Tərəqqipərvər şair

  Çağdaşları Mirzə Məhəmməd Katib haqqında ziddiyyətli yazır

 

XIX əsrdə Şuşa şəhərində yaşayıb-yaratmış şairlərdən biri də Mirzə Məhəmməd Katibdir. Tanınmış araşdırmaçı, filologiya üzrə elmlər doktoru Paşa Kərimov bu yöndə araşdırma aparıb. Məlum olur ki, onun haqqında geniş oxucu kütləsinə ilk məlumatı AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun mərhum əməkdaşı, filologiya elmləri namizədi Nəsrəddin Qarayev 1987-cı ildə «Yazıçı» nəşriyyatında çapdan çıxan «Poetik məclislər» kitabında verib. Həmin məlumata görə, 1833-cü ildə Şuşada anadan olan Mirzə Məhəmməd Məşədi Bayram oğlu Katib təhsilini də burada alıb, Şuşada fəaliyyət göstərən «Məclisi-fəramuşan»ın üzvü olub: «N.Qarayev şairin Mirzə Fətəli Axundovla dost olduğunu, onunla məktublaşdığını da bildirir. M.M.Katibin bir neçə şeirini özünün təzkirəsində çap etdirən Mir Möhsün Nəvvabın (1833-1918) dediyinə görə, şair Şuşanın Çuxur məhəlləsindən olub. Onun qəsidə, qəzəl, müxəmməs, mürəbbe, müstəzad və həcvlərinin ümumi həcmi təxminən iki min beytdir. Şairin həm də gözəl xəttat kimi tanındığını, əksər vaxtlar yanında olduğunu söyləyən M.M.Nəvvab onun sadəlövh bir adam olması barədə belə yazır: «Hər nə desəydilər, inanardı. Çox vaxt gülmək üçün bəzi zarafatcıl şəxslər başqa adamların dilindən ona yalan çatdırardılar ki, filankəs sizə belə demədi, elə dedi. Həmin günya o günün axşamı o biçarə günahsıza həcv yazardı». Özünün «Riyazül-aşiqin» təzkirəsində M.M.Katibin bir neçə şeirini verən Məhəmmədağa Müctəhidzadə (1875-1956) onun hicri tarixlə 1306-cı ildə (1888) vəfat etdiyini göstərir».

Görkəmli ədəbiyyatşünas alim Salman Mümtaz «Ədəbiyyat qəzeti»nin 1935-ci il 12 aprel tarixli nömrəsində çap etdirdiyi «Mirzə Fətəli Səbuhi və Mirzə Məhəmməd Katib» məqaləsində Katib haqqında bir sıra məlumatlar verib, Mir Möhsün Nəvvabın onun haqqında dediyi bəzi fikirləri təkzib edib: «Mirzə Məhəmmədi «Mirzə Fətəlinin öz əqidəsi yolunda çalışmağa cəlb etdiyi və beləliklə, yetişməsinə səbəb olduğu simalardan biri» hesab edən Salman Mümtaz bildirir ki, 25 il öncə bir neçə mənbədən, xüsusilə də şairin «Katiboğlu» adı ilə tanınan böyük oğlu Zülfüqardan əldə etdiyi məlumata görə, «Katib əqilli-başlı, əqidəli və tərəqqipərvər bir şair imiş». Mirzə Məhəmmədin bir neçə şeirini, o cümlədən M.F.Axundova yazdığı iki qoşmasını «Ədəbiyyat qəzeti»ndə çap etdirən Salman Mümtaza görə, Katib «Nəvvabın göstərdiyi kimi, sadəlövh və hər bir şeyə inanan şəxs olsa idi, heç bir zaman Mirzə Fətəli kimi mütəfəkkirimizin nəzər-diqqətini cəlb edə bilməzdi». Məqaləni Katibin ölümündən 50 il keçməsi münasibəti ilə yazdığını bildirən Salman Mümtaz şairin M.F.Axundova ünvanladığı bir qoşmasını misal gətirərək yazır: «Yuxarıdakı qoşmadan apaçıq görünür ki, Mirzə Fətəli ilə Katibin arasında bir dostluq və xüsusiyyət var imiş». Bunun üzərinə Mirzə Fətəlinin Katibi Tiflisdə qurulacaq «Məclisi-xasə» dəvət etməsi və ondan «xəyalat» istəməsi də əlavə edilsə, məsələ tamamilə aydınlaşar: «Şairin ədəbi irsi barədə müəyyən təsəvvür əldə edə bildiyimizə görə biz onun əsərlərini köçürmüş görkəmli ziyalılarımız Əlabbas MüznibSalman Mümtaza borcluyuq. Hər iki ədibin əlyazmaları hazırda AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılır. Əlabbas Müznib şair haqqında əldə edə bildiyi məlumatları da verib. Şairin Şuşada fəaliyyət göstərən «Məclisi-üns» ədəbi məclisinin üzvü olduğunu göstərən Müznib onu başqa müasirləri Abdulla bəy Asi, Məhəmmədəli bəy Məxfi, Ağa Həsən, Mirzə Ələsgər Növrəslə müqayisə edir. Müznibə görə, öz müasirlərindən daha soyuqqanlı olduğu üçün Katib onların mübahisələrinə, məsələn, Natəvana yazılan həcvə və bu həcvə verilən cavablara qarşı etinasız olub. Mirzə Məhəmməd Katibin müasir oxuculara təqdim olunan şeirləri Əlabbas MüznibinSalman Mümtazın topladığı əlyazmalardan götürülüb».

