Uyğurlar: tarixi, aqibəti

  Şərqi Türküstandakı yazı işarələri, mumiyalar qədimliyinə görə Misir, Şumer, Mayya mədəniyyətlərindən çox-çox əvvəllərə aid edilir

 

Doğu (şərqi) Türküstan dedikdə əslində Rusiya Federasiyasından sonra Türk Dünyasının assimilyasiyaya məruz qalmış bir parçası, eli, obası başa düşülür. Çin əsarəti altında olan türk ərazilərində yaşayan türk boylarından ən çox saylıları uyğur, qazax, qırğız, salar türkləri, sarı uyğurlar və tatarlar sayılır. Çin dövlətinin, daha doğrusu, Çin Xalq Respublikasının qurucu xalqları və ya muxtariyyatı olan türk xalqları sırasında yuxarıda göstərilən sarı uyğurlar və tatarlardan başqa türk boylarının adları da keçməkdədir. Çinin 52 əsas etnosdan təşkil edilməsi sözügedən dövlətin Konstitusiyasında əks olunub. Bu Konstitusiyada nəzərdə tutulan hüquq və haqlara nə dərəcədə əməl edilməsinə toxunmazdan öncə buradakı türk coğrafiyası, onun əhalisi, siyasi-iqtisadi vəziyyəti haqqında bilgilərə diqqət edək.

ÇXR-də türk xalqları Şərqi Türküstan dediyimiz Sintszyan — Uyğur muxtar rayonunda və Qansu əyalətində yaşayırlar. SUMR-da başlıca olaraq uyğurlar, qazaxlar, qırğızlar, sarı uyğurlar və tatarlar məskunlaşıblar. Uyğur muxtar rayonunda qazaxlara məxsus muxtar vilayət, qırğızlara məxsus muxtar qəza da mövcuddur. Eləcə də Uyğur muxtar bölgəsində xalxa-monqollara məxsus muxtar vilayət və qəza, dunqallara məxsus muxtar qəza da var. Qansu əyalətində isə Salar türklərinə məxsus və tibetlilərlə birgə 3 muxtar qəza mövcuddur. Qeyd edim ki, Çində türk xalqları digər bölgələrdə, xüsusilə Daxili Monqolustan muxtar bölgəsi və Tibet Muxtar Bölgəsində də ən qədim dövrlərdən indiyədək yaşamaqdadırlar.

Dini baxımdan Çində yaşayan türk xalqlarının sarı uyğurlardan başqa hamısı müsəlmanlardır. Sarı uyğurlar isə əsasən buddist, az qismi şamandırlar. Çin türkləri içərisində göy tanrısına inamları saxlayanlar da var.

Çağdaş siyasi etnoqrafik ədəbiyyatda Şərqi Türküstan dedikdə əsasən Sintszyan Uyğur muxtar rayonu başa düşülür. Şərqi Türküstanın adı 1876-cı ildə Çin-Mancur imperiyasının bu torpaqları işğal etməsindən sonra 1884-cü ildə çincə «yeni torpaq» anlamına gələn Sintszyan sözü ilə dəyişdirilib. 1949-cu ildə Çində hakimiyyətə gələn kommunistlər tərəfindən yenidən işğal edildikdən sonra 1955-ci ildə Sintszyan Uyğur muxtar bölgəsi təşkil edilib və bu cür adlanmağa başlanılıb. Bölgə Asiyanın ortasında yerləşməklə bərabər, ərazisi 1,8 milyon kv.km təşkil edir. Xatırladım ki, bizim orta məktəb dərsliklərində səhvən bu ərazi 1,650 milyon kv.km olaraq göstərilir. Türk dünyasının ən hündür (Coqori zirvəsi) və ən aşağı nöqtəsi (Turfan çökəkliyi) burada yerləşir. Avropalı elm adamları tərəfindən «Pivot of Asia», yəni «Asiyanın ürəyi» olaraq adlandırılan bu əsir ölkə geopolitik və strateji yerləşməsi, tarixi keçmişi, etnik kimliyi və dini inancları ilə birlikdə Türk və islam dünyasının ayrılmaz bir parçasıdır. Uzun tarixi gediş prosesində Şərqi Türküstanda bir çox türk dövlətləri mövcud olub. Son tarixi araşdırmalarda aydın olub ki, bu ərazilər ən qədim mədəniyyət mərkəzlərindən biridir. Belə ki, burada tapılmış piramida quruluşlu tikililər və məbədlər, eləcə də mumiyalar

