Türkçü Əli Kərimbəylinin millətsevərliyi

 

«Qarabağ probleminin Türk Dünyasının ən vacib problemi kimi qavranılmasına nail olmalıyıq»

 

Türkçülük yönündə özünəməxsus araşdırmalar müəllifi Əli Kərimbəylinin vəfatından bir ay ötür. Bir ildən çox idi ki, xərçəngdən əziyyət çəkirdi. Ancaq nikbin idi. Dayanmadan türk xalqlarının tarixi, mədəniyyəti ilə bağlı araşdırmalar üzərində işləyirdi. Bu yöndə özünəməxsus bilgiyə malik idi. Xarakterində türk ötkəmliyi vardı. Ölüm nə qədər güclü olsa da, insani gözəlliyi – mənəvi əməlləri öldürə bilmir. Əli Kərimbəylinin millətsevərliyi həmşə yaşayacaq.

Onun «Xalq Cəbhəsi» qəzetində türkçülük yönündə maraqlı yazıları dərc olunmuşdu. Araşdırmalarında faktlarla danışmağa üstünlük verirdi, habelə hiddətli idi…

Bu gün Türk Dünyasının problemlərindən çox danışılır. İndiyə kimi görülmüş bütün böyük işlərə baxmayaraq türk xalqlarının ədəbiyyatının, mədəniyyətinin, dünyabaxışının araşdırılması istiqamətində görülməli işlər çoxdur. Çox zaman mədəniyyətimizin soraqları, tariximiz haqqında bizi sevməyənlər daha çox yazıblar. Əli Kərimbəyli bu yöndə qayğılarımızdan danışanda deyirdi ki, çıxış yolu Türk Dünyasının problemlərinin araşdırılması yönündə daha ciddi işlərin getməsi ilə tapıla bilər. SSRİ dövründə türk dünyasının problemlərindən danışmaq məlum səbəbdən mümkün deyildi. İndi ki, müstəqilik, bizə bir dövlət olaraq mane olan yoxdur; bu sahədə daha ciddi fikirləşmək zamanıdır. Nə qədər qəribə olsa da, müəyyən məsələlərə münasibət baxımından biz hələ azadlığa çıxmış bir xalqın intuziazmını yaşamırıq. Azadlığa çıxan xalqın milli təəssübkeşliyi, yaradıcı düşüncəsi daha güclü olmalıdır, arxayınlaşmaq olmaz. Güney Azərbaycan mövzusu bu gün hər bir soydaşımızın vətəndaşlıq məsuliyyəti ilə düşünməli olduğu məsələdir.

Bu gün soydaşlarımızın bu məsələdə müəyyən mənada yetkinliyə çatmaması problemin dərinləşməsini şərtləndirir: «Birləşmə həddən artıq əzablı prosesdir. Bu prosesi ilk növbədə yetirmək, ona hər mənada hazır olmaq lazımdır». Tarixi gedişata toxunan Ə.Kərimbəyli Kərkük məsələsinə münasibətdə müəyyən şansların əldən verilməsilə bağlı təəssüflənirdi: «Kərkük məsələsi ilə bağlı yaranmış şansı təəssüf ki, Atatürkdən sonra gələnlər inkişaf etdirmədilər».

O, hesab edirdi ki, Qarabağ probleminin Türk Dünyasının ən vacib problemi kimi qavranılmasına nail olmalıyıq: «Təəssüf ki, bunun belə qəbul edilməməsi həm də KİV-lərimizin, Azərbaycan aydınlarının istənilən həddə çalışmaması ilə bağlıdır. Qarabağ probleminin ümumtürk problemi olması məsələsini hələ lazımi səviyyədə qaldıra bilməmişik. Bəs necə olur ki, tarixilik, ruh baxımından Qarabağa qətiyyən dəxli olmayan ermənilər bu məsələni dünya səviyyəsində qaldıra bilirlər? Bütün dünya yaxşı bilir ki, bu, erməni problemi deyil. Qarabağ Azərbaycanın tarixi torpağıdır. Əgər Qarabağı Azərbaycandan qopartmaq istəyən dövlət varsa, deməli, o, sivillikdən çox-çox uzaqdır. İri dövlətlər həmişə erməniləri müdafiə ediblər».

