Bakıdakı məşhur binalarının memarı

 

 Bir çox yerli milyonçular onun sifarişçiləri idi

Peterburq Mülki Mühəndislər İnstitutunun məzunu İosif Ploşko 1895-ci ildə ali məktəbi bitirdikdən sonra iki il Kiyevdə işləyir. 1897-ci ildə o, İosif Qoslavskinin dəvəti ilə Bakıya köçür və şəhər idarəsinin tikinti şöbəsinə sahə memarı vazifəsinə işə düzəlir. Hələ Peterburqda olarkən o, əvvəlcə İmperator Bədaye Akademiyasında oxumuşdu, bir ildən sonra isə akademiyanın proqramı onu təmin etmədiyi üçün oranı tərk etmişmülki mühəndislər institutuna daxil olmuşdu. Görünür, müstəqillik mövqeyi Ploşkoda erkən meydana gəlmişdi və buna görə də o, institutdan tanıdığı İ.QoslavskiK.Skureviçin yaşadığı Bakıya gəldi. Ploşko Bakıya gələndə burada artıq özlərini əla tikililəri ilə fərqlənmiş İ.Qoslavski, Y.Skibinski, K.Skureviç, Qafar İsmayılov, İ.Edel, A.Eyxler, N.fon der Nonne və başqaları kimi memarlar fəaliyyət göstərirdi.

Gənc memar olan Ploşko şəhərin memarlıq-inşaat həyatı ilə yaxından tanış olur, yerli tikinti materiallarını, əsas etibarilə, gözəl bədii keyfiyyətləri olan əhəngdaşını öyrənir, sonralar isə öz tikililərində ondan məharətlə istifadə edir. Bununla yanaşı, o zaman bərbad vəziyyətdə və dağılmaqda olan Bakı qalasının nadir abidələri onun diqqətini cəlb edir. Ploşko öz həcm plastikası, daş üzərində nəfis oyması və ornament motivlərinin fantaziyası ilə insanı heyran edən Şirvanşahlar sarayı ansamblına xüsusilə böyük maraq göstərir.

O, öz istedadı sayəsində özünə layiq yer tutdu, şəhərin bəzəyinə çevrilmiş çox gözəl monumental binaları ilə Bakını fəth etdi. 1913-cü ilə qədər Ploşko layihələr yaradır və tikir. Onun memarlıq aktivində çoxlu yaşayış evləri və mədaxilli binalar, ictimai, mülki, dini tikililər var. Bir memar kimi o, çox məhsuldar idi. Məşhur yerli milyonçular onun sifarişçiləri oldu. Ploşkonun memarlıq əsərlərinin üslub sistemi yeknəsək deyil: Avropa klassikası, yüksək səviyyəli Venetsiya və fransız qotikası, xüsusilə də əsrin əvvəlində dəbdə olan modern üslubu. Onun yaradıcılığında yaşayış evləri üstünlük təşkil edirdi. Sifarişçiləri arasında yerli maqnatlardan Bakı milyonçusu Ağamusa Nağıyev xüsusilə seçilirdi. Bir vaxtlar İ.Qoslavski H.Z.Tağıyevin yaxın memarı olduğu kimi, İ.Ploşko da Ağamusa Nağıyevin memarı idi. Onun sifarişçiləri arasında başqa məşhur Bakı milyonçuları da vardı: Murtuza Muxtarov, Nuru Əmiraslanov, polyak dövlətlilərindən olan Rılskilər ailəsi və s.

Ploşkonun monumental səciyyəli ilk işi olan «İsmailiyyə» onu şəhərin memarlıq mühitində birinci sıralara çıxartdı. Əvvəl «İsmailiyyə»nin yerində İ.Qoslavskinin layihəsi üzrə bazar tikilməli idi. Bazar tikilmədi və sahə on il ərzində boş qaldı, sonra məscid tikməyi qərar aldılar, ancaq Bakı qubernatoru şəhərin mərkəzində məscid tikməyə icazə vermədi. Yalnız 1907-ci ildə Ağamusa Nağıyev sahəni aldı və erkən vəfat etmiş oğlunun xatirəsinə «İsmailiyyə» ictimai-xeyriyyə binasının inşasını Ploşkoya sifariş etdi. «İsmailiyyə» cəmiyyətinin binası tikiləcək sahə planlaşdırma cəhətdən əlverişli, memarlıq aspektində məsuliyyətli mövqe tuturdu. Venetsiya qotikası üslubunda tikilmiş dəbdəbəli «İsmailiyyə» sarayı çox plastikdir və yaxşı işlənmişdir. «İsmailiyyə» binası 1920-ci illərin əvvəllərində yaxınlıqdakı «Kaspii» mətbəəsinin yerində Sabir adına bağ salınanda həcm cəhətdən tamailə açıldı.

