Musiqidə «rəngli eştimə» qabiliyyəti

  

Musiqi lüğətlərində, dərsliklərdə «rəngli eştimə qabiliyyəti» kimi qeyri-adi söz birləşməsinə rast gəlinir ki, bu da mütəxəssislər tərəfindən psixoloji fenomen kimi qiymətləndirilir. Eyni zamanda, onun unikal, anormal, genetik təbiətli olması göstərilir. Adətən, «rəngli eşitmə» deyəndə musiqi təsirinin doğurduğu rəng boyaları nəzərdə tutulur. Bu anlayış eşitmə və görmə hissinin qarşılıqlı təmas bucağında yerləşir. Onun üçüncü tərəfi isə həmin assosiasiyaları sözlə ifadə etmək qabilliyyəti ilə bağlıdır. Məsələn, «Do major — qırmızı rənglidir» ifadəsi bu qəbildəndir. Eyni zamanda, «parlaq səs», «fırlanan melodiya» kimi ifadələrdən də istifadə olunur ki, bunun da izahı eşitmə və görmə hissinin qovuşmasında yerləşir. Hisslərin qarşılıqlı əlaqəsindən sanki xüsusi təsir gücünə malik effektlər meydana gəlir. Onu da qeyd edək ki, belə assosiasiyalar şüuratlı səviyyədə yaranır və incəsənətə xas olan cəhətdir. Bütün bunlar «sinesteziya» termini ilə aydınlaşdırılır. «Rəngli eşitmə» də sinesteziyanın bir növüdür. Hisslərin qarşılıqlı təsirindən yaranan assosiasiyalar metaforalı təfəkkür tərzinə uyğundur. Belə ki, duyğuların sözlə ifadəsi zamanı metaforaya xas olan mənalandırma burada həm də hissiyyat aləminə keçidlə ifadə olunur. Hətta onların izahı zahiri olsa da duyğuların çarpazlaşmasını əks etdirir. Bu da xüsusi təsirli effekt kimi bəzi hallarda anlaşılmazlıq, bəzən isə heyranlıq hissi yaradır. Bu də incəsənət üçün adi haldır.

Lakin yaddan çıxarmaq olmaz ki, özlüyündə həm duyğuların çarpazlaşması, həm də rəngli eşitmə qabilliyyəti sırf metaforik xüsusiyyətlərə malikdir. Çünki söhbət məhz təxəyyül məhsulundan gedir. Məsələn, musiqi tarixindən bildiyimiz kimi, görkəmli rus bəstəkarları Skryabin və Rimski-Korsakov musiqi dinləyən zaman onu real rənglərlə görmək qabilliyyətinə malik idilər.

Deməliyik ki, adətən, assosiasiya — subyektiv, fərdi münasibəti, yəni təsadüfi psixoloji əlaqəni nəzərdə tutur. Bəs necə olur ki, assosiasiyanın nəticələri bədii təmas sahələrində özünü büruzə verir? Təmas, ünsiyyət qarşılıqlı anlaşmanı nəzərdə tutur. Doğrudur, burada təsadüfi cəhətlər də ola bilər. Lakin «assosiasiya» — «təsadüfi» sözünün sinonimi kimi qəbul olunmaya da bilər. Assosiasiyaların yaranmasında müəyyən qanunauyğunluqlar vardır. Burada diqqəti assosiasiyaların hansı şəraitdə yaranmasına yönəltmək lazımdır. Əlbəttə ki, ətraf aləmlə əlaqə assosiasiyaların yaranmasında böyük rol oynayır. Təbiət, coğrafi-tarixi, mədəni şərait insanlarda təbii assosiasiyalar doğurur. Qeyri-sabit əhval-ruhiyyəli insanlarda sırf şəxsi assosiasiyaların yaranması isə süni xarakterli olub, hadisələrin təsadüfi axarı ilə bağlıdır.

Təbii sinesteziyanın ən sadə və geniş yayılmış növü — assosiativ olaraq səslənmənin görünən ölçülərinin təsviridir: qalın səslər böyük, kök, kütbeyin, nazik səslər isə balaca, incə, kəskin təsvir yaradır (çox zaman uşaqlarda belə olur). Bu, onunla izah olunur ki, təbii şəraitdə əşyanın ölçüləri onun çıxardığı səslərlə müəyyən olunur (ölçü kiçik olduqca, səs də yüksək və nazik olur və əksinə). Burada iki assosiasiyanın qarşılıqlı əlaqəsi üzə çıxır: ölçü və səs yüksəkliyi. Bu baxımdan, K.Debüssinin «Fil balasının laylası» pyesində belə sinesteziyanın təzahürü ilə qarşılaşırıq: bəstəkar pyesdə dinləyiciyə yaxşı tanış olan laylay motivini fortepianoda ən aşağı registrdə səsləndirir.

Bu cür sadə sinesteziyalar da çoxtəbəqəli və çoxhissəli ola bilər. Məsələn, səslənmənin ölçüləri ilə bağlı sinteziyaya M.Musorqskinin «Sərgidən şəkillər» fortepiano silsiləsindən «İki yəhudi» pyesində rast gəlirik. Burada varlı yəhudinin mövzusu aşağı registrdə sanballı, təhdidli səslənmə kəsb edir. Kasıb yəhudinin mövzusu isə yuxarı registrdə yalvarışlı, yaltaq intonasiyaları əks etdirir. Pyesdə assosiasiyalar zənciri qabarıqdır: varlı — böyük və kökdür (sosial tərcübə baxımından), böyük isə qalın səsə malikdir (təbiətdən gələn təcrübəyə əsasən).

