Həqiqət aşiqi Yunis İmrə

 

 Onun yaradıcılığında həyat eşqi, yaşamağa, yaratmağa meyl güclüdür

Türk xalqlarının görkəmli sənətkarlarından biri Yunis İmrədir. İlahi eşqi tərənnüm edən ədəbiyyatın ilk gözəl nümunələrini Yunis İmrə yaradıb. O, bütün türk ellərini demək olar, gəzib, ilahi eşqi və insana məhəbbəti təbliğ edən şeirlərilə tanınıb. Yunis İmrə sənətindən, onun sənətkarlıq qüdrətindən uzun illər boyu ondan sonra gələn sənətkarlar, aşıqlar çox şeylər öyrəniblər. Yunis İmrə öz əsərlərində ilahi eşqi tərənnüm edir və bu eşq, məhəbbət insana, təbiətə, vətənin gözəlliklərinə olan eşq və məhəbbətdə birləşir. Sufi şair ətrafında baş verən həyat hadisələrində, Tanrının yaratdığı hər şeydə – Günəşdə, Ayda, ulduzda, güldə, çiçəkdə, quşların avazında bir gözəllik görür və bu gözəlliklərə vurğunluğunu poetik dillə vəsf edir.

Sufi təlimini yaradıcılığında yaşadan, sufizm ideyalarının tərənnümçüsü olan Yunis İmrə həyatın varlığında Tanrının varlığını qəbul edir. Yunis İmrə yaradıcılığı zəngin bir yaradıcılıq olub, türk-Azərbaycan şeirinin inkişafında misilsiz rol oynayıb. Onun ədəbi irsi yüzillər keçməsinə baxmayaraq həmişə, hər zaman sevilib, könülləri oxşayıb. Yunis İmrənin hər şeiri, hər misrası qiymətli, zəngin məna dolğunluğuna malikdir. Onun heca vəznində yazıb-yaratdığı qoşmaları, gəraylıları, təcnisləri ayrı-ayrılıqda qiymətli sənət nümunələridir. Bu qoşmalar, gəraylılar hər biri bir ustadnamə, dərin məzmunlu məhəbbət dastanlarıdır. Onun əsərləri istər forma, istərsə də məzmun baxımından insan ağlının, zəkasının hüdudlarına sığmayan, ürəkləri ehtizaza gətirən sənət əsərləridir:

 

Məni məndə demə, məndə deyiləm,

Bir mən vardır məndə məndən içəri.

Süleyman quş dili bilir, dedilər,

Süleyman var, Süleymandan içəri.

 

Yunis İmrənin hər kəlməsi, hər misrası fəlsəfədir. Hər misrası bir dəryadır, onun dərinliklərinə baş vuran bu dəryadan nadir incilər tapıb üzə çıxarır. Bu, özü elə bir sənət dəryasıdır ki, onu insan ağlı, zəkası, insan istedadı yaradıb. Saz və söz sənətinin mükəmməl ustadı olan şair şifahi aşıq poeziyasının bütün incəliklərinə dərindən bələd olan sənətkar idi. Molla Qasım kimi Yunis İmrə Azərbaycan aşıq poeziyasının inkişafında mühüm rol oynayıb, Nizami Xəlilovun dediyi kimi: «Tədqiqatçıların sırf Azərbaycan dili ləhcəsində yazdığı qənaətində olduqları Yunis İmrə eyni zamanda Azərbaycan aşıq şeirinin yüksəlməsində, milli aşıq poeziyası ənənələrinin formalaşmasında öncül və aparıcı mövqeyə malik olub».

