«Məni belə
tanı sən»
Yusif Məhəmmədoğlunun
kitabının təqdimatı keçirildi
Dünən
Azərbaycan Yazıçılar Birliyinin «Natəvan» klubunda Yusif
Məhəmmədoğlunun «Məni belə tanı sən»
kitabının təqdimatı keçirildi. Tədbiri giriş sözüylə Ədalət Əsgəroğlu
açdı, onun kitabının məziyyətlərindən
danışdı. Əyyub Qiyas Yusif haqqında ürək sözlərini bölüşdü: «Onun
simasında son illər insanların
simasında itirdiyim səmimiyyətin,
qayğının bütün
çalarlarını gördüm. O, həmişə
tələsir və bu tələskənlik
enerjisi yaxşı mənada qibtə
olunandır. Yusif adlı bir şair
də var bu dünyada. İddiası olmayan,
öz dünyasında, öz
içində, ruhuyla, hissləriylə baş-başa qalıb duyğularını
kağıza köçürən Yusif.
Şeir ümumiyyətlə, ədəbiyyatın
özü bütövlükdə
gerçəklə yalanın qovuşumundan
yaranan illüziyadır. Şeir
də ruh kimidir,
adamın havasını alır, içini
yüngülləşdirir onu tərk
etdikcə. Yusif də içindəki
ağrını boşaltmaq məqsədilə
qələmə sarılır. Əsas olan
odur ki, ürəyin yükü azalsın. Hər yazılan
şeirlə ömrün bir
səhifəsi qapanır, təzə bir səhifəsi
açılır».
Daha sonra kitabın redaktoru Ehtiram İlham, Kəmaləddin Qədim, İşıqlı Atalı, Hovruz Quliyev, Abbas Qaraoğlu, Oqtay Rza, Könül Səid, Oqtay Hacımusalı, Faiq Balabəyli, Cəlil Cavanşir, Zaur Qəriboğlu, Bəydadaş Cəfərli, Əkbər Qoşalı və başqaları çıxış etdilər. İnsanın Yurd, Vətən, ailə sevgisi var, əslində heç bir qadağa tanımayan. Sevgi zamandan üstünlükdür. Bu duyğu fitridir. İndi yaradıcılıqda təzə söz demək, başqasından fərqlənmək olduqca çətindir. Fitri qabiliyyətə görə fərqlənmək hələ ki, yaradıcının özünü təsdiqi deyil. Əbədiyyətin ölçüsüylə yaşamaq, təsdiq olunmaq gərəkdir. Zamanın ölçüsündə təsdiq insanı var etmir, edə bilmir. İnsan yazdıqlarına bərabər olub yaşayanda var olur. Yusif Məhəmmədoğlunun kitabında həqiqətə, özünütapmaya, özünüifadəyə qarşısıalınmaz təşnəlik var. Çox zaman yaradıcı insan sadəcə, içinin ağrılarını yazır. Ancaq əslində yaradıcılıq məqsədli özünüifadədir həm də. Minlərin ağrısını bir şeirində, yazında ifadə etdiyin dərəcədə yaradıcısan. Yusifin də obrazları ənənəvidir: insan, Yurd, Vətən, təbiət, ailə, ata-ana, sədaqət, səadət… O, fitrətən inanır ki, yamanlıq yaxşılığı əyə bilməz. İnanır ki, təbiətlə insanın ruhu birdir əslində. Vətənə yalvarır, dağa yalvarır, torpağa yalvarır: Vətəndə insanı, torpaqda müqəddəsliyi, dağda vüqarı görə bilir. Ancaq bu duyğuları kim ömürləşdirəcək? Qlobalçılığın tüğyan etdiyi, Vətənçiliyin gözümüzdən salındığı bir zamanda kimlər ömrünü dediyi kimi yaşayacaq? Söz-əməl vəhdətinə nə zaman yetəcəyik? Böyük sevgiyə yetməliyik. Təbiətə münasibətdə də, insana münasibətdə də, ailəyə münasibətdə də, Vətənə münasibətdə də.
Saxta fərəhlərdən, saxta məqamlardan uca olmaq, əsl fərəhə yetmək gərək. Ömrü biryolluq fərəhlə yaşamaq. İnsanları sevgiyə çağırıb da sevgisiz qalmağa haqqımız yoxdur. Bu səbəbdən də yaradıcılarımız beşgünlük yox, əbədi, müqəddəs sevgi ünvanı olmalıdırlar. Yusifin şeirlərinə, ömrünə həyatçılıqla, bəsitliklə ardıcıl, aramsız, qəti mənəvi döyüş arzulayıram. İnsan taledən üstün ola bilər. Qoy elə ədəbiyyatçılarımız yaransın ki, onlar əsərlərində nifrət etdiklərinə həyatda qətiyyən məhəbbət bəsləməsinlər. Bu, ədəbiyyatın başlıca qayğısı olmalıdır. Yusif yazı çox sevir, onu vəsf edir. Yaz sevdalısı olmaq gözəldir, ancaq azdır. Ömürlərə qışın oğlan çağında yazı gətirmək gərəkdir. Deməli, gərək yaradıcı özü yaz ünvanı olsun. Bu, çətindir, ancaq mümkündür.
Yeni, ümidli mövzular gərək şeiriyyətə. İnanırsan ki, yazırsan. Yusif Məhəmmədoğlunun elə şeirləri var ki, aydan arı, sudan durudur, yəni məzmun-biçim vəhdəti var, ağıla aydınca çatır. Hər kəs bu şeirləri öz ürəyinin nəğməsi kimi oxuya bilər. Bir neçə şeiri də var ki, bütünlüklə aşıqsayağıdır. Aşıq sənətinin imkanlarından bəhrələnməsi, hecada yazması yaxşı hadisədir. Duyğuları mümkün qədər hecada demək, başlı-başına buraxmamaq gərəkdir. Şeiriyyət həm də biçim nizamı deməkdir. Əgər kimsə sərbəstdə də gözəl şeirlər yaradırsa, artıq bu, onun hünəridir. Yusif Məhəmmədoğluya qələminin daha da cilalanmasını, şeiriyyətin mahiyyətinə bütövlükdə yetməsini, yaradıcılıq imkanlarını tam aşkarlamasını, duyğu yetkinliyinə çatmasını, bənzərsizliyini yaratmasını arzulayıram.
Uğur
Xalq Cəbhəsi.- 2012.- 1 fevral.-
S.14.