İctimai Televiziya günün tələbindən yarandı

 

İctimai Televiziyanın yaranması günün tələbi idi. Buna görə də 2004-cü il sentyabrın 11-də «İctimai Televiziya və Radio Yayımı haqqında» Azərbaycan Respublikası qanununun qəbul edilməsilə şəffaflıq, qərəzsizlik və ictimai maraq prinsiplərini önə çəkən İctimai Teleradionun yaradılmasına start verildi. Qanun İctimai TV-nin müstəqil, tərəfsiz, qərəzsiz və doğru-dürüst informasiya çatdırmasını, plüralizmi, dözümlülük, rəngarənglik və başqalarından fərqlənmək prinsiplərini əsas götürür. İctimai Televiziya daxil olduğu teleməkanda rəqabət apararkən uğur üçün keyfiyyəti qurban verməməli, dini və milli tolerantlığı təbliğ etməli, etnik mədəniyyətlərə hörmət hissləri aşılamalı, informasiyalı cəmiyyətin qurucusu olmalı idi. 2005-ci il 29 avqust tarixində İTRYŞ-nın açılış mərasimi gerçəkləşdi. İTV qoyulan tələblərə əməl prinsipi ilə işə başladı.

 

İTV ümüdləri doğrultmaq iqtidarındadır

 

Bu gün hər bir Azərbaycan tamaşaçısı İTV-nin nələrə nail olduğunu bilmək üçün yeddi illik tarixə nəzər sala bilər. Qoyulan şərtlərə hansı şəkildə əməl olunduğunu bilmək üçün əvvəlcə tamaşaçı olmaq, sonra fikir söyləmək lazımdır. Bu gün İTV-də İnformasiya departamenti, analitik verilişlər, musiqi, bədii və əyləncəli proqramlar, səhər proqramları, gənclər, elm və təhsil verilişləri, kino və dublyaj, «Carçı film» yaradıcılıq birliyi, hüquq və beynəlxalq əlaqələr departamenti fəaliyyət göstərir. Bir Televiziya üçün vacib şərtlərdən olan xəbərlər İTV-də daim qərəzsiz, cəmiyyətin ümumi maraqlarına xidmət göstərir. Hadisələrə olduğu kimi yanaşmaq, şərh etmək İctimai televiziyanın xəbərlərində həmişə hiss olunur. Televiziya analitik proqramları ilə də hər zaman hadisələrin fonunda hərtərəfli, dəqiq mövqeyi ilə tamaşaçıların qarşısına çıxır. İTV hansısa bir qurumun, şəxslərin deyil, xalqın mənafeyini müdafiə edir. Tamaşaçılara təqdim etdiyi bütün verilişlərində də bunu sübut edir. Adət-ənənələrimizi, tariximizi, milli zənginliyimizi özündə əks etdirən verilişlərlə gənclərə, gələcək nəslə yol göstərmiş, işıq tutmuş olur. Bu gün İTV-də yayımlanan verilişlər həm müasir, həm qədim tarixi özündə əks etdirir. Bu gün xalqın sevə-sevə baxdığı verilişlərdən biri «Yeni gün» proqramıdır. Veriliş səhər-səhər insanlara xoş ovqat bəxş etməklə qalmır. Öyrədir, maarifləndirir, məlumat verir. İTV bu gün milli azlıqların adət-ənənələrini, xalqın özünəməxsusluğunu əks etdirən verilişlərlə də tamaşaçılarına xidmət edir. Gənclər üçün verilişlər, elm və təhsillə bağlı proqramlar hazırlanır. İTV tərəfindən son zamanlar yaxşı filmlər də çəkilir. Televiziya xaricdə yaşayan soydaşlarımızı da unutmur. «Qərib axşamlar» verilişi vətəndən uzaqda yaşayan insanlarınızın problem və istəklərini, uğurlarını bölüşür. Və ən nəhayət İTV beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək səviyyədə hazırlığı ilə tarixə düşür. «Eurovizion» mahnı yarışmasına neçə illərdir ki, yüksək səviyyədə həyata keçirilən hazırlıq və ən nəhayət bu il ölkəmizdə yarışmanın keçirilməsində İTV tərəfindən sərgilənən peşəkarlıq bir daha sübut edir ki, İTV ona bəslənən ümüdləri doğrultmaq iqtidarındadır. Televiziyanın yayımında müasir günümüzün texnologiyasından istifadə olunur ki, bu da izləyicilərə verilişlərin daha keyfiyyətli təqdim olunmasına şərait yaradır. 7 illik tarix o qədər də böyük zaman deyil. Ümüd edirik ki, bundan sonra İTV ortaya çıxan çatışmazlıqları aradan qaldıracaq, yeni-yeni layihələrlə Azərbaycan xalqına, ədalətə, müasirliyə və inkişafa öz töhfələrini vermiş olacaq. Telekanalımıza uğurlar arzulayıram.

