«Dili yox olan xalqın özüyox olur»

 

  Məşhur qazax şairi Muxtar Şahanov: «Sovetlər dönəmində milli cümhuriyyətlərdə yaşayan xalqlar «manqurtlaşdırma siyasətinin» qurbanlarına çevrildilər»

 

«Mixail Qorbaçov brifinq keçirərək qazax xalqından üzr istədi»

 

Bu il qazax türklərinin məşhur şairi, qazax milli kimliyinin və ruhunun qorunması yoluna işıq tutan insanların başında duran Muxtar Şahanovun 70 yaşı tamam olur. 29 iyul — 04 avqust tarixlərində Türkiyəyə planladığı səyahətdən əvvəl Nurğaliy Jüsipbay ustad şairdən müsahibə alıb. Sizə həmin müsahibəni təqdim edirik.

 

- Muxtar Ağa, söhbətimizə başlamamışdan əvvəl sizi 70 yaşınızın tamam olması münasibəti ilə təbrik edir, sizə uzun ömür və cansağlağı diləyirik. Biz sizi Qazaxıstan türklərinin milli dəyərlərdən heç vaxt vaz keçməyən, ən cəsur və qəhrəman bir qələm adamı, fikrinin tərcümanı və şairi, YUNESKO-nun qəbul etdiyi böyük düşüncə adamı, səfir, milli ruh hərəkatının və düşüncəsinin lideri kimi tanıyırıq.

Biz sizi 1986-cı ildə Almatada Sovet rejimində ilk dəfə demokratik tələblərlə ortaya çıxdığınız gündən tanıyırıq. Oxuculara o günkü tarixi olaylardan bəhs edə bilərsinizmi?

- 1986-cı ilin dekabrında Qazaxıstanın Almatı şəhərində meyadana gələn və dekabr ayına qazax türklərinin «Jeltoksan» dedikləri üçün tarixə də «Jeltoksan üsyanı» kimi keçən bu tarixi üsyan qazaxların milli qürurnamusunu silkəyərək oyandıran, milli müstəqillik üçün od tutub yanan, Sovetlər Birliyindəki bütün cümhuriyyətlərdə milli müstəqillik ruhunu ayağa qaldıran, dünyadakı ən böyük dövlətlərdən biri olan SSRİ-nin dağılmasına müəyyən mənada ciddi təsir edən və Sovetlər Birliyinə üzvlüyü baxımından bütün Sovetlər İttifaqında və dünya çapında çox böyük önəmə sahib olan bir üsyandır. Bu ulu üsyanın kökləri keçmiş tariximizin çox dərin qatlarına kimi uzanır. Qazax gənclərinin «Jeltoksan üsyanı» Sovetlər Birliyinin apardığı sömürgəçilik və manqurtluq siyasətinə qarşı qazax xalqının duyduğu və artıq dözülməz hala gələn qəzəbinin atəşə, püskürməyə hazır olan vulkana çevrildiyi andır.

Sovetlər Birliyi idarəetməsi altında olduğu yetmiş illik müddət ərzində qazaxlar həmişə geri planda saxlanılıblar. 1986-ci ilə kimi Qazaxıstan Kommunist Partiyasının rəhbərliyindəki hər iyirmi nəfərdən on yeddisi başqa millətdən idi. Qazaxıstanın yerli əhalisinin dilindən, dinindən, milli mədəniyyətindən və tarixindən xəbərsiz Kommunist Partiyası katibləri özləri kimi olan kadrlardan idarəçilər seçərək, bütün fəaliyyətlərini Moskva saatına uyğun olaraq qururdular. Ölkədə qazax türkcəsi bir kənara atılmış, rus dili birinci dil halına gəlmişdi. Rəsmi sənədlər tamamən rus dilində yazılırdı; təhsil dili rus dilində idi. Rus dilində bilməyən tapa bilmirdi.

Bu cür dil siyasətinin nəticəsində səksəninci illərin ortalarına kimi Qazaxıstanda qazax dilində olan yeddi yüzə yaxın məktəb bağlandı. Səksəninci illərin statistikasına baxanda görürük ki, Alma-Atı şəhərində əhalinin cəmi on altı faizi qazaxlardan ibarət idi. 16 dekabr 1986-cı ildə Moskvanın qərarı ilə Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində işləyən Dinmuhammed Kunayev istefaya göndərildi. Onun yerinə isə o günə kimi qazax torpaqlarını görməmiş, Rusiyada doğulub böyüyən bir rusuGennadi Kolbinin təyin edilməsi əslində rus şovenizminin qazax xalqını yerlə bir etməsi demək idi.

