Gənclik – bu günümüz və
gələcəyimiz
Çağımızın ən böyük qayğılarından biri gəncliklə bağlıdır. İndi hamı gənclik, gənclər haqqında danışır, daha çox məsləhət verir. Ancaq deyilələrin çoxu təəssüf ki, gerçəkləşmir, çünki məsləhət verənlər dedikləri kimi yaşamağa səy etmirlər. Əlbəttə, indi insanları yaxşılığa çağırmaq asan olduğu dərəcədə də çətindir. Gəncliyi bu gün özünə çəkən məqamlar çoxdur: «gənclik» sözü çılğınlıqla təndir. İstər-istəməz çılğınlıq gənclərin halındadır. Ancaq gəncliyi elə kökləmək gərəkdir ki, bu çılğınlıq milli hiddətə, milli varlığımızın təsdiqinə xidmət etsin. İndi çağımızda gəncliyə təqdim olunan nəsnələr çoxdur: yüngül musiqilər, filmlər, oyunlar, yüngül zövqlər baş alıb gedir. Məhz belə bir qarışıqlıqdan aydınlığa gəncliyi çıxaracaq yön gərəkdir. Təəssüf ki, belə bir durumda milli-mənəvi dəyərlər daha çox ironiya obyektinə çevrilir. Ancaq çıxış yolu gərəkdir: sadəcə, yaşamağın insani, milli yönü yaranmalıdır. Necə yaşayaq ki, millət, dövlət olaraq var olaq? Gəncliyi bu yöndə kökləmək üçün hər bir kəs düşünməlidir. Gənclik haqqında kim yazmayıb ki? Çoxu da öz gənclik dönəmində dünyanı daha çox «asıb-kəsib», gənclik dövrünü başa varandan sonra həyata təslim olub. Ancaq insan gərək böyük mənada ağlı kəsəndən ömrünün sonuna kimi özündə uşaqlıq hikmətini, gənclik yetkinliyini, qocalıq ucalığını daşıya bilsin. Gənclik insan həyatının ən məhsuldar, enerjili, arzulu, həm də sonsuz ümidli bir çağıdır. Hər bir insan gənclik dövrünü mümkün qədər qanadlı yaşamağa çalışır. De gəl, çox zaman arzu elə arzu olaraq da qalır. Məsəl var ki, cavanlıqda adamın əli uzun olur, qocalanda dili. Sovet dövrünün gəncliyi barədə bu gün daha çox nostaljiylə danışılsa da, hər halda bu, faktdır ki, o zaman da gəncliyin kifayət qədər çoxsaylı problemləri var idi. Rusiya imperiyasının təməlində qurulan sovet imperiyası kollektivləşmə, faşizmlə müharibə, müharibədən sonrakı quruculuq dönəmi gəncliyin enerjisindən amansızcasına istifadə etdi. SSRİ süqut edən zaman başqa respublikalar kimi azadlığa çıxan Azərbaycan da gərgin həyat yaşamalı oldu. Azərbaycan gəncliyi yenə də problemlər burulğanından çıxa bilmir. «Gəlirim azdır, ailə qursam, necə yaşayacağam?»: bu, çağdaş dövrdə gənclərin tez-tez səsləndirdiyi fikirlərdəndir. Hazırda Azərbaycanda sosializm dövündən tamam fərqli bir quruluş bərqərar olub. İndiki quruluşun bazar münasibətləri əsasında formalaşdığı dönə-dönə vurğulanır: adına nə deyilsə də, bu, açıq-aşkar kapitalizmdir. Təbiidir ki, kapitalizmdə mahiyyətcə hər şeydə pul öz sözünü deyir. Çağdaş çətin şərait ilk növbədə ailə qurmaq yaşına çatmış gənclərimizin əhvalına xüsusi təsir edir, onların ömründə aradan qaldırılması çətin olan aşınmalar yaradır. Hazırda Azərbaycanda gənclərin əvvəlki illərə nisbətən gec ailə qurması müşahidə edilir. Soydaşlarımızın fitri ailəcanlı olması hamıya