 

Yunus Oğuz,

Yazar, «Olaylar» informasiya

agentliyinin və eyni adlı qəzetin

baş redaktoru

 

İTV cəmiyyətimizin diqqətini özünə cəlb edə bilib

 

2005-ci ildə fəaliyyətə başlayan İctimai Televiziyanın avqustun 29-da 7 yaşı tamam olsa da, bu telekanal Azərbaycan yayım məkanında digər televiziyalardan daha gəncdir. Amma buna baxmayaraq, o, qısa bir müddət ərzində çox ciddi məsafə qət edib. İTV demək olar ki, ölkənin ictimai həyatının bütün sahələrini əhatə edən ciddi verilişləri sayəsində cəmiyyətimizin diqqətini özünə cəlb edə bilib. Xüsusilə də milli-mənəvi dəyərlərin qoruyun saxlanılması məsələsində İctimai televiziya insanlarımızın düşüncələrinə, ruhuna, mənəviyyatına təsir edərək, cəmyyətimizin əxlaq dəyərlərinin daha doğru yöndə inkişafını etkiləyən ən ciddi təsir mexanizmasına çevrilib. İctimai Televiziya xüsusilə də gənc nəslin milli ruhda tərbiyə olunması sahəsində kifayət qədər ciddi addımlar atır.

İctimai Televiziya ideoloji mübarizədə də özünəməxsus yer tutur. Azərbaycan torpaqlarının işğal olunması haqqında dünyaya hər gün ötürülən informasiya belə zəruri və məqsədəuyğundur. Qarabağla bağlı mütəmadi olaraq verilişlərin təşkil olunması da yüksək qiymətləndirilməlidir. Üstəlik, ən mühüm hallardan biri olaraq Türk dünyası ilə bağlı ortaq layihələrin həyata keçirməsində İTV-nin rolunu xüsusə qeyd etmək istəyirəm. İctimai Televiziya bu cür məsələlərə daha ciddi diqqət yetirməyə çalışır.

İctimai Televiziyada Azərbaycan cəmiyyətindən gələn impulsları qəbul etməyi bacaran, onları nəzərə alaraq və peşəkarlıqla öz efir məkanında reallaşdırmaq gücündə olan, əksəriyyəti gənclərdən ibarət, yaxşı komanda formalaşıb, və bu kollektiv yaradıcı mütəmadi olaraq axtarışdadır.

Bu kanalda ən müxtəlif verilişləri izləmək mümkündür. Azərbaycanın vahidliyilə bağlı məsələlər də burada dərin bir xətlə işlənir.

Doğrudur hər bir televiziya kanalı kimi İTV-nin də durmadan öz peşəkarlığını artırmaq, müasir üsullardan daha geniş istifadə etməyə ehtiyacı var. Amma inanıram ki, önümüzdəki illərdə İTV-nin uğurları daha da çoxalacaq. Çünki kanalın həm yaradıcı heyəti, həm də rəhbərliyi öz peşəkarlığı, dünyagörüşü, hadisələrə münasibətində yüksək intellektual səviyyələri ilə seçilən insanlardır.

Buna görə də qısa bir zaman ərzində Azərbaycanın efir məkanında ciddi yer tutan bu televiziyanın uğurları bizi sevindirir. Sözsüz ki, belə bir kanalın olması bizim hər birimizin uğurudur. Azərbaycanımızın uğurudur.

Ona görə də İctimai Televiziyanın fəaliyyətini çox müsbət qiymətləndirirəm, onların hər birini təbrik edirəm.

 

dr.Toğrul İsmayı,

TOBB Ekonomi Texnoloji Universitetinin

Beynəlxalq Münasibətlər Bölümünün müəllimi

 

Qaranlığa işıq saçanlar

 

Media quruluşları, özəlliklə televiziyalar cəhalətin qaranlıq dünyasında parlaq günəşlər kimidirlər. Azərbaycanımızın səmasında parlayan bu günəşlərdən biri İctimai TV-dir. Keçən 7 ildə, millətimizin milli-siyasi şuurunun yüksəlişində güclü rolu olmuşdur. Biz, Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) olaraq, İctimai TV-nin quruluş il dönümündə onun məsullarına ulu millətimizə təbrik ərz edirik

 

dr. Mahmudəli Çöhrəqanlı

Güney Azərbaycan Milli Oyanış

Hərəkatının sədri

 

Peşəkarların TV-si

 

İctimai televiziyanın yaranması bizim gözlərimizin qarşısında baş verdi. Düzdür, ilk vaxtlarda bu kanalın yaradılması prosesi, onun fəaliyyəti cəmiyyətdə birmənalı qarşılanmadı. Kanalın yaranmasını, onun fəaliyyətini yüksək qiymətləndirənlərlə yanaşı tənqid edənlər oldu.

