«Onlar türklərdi»

 

Azərbaycan mühacirət nəsrində «düşərgə mövzusu»nun bədii-estetik cəhətdən daha mükəmməl işlənilməsi baxımından Abay Dağlının «Onlar türklərdi» əsəri səciyyəvidir. «Onlar türklərdi» kitabını A.Dağlı 1951-ci ildə Ankarada Rana imzasıyla çap etdirmişdir. Həmin imzanın A.Dağlıya məxsusluğu onun «Əsir ruhlar» kitabına mühacir ədəbiyyatşünas və sənətşünas Mustafa Həqqi Türkəqulun yazdığı ön sözdən bəlli olur. Xocası və dostu A.Dağlının rus imperializminə qarşı dönməz mübarizlərdən olduğunu vurğulayan M.H.Türkəqul qeyd edir ki, «almanların məğlubiyyətləri ilə nəhayətlənən İkinci Dünya hərbindən sonra türklüyün son qalası və ümidgahı olan hürr və müstəqil Türkiyəmizə qovuşan Abay Mirzə «Onlar türklərdi» adlı 20-ci əsr köləlik diyarı olan Sovetlərin «Buzlu cəhənnəm» deyə adlandırılan Sibiryasında bir ovuc türkün mücadiləsini təsvir edən kitabını yaymağa müvəffəq oldu». Müəllifin sağlığında — 1957-ci ildə işıq üzü görmüş «Əsir ruhlar» kitabındakı bu məlumat «Onlar türklərdi» əsərinin A.Dağlı qələminin məhsulu olduğuna şübhə yeri qoymur. Yazıçının bu əsəri məxfi imza ilə çap etdirməsinin səbəbi isə, zənnimizcə, mühacirət həyatının ilk illərində sovet xüsusi xidmət orqanlarının təxribatlarından qorunmaq məqsədilə bağlıdır. Yeri gəlmişkən, A.Dağlı bu əsəri cəbhədə həlak olmuş məchul bir soydaşının qanlı çantasından tapılmış yazılar əsasında işlədiyini qeyd edir və həmin məchul yazarın üslubunu saxlamağa çalışdığını vurğulayır ki, bunu da bədii priyom kimi qiymətləndirmək olar. Müəllifin özününqeyd etdiyi kimi, həm memuar, həm də roman janrının ünsürlərini özündə ehtiva edən «Onlar türklərdi» əsərinin «Uzaq mənfalarda» adlı birinci hissəsində «sovet buzlu cəhənnəmi»nə — Sibirə sürgün edilən türklərin məşəqqətləri və köləlikdən qurtulmaq üçün təşkil etdikləri qiyamlar təsvir olunur. «Sosializm dövlətinin öz təbələrini planlı və mütəşəkkil bir surətdə yaxalayaraq, onları bir kölə kimi işlətdiyini» əyani şəkildə göstərmək üçün müəllif Sibirdəki əmək (oxu: ölüm — O.H.) düşərgələrindən birindəki dözülməz qeyri-insani şəraiti canlandırırbu fonda totalitar sovet rejiminin, Stalin diktaturasının cinayətkar mahiyyətini bütün çılpaqlığı, eybəcərliyi ilə açmağa müvəffəq olur. A.Dağlının təsvir etdiyi «əmək» düşərgəsinin sakinləri «bolşevik dilində anlayan kimsələrdir». Onların qarşısında duran əmək mükəlləfiyyəti yalnız həyatları bahasına icra oluna bilər. Çünki «ölüm əzabına qatlanmadan planı yerinə yetirmək mümkün deyil. Fədakarlıq göstərməyənlər isə ölümə məhkumdurlar…».

Düşərgənin məhbusları içərisində 30 nəfər türkvar. «Onların vəzifəsi çalışmaq, əli zopalı çavuşun vəzifəsi çalışdırmaq, silahlı mühafizlərin vəzifəsi isə tüfəngləri daima tətikdə saxlamaqdır». «Çalışanlar ölmüş arkadaşlarını sanki görmürlər və onların soyuq cəsədlərinə fikir vermirlər. İşdən ayrılmaq yasaqdır. Ölən ölməli, çalışan çalışmalı idi».

«Lakin gündəlik itkilərə baxmayaraq, otuzluq qruplarda kölələrin sayı azalmır. İşin sirri bundadır ki, iqtisadiyyat və cəmiyyətini planlı bir şəkildə idarə edən dövlət öz vətəndaşlarını da planlı bir surətdə həbs edərək əmək düşərgələrini kölələrlə təmin edir. Bu düşərgə də beş min nəfərlikdir. Əskilmir. Kölələr ölür və kölələr gəlirlər. Dəmir yollarından və yaşayış məntəqələrindən yüz kilometrlərlə aralı yerləşən «sovet əmək düşərgələri»ni mühafizə etməyə belə lüzum yoxdur. Kim haraya qaça bilərdi. Hər tərəf buz, qar və meşə. Lakin zaman-zaman baş verən qiyamlar dövləti düşərgənin mühafizəsini gücləndirməyə sövq etdi». Əmək düşərgələrində ölüm əzabına qatlaşanlar xüsusi üçlüklərin (troykaların) müxtəlif ittihamlarla məhkum etdiyi əksərən günahsız şəxslərdir. Onların cəza müddətləri 15-25 il arasındadır.