eramızdan 15 min il əvvələ əvvələ aid edilir. Bu tikililər, yazı işarələri, mumiyalar qədimliyinə görə Misir, Şumer, Mayya mədəniyyətlərindən çox-çox əvvəllərə aid edilir. Dünyada mövcud olan piramida tipli tikililərin Doğu Türküstanda mövcud olan mədəniyyətdən və tikililərdən qaynaqlandığı ehtimal edilir. Həmçinin türk xalqlarının rəmzi öndəri olan Oğuz xaqanının sonevinin (qəbrinin), hətta mumiyasının burada tapılmış nəhəng tikililərdə saxlanıldığı ehtimal olunur. Çörçvod adlı tarixçi alimin bildirdiyinə əsasən, qədim Mu imperiyasının və mədəniyyətinin uyğurlara məxsus olduğu isbatlanır. Eyni zamanda həmin alimin bildirdiyinə əsasən, Amerika qitəsində təşəkkül tapmış Mayya mədəniyyətinin də Uyğur türk mədəniyyətinin davamı olduğu irəli sürülür. Bu bölgədə qurulmuş bir çox Türk dövlətlərinin mövcudluq tarixinə nəzər salaq. Bu bölgə miladdan öncə VIII-III əsrlərdə iskitlərə, m.ö. 300-93-cü illərdə hunlara, miladdan sonra 40-420 tarixlərində Kuşan türk dövlətinə, 220-386-cı illərdə siyempilərə, bizim eranın 383-460-cı illərində Tofar dövlətinə, bizim eranın 402-555-ci illərində Jujan tatar dövlətinə (bunlar avarların əcdadı hesab olunur), 450-ci illərdə Ağ Hun dövlətinə, 552-774-cü illərdə Göytürk dövlətinə, 774-840-cı illərdə Uyğur dövlətinə, 751-870-ci illərdə Qarluk dövlətinə, eləcə də Qaraxanlılar dövlətinə, 1217-1508-ci illərdə monqollara, 1509-1679-cu illərdə Seydiyyə xanlığına məkan olub. Çinlə Şərqi Türküstan arasında (o dövrdə çinlilər bura «Hsi Yu»- «Qərb ölkəsi» deyirdilər) qeydə alınmış ilk təmas Vu-Ti-nin elçisinin miladdan öncə 139-119-cu illərdə bu bölgəyə gəlməsi ilə başlayıb. Daha sonra 744-cü ilə qədər Çin bu bölgəni 6 dəfə işğal edib. Bu işğalların heç birinin müddəti 45 ildən artıq olmayıb və cəm halında 175 il təşkil edib. VIII və XVIII əsrlər arası minillik dönəmdə Çin ilə bu bölgə arasında sülh dövrü yaşanıb. Ancaq sülh dövrü 1759-cu ildə Çin-Mancur imperiyasının işğalı ilə sona çatıb. Həmin vaxt Şərqi Türküstanı 4 bölgəyə ayıran Çin dövləti 1 milyondan artıq uyğur türkünü müxtəlif işgəncələrlə məhv edib. Bu dəfəki işğal 103 il davam edib. Çin zülmünə qarşı 42 dəfə üsyana qalxan uyğurlar 1863-cü ildə yenidən öz dövlətlərini qura biliblər. Bu ildə Yaqub xanın başçılığı ilə Şərqi Türküstan İslam dövləti qurulub. Bir çox dövlətlər, o cümlədən, Osmanlı, İngiltərə və Rusiya tərəfindən rəsmən tanınıb. Qeyd edim ki, dövlətin qurucusu Yaqub xan dönəmin Osmanlı sultanı Əbdüləzizi islam xəlifəsi kimi tanıyıb, onu bütün müsəlmanların başçısı kimi qəbul edib, adına xütbə oxutdurub və pul kəsdirib. Bu dövlətin ömrü 15 il sürüb. 1876-cı ildə Şərqi Türküstan Çin-Mancur imperiyası tərəfindən yenidən işğal edilib və 1884-cü ildə «Hisin Çyan Şinq» — «Yeni torpaqlar bölgəsi» adlandırılaraq Çinin tərkibinə qatılıb. Bu işğal dövrü 1911-ci ilə qədər davam edib. 1911-ci ildə Çində mancurların hakimiyyətinə son qoyulub və Homindan təşkilatı hakimiyyətə gəlib.

