28 aprel faciəsindən 92 il keçdi…
Qüdrət Əbdülsəlimzadə: «Dövlətin müstəqilliyinin
qorunub saxlaması olduqca çətin məsələdir»
Ataxan Paşayev: «Bakı
erməni casusları ilə dolu idi»
Xəliyəddin Xəlilli: «Sovet
tarixşünaslığı Azərbaycanda milli ruhu məhv etməyə yönəldilmişdi»
92 il qabaq
– 1920-ci il aprelin 28-də
Azərbaycan bolşevik
Rusiyası tərəfindən
işğal olundu. Əslində çar Rusiyasının
müstəmləkəçilik siyasətini həyata keçirən bolşeviklər
Azərbaycan Demokratik Cümhuriyyətinin mövcud
olduğu 23 ay ərzində
onu daim yıxmağa cəhd edirdilər. 28 Aprel fəlakəti görəsən reallaşmaya
bilərdimi? Görəsən, fəlakətin baş verməsini yaradan səbəbləri niyə
vaxtında görə
və qarşısını
ala bilmədik? Xalq niyə
Demokratik Cümhuriyyəti
sözün əsil mənasında müdafiə
etmək qüdrətində
olmadı?
I Dünya Müharibəsinin
sonuna yaxın Avropada, dünyanın başqa bölgələrində,
eləcə də Qafqazda geosiyasi durum daha gərginləşmişdi. Qərb dünyası
bir tərəfdən
Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan kimi dövlətlərin yaranmasını
alqışlayır, başqa
tərəfdən də
Rusiya imperiyasının
caynağından qurtulmuş
dövlətlərin müstəqilliyini
tərəddüdlə qarşılayırdı.
Çünki ortada Rusiyanın
imperiyaçılıq xəttinin
cani-dildən qoruyucusu
olan bolşevik Rusiyası var idi. Siyasətin öz dili olur. Qərb bu məkanın
Rusiyaya güzəştə
gedilməsini məqbul
saydı. 28 Aprel fəlakətimiz birdən-birə yaranmadı.
Bu fəlakətin cizgiləri əslində türkü sevməyənlərin
xəbis niyyətlərində
yaşayırdı, imkan
tapan kimi gerçəkləşdi.
Belə bir gərgin zamanda cümhuriyyəti nəinki elan etmək, üstəlik də onu 23 ay yaşatmaq hünər idi. Ancaq ADR hökuməti təəssüf ki, gördüyü böyük
işin dəyərini
kütlələrə istənilən
səviyyədə anlada
bilmədi. Əgər
bu, baş tutsaydı, o zaman milli dövlətimizin ömrü daha uzun ola
bilərdi. 23 ay ərzində Cümhuriyyətin
daxilində müxtəlif
qüvvələr tərəfindən
çoxlu iğtişaşlar
törədildi. Təbiidir ki,
bu, hökumətin qüvvəsinin parçalanmasına,
bir neçə tərəfli mübarizə
aparmasına səbəb
olurdu. Bir neçə dəfə kabinet dəyişikliyi baş verdi.
Belə bir vəziyyətdə ölkədə bolşevizm
təhlükəsi gündən-günə
artırdı. Bolşeviklərin uydurduğu ideyalar fəhlə və kəndliləri şirnikləndirirdi.
«Fabrik-zavod fəhlələrə,
torpaq kəndlilərə»
şüarı cəlbedici
səsləndiyi dərəcədə
milli dövlətimizi
yıxacaq bir təhlükəli güc
halına gəlirdi.
Azərbaycanın daxilindəki müxtəlif
əqidəli bəzi
şəxslər son məqamda
satqınlıq etdilər.
Səmədağa Ağamalıoğlunun «O olmasın, bu olsun» məşhur kəlamı buna gözəl sübutdur.
I Dünya Müharibəsindən
məğlubiyyətlə çıxan,
əsrin əvvəllərindən
bəri dəfələrlə
inqilab edərək əldən düşən,
vətəndaş müharibəsinin
birtəhər səngiməyə
başladığı Rusiya
Bakı neftinə, ümumiyyətlə, Azərbaycan
kimi hər mənada zəngin bir ölkəyə yiyələnməyin əhəmiyyətini
çox gözəl başa düşürdü.
Bu baxımdan da Moskva Azərbaycanda
ötən illər ərzində tərəfdarlarını
yarada bilmişdi.
Bu şəxslər o dövrün inqilab havasının təsiri ilə fanatlıq dərəcəsinə gəlmişdilər.
Çox az
sonra, 30-cu illərdə
bu şəxslərin
demək olar, hamısını sovet ideologiyası fiziki cəhətdən məhv
etdi.
28 Aprel fəlakəti həm də Güney Azərbaycanda məşhur Xiyabani hərəkatının süqut
etməsindən az sonraya təsadüf edir. Bolşevik Rusiyası Bakının üzərinə 100 min nəfərlik
təpədən- dırnağa
qədər silahlanmış
ordu ilə gəlirdi. Faktiki olaraq milli dövlətimizin bu qədər hərbi qüvvənin qarşısında
dayanmağa gücü
yox idi. Fəlakət yeni fəlakətli hallar yaratdı: 1920-ci il
aprelin 28-də Azərbaycanı
işğal etdilər,
1930-cu illərdə isə
türk xalqına qarşı yeni terror silsiləsi yaratdılar. Xalqımızın ruhu ardıcıl
olaraq sarsıdıldı.
Onun məhv edilməsi üçün bəşər
tarixində misli görünməyən vəhşi
üsullara əl atıldı. Təəssüf ki, hələ də soydaşlarımız
28 Aprel fəlakətinin
yaratdığı fəsadları,
Demokratik Cümhuriyyətin
süqutunu tam anlamayıblar.
