«Ədəbi mühitdə canlanma hiss olunur»

 

 Seyid Ramin: «Roman yazmaq sanki şeir yazmaqdan asan olub»

«Tarixdə yaxşı əsərlər qalır, onu qələmə alanın hansı birliyin üzvü olması əhəmiyyətli deyil»

Seyid Ramin 1988-ci il 22 iyulda Bakı şəhərində dünyaya gəlib. Əslən Masallı rayonunun Boradigah qəsəbəsindəndir.

2005-ci ildə orta məktəbi bitirib. 2010-cu ildə Bakı İslam Universitetinin islamşünaslıq fakültəsinin məzunu olub.

2005-ci ildən bədii ədəbiyyatla məşğul olur. «Yazar», «Yeni Xəbər», «Alma» və digər qəzetlərdə müstəqil yazar kimi fəaliyyət göstərib, digər KİV-lərlə əməkdaşlıq edib. Türk dilindən tərcümələr edir. Həvəskar fotoqrafiya ilə məşğul olur. 2009-cu ildə «Yaşasın ölmək adlı ilk şeirlər kitabı çap edilib. QMİ-nin xətti ilə keçirilən «İman və Vətən. Kərbəla işığında» şeir müsabiqəsinin diplomantı olub.

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan «Gənc Ədiblər Məktəbi»nin üzvü və məzunu olub. Müsahibimiz 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür. 2011-ci ildə «Prezident təqaüdü»nə layiq görülüb. 2011-ci ildən Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsində təhsil alır.

- Səni metrodakı dərvişlərdən biri adlandırmaq olar, ya yox?

- Bəlkə də hesab etmək olar. Hətta zarafatyana da olsa, bir dəfə mənə verilən «özün olmasaydın, kim olmaq istərdin sualına «Şəms Təbrizinin oğlu» cavabını da vermişəm. Dərviş-sufi mədəniyyətini çox sevirəm. Məncə, Şərqi Şərq edən bu mədəniyyət olmuşdur. Amma bəzən görürsən ki, sufilikdən bixəbər bir adam durub sufiliyi «xırdalayır». Axırda da aparıb çıxardır Kanfutsiyə. Necə deyərlər, bilənlər susur, bilməyənlər danışır.

- Əvvəllər mühitə şeirlə gəlmişdin. Az sonra publisistikaya keçdin. İndi isə deyəsən özünü nəsrdə sınamaq fikrin var…

- Düzdür. Əvvəllər daha çox şeirlər yazırdım. Sonra qəzetlətdə müxtəlif publisistik yazılar yazmağa başladım. Bu da nisbətən də olsa, içimdəki şeir yanğısını söndürməyə başladı. Daha sonra isə publisistikadan da qaçmağa başladım. Özümü nəsrə köklədim. Bunun səbəbini doğrusu heç özüm də bilmirəm ki, niyə belə oldu. Əvvəllər mənimçün şair, publisist, yazıçı anlayışları olduğu halda, son zamanlar bu anlayışlar öz yerini mətn və yazar anlayışlarına verdi. Qalan şeylər hamısı dağılıb getdi.

- Səncə, indi Azərbaycan ədəbiyyatında nələr baş verir?

- Son vaxtlar ədəbi mühitdə canlanma hiss olunur. Demək olar hamı mütəşəkkil qaydada roman yazmağa girişib. Bacaran da, bacarmayan da elə bir ucdan roman yazır. Roman yazmağı döndəriblər lap «çay içməyə». Xarici yazarlar bir romanı 5-10 ilə yazıb bitirdikləri halda, bizim bəzi yazarlar romanı bir həftəyə yazırlar. Roman yazmaq sanki şeir yazmaqdan asan olub. Çoxu isə heç romanın strukturunu belə qura bilmir. Biri uzun bir publisisitik yazı yazıb adını roman qoyur. Soruşanda da belə deyir ki, bu janr, yəni, kortəbii sujetsizlik və publsistik dil dünya ədəbiyyatında da var. Adamın lap əli üzündə qalır. Deməyə də söz tapmırsan. Amma az da olsa, bəyəndiyim yazarlarımız var. Bu da danılmazdır ki, sənət əsəri hər zaman az sayda olmalıdır. Hamı yaxşı yaza bilməz.