1911-ci ildən 1933-cü ilə qədər Şərqi Türküstanda Çin əsgəri valilər dövrü deyilən bir rejim formalaşdırıb. Xalqın mübarizəsi nəticəsində 1933-cü ildə mərkəzi Kaşkar (Qaşqar) olan Doğu Türküstan İslam Cümhuriyyəti qurulub. Ancaq 1935-37-ci illərdə müxtəlif bəhanələrlə Şərqi Türküstana yerləşən sovet-rus agentləri bu cümhuriyyətin varlığına son qoyublar. Sovet-rus ordusu tərəfindən Şərqi Türküstan İslam Cümhuriyyətinin başçısı Xoca Niyaz Hacı və daha 300 nəfər həbs edilib, müxtəlif bəhanələrlə güllələniblər. 1937-1944-cü illərdə SSRİ adlanan rus imperiyası tərəfindən Şərqi Türküstan işğal altında qalıb və bu ölkədə tam bir soyqırım siyasəti həyata keçirilib. 1944-cü ilin önlərində Çin yenidən burada hakimiyyəti ələ keçirib, ancaq uğur əldə edə bilməyib. 1944-cü ildə Şərqi Türküstan yenidən müstəqillik əldə edib və bu müstəqillik 1949-cu ilə qədər davam edib. 1949-cu ildə Mao Tsze Dunun başçılıq etdiyi kommunist Çin dövləti tərəfindən Şərqi Türküstanın müstəqilliyinə son qoyulub və bu ölkə yenidən işğal olunub. Qeyd edim ki, 1949-cu ildə bu ölkə işğal olunan vaxt burada yaşayan milli azlıqların, o cümlədən, çinlilərin toplam sayı 600 min civarında olub, ölkə əhalinin 6 faizini təşkil edirdi. İşğaldan sonra bu günə qədər keçən dövrdə isə xan çinlilərin bu ölkədəki sayı 40-50 faiz civarındadır. Bu çinlilər Çin dövləti tərəfindən buraya köçürülüblər. Bu isə Çinin milli azlıqlara qarşı assimilyasiya siyasətinin təzahürüdür. Çin dövləti əhali sayı artımına, daha doğrusu, uşaq doğumuna məcburi qadağalar qoyduğundan uyğur ailələri öz uşaqlarını gizli olaraq dünyaya gətirməyə məcbur olur və dövlət qeydiyyatından gizlədirlər. Ancaq Çinin bu «sakit soyqırım» siyasəti bütün milli azlıqlara, o cümlədən, uyğurlara qarşı davam etməkdədir. Uyğur qadınlarının uşaqları ya ana bətnində, ya da təzə doğulan vaxt məcburi məhv edilir. Eyni zamanda Şərqi Türküstanda uyğur etirazçıların edam olunması adi haldır. Bu edamlar haqqında Beynəlxalq Amnistiya Təşkilatı da məlumat yayıb və öz etirazını bildirib. Qeyd edim ki, uyğurların müntəzəm olaraq 1953, 55, 57, 62, 67, 69, 70, 89 və 2009-cu illərdə baş vermiş etiraz aksiyaları dünya mətbuatında da işıqlandırılıb. 1949-cu il işğalından sonra sonuncu Uyğur dövlətinin başçıları Çin dövləti tərəfindən 1952-ci ildə aldadılaraq təyyarə qəzasında məhv ediliblər.

