Ağaoğlular ailəsi

 

Türkiyədə Əhməd bəy Ağaoğlu kimi tanınan Ağayev XIX əsrin sonu XX yüzilliyin əvvəllərində təkcə övladı olduğu Azərbaycan xalqının deyil, bütün türk-islam dünyasının ədəbi-mədəni və ictimai-siyasi fikir tarixində diqqətəlayiq yer tutan görkəmli şəxsiyyətlərdən biridir. O, zəngin siyasi, nəzəri və elmi irsi hələ də yetərincə öyrənilməyən fikir nəhənglərindən, türk xalqlarının yetirdiyi son ensiklopedistlərdən biridir.

 

«Firəng Əhməd»

 

Bu ləqəb Əhməd bəyin altı illik Paris həyatından qalmadır. 1894-cü ildə vətənə qayıdan Əhməd bəy Ağayev üç il Şuşada yaşayır. Şuşada realnı məktəbdə fransız dilindən dərs deyir, qiraətxana-kitabxana açır, ilk teatr tamaşaları təşkil edir. Qərbin mütərəqqi yeniliklərini tətbiq etmək sahəsində gördüyü işlərə görə Şuşada ona «Firəng Əhməd» deməyə başlayırlar. Hər vasitə ilə həmvətənlərini bir araya gətirməyə, onların milli şurunu oyatmağa çalışan, böyük arzularla yaşayan «Firəng Əhməd» isə Şuşa mühiti ilə kifayətlənə bilməzdi. O, Azərbaycan dilində «Məşriq» qəzetini nəşr etmək üçün hökumətdən icazə istəsə də, rədd cavabı alır. Bu zaman xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev onu «Kaspi»də əməkdaşlığa dəvət edir. 1897-ci ildə Bakıya köçən Ə.Ağayev «Kaspi» qəzetinin əsas müəlliflərindən biri olur, Ə.Topçubaşovun redaktorluğu dövründə (1898-1907) qəzetin ədəbi şöbəsinin müdiri vəzifəsində çalışır. Eyni zamanda, Bakı Ali Ticarət Məktəbində fransız dili müəllimi işləyir. 1904-cü ildə «Kaspi»nin mətbəəsində çap olunan «İslama görə və islam aləmində qadın», «İslam, axundhatifülqeyb» kitablarında, habelə «Kaspi» qəzetində dərc etdirdiyi «Müsəlman söhbətləri», «Müsəlman xalqlarının vəziyyəti» adlı silsilə məqalələrində Ə.Ağayev müsəlman xalqlarının düşdüyü acınacaqlı vəziyyəti təhlil edir, bunun səbəblərini göstərir, müsəlman xalqlarına böhtan atan əcnəbi müəlliflərə tutarlı cavablar verir. Bu illərdə Ə.Ağayevin Tiflisdə nəşr edilən «Şərqi-Rus» qəzetində, habelə Kəlküttə və Qahirə mətbuatında da məqalələri dərc olunur. O, «Nicat», «Nəşri-maarif», «Səadət» kimi xeyriyyə cəmiyyətlərinin təşkilində və fəaliyyətində də yaxından iştirak edir.

 

Qılınc və qələm

 

Əhməd bəy Ağayev 1905-ci ilin iyunundan Əli bəy Hüseynzadə ilə birlikdə Azərbaycanda milliyyətçilik düşüncəsinin formalaşmasında mühüm rol oynayan «Həyat» qəzetinin redaktoru olur. 1905-ci il dekabrın 19-dan «İrşad» qəzetini, 1907-ci ildə isə, eyni zamanda, rus dilində «Proqress» qəzetini nəşr etdirir. 1908-ci ilin iyunundan «Tərəqqi» qəzetini çıxarmağa başlayır və Türkiyəyə gedənə qədər (1909) onun naşiri olur. O, Bakı müsəlman sahibkarlarının xahişi ilə 1905-ci ildə iki dəfə şəxsən II Nikolayın və onun nazirlərinin qəbulunda olur, Rotşild, Nobel kimi neft maqnatlarının Bakının neft yataqlarına sahib çıxmasına mane olmağa çalışır. Əhməd bəy Ağayevin bu səfərləri və fəaliyyəti sayəsində azərbaycanlıların Bakı ətrafındakı neftli torpaqlardan köçürülməsi dayandırılır. Əhməd bəy Ağayev 1905-1907-ci illərdə Rusiya müsəlmanlarının Nijni-NovqorodMoskvada keçirilən I-III qurultaylarının təşkilatçılarından biridir. Bu qurultaylarda o, imperiyada yaşayan türk-müsəlman toplumunun hüquqlarını əzmkarlıqla müdafiə edir.