məlumdur. Adətən bu və ya digər gəncin gec ailə qurması yaxın ətrafının da psixoloji durumunu gərginləşdirir. Qərb ölkələrində qızlar da oğlanlar kimi ağılları kəsəndən çörək qazanmağa başlayırlar. Ailə qurmaq vaxtı çatdıqda bu məsələni ya arxa plana atır, ya da evlənəcəkləri oğlanın qarşısında xüsusi şərtlər qoyurlar. Haradasa Avropa ölkələrində gənclərin gec ailə qurması artıq ənənəyə çevrilib. Azərbaycanda «qarımış qız problemi»nin yaranması bilavasitə gənclərimizin tərəddüddə qalması ilə bağlıdır. Ancaq maddi çətinlik evlənməmək üçün əsas ola bilməz. Ailə quracağı halda çətinliklərə tuş gələcəyini fikirləşən gənc problemi həll etmiş olmur. Həqiqət budur ki, problem ildən-ilə daha da aktuallaşır. Mütəxəssislərin fikrincə, vaxtında ailə qurmayan şəxslərin sonradan əsəb xəstəliklərinə tutulma ehtimalı böyükdür. Burada əsas problem kimi meydana çıxan toy xərci istər-istəməz vəziyyəti daha da gərginləşdirir. Qonşusundan, tay-tuşundan geri qalmağı özünə sığışdırmayan gənclər çox zaman toy xərcinin əndazəyə çıxacağını görüb evlənmək fikrindən vaz keçirlər. Hər halda bütün bu dəbdəbə və təntənələri azaltmaq, heç olmasa, sadələşdirmək mümkündür. İnsanlar idraki imkanlarını aşkarlanmağa başlayandan dərk ediblər ki, ailə olması son dərəcə zəruridir. İnsan öz idrakı, ruhu vasitəsilə ailəni mənalandırır. Burada artıq ata, ana sadəcə uşaq dünyaya gətirən varlıq rolunu oynamırlar. Ailə hər şeydən əvvəl millətin özünütəsdiq formasının başlanğıcı hesab edilir. Tarixən ölkəmizdə ailə ənənələri hədsiz möhkəm, davamlı olub. Təxminən son 20 il ərzində azərbaycanlıların ailə həyatında ciddi problemlər müşahidə edilməkdədir. Problemlərin yaranmasının isə çoxşaxəli səbəbləri mövcuddur. Hazırda bütün dünyada qloballaşma problemi, reallığı var. Dünyanın bir tərəfində baş verən hadisə az sonra o biri tərəfində insanda reaksiya doğurur. Bunun zərbəsi isə ilk növbədə ailələrə, ailələrdə böyüyən uşaqlara dəyir. Sözügedən məsələ gənc ailələrin ömründə daha ağrılı izlər buraxır. Zamanın bütün dəyişkənliyinə, ziqzaqlarına davam gətirmək, ailəni qorumaq, milli mentalitetin tələblərinə daim əməl etmək son dərəcə çətin, ancaq qaçılmazdır. İndi müxtəlif yönlü informasiyalar ailələrdə stresslərə də səbəb olur. Gənc ər-arvad nə qədər güclü olmalıdırlar ki, belə hallar onlara qətiyyən təsir edə bilməsin.
Gənc ailələrin problemləri əsasən sosial təminatla bağlıdır. Tutaq ki, gənc ailənin bir övladı var. Ancaq onun ərzaq, yaşayış, istirahət təminatı istənilən səviyyədə deyil. Gənclər çətin şəraitə bir neçə ay, bir neçə il dözürlər. Sonra isə narazılıqlar əmələ gəlir. Çox hallarda ailədə yaranan belə narazılıqlara yaxın qohumlar qoşulur. Gənc ailələrə kənar adamların müdaxiləsi, anlaşılmazlıqlar hətta ayrılmalara da gətirib çıxara bilir. Çağdaş dövrdə gənc oğlanların ailəçiliyə atüstü münasibətinin artması da ciddi problemlərdəndir.