Çin dövləti Şərqi Türküstanda din-vicdan azadlığına da imkan vermir. Bölgədəki Çin Kommunist idarəsinin başçısı general Vanq En Movun 1988-ci il 14 may tarixində bölgənin mərkəzi Urumçi şəhərində etdiyi çıxış rejimin gerçək üzünü ortaya qoymuşdu. O, çıxışında belə demişdi: «Dinə inanmama (ateist) fəaliyyətlərinə təşviq etməni gücləndirməyimiz və sosializmə dəstək verəcək din adamlarıyla əməkdaşlıq etməyimiz lazımdır. Dini bilgilərin tədrisini məhdudlaşdırmalıyıq. Həccə gedənlərin miqdarını məhdud çərçivədə saxlamalıyıq».

Bu bölgənin bütün faydalı qazıntıları, xüsusilə uran, neft, daş kömür və qızıl Çin dövləti tərəfindən talan edilməkdədir. Çinin şərq regionları ilə qərb regionlarının inkişafı fərqlidir. Xüsusilə, milli muxtar bölgələr şərq regionlarından olduqca geridə qalır. Şərqi Türküstanda yenicə fəaliyyətə başlayan neft, kömür, dəmir, qızıl və digər mədənlərdə çalışan işçilər isə Çinin digər regionlarından bura müxtəlif yollarla gətirilən xan çinlilərdir. Buna görə də uyğur əhalisi arasında çinlilərə nisbətdə işsizlik faizi oluqca çoxdur.

Bütün imperiyaların tətbiq etdiyi metoda Çin də əl atır. Bu, xalqları dilindən məhrum etməkdir. Uyğurların da əlifbası bir neçə dəfə dəyişdirilib. Hazırda uyğurların digər türklərdən mədəni əlaqəsini kəsmək üçün onlara ərəb əlifbasından istifadə etməyə icazə verilib. Uyğur dilində mədrəsələr, məktəblər, universitetlər demək olar, yoxdur. Uyğur dili, uyğur xalqı məhv edilir. Uyğur ölkəsi Çinin daxili müstəmləkəsinə çevrilib. Bu fikri uyğurlar haqqında ilk dəfə 1998-ci il 6-7 aprel tarixində Fransa-Anadolu Araşdırmaları İnstitutu tərəfindən İstanbulda təşkil edilən «XX əsrdə uyğurlar» mövzulu konfransda Havay Univesitetindən professor, doktor Dru Ce. Qladney tərəfindən işlədilib. Dru Ce. Qladney Şərqi Türküstanı tarix-etnik, dil, iqtisadiyyat, ölkə torpaqları və inanc başlıqları altında tədqiq edərək, bölgənin artıq Çinin «daxili müstəmləkə» regionuna çevrilmiş olduğunu izah edib. Bu zülmlərə rəğmən, uyğurlar Çin rejiminə qarşı mübarizələrini davam etdirirlər. Uyğurlar beynəlxalq miqyasda təşkilatlanmaqda və öz səslərini dünya ictimaiyyətinə çatdırmaqdadırlar. Uyğurların ən nüfuzlu təşkilatı Dünya Uyğur Konqresidir. Bu təşkilatın rəhbəri «uyğurların anası» kimi tanınan Rəbiyə Qadirdir.

 

Ramil Cəfərov,

araşdırmaçı

Xalq Cəbhəsi.- 2012.- 1 dekabr.- S.14.