədi. Qırağa çəkildi, bu zaman onun haradasa «gərəksizliyi» aydın oldu. Sanki Nərimanovu Kremlə aparmaqla onun əlini-qolunu bağladılar».
Nərimanovun oğlu Həcəfə məktubunda faciəviliyi bütün çalarlarıyla açılır: «… Məni əhatə edən mühit, bu mühitin geriliyi, irəliyə hərəkətindəki ətalət, ətrafımızdakı həyat təzahürlərinə soyuq münasibət, millətlər arasında gedən mənasız çəkişmələr, buradan da doğan iztirablar: qan, göz yaşları, yoxsulluq, yalan və bir sıra başqa şeylər, bunlar mənə rahatlıq verməyib, mənim yazdıqlarım bütün bunları göstərir. Bəlkə də bu, çox sönük, bədiilikdən uzaq, bacarıqsızlıqla təsvir olunub, mənim öz qüvvə və məkanlarım daxilində yazılarım göstərir ki, mən bir çoxları kimi ətraf mühitə laqeyd qala bilməzdim, mənim qəlbim sakit deyildi, mən istəyirdim və cəhd edirdim ki, bəşəriyyətə heç olmazsa bir xeyir verim. Mən bütün varlığımla harada olursa-olsun, köləliyin əleyhinəyəm. Mən bəşəriyyətin tezliklə azadlığa çıxması, nadanlıqdan, habelə köləlikdən azad olması yollarını axtarırdım. Mən sosial-demokrat idim, lakin bu təşkilat getdikcə daha çox idealdan uzaqlaşır.
Mən bolşeviklərin proqramını
xüsusi inamla qəbul etmişəm, belə ki, mən
bunda öz məramımın: dünyada
köləliyin məhvinin
həyata keçməsini
görürdüm. Bəlkə də
sən bu sətirləri oxuyan vaxt bolşevizm olmayacaq. Ancaq bu o demək
deyil ki, bolşevizm lazım deyil. Bu ona
dəlalət edəcək
ki, biz onu qoruya bilməmiş, ona lazımi qiymət verməmiş, işimizə pis yanaşmışıq. Açıq
demək lazımdır:
biz əldə etdiyimiz
hakimiyyətdən o qədər
təkəbbürlü olmuşuq
ki, boş işlərlə və çəkişmələrlə məşğul olaraq əsl işi əldən buraxmışıq.
Hakimiyyət çoxlarını korlayır. Belə
də oldu: hakimiyyət bir çox görkəmli işçiləri korladı.
Onlar nəhəng bir dövlətin müqəddəratını öz
əllərinə almaq
və diktator olmaq qərarına gəldilər: bu ilk zamanlarda zəruri idi. Lakin indiyədək bu
vəziyyəti davam etdirmək, bolşevizmi süquta aparmaq demək idi. İndi mən bu sətirləri sənə yazarkən iş o yerə çatıb ki, Lenindən sonra özlərini onun «qanuni varisləri» adlandıranların dövləti
idarə etməyi bacarmamaları nəticəsində
əmələ gəlmiş
böyük nöqsanlarımız
barədə kommunistlər
öz aralarında da danışa bilmirlər.
Bütün bunlar haqda sən mənim MK-ya yazdığım geniş məruzəmdən biləcəksən. Bu məruzədən sənə çox şey aydın olacaqdır, həmin məruzədən sənə bəlli olacaq ki, bir çoxlarının cəsarəti çatmadığı, öz vəzifə və hakimiyyətlərini itirəcəklərindən qorxaraq susduqları şeylər haqqında sənin atan danışmaqdan çəkinməyib… Moskva, 28 yanvar 1925-ci il».
Uğur
Xalq Cəbhəsi.- 2012.- 20 aprel.- S.14.