«İsmailiyyə» binasının memarlığı öz ruhuna və məzmununa görə yerli mühitə yaxındır. Bakı ilə Abşeronun bütün qədim abidələrində çatma tağlar üstünlük təşkil edir. Burada memarlıq materialı başqa cür təsvir olunmuşdur. Bina başqa mütənasib bölgülər əsasında tikiləndə kompozisiya sistemi tikilinin obrazlı həllinə yeni münasibət ifadə edir. Binanın interyeri çoxplanlı və ümumi bir həcm-məkan quruluşunu təqdim edir. Burada bədii-memarlıq materialının ifadəsinin üstün forması özünün bütün təzahürlərində sırf klassikadır. Onun arxasında qotika üslubunda tikilmiş, çatma tağları Venetsiyadakı Dolar sarayını xatırladan zal gəlir. Ploşko, yaşayış binasının fərdi tərəfini açmağa çalışaraq kompozisiya üsullarından asanca istifadə edirdi. O, bu üslubların xüsusiyyətlərini çox gözəl hiss ediröz tikililərində əks etdirirdi. Moderndə hər memar özünü azad və sərbəst hiss edə bilmirdi. Bunun üçün həqiqi yenilikçi sənətkar olmaq lazım idi. Ploşkoda bu keyfiyyətlər var idi. Ploşko özünün ilk əhəmiyyətli sifarişini məşhur Bakı milyonçusu Murtuza Muxtarovdan almışdı. Murtuza Muxtarov öz osetin arvadının arzusunu yerinə yetirərək Vladiqafqaz şəhərində məscid tikməyi Ploşkoya tapşırmışdı. Ploşko Bakıda yaşadığı dövrdə islam memarlığı ilə bilavasitə Bakıdakı dini memarlıq abidələri üzərində əsaslı surətdə tanış olmuşdu. Ancaq layihə ərəb müsəlman memarlığının eklektik üsul və formaları əsasında tərtib olunmuşdur. Ploşko layihədə o zamanın yerli materiallarından geniş surətdə istifadə etmiş, mərkəzi günbəzli və iki hündür minarəli, planda kvadrat formalı bir məscid layihəsi təqdim etmişdir.

İ.Ploşkonun 1909-cu ildə komitəyə təqdim etdiyi layihədə dini tikili islamın memarlıq obrazlarında öz bədii təcəssümünü tapdı. Baş fasadın çatma tağ sırasının üfüqi həcmi üzərində yüngül pavliyonlu açıq balkonlara dayaq olan stalaktit pərvaza qədər get-gedə nazikləşən hündür minarələr mavi səmaya doğru yüksəlir. Minarələrin şaquliliyi gərilmiş yay kimi son həddə çatdırılmışdır. Bu memarlıq motivi vasitəsilə biz elə bil Şirvanşahlar sarayı ansamblının əks-sədası kimi möhtəşəm bir siluet görürük. Siluet kompozisiyası əsas hissələrin həcm modelləşməsinə səbəb olaraq onun keyfiyyət strukturunu müəyyənləşdirmişdir. Cümə məscidinin həcm-məkan kompozisiyasını tamamlayan enli ön pilləkanın apardığı üslublaşdırılmış günbəzli portik baş fasadın mərkəzi oxu boyunca yerləşən girişini təşkil edir.

Günbəz konstruksiyası Varşavada sifariş olunmuşdu; o, çox gözəl düzəldildiyi üçün məscidin daxili məkanının yaraşığı idi. Məscidin tikintisini başa çatdırmaq mümkün olmadı, 1918-ci ildə vətəndaş müharibəsi vaxtı erməni daşnaklarının törətdiyi yanğından məscid çox ziyan çəkdi. Yeni məscidin binasına əlavə edilmiş qədim kitabələr də məhv oldu.

Memarın Bakıdakı digər bir maraqlı işiqotik üslubda tikilmiş, 1909-cu ildə tamam başqa memarlıq təfsirində işlənmiş Bakının müqəddəs Məryam polyak icmasının katolik kostyolu idi. Ploşko kostyolun layihəsi üzərində işlərkən Romanın qotik üslubda tikilmiş məşhur kilsələrinin memarlığını təkrar etməmiş, ancaq polyak qotikasının onun memarlığına xas olan xüsusiyyətlərini obrazlı şəkildə verə bilmişdir. Polyak qotikası xüsusi təmtərağı və fransız və ya ingilis qotikasına xas olan memarlıq və dekorativ formaların zənginliyi ilə seçilirdi. Polyak Kostyolu 30-cu illərdə sökdülər. O indiki Azərbaycan prospekti ilə Behbudov küçəsinin kəsişdiyi yerdə yerləşirdi.