Ancaq qazax gəncləri bu haqsızlıqlara daha səssiz qala bilmədi. Onlar «Qazaxıstanın rəhbərliyinə yerli xalqın həyatı və mədəniyyəti ilə zərrə qədər əlaqəsi olmayan başqa bir xalqdan olan biri necə seçilə bilər? Qazaxlardan öz xalqını idarə edəcək bir nəfər siyasətçi tapmaq olmurdu?» — kimi suallar səsləndirməyə başladılar. Bu suallar təbii ki, Sovetlər Birliyinin rəhbərliyini narahat etdionlar adekvat tədbirlər görməyə başladılar. 1989-cu ilə kimi baş verənlərlə bağlı heç kim səsini çıxara bilmədi. Çünki Qazaxıstanda qadağalar var idi. O il Moskvada, Ali Sovetə seçilən SSRİ xalq deputatlarının ilk məclisi keçirildi. Bu məclisə Qazaxıstandan 99 xalq deputatı seçilsə də, heç kim dekabr olaylarından bəhs etmək istəmirdi. Amma mən bunu bacardım. DTK-nı, QorbaçovuKolbini aldadaraq çıxış etdim.

- Rəhbəri olduğunuz «Jeltoksan üsyanını araşdıran kommisiya»nın fəaliyyəti necə oldu?

- 24 sentyabr 1990-cı ildə Qazaxıstan SSR Ali Sovetinin nəzdində «Jeltoksan olayları»nı incələyən komissiyamızın fəaliyyəti haqqında bir qərar qəbul edildi. Yəni, komissiya öz fəaliyyətini tamamlamış ve Jeltoksan üsyanının qazax xalqının digər xalqlara düşmənliyi kimi yox, demokratik hüquqlarını tələb edən bir mitinq olduğunu sübut etmişdi. Jeltoksanda üsyançılara qarşı dəyənəklərdən, yanğınsöndürən maşınlardan, itlərdən istifadə olunduğunu sübut etdik. Həbs olunanların və yaralananların dəqiq siyahısı tərtib edildi. Jeltoksan hadisələrində həbs olunan və öldürülənlərin dosyelərinin təkrar gözdən keçirilməsini istədik və 17 dekabrın «Demokratik Yeniləşmə günü» kimi qəbul edilməsini təklif etdik. Qazax gənclərinə «narkoman, sərxoş, sərsəri» deyə iftira ataraq, onlara qarşı hərbi güc istifadə etdiyinə görə «Sovetlər Birliyi Kommunist Partiyası Mərkəzi Komitəsinin Qorbaçov sədrliyindəki Siyasi Büronun bütün üzvləri günahkar elan olunsun» cümləsini də əlavə etdik.

- Komissiyanın qərarından sonra Qorbaçovla üz-üzə görüşmüsünüzmü?

- 2001-ci ilin baharında Sovetlər Birliyi Kommunist Partiyası Mərkəz Komitəsinin keçmiş baş katibi Qorbaçov Almatıya gəldi. Mən onda Qazaxıstanın Qırğızıstandakı səfiri idim. O əsnada biz Çingiz Aytmatovla bir yerdə Almatıda idik. Qazaxıstan Cümhuriyyətinin mədəniyyət və informasiya naziri Muxtar Kul Muhammed mənə zəng vuraraq, Qorbaçovun Almatıya prezidentimizin dəvəti ilə gəldiyini, baş nazirin müavini İmangali Tasmağanbetovun qonaqla bir yerdə olduğunugünorta yeməyində mənim də iştirak etməli olduğumu bildirdi. Günorta yeməyindən sonra mən Qorbaçovu bir kənara çəkərək Qazaxıstan xalqından üzr istəməli olduğunu qeyd etdim. Onunla danışanda qəfil mobil telefonuma zəng gəldi. Telefondakı şəxs dekabr üsyanının iştirakçılarından Amancol Nalibayev idi.

«Muxtar Ağa, Qorbaçovun Qazaxıstana gəldiyini eşitdik. Bir neçə dekabrçı yoldaşlar bir yerə yığışıb «Qorbaçov Qazaxıstandan rədd ol!» şüarları hazırladıq. Lakin harda olduğunu bilmirik. Qorbaçovun harda olduğunu necə tapa bilərik?» — dedi. Sözlərimi Qorbaçov da başa düşsün deyə rus dilində «Mən də onunla danışırdım elə» — dedim. «Amancol, bir az səbr et» deyəndən sonra, cib telefonumu söndürmədən, Qorbaçova dedim: «Mixail Sergeyeviç, — dedimdekabr üsyanında iştirak edənlərdən bir nəfər mənə zəng vurub. Əgər qazax xalqından üzr istəməsəniz, onlar, «Qorbaçov, Qazaxıstandan rədd ol!» yazılı şüarlarla küçələrə çıxacaqlar».

Almatıya qayıdandan sonra mədəniyyət və informasiya naziri Muxtar Kul-Muhammedin təşkilatçılığı ilə Qorbaçov bir brifinq verərək qazax xalqından üzr istədi.