Türk dünyasının qüdrətli sənətkarının zəngin yaradıcılığının aşıq poeziyamızın inkişafında oynadığı mühüm rol ondan sonra gələn və bu dövrdə yaşayıb, yazıb-yaradan aşıq sənətkarlarımızın yaradıcılığında aydın görünür. Yunis İmrə aşıq şeiri tərzində yazıb-yaradıb, aşıqlıq sənətinə dərindən bələd olub, öz əsərlərini sazda çalıb oxuyub. Onun əsərlərində ilahi eşq tərənnüm olunur. Əsərlərində eyni zamanda insan sevgisi, sadə xalqa məhəbbət, gördüyü haqsızlıqlara qarşı şikayət, tərkidünyalığa qarşı etiraz motivləri güclüdür.

Yunis İmrə yaradıcılığı bir daha bizə bunu deməyə əsas verir ki, başqa şifahi folklor nümunələri kimi aşıq poeziyası da çox-çox qədimlərdə təşəkkül tapıb, inkişaf edib. H.Araslı yazırdı: «Ən qədim aşıq şeiri nümunələrini XI yüzilin yadigarlarında görürük. Bir çox ölkələri gəzib türk tayfalarının lüğətini yazmağa çalışan və nəhayət, «Divani-lüğət-it türk» adlı məşhur əsərini 1077-ci ildə Bağdadda bitirən Qaşğarlı Mahmud öz kitabında Azərbaycan xalqının etnik tərkibinə daxil olan oğuz, türkmən və qıpçaqların şifahi və yazılı ədəbiyyatlarından da nümunələr yazıb. Bu nümunələr içərisində qoşma, qoşqu adlanan şeirlər qədim ozan şerimizin nümunələridir».

Yunis İmrə məhz o qədim ozan şerimizin yetişdirdiyi kamil sənətkar, aşıq-ozan olub, zəmanəsinin və sonrakı dövrlərdəki aşıq poeziyasının inkişafında mühüm rol oynamış şəxsiyyətdir. Bəlkə də XIII yüzilə qədərki dövrlərdə onlarla el aşıqları, ozanları olub, ancaq onların əsərləri əlimizə gəlib çatmayıb. Yunis İmrə yaratdığı əsərləri ilə zəmanəmizə qədər gəlib çatıb, özündən sonrakı aşıq poeziyasının heca vəznində yazılan gözəl əsərləri ilə bu sənətin inkişafında dərin izlər buraxıb. Yunis İmrə yaradıcılığında həyat eşqi, yaşamağa, yaratmağa meyl güclüdür. Onun şeirlərində canlı bir lirika var. O, xalqına, vətəninə bağlı sənətkardır:

 

Yunis deyər: el quluyam,

Elim varsa, mən uluyam!

Ərənlərin haqq yoluyam,

Xalq ucaldar tutduğunu.

 

Əsərlərindəki xəlqilik Yunis İmrəni sevdirir, şeirlərindəki müasirlik şairin yaşadığı dövrdən yüzillər keçsə də, təravətini saxlayıb: «Elim varsa, mən uluyam» misrasında sənətkar elinin cəfakeşi olmasıyla fəxr edir, çünki «qulu» olduğu vətən onun əbədiliyini, ululuğunu təmin edir. Vətənin, torpağın qayğıları ilə yaşayan, onun istək və arzularını, qəmini, sevincini onunla bölüşən sənətkarı xalq ucaldar, yüksəkliklərə qaldırar, sənətinə, sənətkarlıq məharətinə qiymət verər, hörmət-izzət sahibi edər.

Yunis İmrə bir el aşığı, sənətkarı kimi xalqına, millətinə, gənc nəslə gözəl, əvəzsiz nəsihətlərini verir, onları ağıllı, vətəninin sevməyə, xalqına, millətinə, onun kasıbına, xəstəsinə qayğı ilə yanaşmağı tövsiyə edir, pis əməllərdən uzaq olmağa çağırır. Eyni zamanda xalq qarşısında öz əməllərinin məsuliyyətini daha dərindən duyur:

 

Yanlarıma qona əlim

Söz söyləməz ola dilim,

Qarşıma gələ əməlim

Neyləmişəm, görəm bir gün.