- Səncə, ədəbiyyata dövlət dəstəyi olmalıdırmı? Dövlət dəstəyi olmadan ədəbiyyat öz gücünə inkişaf edə bilərmi?

- Məncə, ədəbiyyata dövlətin dəstəyinin olması vacib deyil. İndiki dövrdə ədəbiyyata nəşriyyatların dəstəyi olmalıdır. Nəşriyyatlar yazarlara geniş meydan verməlidir. Amma təəssüf ki, bu təcrübə bizdə hələ tam formalaşmayıb. Nəşriyyatlar çap elədikləri əsərlərin müəlliflərini əksər hallarda yalnız brend imza olduğuna görə yaxın buraxırlar. Belə deyək də, istedadlı gənclərin əsərlərini çap etməyə heç bir nəşriyyatın ürəyi gəlmir. Belə halda da rəqabətdən, durulmadan və canlı ədəbi mühitdən söhbət gedə bilməz.

- Bu gün ədəbiyyatımızda çox maraqlı proseslər gedir. Ədəbi təşkilatlar arasındakı «buzlar» əriyir, yeni layihələr həyata keçirilir, kitablar çap olunur. Bu dövrü necə dəyərləndirirsiniz?

- Ədəbiyyatımızdakı bu ərimə dövrünü təqdirəlayiq qiymətləndirirəm. İstər pis olsun, istər yaxşı, nə olursa, ədəbiyyatımızın xeyrinə olur. Vaxt gələcək hər şey öz həqiqi qiymətini qazanacaq. Ədəbi mühitdə son zamanlar aktiv iştirak etməyə çox vaxtım olmur. Bu mühiti əsasən internetdən fəal izləyirəm. Son zaman yazarlarımızın əsərləri çap olunur. Bu sevindirici haldır. Amma bunun kədərləndirici tərəfi budur ki, çap edilən müəlliflərə heç bir qonorar verilmir. Məncə bu «yazarlara meydan vermək» yox, pul qazanmaqçün ən yaxşı variantdır. Çünki heç bir dünya ölkəsində belə təcrübə yoxdur ki, yazarı çap edəsən, kitabdan gələn gəliri də öz cibinə qoyasan. Yazan adam öz haqqını almalıdır. Yəni, yazarın naşirin dədəsinə borcu yoxdur.

- Qalmaqallar, müsabiqələr, kitab seriyaları… Bütün bunlara münasibətiniz necədir?

- Son dövrdə baş verən proseslər müxtəlif istiqamətlərdə gedən hadisələrlə zəngindir. Məsələn, hadisələrin yaxşı tərəfi budur ki, son vaxtlar dünya ədəbiyyatından əsərlər çap edilir. Pis tərəfi isə budur ki, çap edilən əsərlərin tərcüməsi və redaktəsi əksər halda çox bərbad şəkildə olur. Demək olar ki, son zamanlar dünya ədəbiyyatından çap edilən əsərlərin əksəriyyətini alıb oxumuşam. Yerli müəlliflərdən də oxuduqlarım olub. Müsabiqələrə gəlincə isə heç həvəsli deyiləm. İndiyə kimi bir çox müsabiqə olub ki, bunların demək olar, yalnız bir-ikisində iştirak etmişəm. Amma adım qaliblər siyahısına düşməyib. Qalib olanların əsərlərini oxuyanda isə həmin müsabiqədə iştirak etməyimə təəssüflənmişəm. Qalmaqallardan isə uzaq insanam. Mən ümumiyyətlə sakitliyi, təkliyi sevən adamam. Beş adam bir yerə yığılanda oradan qaçıram.