Əhməd bəy Ağayev 1905-ci ildə erməni-daşnak quldurlarının çarizmin fitvası ilə Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar zamanı dərc etdirdiyi məqalələrində bu faciələrin əsl günahkarları olan çar hakimiyyəti orqanlarının və erməni daşnaklarının üzünü açıb göstərir. O, Qafqaz canişininin milli qırğınların kəskinləşməsi ilə bağlı 1906-cı il fevralın 20-də Tiflisdə çağırdığı «barışdırıcı qurultayda» Əlimərdan bəy Topçubaşov, Qara bəy Qarabəyov və İsgəndər bəy Hacınski ilə birlikdə iştirak edərək, Azərbaycan tərəfinin proqramını bəyan edir. Əhməd bəy Ağayev qurultaydakı çıxışında xalqların hüquq bərabərliyinin təmin edilməsini, Azərbaycan xalqına qarşı milli qırğınlara dərhal son qoyulması üçün «Daşnaksutyun» partiyasının və digər erməni təşkilatlarının buraxılmasını, əks halda Azərbaycan tərəfinə də müdafiə olunmaq üçün ordu yaratmağa icazə verilməsini cəsarətlə tələb edir, gətirdiyi tutarlı dəlillərlə, faktlarla milli qırğınlara bais olan erməni liderlərini susdurur. Qurultay isə heç bir nəticə vermir, əksinə 1906-cı ildə erməni daşnaklar Qarabağda, Naxçıvan və İrəvanda azərbaycanlılara qarşı soyqırımlar törədirlər. Həmin hadisələrdən sonra Əhməd bəy Ağayev Azərbaycan xalqının hüquqlarını qorumaq məqsədilə 1906-cı ildə «Difai» partiyasını yaradır. Özünü «Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi» adlandıran «Difai» partiyası həmin çətin dövrdə Azərbaycan türklərinin imperiya və erməni terroruna qarşı müqavimətini təşkil etməklə demək olar ki, onun milli varlığını, şərəf və ləyaqətini qoruya bilir. Azərbaycanın əksər qəzalarında geniş fəaliyyət göstərən, əhali arasında böyük nüfuza malik olan «Difai» partiyasına qarşı 1908-ci ildə çar hakimiyyət orqanları geniş repressiyalara başlayır. Partiya qadağan edilir, Əhməd bəy Ağayevin qəzetləri bağlanır, özü isə təqib edilir.

 

İki imperiya arasında

 

O, mühacirət həyatının üçüncü ilində Afyon Qarahisardan Osmanlı parlamentinə deputat seçilir. Türkiyədən Rusiyanın türklər yaşayan bölgələrinə müəllimlər göndərilməsi işinin təşkilatçılarından biri kimi tanınır. 1915-ci ildə Rusiyada yaşayan azsaylı xalqların Lozannada keçirilən konfransında Azərbaycanın təmsilçisi kimi çıxış edir. Əhməd bəy Ağaoğlu Əli bəy Hüseynzadə, Əbdürrəşid İbrahimovYusif Akçura ilə birlikdə Rusiya imperiyasında yaşayan türk xalqlarının dözülməz vəziyyəti ilə bağlı ABŞ prezidenti V.Vilsona təqdim olunan müraciəti imzalayır.

Ə.Ağaoğlu 1918-ci ildə xalqın bolşevik-daşnaklara qarşı mübarizəsinə kömək üçün göndərilmiş Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın siyasi müşaviri kimi Azərbaycana gəlir. Bu zaman Gəncədə Milli Şuranın türk qoşunlarının komandanlığı ilə yaranan anlaşılmazlığın aradan qaldırılmasında Əhməd bəy Ağayev vasitəçilik edir. Onun təklifini 1918-ci il iyunun 17-də müzakirə edən Milli Şura yeni hökumət təşkil etməyə və özünün bütün səlahiyyətlərini müvəqqəti olaraq ona verməyə razı olur. Əhməd bəy Gəncədə «Türk sözü» adlı qəzet təsis edərək iki sayını çıxarmağa imkan tapır.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə üzv seçilən Əhməd bəy Ağayev 1918-ci ildə Ənzəlidəki ingilis işğal qüvvələrinin komandanlığı ilə danışıqlar aparmaq üçün göndərilən xüsusi nümayəndə heyətinə başçılıq edir. Həmin il dekabrın 28-də ADR parlamenti onu Paris Sülh Konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil edir. Lakin İstanbulda Əhməd bəyi ingilis işğal qüvvələri «türk jurnalisti və Türkiyə parlamentinin deputatı» kimi təqsirləndirərək həbs edirlər. O, «İttihad və Tərəqqi» partiyasının rəhbərləri ilə birlikdə 1919-cu ilin mayında Malta adasına sürgün olunur. Sürgün olunanlar Atatürkün təşəbbüsü ilə ingilis hərbi əsirləri ilə dəyişdirilərkən, Ə.Ağaoğlu da 26 aylıq sürgündən sonra 1921-ci il mayın 28-də İstanbula qayıdır və dərhal Anadoluya gedərək Qurtuluş Savaşında fəal iştirak edir.