 

«Beş qarış bezdəndir donum»- deyən şair bu dünyada öz yaxşı əməlləri ilə ad qoyub getməyi, dünyanın hər varından, dövlətindən üstün tutur. Çünki bilir, bu dünyanı tərk edib gedəndə, o var-dövlətdən ona ancaq beş metr bez düşəcək. Özündən sonra bu dünyada qoyub getdiyi yaxşı əməlləri qalacaq.

Yunis İmrə yaradıcılığında xalq ədəbiyyatıyla möhkəm tellərlə bağlıdır. Onun əsərlərində insan sevgisi Tanrı sevgisiylə birləşir. Ulu ozanın gözündə insan qəlbini almaq, könülləri sevindirmək bir Kəbə yapmaq qədər qiymətlidir, savabdır. Ona görə də şeirlərində insanları bir-birini sevməyə, bir-birinin qayğısını yüngülləşdirməyə çağırır, ancaq humanist prinsipləri qoruyub saxlamağı tərənnüm edir. Ustadın fikrincə, qəlbində Allah sevgisi olan insani sevgini də yüksək tutmalıdır:

 

Bir yol könül yıxar olsan

Bu qıldığın namaz deyil.

Yetmiş iki millət gələ

Əlin-üzün yumaz deyil.

 

Bircə könül yapdın isə,

Əl-ətəyin tutdun isə,

Bir yol xeyir etdin isə,

Lap mində birsə, az deyil!

 

Şair insanları dünyanın zövq-səfasına uymamağa, böyük qayğılarla yaşamağa, insan sevgisindən zövq almağa, könüllərdə öz işiylə, əməliylə qalmağa, insanlığa xidmət etməyə çağırır:

 

Çalış qazan, ye, yedir,

Bir könül ələ gətir.

Yüz Kəbədən yeyrəkdir,

Bir könül ziyarəti.

 

Yunis İmrənin poeziyası humanist poeziyadır. O, öz humanist duyğularını verərkən, fikir və duyğularını tərənnüm edərkən mifik obrazlardan, dini rəvayətlərdən, müqəddəs kitablardan, folklor obrazlarından, motivlərindən, əfsanə qəhrəmanlarıyla bağlı mövzulardan, süjetlərdən yararlanıb. Yunis İmrə paklığı, saflığı onun məhəbbət mövzulu şeirlərində tamamilə açılır. Dosta könül verən aşıq İmrə eşq oduna yanmaqdan, qanlı göz yaşı axıtmaqdan, eşq odunda yanıb kül olmaqdan, onun rənginə boyanmaqdan qorxmur. Bu şeirdə şair bir haqq aşığıdır. Özünü «məhəbbət bəhrinin qəvvası» bilir. Şairin nəzərində eşq varsa və belə bir qüvvəylə sevə bilirsə, ölməzdir:

 

Dilərəm fəzlindən ayrılmayasan,

Xocam, səndən özgə sevməzəm artıq.

Söylə, Yunus, bunu aşiq dilindən

Əgər aşiq isəm, ölməzəm artıq.

 

Yunis Əmrə dostluğu, dostluqda sədaqəti haqq tutur. Bu misralarda dostluqda sədaqət simvoluna çevrilir. Aşıq bildirir ki, adi gözlə baxmaqla insan daxilində onun ikinci bir dünyası olan mənəvi dünyanı görmək mümkün deyil. Bunun üçün insanın ağlı, zəkası, idrakı, duyum qüdrəti, insan qayğısı, insan sevgisini, kədərini, insan arzu-istəyini, könül yanğısını duymaq qüdrəti olmalıdır. Həmişə qəlbinin dərinliyində insanı haqqa, ədalətə, düzlüyə, saflığa çağıran, onu haqsızlıqdan qorumağa çalışan «mən»indəki «mən»in ülviliyinin nurunda yeriyən aşıq insanlarda bu həqiqəti görmək istəyir. Həqiqət aşığın amalıdır və o, bu həqiqəti gəzir:

 

Şəriət, təriqət yoldur gedənə,

Həqiqət meyvəsi ondan içəri.