Amma İTV bütün bunlara baxmayaraq özünü doğrultdu. Şəxsən mən İsmayıl Ömərovun İTV-nin sükanı arxasına keçəndən sonra bir menecer kimi belə bir quruculuq yaradıcılıq işlərinə imza atacağına inanmazdım. Kanalın kollektivi əsasən peşəkar səriştəli jurnalistlərdən ibarətdir. Ən əsası isə bu kanalda jurnalistlərin rüşvət almadan, əməkhaqqı qonorar hesabına fəaliyyət göstərməsi cəmiyyətdə İTV- olan hörmətin artmasına səbəb olub. Bütün bunlar məni sevindirir.

İTV xalqımızın ən ağrılı həssas dərdi olan Qarabağ probleminə həmişə diqqətlə yanaşmış, bu məsələni daima diqqətdə saxlamışdır. Mütəmadi yayımlanan siyasi, iqtisadi, sosial maarifləndirici proqramlar cəmiyyətimiz üçün çox əhəmiyyətlidir. Son zamanlar müxtəlif siyasi cinahlara malik, sərt tənqidçi şəxslərə İTV-nin efirindən öz fikirlərini demələrinə imkan yaradılması da təqdirəlayiq haldır.

İstərdim ki, İTV-nin efirində yayımlanan proqramlarda Qarabağ müharibəsi əlillərinin, veteranlarının, şəhid ailələrinin problemlərini əks etdirən mövzular tez-tez yer alsın. Eyni zamanda, İTV-nin efirindən cəmiyyətin bütün təbəqələrini əks etdirən, hakimiyyətin fəaliyyətini sağlam şəkildə tənqid edən siyasət, mədəniyyət, ədəbiyyat, elm xadimlərinin, ekspertlərin, o cümlədən müxtəlif sosial təbəqələrin nümayəndələrinin fikir təkliflərini daha çox eşitməyi arzulayıram.

 

Rey Kərimoğlu,

Qarabağ qazisi

 

Türk millətinə, onun dəyərlərinə sədaqət yolu

 

İTV-nin yaranışı gərgin ictimai-siyasi münasibətlər mühitini yaşayan Azərbaycanımız üçün gerçəkdən hadisə idi. Ən qısa zamanda milli mənlik şüurunun formalaşmasına, hərbi vətənpərvərlik ruhunun yüksəlməsinə, ədəbi Azərbaycan türkcəsinin qorunması möhkəmlənməsinə, siyasi disskusiya mədəniyyətinin artmasına verdiyi töhfələr yaddaqalandır.

Sonrakı dövrlərdə İTV-nin Beynəlxalq media mərkəzləri, o cümlədən, Türkiyənin TRT kanalı ilə əməkdaşlıqları həm Azərbaycanın tanınması, həm Türk dünyası üçün ortaq dəyərlərin qorunması inkişafına əhəmiyyətli töhfələr verdi. Nüfuzlu «Avroviziya» yarışmasının Azərbaycana daşınması yolunda kollektivin fədakarlığı xüsusilə qeyd edilməlidir.

İTV-nin keçdiyi 7 illik yol türk millətinə, onun dəyərlərinə sədaqət, türk dünyasının yaxınlaşmasına xidmət kimi xarakterizə edilə bilər. İTV-ni, onun rəhbərliyini bütün kollektivi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirəm. İnanıram ki, Azərbaycanın bütövləşməsi demokratikləşməsi yolunda ən şərəfli cəsarətli addımları İTV atacaq.

 

Zəlimxan Məmmədli,

«Borçalı» Cəmiyyətinin sədri

 

Sayğı heyranlıq duyğusu

 

İctimai Televiziya ve Radio Yayımlari Şirketi keçmiş Sovet respublikalarında böyük ehtiyac duyulan ictimai yayımçılığa öncüllük etdi. Azərbaycan mediasında etik standartların yuksəlməsində peşəkar yayımçılığın inkişafında önəmli rol oynadı ve oynamağa da davam edir. Mən İctimai TS ilə həm redaktor, həm şərhçi, həm Londonda fəaliyyət göstərən bir jurnalist olaraq uzun zamandır ki, əlaqədəyəm. İTV- tanıdığım həmkarlarımın məsləklərinə duyduqları bağlılığa ciddiyyətə hər zaman sayğı heyranlıq duymuşam. Onlar ölkələrində bölgədə bir çox ilkləri gerçəkləşdirənlərdir. Bundan sonra da yeniliklərə öndərlik edəcəklərinə, böyük layihələri bacarıqla tamamlayacaqlarına Azərbaycan ictimaiyyətini aydınlatmağa davam edəcəklərinə inanıram.

 

 

Firdevs Robinson

CNBC-e London müxbiri,

şərhçi media tədrisçisi

 

Xalq Cəbhəsi.- 2012.- 29 avqust.- S.5.