Ə.Kərimbəyli bu gün qədimliyimizin soraqlarına daha səylə sahib durmağı vacib sayırdı: «Bir əsrdə 4 dəfə əlifba dəyişmişik. Bu, mənəviyyatımıza, tarixi yaddaşımıza ciddi zərbə vurdu. Bu, böyük bir faciə idi. Mən şəxsən qədim Orxon-Yenisey əlifbasına qayıtmağın tərəfdarıyam. Hər halda bu yöndə düşünmək olar. Çünki bu əlifba sırf ruhumuzdan soraq verir. Bu əlifbanın hərfləri düşüncəmizin tamğalarıdır. Bu işarələrin məzmununda müqəddəslik ruhu var. Ortaq türk dili çox aktual ideyadır. Ortaq türk birliyini bugünün mənəvi müstəvisində həll etmək daha münasib görünür».

O, sözügedən problemin həlli yönündə daha konkret ideyalar təklif edirdi: «Orta məktəbin aşağı siniflərindən başlayaraq dərsliklərə ümumi türk sözlərindən tərtib olunmuş mətnlər salınmalıdır. Tədricən bu cür mətnlərin həcmi sinifdən-sinfə artırılmalıdır. Mətnin sonunda həmin sözlərin lüğəti verilməlidir. Artıq müəyyən bir dövrdən sonra ortaq türk dili məsələsi tədricən türk xalqlarının qanına-canına keçəcək. Əgər uşaq ilkin düşüncə çağından müxtəlif türk sözlərinin mənasını öyrənib onları işlədəcəksə, bu, artıq praktiki bir addım olacaq. Uşaqların bununla ümumən Türk Dünyası haqqında təsəvvürü formalaşacaq. Hər halda ümumtürk dili yönündə müzakirələr bundan sonra daha da artacaq. Qoy ortaq türk dəyərlərinin qorunması yönündə Biruniyə, Uluqbəyə, Tusiyə və başqalarına həsr olunmuş beynəlxalq tədbirlər bundan sonra daha çox keçirilsin».

Erməni soyqırımının hardan qaynaqlanması barədə araşdırması faktlarla zəngin idi: «…Osmanlı Türklərinin sürətlə inkişafından çox narahat olan İngiltərə, Fransa, qismən Almaniya, Rusiya bu inkişaf sürətinin tempini azaltmaq üçün milyonlarla pul, funt-sterlinq xərcləməyə hazır idilər. Osmanlı Türkiyəsini içindən çökdürmək, ancaq necə? Çox götür-qoy etdikdən sonra milli zəmində münaqişə planı üzərinə gəldilər. Yunanları qaldırmaq, onlardan Türkün əleyhinə istifadə etmək… Ancaq sonra gördülər ki, belə olsa, yunanların iştahı qabaracaq və bunlar sonra ingilislərə dirsək göstərəcək. Nəhayət, bu fikrə gəldilər ki, onlardan siyasi oyunlara alət olmaz. Adətən siyasi oyunlara kiçik, böyük tarixi olmayan tayfa gedə bilərdi. Hələ xaçlı səfərlər zamanı hay (erməni) tayfasının Bizansın birləşmiş qoşunlarının xeyrinə, təəbəsi olduğu Osmanlıların zərərinə cəsusluq etdiklərini tarixdən bilirdilər və tezliklə erməniləri xatırladılar, onları mürtəce məqsədlər üçün seçdilər. Beləliklə, alət ola biləcək xalqı tapdılar – ermənilər. Tezliklə erməniləri bu işə hazırlamaq qərarına gəldilər. Uzun müddət gizli ideoloji iş gördülər, di gəl ki, təsirli iğtişaşlar yarada bilmədilər, ancaq günü-gündən, hadisədən-hadisəyə təcrübələri artırdı. Nəhayət, geniş miqyaslı kəşfiyyat-təxribat əməlləri törətməyə qərar verdilər. XVIII əsrdən etibarən kəşfiyyat planları intensivləşdi və İngiltərə, Fransa hökumətləri misssioner təşkilatlar qurub rəsmi və qeyri-rəsmi yollarla Dövləti-Alinin ərazisinə ötürdülər. Onlar yerli hakimiyyəti aldadır, guya xristian kilsələrini təmir edir, onlara yardım etmək üçün gəldiklərini deyirdilər. Onlar nəcib, humanist iş, xeyriyyəçilik görüntüsü yaradıb öz çirkin əməllərinə rəvac verirdilər. XIX əsrdə ingilis missioner təşkilatı Osmanlı ərazisi üzərində 7000 misssioner dərnək qurmuşdu. Burada daha çox yerli gəncləri aldadıb, şirnikdirib onların əli ilə Osmanlı dövlətinə xəyanətlər edirdilər. Missioner təşkilatın qurucularından biri olan Mr.C.Yunq raportunda yazırdı: «Biz amerikalıların Türkiyəyə girməsi üçün ermənilər açıq qapımızdır…».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 21 aprel.- S.14.