«Şeirdə ənənəçilikdən qaçmaq lazımdır»

  Hikmət Carçılı Orhun: «Mənim üçün ədəbiyyat nəfəsimdən daha yaxındır»

 

Hikmət Carçılı şairdir. Qazaxda yaşayır. Maraqlı şeirləri var. Onunla ədəbiyyatdan, şeirdən danışdıq.

- Özün haqda bir az danış oxucularımıza… Hardan gəlib hara gedənsən?

- 1991-ildə Qazax rayonunda uçuq-sökük bir «roddomda» dünyaya göz açmışam. Doğulandan iki ay sonra ölüb xortdamışam. Xalam danışır ki, rəhmətlik babam məni qibləyə qoyub fatihə sürəsini belə xətm edibmiş. Sonra sivilizasiyadan, mədəniyyətlərdən kilometrələrlə uzaqda qalmış, Çaylı kəndində — bu sinfindən o biri sinfi görünən bir məktəbdə orta təhsil almağa başlamışam. Elə orta təhsil ala-ala da bir dostumdan təsirlənib şeir yazmağa başlamışam, qəzetlərdə, saytlarda çap oluna-oluna, yavaş-yavaş addımlayıb bu günlərə gəlib çıxmışam. İndi elə bil bir az yaza bilirəm…

- Hikmətə görə ədəbiyyatla həyat arasındakı məsafə nə qədərdir?

- Mənim üçün ədəbiyyat nəfəsimdən yaxındır. Elə vaxtlar olur yaza bilmirəm, onda elə bilirəm nəfəsim kəsilir. Siqareti daha çox çəkirəm. Ədəbiyyat mənim həyatımın bir parçasıdır. Bəlkə də həyatımın özüdür, mənsiz mənim yazdığım necə qeybə çəkiləcəksə, mən də onsuz bir gün eləcə yox olacamYaza bilməmək dərdindən öləcəyəm…

 

Sevdam heç başa varmadı,

Yarı yoldan azdırdılar.

Öldürdülər, diri gözlü

məzarımı qazdırdılar

 

- Neçə sevdanı öldürüblər belə?

- Çoxunu sevmişəm uşaqlıq vaxtımda. Çoxunun üstündən yel olub keçmişəm, çox gözlər qalıb arxamca. Amma bir gün gəldi ki, heç vaz keçə bilmədiyim birini tapdım. Sevdim. Altı il dalınca süründüm. Nə «hə» dedi, nə «yox». Danışdı, güldü, bir dəfə sevirəm demədi. Amma sevmirəm də demədi. Günümü göy əskiyə bükdü. Yazanda ondan yazırdım, danışanda ondan danışırdım. O, isə heç umrunda deyilmişəm kimi davranırdı. Bir gün qəti qərara gəldim ki, ona açılacağam. Açıldım. Dedim «sevirəm». Gülüb dedi ki, bir sənə bax, bir mənə bax, heç bir-birimizə yaraşmırıq da. Bu bir yana, sən yeriyəndə yeddi yerindən əyilirsən…» Elə bunu demişdi, Ələsgər demiş: «sındı qol qanadım yanıma düşdü». Ondan sonra heç kimi sevmədim…

- Hamı deyir, Hikmət maraqlı yazır. Amma söz adını hardasa çəkməyə, hardasa bir yazı yazmağa gələndə susurlar. Niyə susurlar sənin adın gələndə?

- Bəli, mən yaxşı yazıram. Haqqımda rəyini gözlədiyim bütün dostlarımın haqqımda bu fikri eşitmişəm. Şərif Ağayar, Bəxtiyar Hidayet, Mövlud Mövlud, Ayxan Ayvaz, Etimad Başkeçidkimi yazar dostlarım bunu deyiblər. Yazı məsələsinə gələndə isə bunu qoy, onların özlərinin ixtiyarına buraxaq. Yazmırlarsa, o demək deyil sözlərini mənə layiq bilmirlər. Zaman gözləyirlər. Bir zaman yazacaqlar. O zamanzaman gələcək onu mən özüm də bilmirəm.

- Qazaxdan danış. Ordan baxanda biz kimik sənin üçün?

- Qazax elə həminki Qazaxdı. Qazaxlılar da günün bu günü elə bilirlər onlardan savay yaxşı şeir yazan-zad yoxdur. Yığılıblar Baratxanaya vətən şeirləri yazmaqla məşğuldular. Mənsə burada çəkilib bir köşəyə, yazılarımı yazmaqla məşğulam, qoy neyləyirlər eləsinlər. Məndən sonra yazdığım mətnlər qalacaq.

