«Bizim
musiqiyə və idmana sevgimiz
eyni dərəcədədir»
Sercio
Arruda: «Biz braziliyalı idmançıların Azərbaycan
milli komandasında çıxış etməsində
qürur hissi keçiririk.
Braziliyanın
Azərbaycanda səfiri Sercio Arrudanın APA-ya müsahibəsini
diqqətinizə çatdırırıq.
- Cənab
səfir, Azərbaycanla Braziliya arasında münasibətlərin
səviyyəsini necə qiymətləndirirsiniz?
-
Bildiyiniz kimi, ölkələrimiz arasında münasibətlər
1993-cü ildə qurulub, Bakıda Braziliya səfirliyi isə
2009-cu ildə fəaliyyətə başlayıb. Bu müddətdə
biz əhəmiyyətli nəticələrə nail olmuş,
ikitərəfli əməkdaşlığı bir neçə
istiqamət üzrə inkişaf etdirmişik. Bu ilin
mayında Azərbaycanın Braziliyadakı ilk səfiri Elnur
Sultanov fəaliyyətə başlayacaq. Sözsüz ki,
Braziliyada Azərbaycan səfirliyinin açılması ikitərəfli
münasibətləri möhkəmləndirəcək.
Ölkələrimiz arasında münasibətlərin
inkişafı üçün böyük potensial
mövcuddur, istər energetika sahəsi olsun, istər informasiya
texnologiyaları, infrastruktur, turizm, mədəniyyət, idman və
sair. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov
tezliklə Braziliyaya səfər edəcək və öz həmkarı
ilə əməkdaşlıq haqqında saziş imzalayacaq.
-
2006-cı ildə iki ölkə arasında viza rejiminin sadələşdirilməsi
haqqında saziş imzalanıb, bu istiqamətdə hansı
işlər görülüb?
- Bu
saziş hazırda qüvvədədir, bu sənəd
diplomatik pasporta malik vətəndaşları viza almaq zərurətindən
azad edir. Bu razılaşma qarşılıqlı səfərlərin
təşkilini xeyli asanlaşdırıb. Azərbaycan
prezidenti İlham Əliyevlə ilk
görüşümüzdə dövlət
başçısı biznes və turizmi ikitərəfli
münasibətlərin inkişafı üçün əsas
sahələr kimi qeyd etdi. O bildirdi ki, turizm və biznes sahəsində
əməkdaşlığın inkişafı gələcəkdə
viza rejiminin vətəndaşla üçün də
asanlaşdırılmasına zəmin yarada bilər.
-
Bildiyiniz kimi Azərbaycan ərazilərinin 20 faizi Ermənistan
tərəfindən işğal olunub. Braziliyanın
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı rəsmi mövqeyi necədir?
-
Düşünürük ki, münaqişə yalnız
sülh yolu ilə həll olunmalıdır. Bu mövqe ölkəmin
Konstitusiyasının əsas müddəalarına əsaslanır
və Braziliya xarici siyasətinin əsas prinsipidir. Biz ATƏT-in
Minsk qrupunun səylərini, BMT-nin Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı dörd qətnaməsini
dəstəkləyir, həmçinin hər iki tərəfdən
qaçqın və məcburi köçkünlərin
hüquqlarının müdafiəsinə qarantiya verilməsini
zəruri sayırıq.
-
Braziliyalılar Azərbaycanı tanıyırmı?
-
Sözsüz. Braziliyalıların bu marağı son illər
artmağa başlayıb, çünki Azərbaycan
mühüm beynəlxalq idman turnirlərinin və mədəni-kütləvi
tədbirlərin keçirildiyi mərkəzə
çevrilib. Məsələn, braziliyalılar «Eurovision»
müsabiqəsinin Bakıda keçirilməsini bildikdən
sonra ölkəniz barədə daha çox məlumat əldə
ediblər. Bundan başqa bu ilin sentyabrında 17 yaşadək
qadınlar arasında futbol üzr dünya çempionatı
Azərbaycanda keçiriləcək. Azərbaycanlılar və
braziliyalıların musiqiyə və idmana sevgisi eyni dərəcədədir.
- Bu
gün Azərbaycanda nə qədər Braziliya vətəndaşı
yaşayır və işləyir?
-
Yerli icmamızın sayı o qədər də böyük
deyil. Konsulluq şöbəmizin məlumatına görə,
hazırda Azərbaycanda 40-a yaxın Braziliya vətəndaşı
var, onların əksəriyyəti idmançılardır.
Biz braziliyalı idmançıların Azərbaycan milli
komandasında çıxış etməsində qürur
hissi keçiririk.
-
Ölkəmizdə fəaliyyət göstərən Braziliya
şirkətləri barədə nə deyə bilərsiniz?
-
Braziliyanın aparıcı biznes qrupları artıq ölkənizə
səfər edib və Azərbaycanda mağazalar açmaqda
maraqlıdırlar. Bundan əvvəl isə Braziliyanın
Andrade Gutierrez şirkəti OCGP SOCAR forumunun dörd
qızıl sponsorundan biridir. Qeyd etmək istəyirəm ki,
Andrade Gutierrez Braziliyada infrastruktur, energetika, nəqliyyat,
tikinti və dogər istiqamətlər üzrə əsas
şirkətlərdən biridir və 40-dan artıq ölkədə
1000-dən çox layihə gerçəkləşdirir.
-
Bildiyim qədər, bu, Azərbaycana ilk səfərinizdir,
artıq iki həftədən artıqdır
Bakıdasınız. Təəssüratlarınızı
bölüşə bilərsiniz?
-
Bakıya gəlməzdən əvvəl bir dostum mənə
kiçik bir elektron məktub göndərdi. O mənə
gözəl, inkişaf etməkdə olan Bakıdakı fəaliyyətimdə
uğurlar diləyirdi. Azərbaycana gəldikdən sonra isə
ona yazdım ki, Bakının yazı doğrudan da gözəldir,
paytaxtın parklarındakı minlərlə zanbaq və digər
çiçəklər Bakını təkcə gözəlləşdirmir,
həm də çiçəklənən şəhərə
çevirir.
Xalq Cəbhəsi.- 2012.- 25 aprel.- S.11.