- Hansısa ədəbi təşkilatın üzvüsən? Ümumiyyətlə yazar hansısa qurumda olmalıdırmı?

- Mən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Amma bu o demək deyil ki, o qurumun maraqlarına xidmət edirəm, yaxud AYB-nin yürütdüyü siyasətlə razıyam. Əslində, ortaya sənət əsəri, mətn qoymaq lazımdı. Yazarın hansı qurumun üzvü olmağına deyil, onun yazdığı əsərin keyfiyyətinə diqqət yetirmək gərəkdir. Tarixdə yaxşı əsər qalır, əsərin sahibinin hansı birliyin üzvü olması əhəmiyyətli deyil.

- Kimləri oxuyursan?

- Mütəmadi olaraq dünya ədəbiyyatını oxuyuram. Xarici müəlliflərdən nə çap edilirsə, mütləq alıb oxuyuram. Hər gün heç olmasa, bir saat da olsa, mütaliə edirəm. Vaxtım az olduğundan çalışıram ki, daha çox xarici müəlliflərə üstünlük verim. Çünki elə əsərlər var ki, o əsərləri hər bir ədəbiyyat adamı mütləq oxumalıdır. Ən çox sevdiyim isə rus və alman ədəbiyyatından olan əsərlərdir. Bu ölkələrin yazıçıları mənim ən çox sevdiklərimdir. Konkret ən çox sevə-sevə oxuduğum yazıçılar Dostoyevski, Tolstoy, Tven, Züskind, Sveyq, Pamuk, Maulofdur. Öz yazıçılarımıza gələndə isə son zamanlar Məqsəd Nurun «Şəhər meri» romanını oxuyub çox bəyənmişəm. Bu yazıçı hər kəs üçün yazan yazıçılardan deyil. Mənə elə gəlir ki, dünyada bizim ədəbiyyatı layiqincə təmsil edə biləcək yazarlarımızdan biri hesab edilə bilər. Anar, İlqar Fəhmi, Həmid Herisçi isə zövqümə yaxın yazıçılardandır.

- Müasirlərimiz arasında oxuyub peşman olduğun müəlliflər varmı?

- Bəli. Hətta deyərdim ki, oxuya bilməyib yarıda qoyduğum əsərlər də çox olub. Ən yeni ədəbiyyat seriyasında olan əsərlərin yarıdan çoxu oxuyub təəssüfləndiyim kitablarla boldur. Bu, əsasən, guya roman janrında yazan yazıçılara aiddir. Kim nəsr janrında nə yazırsa, adını roman qoyur. Təəssüf ki, bizim gənc yazarlar oxumaqdan çox, yazmağa üstünlük verirlər.

- Növbəti kitabını nə vaxt çap etdirməyi düşünürsən?

- Uzun müddətdir ki, ardıcıl çap edilmirəm. Bunun günahını özümdə görürəm. Çünki mən mətnə çox həssas yanaşan insanam. Məsələn, bir yazını dəfələrlə redaktə etdikdən sonra onu çap etdirməyi düşünürəm. Həm də mən mətnə çox qısqanclıqla yanaşan adamam. Əsasən internet məkanında yazıları dağınıq çap etdirməyi sanki çox qısqanıram. Yazıları kitab şəklində çap etdirmək daha məqsədəuyğundur. Bir neçə il ərzində dəfələrlə kitab çap etdirməyi düşünsəm də, sonra nədənsə bu fikirdən daşınmışam. Onu da qeyd edim ki, kitab şəklində çap olunası xeyli əsərim var. İnşallah, yaxın vaxtlarda kitab çap etdirməyi düşünürəm. Necə deyərlər, hələ ki, «gec olsun, güc olsun» prinsipini üstün tuturam.

 

Söhbətləşdi: Oktay Hacımusalı

Xalq Cəbhəsi.- 2012.- 11 fevral.- S.11.