Belə nümunələr musiqi ədəbiyyatında çoxdur. Skryabinin yaradıcılığında da buna rast gəlirik. O, «Tünd alov» pyesində işıq saçan odu təcəssüm etdirən fiqurasiyaları aşağı registrdə səsləndirməklə zəruri effektə nail olmuşdur.

Səslərin həcm və çəkiyə görə bölgüsü də geniş yayılmışdır: «ağır» və «yüngül» səslənmə müvafiq olaraq aşağı və yuxarı səslərlə assosiasiya yaradır. Bütün bu sinesteziya xarakteristikaları yenə də təbii şəraitlə bağlıdır. Belə ki, böyük anlayışı həm də ağır, tünd, kök, aşağı, qalın, «balaca» isə yüngül, işıqlı, nazik, yüksək görüntülərə malikdir. Bu cür sinesteziyalar danışıq dilində də özünü göstərir: məsələn, səsyüksəkliyi baxımından baritonun hərfi mənası ağır səs deməkdir; ingilis dilində «light» sözü isə «yüngül» və «işıqlı» mənasını verir ki, bu da özlüyündə sinesteziya əmələ gətirir.

Bu tipli hissiyyatlı assosiasiyalar sadə şəkildə formalaşır, onlar səsin təbiəti ilə bağlıdır, buna görə də ümumi qəbul olunmuş mənalar kəsb edərək, kiçik yaşlarından şüurumuzda kök salır. Daha mürəkkəb sinesteziya növləri də vardır ki, bunlar bənzətmə, uyğunlaşdırma assosiasiyalarına əsaslanır. Bənzətmədə müxtəlif əlamətlər rol oynayır. Xüsusilə eşitmə-görmə sinesteziyalarında məkan və zaman amili mühüm əhəmiyyətə malikdir. Məsələn, «melodiya — rəsm» qarşılaşdırması «melodik şəkil» musiqi terminində öz əksini tapmışdır. Belə plastik sinesteziyalarda görmə və eşitmənin kəmiyyət əlamətləri iştirak edir. Burada «bərk», «yüksək», «uzun» kimi təyinedici sözlər təbii qəbul olunur.

Sinesteziyanın daha bir növü ondan ibarətdir ki, görmə komponenti rənglərlə əlaqələndirilir. Bunu artıq qeyd etdiyimiz kimi, adətən «rəngli eşitmə» adlandırırlar. Çox zaman real həyatda subyektiv obrazın rəngi, onun təyini və qavranılması obrazla deyil, subyektlə bağlı olur. Məhz «rəngli eştimə»nin ekzotikliyi və bu hadisənin məntiqi izahının çətinliyi tədqiqatçıları maraqlandırmışdır və o, təbiətdən gələn qəribəlik, patologiya kimi şərh olunmuşdur. Burada plastik sinesteziya əlamətləri qabarıqdır. Bəs bizim təsəvvürümüzdə hansı keyfiyyətlər rəngə boyanır? Məsələn, «arfanın səsi gümüşü-mavidir» kimi poetik sinesteziya geniş yayılmışdır. Burada rəng və tembr qarşılaşdırılır. Danışıq dilində də adətən belə deyimlərdən istifadə olunur: «tembr boyası». Bunun çox sadə izahı var. Musiqişünac Azad Əliyev deyir ki, gördüyümüz rənglər obrazın hissiyyatla səciyyələndirilməsindən yaranır: «Buradan belə bir sual doğur: nəyə görə fleyta — mavidir, zəng səsləri moruğu rəngdədir və s. Bu, sadəcə olaraq, müqayisədir. Çünki insanın qəlbinin dərinliyində rənglər və səslər eyni təbiətli təəssüratlar kimi kök salır. «Filankəs dünyanı çəhrayı işıqda görür» — deyimi həmin şəxsin şən əhval-ruhiyyəsini təsvir edir. Bu əhval-ruhiyyə səs uzlaşmaları vasitəsilə də verilə bilər. Ümumiyyətlə, səslər və rənglər eyni emosional təsirin simvollarıdır».

Musiqişünas daha sonra oxşarlıq əlamətlərinin doğurduğu assosiasiyaların qabarıq olduğunu qeyd edir: «İnsanda rəng və tembrin yaratdığı emosional təəssürat çox önəmlidir. Belə ki, məhz emosiya rəng və tembri əlaqələndirən vasitə kimi çıxış edir. Lakin emosiya insan psixikasının şüuraltı formalaşan ən subyektiv, şəxsi əlamətlərindən biridir. Buna görə də «rəng-tembr» sinesteziyalarında özünəməxsusluq, fərdilik üzə çıxır. Yəni Balmont «mavi fleyta», Stendal «göy fleyta» deyimləri ilə bunu təsdiq edir. Fleyta səsinin doğurduğu rəng assosiasiyası mavi və ya göydür, lakin heç kim onu qara adlandırmayıb. Bütün bunlar bir daha musiqinin sinesteziya xassəsinə malik olduğunu göstərir.

Bundan irəli gələrək, musiqi məkan daxilində hərəkət kimi, məsələn, hərəkətli arxitektura kimi dərk olunur. Onun xarakteristikasında sinesteziya əlamətlərindən istifadə edilir. Bu baxımdan, musiqidəki sinesteziya anlayışına real görünən obrazlar aləminin bütün əsas parametrləri — məkan, hərəkət, plastika, rəng aid edilir və bütün bunlar spesifik vəhdət yaradır. Digər tərəfdən, musiqi zaman daxilində mövcuddur, buna görə də insan üçün əhəmiyyətli olan hərəkət formaları (emosiyaların dinamikası, insana və təbiətə xas olan plastik və rəng-işıq hərəkətləri) onun təsvir obyektinə çevrilir».

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 10 avqust.- S.13.