Kapitalizm dövründə sənayedə rəqabət onun başqa növlərini, o cümlədən memarlıqda rəqabət doğurmuşdu. Varlanmış burjua sinfi öz şöhrətpərəstliyini təmin etmək üçün geniş memarlıq – inşaat proqramına xüsusi əhəmiyyət verirdilər. Muxtarovun sifarişi bunu əyani surətdə nümayiş etdirdi. «İsmailiyyə» xoşuna gəldiyinə görə, Muxtarov milli – şərq təfsirində deyil, qotika üslubunda saray tikdirməyi qərar aldı. Ploşko Muxtarov üçün layihə tərtib edərkən əvvəlcə güman edirdi ki, o, şərq üslubunda olacaq. Muxtarovun Persidski küçəsindəki sarayı (Muxtarov, 6, 1911-1912) fasad detalları fransız qotikası ruhunda nəfis işlənmiş, mərkəzi qüllə formasındadır. Binanın yalnız yengələr və digər dekorativ qotika elementləri ilə bəzədilmiş baştağlı ümumi memarlıq kompozisiyası maraqlı deyil. Əgər «İsmailiyyə»də obrazın monumentallığı müşahidə olunursa, burada fransız qotikasının yüngüllüyü və zərifliyi tamamilə açılır. Binanın üslubu onun daş üzərində öz təcəssümünü tapmış mahiyyətini müəyyənləşdirmişdir. Memar onun bədii keyfiyyətlərindən maksimum dərəcədə istifadə etməyə çalışmış və buna nail olmuşdur. Sarayın siluet kompozisiyası da öz fiolaları ilə ətraf mühit arasında effektli görünür. Ancaq burada fasad və interyerlərin memarlıq vəhdəti yoxdur, çünki sifarişçi memardan otaqların məxtəlif üslublarda olmasını tələb etmişdir.

Muxtarovun sarayı bu üslubda yaradılmış ən görkəmli işlərdən biri və şəhərdə XX əsrin əvvəllərinin ən yaxşı tikilisidir.

Kərbəlayi İsrafil Hacıyevin Şamaxinka (Cabbarlı, 12) küçəsindəki evi 1910-1912-ci illərdə İ.Ploşko tərəfindən tikilmişdir. Ümumi kompozisiya həcm kütlələrinin modelləşdirilməsi ilə klassik bölgü ənənəsinin pozulmasından xəbər verir. Fasad böyük həcmlərin işıq-kölgə vasitələri ilə həll olunsa da, kompozisiya sxemi kifayət qədər dinamikdir və modernə xas olan xüsusiyyətlərə malikdir. Fasadın çəkilməsi yeni memarlıq formalarının əsrarəngiz və eyni zamanda ifadəli izahını verir. Fasadın kompozisiyası yan rizalitlərin iki qülləvari formada bitməsi, səciyyəvi tağ cizgiləri, mərtəbə aşırımları, modern üslubuna xas olan profilləri, detalların zənginliyi memarlığın xüsusi bir sücetini yaratmışdır.

Ploşko qotikamodern üslubunda evlər tikdikdən sonra yerli memarlıq mövzusuna müraciət etməyi qərar aldı. Polyak mənşəli Rılski qardaşları Bakıda yerli milli memarlıq ənənələrinə uyğun dördmərtəbəli bina tikməyi qərara alıb, bu işi Ploşkoya sifariş etdilər. Ploşko Politseyski (Məmmədəliyev, 11) küçəsində tikiləcək çox maraqlı memarlıq kompozisiyasına malik bir fasad hazırladı. Əgər fasadın oxu üzərində ikinciüçüncü mərtəbələr arasında ikimərtəbəli erker olmasaydı, Rılskilərin dördmərtəbəli binası pəncərə aşırımlarının sakit ahəngi ilə mütənasib kompozisiyaya malik olardı. Erkerin memarlıq həcmi onun canlı müsəlman formalarında dinamik inkişafını müəyyənləşdirdi. Orta mərtəbələrin çatmaMavritan formalı pəncərə açılımları Şərq memarlığında hər biri ayrı-ayrılıqda bir baştağ kompozisiyası ola bilər. Ploşko yüngül tipli erkerdən istifadə edərək, obyekti şəhərin cənub iqlim zolağına yaxınlaşdırmışdır. Erkerin kənarlarında birinci mərtəbədə mütənasib olaraq iki ön cinah girişi yerləşdirmiş, bu zaman memarlıq motivindən, ancaq daha iri miqyasda istifadə etmişdir.

1920-ci illərdə Ploşko Bakıda mühəndis kimi işləmiş və Zivər bəy Əhmədbəyovla birlikdə Abşeronda bağ-şəhərlərin salınması layihəsinin müzakirəsində iştirak etmişdir. Ploşko 1925-ci ildə 30 ilə yaxın Bakıda yaşayandan sonra Varşavaya, daha sonra isə Fransaya köçmüşdür.

 

Oktay Hacımusalı

Xalq Cəbhəsi.- 2012.- 11 fevral.- S.13.