Əlyazmalar İnstitutunun yeni nəşrləri
AMEA Əlyazmalar
İnstitutu Fətəli şahın nəvəsi, Mirzənin
oğlu, Qacar şahzadəsi Fərhad Mirzənin (1818-1877) «Səfərnamə»
əsərini əldə edib. Bu haqda institutdan məlumat
verilib. Burada Fərhad Mirzə həcc səfərinə gedərkən
keçdiyi Şimali Azərbaycan şəhərləri –
Bakı, Şamaxı, Göyçay, Gəncə, Tiflis,
görkəmli ədiblərimiz Mirzə Fətəli Axundzadə,
Həsən bəy Zərdabi ilə söhbətləri barədə
maraqlı məlumatlar verib. Əlyazmalar İnstitutu bu əsəri
fars dilindən tərcümə edərək çap etdirməyi
planlaşdırıb.
İnstitut
habelə Qacar şahzadəsi Nadir Mirzə Qacarın
kulinariyaya dair əsərinin əlyazmasının surətini
Tehranın Parlament Kitabxanasından əldə edib. «Nəvadir
əl-əmsal» adlı bu əsərdə Azərbaycanın
bir sıra yaddan çıxmış qədim xörəklərinin
resepti verilib. İnstitut bu əsəri tərcümə etdirərək
Milli Kulinariya Mərkəzi ilə birlikdə çap etdirməyi
qərara alıb.
Filologiya üzrə fəlsəfə doktoru Aidə Paşalının «Əfsəhəddin Hidayət və «Divan»ı» adlı kitabı çapdan çıxıb. Kitabda XV əsrdə Ağqoyunlu sülaləsinin hakimiyyəti dövründə yaşamış Azərbaycan sərkərdəsi və şairi Əfsəhəddin Hidayətin ictimai-ədəbi şəxsiyyəti və lirik şeirlər toplusu – divanı haqqında ilk dəfə olaraq əhatəli, sistemli məlumat verilib. Burada həm də şairin 250 şeirdən ibarət divanının dünyanın müxtəlif kitabxanalarında saxlanan nüsxələri mətnşünaslıq və ədəbiyyatşünaslıq baxımından tədqiq edilib, divan bütövlükdə latın əlifbası ilə kitaba daxil edilib. Kitabın redaktoru prof. Azadə Musayevadır.
«Elm və təhsil» nəşriyyatında XVI-XVII əsrlərdə yaşamış görkəmli Azərbaycan şairi, alimi və rəssamı Sadiq bəy Əfşarın türkcə məktubları çapdan çıxıb. Sadiq bəyin buradakı türkcə 18 məktubundan onun həyat və yaradıcılığı, dövrü, zəmanəsinin görkəmli şəxsiyyətləri, o cümlədən I Şah Abbasla münasibətləri barədə yeni məlumatlar əldə etmək mümkündür. Nəşrə hazırlayan və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru Paşa Kərimov, redaktoru Arif Ramazanovdur.
Filologiya elmləri doktoru Möhsün Nağısoylunun XVI əsr Azərbaycan tərcümə əsəri «Kəvamilüt-təbir» (filoloji-tekstoloji araşdırma, əsərdən parçalar)» adlı kitabı çapdan çıxıb. Xızır bin Əbdülhadi Bəvazicinin «Kəvamilüt-təbir» tərcüməsi (XVI əsr) klassik Azərbaycan-türk tərcümə ədəbiyyatının nümunələrindən biridir. «Kəvamilüt-təbir»ə həsr olunan monoqrafiyada tərcümə ilə onun farsca orijinalı (Hübeyş Tiflisinin «Kamilüt-təbir» əsəri) müqayisəli şəkildə təhlil olunur və bu yazılı abidənin dil xüsusiyyətləri araşdırılır. Kitabın redaktoru filologiya elmləri doktoru Nəsib Göyüşovdur.
Nəzakət Məmmədlinin hazırladığı «Şeyx Fəridəddin Əttar «Təzkirətül-Övliya» adlı kitabı çapdan çıxıb. Kitabda XIII əsr böyük sufi şairi Şeyx Fəridəddin Əttarın «Təzkirətül-Övliya» əsərinin türkcəyə tərcüməsinin transfoneliterasiyası və əsər haqqında tədqiqat verilir. Orta əsr tərcümə sənətimizin gözəl örnəklərindən olan təzkirə ilk dəfə nəşr olunur. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Azadə Musayevadır.
Afaq Əliyevanın «Cəlil Məmmədquluzadə irsinin nəşri məsələləri» adlı kitabında Cəlil Məmmədquluzadənin zəngin ədəbi və publisistik irsi filoloji-tekstoloji tədqiq edilib. Yazıçının avtoqrafları, müəllif nəşrləri və çoxcildliklərinin mətnində yol verilmiş müxtəlif növ əlavə, ixtisar və təshihlər, onları doğuran səbəblər aşkarlanıb, əsərlərinin gələcək nəşrlərinin mükəmməlliyini təmin edən qənaətlər təqdim edilib.
Filologiya elmləri doktoru Nəsib Göyüşovun «Füzuli: düşünsə və ruhun poetikası» adlı kitabında Füzulinin poetik dühası orta əsrlərin düşüncə modeli və mənəvi dəyərləri işığında mükəmməl biçimə salınan estetik baxışlar müstəvisində araşdırılır. Şairin düşüncə və ruhdan doğan poetik zövqünün cilalanmasında irfan və təsəvvüfün yeri açıqlanır. İlkin qaynaqlar, yeni elmi-metodoloji yanaşma və tipoloji təhlil əsasında aparılan tədqiqat işində şairin poetik təxəyyülünün zənginlik və insəlikləri ümumiləşdirilib.
Uğur
Xalq Cəbhəsi.- 2012.- 26 aprel.-
S.14.