 

Bu həqiqət nə təriqətlərdəndir, nə də insanın ideyalarla yaşamasındadır. Bu həqiqət mənalı ömür sürməkdə, həyatın mənasını başa düşməkdədir. Bu mənəviyyatı görmək üçün Yunis idrakı, Yunis zəkası, düşüncəsi lazımdır. Şair bu misrada onun quş dilini bilməsinə işarə etməklə, sətiraltı fəlsəfi fikirlərini daha qüvvətli verə bilir. O şəriətin getdiyi yolu, mənsub olduğu təriqəti bir gəmi, həqiqəti isə bu gəminin üzdüyü dərya bilir:

 

Şəriət bir gəmidir,

Həqiqət dəryasıdır.

 

Yunis İmrə həqiqət aşiqi idi. O həqiqət ki, insanlığa, insan mənəviyyatına, səadətinə, saflığına xidmət etsin, insanları düşmənçiliyə yox, barışığa səsləsin, çünki insan gəldi-gedərdir, dünyaya gələn mərifət, elm, idrak sahibi olmalıdır. Yunis İmrə fəlsəfi fikirlərini, duyumlarını, düşüncələrini verərkən mifik obrazlardan məharətlə yararlanır. Bu mifik obrazlar şeirlərinin zahiri gözəlliyini deyil, bədii estetik təsir gücünü artırır. O, «Kimi» şeirində Xızır İlyas kimi folklor obrazından yararlanır. Xalq ədəbiyyatında Xızırla bağlı onun zülmətə getməsi, dirilik suyunu tapıb içməsi, ölümsüzlüyə qovuşması, onun əməllərini – gəncliyindən qocalana qədər əlindən ancaq yaxşılıq, xeyirxah işlər gəlməsi haqqında çoxlu rəvayətlər mövcuddur. Xızır İlyas şairin şeirlərində «haqq qapısını açmış» bir obraz kimi vəsf edilir. Ona «dirilik suyu» ona görə nəsib olur ki, o, mərifət, idrak sahibidir. Rəvayətlərdə Xızır çox saf, mömin, təmiz, ömrü boyu ancaq xeyirxah işlər görən, çətinliyə düşənlərə yardım edən, mənən saf bir insan, əsil insani duyğuların, ağıl və idrakın sahibi olduğundan qocalanda da dirilik suyunun məkanı ona göstərilir və o, bu sudan içib, ölümsüzlüyə qovuşur. Əslində isə Xızır sağlığında əməlləri ilə ölümsüzlüyə qovuşub, yaddaşlara həkk olunub. Ölümsüzlüyə qovuşandan sonra da xalq onu xeyirxahlıq, insanlara xoşbəxtlik gətirən, onların öz əməlləri ilə sevgisini qazanan qüdrət sahibi kimi yaşadır. Yunis İmrə Xızır kimi elə bir yolun yolçusu olmaq istəyir ki, ölümsüzlüyə qovuşsun. Buna isə ancaq öz yaxşı əməlləri ilə nail olmaq olar. Əməllərində doğru olmalı, Xızır kimi haqqın qapısını açmaq xoşbəxtliyini qazanmaq üçün saf, düz, təmiz, sadə, qayğıkeş -haqq yolunun yolçusu olmalıdır:

 

Yunis İmrə adın qala,

Xidmət elə doğru yola.

Məgər Xızır İlyas ola

Haqq qapısın açmış kimi.

 

Yunis İmrəyə görə insan əməlinə, gördüyü işlərinə görə ad qazanır. Bu ada isə öz ağlının, zəkasının işığında nail ola bilər.

 

Gülxani Pənah

araşdırmaçı

Xalq Cəbhəsi.- 2012.- 11 fevral.- S.14.