28 Aprel fəlakəti
bir dərs olaraq bizdən qarşıda gözlənilən
yeni-yeni təhlükələri
qabaqcadan görməyi,
ona qarşı durmağı tələb
edir.
Professor Qüdrət Əbdülsəlimzadənin
fikrincə, 28 Aprel faciəsi xalqımızın
çoxəsrlik tarixinin
ən acı səhifələrindən biridir:
«O dövrdə Azərbaycanın
daxilində birlik yox idi. Daxildə müxtəlif
partiyaların, hərəkatların
ictimai qüvvələrin
birliyi yaranmadı.
Bolşeviklərin erməni daşnaklarla
həmrəyliyi nəticəsində
yeritdikləri siyasi xətt açıq-aşkar
Bakını Azərbaycandan
ayırmaq məqsədinə
xidmət edirdi. Getdikcə bu cür cəhdlər
artdı və Demokratik Cümhuriyyətin
süqutu ilə nəticələndi. Böyük dövlətlər
həmişə öz
siyasi xətlərini davam etdirmək inadı ilə yaşayırlar. Kiçik dövlətlər
isə həmişə
böyük dövlətlərə
yarınmaq siyasəti
yürüdürlər. Belə bir vəziyyətdə xarici və daxili təhlükələrə
qaşı dövlətin
həmişə ayıq
olması zəruridir.
28 Apreldən həm daxili qüvvələrin birliyi
baxımından, həm
də xarici təhlükəyə qarşı
uzaqgörən siyasi nəticə çıxartmaq
olar. Əlbəttə, indiki mürəkkəb
zamanda hər hansı bir dövlətin müstəqilliyinin
qorunub saxlaması olduqca çətin məsələdir, hər
halda buna həmişə çalışmaq
lazımdır».
Həmin
dövrlə bağlı
arxiv sənədləri
əsasında ciddi araşdırmalar aparmış
Respublika Milli Arxivinin rəisi, tanınmış tədqiqatçı
Ataxan Paşayev bildirir ki, o zaman da mühüm
geopolitik regionda yerləşən, Şərqlə
Qərb arasında körpü rolunu oynayan və təbiətən çox
zəngin ölkə olan Azərbaycana dünya dövlətlərinin
marağı böyük
idi. Azərbaycana qarşı ən böyük təhlükə
«vahid və bölünməz Rusiya» uğrunda mübarizə aparan Denikin orduları, «proletar beynəlmiləlçiliyini» əlində
bayraq edən bolşevik Rusiyası və «böyük Ermənistan» yaratmaq xülyası ilə azərbaycanlılara qarşı
hər cür vəhşiliklər törədən
Daşnak Ermənistanından
idi. Bu qüvvələr
ölkədə, xüsusən
də Bakıda geniş təxribat işləri aparır, hər vasitələrdən
istifadə edərək
cümhuriyyətin möhkəmlənməsinə
mane olamağa çalışırdılar.
Bakı Denikin və erməni casusları ilə dolu idi.
Bolşevik Rusiyasının nümayəndələri isə
daxildə təxribat işləri görür,
tətillər təşkil
edir, Sovet Rusiyası ilə birləşmək təbliğatı
aparırdılar. Bakıda Denikin
ordusunun casusları ilə erməni daşnaklarının casusları
sıx əlaqədər
işləmiş və
geniş casusluq şəbəkəsi qura
bilmişdilər. Bu sənədlər
sübut edir ki, Denikin ordularında
xidmət edən ermənilər və erməni casuslarının
başlıca məqsədi
«Vahid Rusiya»nın qorunub saxlanılmasına deyil, «böyük Ermənistan»ın yaradılması
xeyrinə iş görmək idi».
Tarixçi Xəliyəddin Xəlilli
hesab edir ki, bu gün
Azərbaycanın milli
dövlət quruculuğu
və inkişafı prosesində rastlaşdığı
çətinliklərin əksəriyyəti
sovet imperiyası dövründə xalqımızın
mənəviyyatına vurulan
zərbələrin nəticəsidir:
«Əgər 30-cu illərdəki
amansız represiyalar olmasaydı, o dövrdə
Azərbaycan tarixçilərinin
milli tariximizi yazacaq yeni nəsli
yetişəcəkdi, bu
tarixdən milli ruh bütün çalarları ilə
hiss olunacaqdı. Sovet tarixşünaslığı
Azərbaycanda milli ruhu bilavasitə məhv etməyə yönəldilmişdi.
Bu tarixşünaslığın məqsədi Azərbaycanda
milli ruhu öldürmək, etnososial
prosesləri mexaniki hadisə kimi qələmə vermək
idi. Məhəmməd Əmin Rəsulzadə,
Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və başqaları demokratik cəmiyyət ideyasının gerçəkləşdirilməsi
uğrunda mübarizə
aparırdılar. Cümhuriyyətin 23 aylıq mövcudluğu dövründə qəbul
etdiyi qanunlar ABŞ-ın və İngiltərənin qanunlarından
da qabağa getmişdi. Demokratik Cümhuriyyət Şərqdə ilk dəfə
qadınlara seçki
hüququ verirdi.
Ancaq müstəmləkə
həyat tərzindən
sıyrılıb çıxmış,
savadlı təbəqəsi
az olan
bir ölkədə bütün bu istəkləri gerçəkləşdirmək
çətin idi. Sovet hakimiyyəti Azərbaycanda
bərqərar olan kimi milli düşüncə
ilə bağlı nə soraq varsa,
hamısının daşıyıcılarını
məhv etdilər».
Uğur
Xalq Cəbhəsi.-
2012.- 28 aprel.- S.11.