Yenilməyən Bəzz qalası

 

Əgər xalq Babəki bu gün də ürəyində yaşadırsa, deməli, Bəzz qalası düşmənə yenilməyib

 

Avqustun 26-sı (837-ci il) Bəzz qalasının işğal olunduğu gündür. Hazırda məşhur Bəzz qalası Güney Azərbaycanın Şərqi Azərbaycan ostanının Qaradağ mahalının Kəleybər qəsəbəsindən 3 km cənub-qərbdə yerləşən qaladır. Azərbaycanın milli qəhrəmanı, azadlıq savaşçısı Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında Babək qalası kimi də tanınır. Qala strateji cəhətdən mükəmməl ərazidə, dəniz səviyyəsindən 2300-2600 metr yüksəklikdə yerləşir. Qalanın ətrafını 400-600 metr dərinlikdə dərələr əhatə edir.

Ərəb coğrafiyaşünası Əbu Duləf (X əsr) yazır: Bəzz qalası Babəkin əsas sığınacağıdır. Qalada qırmızı geyimli adamlar dolaşır və qalaya qırmızı bayraqlar sancılıb.

Bəzz qalası ərazisində aparılan arxeoloji qazıntılar zamanı Bizans və Azərbaycan Atabəy Eldəgəzlər dövlətlərinə aid sikkələr tapılıb. Qala divarlarının hər dörd küncündə yarımdairəvi gözətçi məntəqələri var. Həmçinin qala ərazisindən təndirlər, çıraqlar, gil qablar, silahlar və digər əşyalar tapılıb. Hər il Babəkin doğum günündə bu qalaya Güney Azərbaycanın hər yerindən soydaşlarımızın axını olardı. Gün ərzində musiqilər səslənir, doğma söhbətlər olardı. Ancaq az sonra İran hakimiyyətinin müdaxiləsi artdı və soydaşlarımızın Bəzz qalasını kütləvi ziyarətini yasaqladı.

Bəzz döyüşü orta yüzillərin ən çox insan qırğınına səbəb olan döyüşlərindən sayılır. Bu döyüş Babəkin yenilməzliyinin təsdiqi idi. O, dünyanın azman imperiyalarından biri ilə axıra kimi şərəflə döyüşdü.

Tariximizin şanlı səhifələrindən biri də Babəklə bağlıdır. Onun qəhrəmanlığı nəinki bir əsrə sığmır, üstəlik bütün dövrləri və zamanları aşır. Dünya hərb tarixində möhtəşəm döyüşkənliyi və bənzərsizliyi ilə yeni bir səhifə yaradan Babəkin bu gün kifayət qədər tariximizdə özünə yer tutmaması düşündürücü bir məsələdir. Bu gün də Güney Azərbaycanda yaşayan milyonlarla soydaşımız hər il onun doğum günündə gedilməsi çox zaman mümkün olmayan, hər cür maneələr yaradılan Babək qalasından mənəvi güc alır. Bu gün biz Babək adlı qəhrəmanımızı ruhumuzun işığında daha yaxşı tanımalıyıq. Onu hər cür böhtanlardan, çirkablardan qorumalıyıq.

Babək Bir gün azad yaşamaq qırx il rəzil qul kimi yaşamaqdan daha şərəflidir deyirdi. Babəkə ikili münasibətdən azad olmağımız gərəkdir, çünki o, xalqının hər mənada azadlığı uğrunda döyüşürdü. Babəkin məğlubiyyətinin bir əsas səbəbi vardı: o da Babəkin böyük ruhuna bərabər siyasətinin olmamasında idi. Düşmən güclü idi, soyumuzun biri-birini sevməməsindən məharətlə istifadə edə bildi. Təəssüf ki, türk türkü o dövrdə də sevmirdi, türk türkə qarşı döyüşürdü. Afşinin (Ağşının) Sasanilər imperiyasının tərkibində Azərbaycan vədinə Babək aldanmadı: çünki Babək Azərbaycanın heç kəsdən asılı olmayan, müstəqil varlığını istəyirdi

Əgər xalq Babəki bu gün də ürəyində yaşadırsa, deməli, Bəzz qalası əslində düşmənə yenilməyib.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 25 avqust.- S.13.