Əlabbas Müznib isə yazır: «XIX əsrin ikinci yarısındakı şairlərdən biri də Mirzə Məhəmməd Katibdir. Zamanın görkəmli şairlərindən olub, yoxsul bir ailəyə mənsubdur. Atası Məşədi Bayraməli kimi özüyoxsulluqla keçinib. Xurşidbanu Natəvanla müasir olub, «Məclisi-üns»ün üzvlərindəndir. Abdulla bəy Asi, Məhəmmədəli bəy Məxfi, Ağa Həsən, Mirzə Ələsgər Növrəs kimi diricoşğun şairlərlə bir yerdə, məclislərdə yarışmışsa da, soyuqqanlı olduğu üçün onların qarışdığı bir çox işlərə qarışmayıb. Misal üçün, Natəvanın yaxın adamı və ən sevdiyi bir şair olsa da, yenə onun üstündə qopan həcv gurultusuna qayət etinasız baxıb. Fəqət qayət dindar olub. Şəriətin caiz görmədiyi hər yüngül bir şeyə böyük bir diqqətlə baxdığı kimi, həyati-ictimaiyyəyə və əsrin iqtiza etdiyi yaşayışa da xor baxıb. Qayət sadəlövh

olub və sufiyanə yaşayıb. Qəzəllərinin, mürəbbelərinin hər yerində eşq, eşqi-şərab, mey-məzə, xalü-xət, qaş-gözdən dəm vurub məczub bir eşqli kimi aşiqanə şeirlər yazıb. Buna da yaşadığı mühit səbəb olub. Qarabağ müsəlman bağçılarının ermənilərlə şərik şərab qayıranlar haqqında yazdığı uzun bir həcvi şahiddir. Nəhayət, 1306-da (1888-1889) Şuşada vəfat edib. Bura toplanılan qəzəllər və mürəbbelər onun asari-məfrukəsindəndir».

Salman Mümtaz yazır ki, Mirzə Fətəlinin öz əqidəsi yolunda çalışmağa cəlb etdiyi və beləliklə, yetişməsinə səbəb olduğu simaların biri də yuxarıda adını qeyd etdiyimiz M.M.Katibdir, Allahqulu oğlullarından Məşədi Bayramın oğludur: «Kitabətlə, kitab üzü ağartmaqla məşğul olduğu üçün təxəllüsünü «Katib» qoyub. Katib Mirzə Fətəli, Qasım bəy Zakir və sairə ilə həməsr imiş. Mir Möhsün təzkirəsində Katibdən bəhs edərkən onun şənin alçaldıb, onun haqqında olduqca mənasız məlumat verib». Mir Möhsün yazır: «Mirzə Məhəmməd Katib mənim yanıma çox gələrdi. Özü də sadəlövh və hər sözə inanan bir kişi idi. Sənəti şairlik olub, hər cürə şeirlər söylərdi. İki min beytdən ibarət bir məcmuəsi vardı» («Təzkireyi-Nəvvab; s. 86-87). Amma bizim Katib haqqında topladığımız məlumat, Mir Möhsünün verdiyi məlumatın tamamilə ziddinədir. Bizə məlumat verənlərin cərgəsində Katibin böyük oğlu olan Zülfüqar da var ki, bu gün belə sağ və «Katib oğlu» adı ilə məşhurdur. Bizdə olan məlumata görə, Katib əqilli-başlı, əqidəli və tərəqqipərvər bir şair imiş. Fəvqəladə kasıb olması, yaşadığı mühitin yaramazlığı, meydanda tək qalması, onun qol-budaq atmasına imkan verməyib. Katib Nəvvabın göstərdiyi kimi, sadəlövh və hər bir sözə inan bir şəxs olsa idi, heç bir zaman Mirzə Fətəli kimi böyük mütəfəkkirimizin nəzər diqqətini cəlb edə bilməzdi. Katibin haqqında toplaya bildiyimiz məlumat və onun bizdə olan əsərləri, xüsusilə Mirzə Fətəliyə yazmış olduğu iki qoşması yuxarıda dediklərimizin doğruluğuna mötəbər sənəddir. Bu sənədlər bizim sözümüzü tamamilə təsdiq edir».

 

Uğur

Xalq Cəbhəsi.- 2012.- 8 dekabr.- S.14.