Ankaraya gələndən az sonra Atatürkün başçılıq etdiyi Ankara hökumətinin mətbuat baş müdiri kimi milli hökumətinin çap-təbliğat işinə rəhbərlik edir. Həm də «Hakimiyyəti-Milliyə» qəzetinin redaktoru olur. Əhməd bəy Ağayev Qars bölgəsindən iki dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçilir, eyni zamanda, Ankara Universitetində konstitusiya hüququndan mühazirələr oxuyur. Əhməd bəy Ağaoğlu 1939-cu il mayın 19-da İstanbulda vəfat edirorada da dəfn olunub.

 

Digər məşhur Ağaoğlular

 

Ağaoğlular ailəsi Türkiyədə ədəbi-siyasi ənənələrə malik bir ailədir. Əhməd bəylə Sitarə xanımın 7 övladı olub. İki oğlu (Vəzir və Bəşir) hələ kiçik ikən vəfat edib. Qalan beş uşaq — Sürəyya, Tezer (Təzəxanım), Əbdürrəhman, Səməd və Gültəkin isə mükəmməl təhsil alıb, Türkiyənin ictimai-siyasi və elmi-mədəni həyatında yaddaqalan rol oynayıblar. Ailənin 1903-cü ildə Şuşada anadan olmuş böyük övladı Sürəyya Ağaoğlu İstanbul Universitetinin hüquq fakültəsini bitirən ilk türk qadın hüquqşünası olub. O, həm də Türkiyədə vəkillik fəaliyyəti ilə də məşğul olan ilk qadındır. Uzun müddət Ümumdünya Qadın Hüquqşünaslar Cəmiyyətinin vitse-prezidenti, iki ilprezidenti olub. Sürəyya Ağaoğlu Azad Fikirləri Yayma Dərnəyi, Türk-Amerikan Universitetləri Dərnəyinin qurucusudur. Eyni zamanda, Uşaqların Dostları Dərnəyi adında xüsusi bir uşaq evi yaratmışdır. Sürəyya Ağaoğlu «Londonda gördüklərim», «Bir həyat belə keçdi» adlı kitabların və bir çox hüquqla bağlı məqalələrin müəllifidir. Sürəyya xanım 1989-cu ildə vəfat edib.

Əhməd bəy Ağaoğlunun digər qızı Tezer Taşkıran (Ağaoğlu) əmək fəaliyyətinə fəlsəfə müəllimi kimi başlayıb, uzun illər Vyanada məşhur psixoanalitik Z.Freydin klinikasında çalışıb. 1950-ci ildə İstanbuldan TBMM-ə üzv seçilib. Milli kitabxananın yaradılmasına böyük əmək sərf edən Tezer Taşkıran Qara Fatma adlı qəhrəman türk anasına təqaüdün təyin edilməsi üçün çox çalışıb.

Gültəkin Ağaoğlu isə təyyarə mühəndisi olmaq istəsə də, həyat onu həkimlik peşəsinə bağlamışdır. O, gözəl həkim kimi peşəsini sevmiş, xüsusən uşaq xəstəlikləri ilə maraqlanmışdır. O vaxt uşaqlarda rast gəlinən və epidemiya halını almış bir xəstəliyin səbəblərini uzun müddət araşdırmış, nəticədə pişiklərdən keçən bir mikrobun bu xəstəliyə səbəb olduğunu tapmışdır. Təəssüf ki, Əbdürrəhman Ağaoğlu barədə heç bir məlumat əldə edə bilmədik.

 

Adnan Menderesin dostu

 

Ağaoğlu ailəsinin dördüncü övladı Səməd Ağaoğlu 1909-cu ildə Bakıda dünyaya gəlib. 1929-cu ildə Ankarada Hüquq Məktəbinin hüquq fakültəsini bitirib. Sonra Strasburq Universitetinin Yüksək etüdlər fakültəsində 16 ay oxusa da, ailə vəziyyəti ilə əlaqədar təhsilini tamamlaya bilməyib. Türkiyəyə döndükdən sonra iqtisadiyyat və ticarət nazirliklərində bəzi məsul vəzifələrdə çalışıb. 1946-cı ildə dövlət xidmətindən ayrılaraq vəkillik etməyə başlayıb, həm də siyasətlə məşğul olub. Səməd Ağaoğlu Demokrat Partiyasının qurucularından biridir. 1950-ci ildə Türkiyədə ilk dəfə keçirilən çoxpartiyalı seçkilərdə Demokrat Partiyası qələbə çalıb. Partiya sədri Adnan Menderesin baş nazir olduğu hökumətdə Səməd Ağaoğlu baş nazirin müavini, əmək naziri, sənaye naziri vəzifələrində çalışıb. 1950-60-cı illərdə Manisadan üç dəfə TBMM-ə millət vəkili seçilib. 1960-cı il hərbi çevrilişi zamanı A.Menderes və hökumətin digər üzvləri ilə birlikdə Səməd Ağaoğlu da həbs olunub. Məhkəmə ona ömürlük həbs cəzası kəsib. 1964-cü ildə ölkədə rejim dəyişdikdən sonra S.Ağaoğlu həbsdən azad edilibömrünün sonuna qədər bədii-publisistik yaradıcılıqla məşğul olub. O, 1981-ci ildə İstanbulda vəfat edib.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 2 avqust.- S.11.