- Mankurtluğu da birinci gündəmə gətirən Çingiz Aytmatov idi. Bizə, manqurtluq haqqında bəhs edə bilərsiniz? «Manqurtluk» nədir?

- «Manqurt» sözünü dünya ədəbiyyat xəzinəsinə gətirən Cingiz Aytmatovdur. Rusiya Elmlər Akademiyası Dilçilik Araşdırmaları İnstitutunun nəşr etdiyüi «Rus dilinin izahlı sözlüyü»ndə «manqurt» kəlməsi «keçmişini unudan, milli şuur, mədəniyyət, adət və ənənələrini rədd edən, milli kökündən və mənəvi dəyərlərindən ayrılan şəxs» kimi təqdim olunmuşdur. «Mankurtluq» isə «tarixdən, atalarının yolundan sapmaq, mənəvi dəyərlərdən ayrılmaq» kimi dəyərləndirilir. Savaşda əsir düşən və kölə olan dustağın, zamanla onu əsir götürənlərdən intiqam alacağını və ya vətəninə qaça biləcəyini düşünən Kalmaklar dustaqlarını manqurtlaşdırırdılar. Bunun üçün, dustağın ilkin olaraq saçları tamamən kəsdirilir və yeni kəsilən dəvənin və ya inəyin dərisi başına keçirilir. Buna «şirə» deyirlər. Qayışdan bir bağ ilə bu dəriyə dustağın başına bərk-bərk bağlayırlar. Ayaqlarını və qollarını da taxtalara sağlam bərk-bərk bağladıqdan sonra günəşin altında saxlayırdılar.

Təzə dəri quru kəlləni deşəcəkmiş kimi sıxır. İnsana dözülməz acı verir. Böyüyən saç quruyan dərini keçə bilməz, geri dönərək baş dərisini iynəylə deşirmiş kimi deşir, bütün sinir sistemini öldürür, yəni bütün beyni tamamən yox edir.

Bu işgəncədən bir həftə və ya on gün sonra dustaq ölür. Sağ qalırsa; adını, bütün keçmişini unudur. Bundan belə, sahibinin dediyini eləyən, şüurlu hərəkət edə bilməyən, düşüncəsiz, duyğusuz, ama güc ve qüvvət sahibi bir mankurta dönür.

- Bəs günümüzdəki manqurtluq?

- Atalarımızın zamanındakı manqurtluq çox az insanın başına gələn bir fəlakətdir. Sovet dönəmində isə SSRİ içində olan milli cümhuriyyətlərdə yaşayan xalqların tamamı manqurtlaşdırma siyasətinin» qurbanlarına çevrildilər. Necə?

Birlikdə yazmış olduğumuz «Kuz Başındakı ovçuluğun hayqırışı» əsərində Çingiz ağa — «Totalitar sistem rejimində sənin də, mənim də, hamımızın ağlımıza, düşüncəmizə, anlayışımıza ideolojik «şirə» edildi. Bu, bir sistemə boyun əydirmək və insanları kontrol altında tutmaq məqsədi ilə edilirdi»- deyərək Sovet millətlərinin manqurtlaşdırılmasını poetik bir dillə ifadə etmişdir.

Dil bir millətin ən əsas dəyərdir. Dili yox olan xalqın özü yox olur. Bunu çox yaxşı bilən Rusiya Sovet rəhbərliyi başqa xalqları manqurtlaşdırma işini ruslaşdırma siyasətinə uyğun olaraq həyata keçirdi. Məsələn, Sovetlər Birliyi dövründə rus dilini çox yaxşı bilməyən, öyrənməyən insan yüksələ, cəmiyyətdə intellektual kimi qəbul edilə bilməzdi. Dolayısı ilə, SSRİ içində yaşayan əhali vəzifə müəyyən hüquqlar əldə etmək, toplumun yüksək səviyyəli vətəndaşı olmaq üçün rus dilini öyrənməyə başladılar bu yolda bir-biriləri ilə rəqabət apardılar. Bunlardan bəziləri rus dilini o qədər mükəmməl öyrəndilər ki, hətta öz ana dillərini unutdular. Ana dilini unutduqdan sonra milli duyğularını da itirdilər. Bir milletin ən qorxunc acımasız düşmənlərinin öz köklü keçmişindən milli kimliyindən vaz keçən eyni millətin üzvlərindən olduğu bir reallıqdır.

- Muxtar ağa, ibrət dolu, mənalı, bizləri düşündürən söhbətinizə görə dərin təşəkkürümü bildirirəm.

- Mən təşəkkür edirəm.

 

 

Söhbətləşdi: Nurğalı Jusipbay

 

Hazırladı: Oktay Hacımusalı

 

Xalq Cəbhəsi.- 2012.- 4 avqust.- S.13.