Cəmiyyətdə donjuanlıq bəlası getdikcə artır. Gənclər arasında beşgünlük sevgi münasibətləri tüğyan edir. Bu və başqa amillər gənc oğlanların qızlara qarşı qeyri-ciddi münasibətlərinin alışmasına səbəb olur. Qadının ən böyük hünəri, özünütəsdiqi analıqdır və çağdaş qlobalçılıq dönəmi ailəyə qarşı olduğu dərəcədə ictimailəşdirmə əhvalını hər vəchlə artırır ki, istəyinə çatsın. Əgər ailə kimi əvəzsiz bir biçimə zərbə dəyirsə, o deməkdir ki, dövlətə zərbə dəyir. İri dövlətlərin bu mənada qloballaşma məsələsində hesaba aldıqları hədəflərin mahiyyətini anlamaq çətin olmur.
Qadınlar özlərinin ilahi imkanlarını gözəl duyurlar. Bununla belə, kişilərin qadınlar haqqında yüzillər ərzində formalaşmış qənaətləri ilahiliklə yanaşı həm də təzadlı xarakter daşıyıb. Əslində cəmiyyətdə qadınlarla bağlı yaranan ziddiyyətli təəssüratların səbəbkarı əksər hallarda kişilər olub. Qadın həmişə fitrətən kişi idrakına, ruhuna ehtiyac hiss etdiyi kimi kişi də həmişə qadın zərifliyini idealizə edib. Zamanımızda qadının əşyalaşması fəlakətli bir cəhət olaraq sezilməkdədir. Türk ailəliyində qadına ilahi münasibət son dərəcə heyrətamizdir. «Dədə Qorqud dastanları»nda qadın kişinin «başının baxtı, evinin taxtı» hesab olunurdu. Təəssüf ki, indi yurdumuzda da qadına ilahi münasibət səngiməkdədir. Bu sarıdan gənciyin qədim ənənələr üstə köklənməsi gərəkdir.
Gənclər arasında intiharların artması da düşündürücü problemdir. İntiharların təkcə maddi problemlərdən yarandığını düşünmək səhv olardı. Düzdür, bu amil o biri amillərdən qabarıq görünmür, ancaq əsas problem insanların, xüsusən də gənclərin inamsızlığındadır. Gecə-gündüz informasiya bolluğunda qalan gənclər çox zaman çaşır və belə məqamlarda intihara əl atırlar. Hər bir dövrdə mövcud olan gənc nəsil əgər doğru-düzgün istiqamətləndirilmirsə, o zaman onun başqalarına, yəni özgələrə yaraması fəlakəti baş verir. Sovet dönəmində Quzey Azərbaycan gəncliyi rusçuluq təsirinə salındı. Güneydəki gənc nəslin isə daim farsçılıq təsirinə salınması cəhdi bu gün də davam edir. SSRİ dövründə Azərbaycan gəncliyi ardıcıl olaraq xof içində yaşayıb. Hər halda həmin xofun təsiri bu gün də içərilərdə qalmaqdadır. Ölkəyə ideoloji-dini yöndə müdaxilə etmək istəyən xarici qüvvələr ilk növbədə gəncliyi hədəf alırlar. Bu kimi bəlalara qarşı durmaq, gənclərdə coşğun, tükənməz həyat eşqi yaratmaq ilk növbədə Azərbaycan aydınlarının qaçılmaz borcudur. Özünü aydın sayan hər bir kəs bu borcunu ödəməlidir.
Uğur
Xalq cəbhəsi.- 2012.- 3 fevral.- S. 14.