A.Dağlı dəstədə sağ qalan 21 soydaşımızdan yalnız 3 nəfərin — Nadirin, Kamranın və Muradağanın mübarizəsini əsərin sonuna qədər izləyir. Nadir — azərbaycanlı şagirdlərə türk uşaqları dediyi üçün həbs edilən müəllimdir. Kamranrus zabitlərini sillələdiyi üçün həbs edilən hərbçidir. Muradağa isə kolxoz əleyhdarı kimi yaxalanan Qaçaq Qarabəkirin məxfi adıdır. Məhz bu üç nəfər düşərgədəki 95 dəstəni birləşdirib, qiyama qaldırmağa müvəffəq olur. «Dünyada məhkum insanların intiqamı çox müdhiş olur. Hər cür diktator intiqamından daha müdhiş!..» — qənaətini aşılayan müəllif düşərgədəki məhbusların heç birinin qiyama qarşı etiraz etməməsini təbii və qanunauyğun sayır. Çünki «mühitiqlim amansız, bütün Sibiryabütün Sovetlər Birliyi amansızdı». Məhbuslar olumla ölüm arasında deyil, şərəfli ölümlə tədrici və əzablı ölüm arasında seçim etməlidirlər. Onlar şərəfli ölümüsavaşaraq ölməyi üstün tuturlar. Bolşevik əxlaqına bələd olan bu insanlar müdafiəsiz düşərgəni bombalamaq üçün cəza dəstələrinin bir an belə tərəddüd etməyəcəklərini bilirdilər. Nə qədər acınacaqlı olsa da, onların gözləntiləri özünü doğruldur. Düşərgədəki qiyam vəhşicəsinə yatırılır. Məhbusların üç günlük azadlığı onların böyük əksəriyyəti üçün ölümlə sonuclanır. Müəllif düşərgədəki qiyamı və cəza dəstələrinin zorakı hücumunu bütün dramatizmi ilə təsvir etməklə, bir tərəfdən, məhkum insanların azadlıq eşqini, həyatları bahasına olsa belə, bir neçə gün azad yaşamaq təşnəsini əks etdirirsə, digər tərəfdən, bolşevik rejiminin amansızlığını, qəddarlığını real səhnələrlə canlandırmağa nail olur. Eyni zamanda, rus əsgər və zabitlərinin qeyri-insani rəftarı müqabilində, Nadir və Kamranın əsir ruslarla alicənab davranışları da əsərdə türklüyün insani duyğularının təcəssümü kimi mənalandırılır. «Onlar türklərdi» əsərinin bədii strukturunda mühüm yer tutan Nadir, KamranMuradağa surətləri ilə yanaşı, iki qadın soydaşımızın — Nigar və Həmidənin də obrazları özünəməxsus bədii funksiya daşıyır. Nigar Nadirin, Həmidə isə Kamranın həyat yoldaşıdır. Ərləri Sibirə sürgün edilən hər iki qadın bolşevik rejiminə qarşı mübarizəyə qərar verir və beləliklə də, konspirasiya məqsədilə NigarNadya, Həmidə isə ZinaidaZinoçka olur. Moskvada xüsusi kəşfiyyat kursunda təhsil alan Nadya peşəkar casus qabiliyyətləri qazanır və burada toplanılmış təcrübə sonradan sovet rejiminə qarşı mübarizədə ona çox gərəkli olur. Zinoçka isə tibb bacısı ixtisasına yiyələnərək, ərinin sürgün yerinə — Krasnoyarsk diyarının Yeniseysk qəsəbəsinə yola düşür. Demək olar ki, bütün əsər boyu bu iki qadının taleyini izləyən müəllif onları müxtəlif dramatik vəziyyətlərdə təsvir edərək, istiqlal mücadiləsinin cəsur sıra nəfərləri kimi səciyyələndirir və bütün mürəkkəb məqamlarda Nigar və Həmidənin ağıllı hərəkətləri, təmkinli davranışları Azərbaycan — türk qadınına məxsus yüksək mənəvi keyfiyyətlərin təcəssümünə çevrilir.

Əsərin «Qanlı cəbhələrdə» adlı ikinci hissəsində sovet hərb sistemi, Kremlin velikorus şovinizminə söykənən antitürk, antimüsəlman siyasəti əsas ifşa hədəfi kimi seçilmişdir. Müəllif burada Almaniya ilə müharibənin sovet rejiminin çürüklüyünü, ideologiyasının qeyri-səmimiliyini bütün çılpaqlığı ilə üzə çıxardığıqını, «kommunizm məmləkəti» adlandırılan SSRİ-nin mahiyyət etibarilə rus imperiyasının davamı olduğunu xarakterik hadisələr və obrazlarla canlandırır, yüz minlərlə soydaş və dindaşımızın, həmçinin bir çox rusların belə bolşevik zülmündən qurtulmaq üçün almanlara bəslədikləri ümidləri əks etdirir

 

  Oktay

Xalq Cəbhəsi.- 2012.- 13 dekabr.- S.13.