Burdan sizin necə görünməyinizə gələndə isə elə bilirdim ədəbiyyatla məşğul olursunuz. Sən demə, onun-bunun qabağına keçib, diktafon tutmaqla baş girləyirmişsiniz.

- Təsəvvüf ədəbiyyatı ilə sənin aranda incə bir cizgi var. Amma niyəsə o cizgini keçə bilmirsən. O cizgi nədir elə?

- Mən doğulandan xalq şeirini, dastanlarımızı, laylalarımızı, şeirimizin babası Qurbanini, Aşıq Ələsgəri, Molla Cüməni, Tufarqanlı Abbası, Vərxiyanlı Məhəmmədi, Dəllək Muradı oxuyuram. Mayam onlardan tutulub. İlk dəfə şeir yazamağa da qoşmaynan, gəraylıynan başlamışam. Düşündüyüm o ki, sərbəst şeirə, nəsrə keçmək üçün hər kəs bu yolu keçməlidir. Onda addımların oturuşmuş, dilin yağdan tük çəkər kimi olur, heç kimi incitmir. Mənimlə təsəvvüf ədəbiyyatı arasında olan «incə cizgi» də elə oradan gəlir.

- Alphonse Daudet — «Ağrıları keyitməyin ən yaxşı yolu gözəl bir kitab oxumaqdır» — deyir. Bəs sən kimləri oxuyursan?

- Əvvələn onu deyim ki, mən hər ağlım əsən kitabı oxumuram. Kitabın ön iki səhifəsi məni yordusa, nəinki həmin kitabı, hətta həmin müəllifin heç bir kitabını oxumuram. Mənim bildiyim bir şey var ki, kitabın, adi bir hekayənin ilk cümləsi adamı tutmadısa, demək apar tulla.

Vaqif Nəsibin «Dedilər kəndə gəlir Omaroğlu. Eşidənlərin ürəyindən bir sazaq kimi keçdi bu xəbər…» misralarıyla başlayan » Omaroğlunun qayıtması» hekayəsi var. Bu misraları oxuyub ağlayan yazarlar var bizdə. Bunlar ciddi məsələlərdir.

Kimləri oxuduğuma gələndə isə onu deyə bilərəm ki, Anarın «Yaxşı padşahın nağılı»ndan başqa heç bir hekayəsini, romanını oxuya bilməmişəm. Məmməd Araz, Bəxtiyar Vahabzadə kimi şairlər ruhuma yaddır. Süleyman Rüstəmi heç oxuya bilmirəm. Səməd Vurğunu uşaqlıqda çox oxumuşam. Hüseyn Cavidi oxuyanda böyük oluram. Sonrasına müasirlərdən Vaqif Nəsibi, Bəxtiyar Hidayəti, Namiq Rəssamı, Şərif Ağayarı, Mövlud Mövludu, Etmad Başkeçidi… Klassiklərdən Saltıkov Şedrini, Dostoyevskini, Şuşkini, Puşkini, Lermantovu, Mirzə Fətəli Axundovu, Sülüyman Sani Axundovu, Mirzə Cəlili oxuyanda sözün əsil mənasında keyiyirəm…

- Şeirdə ənənəyə necə baxır Hikmət?

- Fikrimcə, ədəbiyyatda, şeirdə ənənəçilikdən qaçmaq lazımdır. Hər kəs gərək ki, öz yolunu gedə, öz yazmaq istədiyini yaza. Kiminsə yolu ilə gedənin yolu olmaz. İstedadlı adamlar gec-tez öz yolunu tapırlar. Öz sözlərini deyirlər, qanında istedaddan əsər əlamət olmayanlar tapdaq olmuş yollarda ömür-gün çürüdürlər…

- Təzə nə var yaradıcılığında? Oxucular səndən nə gözləsinlər?

- Yardıcılığımda yeni çox şey var: şeir, hekayə, povestXalq üslubunda yazdığım şeirləri yaxınlarda saytlalrın ya, jurnalların birinə təqdim edəcəyəm. Oxucular yolumu gözləsinlər, hələ onlara deyəcək çox sözüm var!

 

Söhbətləşdi: Oktay Hacımusalı

Xalq Cəbhəsi.- 2012.- 4 dekabr.- S.13.