Qürubdan sonrakı zaman

  

 

Deyəsən, Çingiz Aytmatova xas olan düşüncədən gəlir: klassiki keçmişdə axtaranların yanında müasirlər haqqında danışsan, turş bir sifət görərsən, dodaq büzülər. Elə bu düşüncədən gələn hissin təsiri altında bəlkə elə həmin hissə istinad kimi yanaşmaqla müasirlərimiz haqqında cəsarətlə danışmaq üçün özümüzdə güc tapmalıyıq. Axı necə ola bilər ki, bir sənətkar zəmanəsini yaşasın getsin üstəlik öz yolunu çəksin. Yol boyu elə işarələr, elə izlər qoysun ki, gələcəyin insanlarına mənzil başına yetmək üçün bu yol iz qədərincə kömək eləsin. təəssüf ki, biz beləsini görməyək.

Qəşəm İlqar ömrünün yeddinci onilliyinin zirvəsinə qalxıb. Zənnimcə, onun bu zirvənin buludları, buzlaqları arasından keçən iradəsi ömrün yuxarı pilləsindəki, zirvə ucalığındakı hava təmizliyinin ucalıq saflığının təsiri altında müasir ədəbiyyatımızda qoruduğu Qəşəm İlqar adının yanına «Ruhdaş» əlavəsi təbii görünməlidir. Ümumiyyətlə, insan daha çox da sənətkar ömrün yuxarı yaşında mənəvi aləmlə daha çox bağlıdır. Həyatının ayrı-ayrı məqamlarında ona işıq olan adamları cismən itirsə , ruhlarını itirmir. Bu ruhlarla həmişə təmasda olur. Bəlkə ömrünün qalan hissəsini ona doğma olan ruhların işığında yaşayır.

Q.İ.Ruhdaş çoxlu kitabların müəllifidir. Birmənalı şəkildə onun yaradıcılığını təfəkkür adamının, fikir, düşüncə sahibinin qənaətləri kimi qəbul edirəm. Doğrudur, onun nəinki şeirlərində, hətta publisistikasında da hissi -emosional ruh kifayət qədər güclüdür. Ancaq onun yazdıqlarının məğzinə varanda əsas nüvənin təfəkkürdən gələn qənaət olduğunu görməmək mümkün deyil. «Olum-ölüm arasında» (2004), «Üçüncü dünyanın sakinləri» (2007), «Sevgi vadisi» (2009) indi «Üfüqdən qüruba» kitabı nəşrə hazırlanır. Demək olar ki, işıqlığa çıxmaq qapısının ağzındadır. Kitabların adından da göründüyü kimi, Q.İlqar bir şair ömrünün taleyi ilə, bir dünya, bir insanlıq vadisinin arasından keçib. Olum-ölüm arasında ola-ola, ağın-qaranın vəhdətində vuruşunda müxtəlif tərəflərdən həyatdan gələn ağrı-acıları varlığına köçürə-köçürə, ən başlıcası, «üçüncü dünya» adlandırdığı məhkumluq həyatının görünən görünməyən tərəflərinə özünün ruhundan gələn işığı tutaraq keçib gələ bilib.

Çox asanlıqla onun ömrü olum-ölüm arasındakı savaşda cismən qırıla bilərdi. Sevgi vadisindəki sarsıntılardan havalanıb yarı yolda qalardı. Üçüncü dünyanın sakinləri ilə dil tapmaq, onların arasında özünü qorumaq odla oynamaq kimi bir şeydir. Bu odun da içindən keçib Q.İlqar. Qazancı olub? Məhv olmayan, aşınmayan ləyaqət, dözüm, mərdlik, şəxsiyyət ucalığı bu fonda ən başlıcası, sözə sədaqət. Bəli, Q.İlqar bu təlatümlü vadilərdən keçə-keçə daxilən böyüyüb. Mənəvi ucalığın əl tutmayan, barmaq ilişməyən buzlaqlarında gücünü göstərə bilib. Elə ona görə ömrün yetmişinci çağında «Üfüqdən qüruba» adlandırdığı kitabına son illərdə yazdığı ömürlük səhifələrini şeirlərini toplayıb.

Əvvəlcə kitabın nəşrə hazırlanan nüsxəsində memuar tipli publisistik qeydləri bir az soyuq qarşıladım. Amma bir insan ömrünün ayrı-ayrı məqamlarına işıq tutan canlı, diri sözlə qələmə alınan mənzərələri gözümdən keçirdikcə elə bu parçaların da şeir olduğunu gördüm. İnsan mənzərələri həmişə poeziyadır. Əlbəttə, bu mənzərələri görə bilən, onu sözün gücünə, işığa tutan sənətkar üçün.

Q.İlqarın təbiətində bir muğam ahəngi var. Bir vaxt öz bağlarında gördüyü bülbülün nəğməsini qəlbinə köçürüb bütün ömrü boyu o nəğmənin təsiri altında olub. o bir bağçada qəribçilik çəkən bülbülün nəğməsi bir insanın taleyinə hopub. Zaman-zaman o bülbül hekayəti Q.İlqarın taleyində yaşayıb onun ruhdaşı olub. Ən müxtəlif forma şəkillərdə hekayələr, xatirələr, povestlər, muğam musiqi haqqında esselər, ədəbi-fəlsəfi lövhələr şəklində qələmə alınıb. Ən başlıcası, zəngin, dəyərli poeziya xəzinəsi yaradıb. İlk gəncliyində Ağdamın Pirzadlı kəndində dədə-baba ocağının işığında böyüyən yeniyetmə bağçada bir bülbül görür. Hər ilin yazında bülbül şövqlə oxuyur, bəlkə elə o bülbül onun səsinin haləsində olan o yeniyetməyə güvənir. Qarğalara, sağsağanlara qarşı vuruşur. Rəqiblərilə dimdik-dimdiyə dayanır. Bülbül bağçanın, bağın hakimidir, sahibidir. Amma bir zaman gəlir, ailə yurdunu tərk eləməli olur. Bülbül uzun illər bağa keşik çəkir, neçə fəsil ötür, həmin yeniyetmə daha geri qayıtmır. Ancaq o yeniyetmə bülbülü unutmur, yolu düşənlərdən xəbər alır. Axır ki, bir gün ömrün ahıl çağlarında vaxtını, zamanını dövranın küləkləri aparmış o yeniyetmə yurda qayıdır. Solmuş bağça, qurumuş ağaclar, tökülmüş çal-çəpər: bülbül yoxdur:

 

Neçə bahar keçdi, neçə qış ötdü,

Bülbüldən xəbərsiz, bağdan xəbərsiz.

Onun sədaqəti dillərdə bitdi,

Bülbül fəryadını eşitmədik biz.

 

Şeirdən çıxan ibrətli nəticə budur ki, insan bəzən həyatının ən qiymətli bir anını itirir, ancaq həmin anın, həmin duyğunun, hissin yanğısı sinəsində dağa çevrilir. qədər çətin olsa da, insan həmin duyğunun təsirilə itirdiyini axtarmağa başlayır, ancaq artıq gec olur.

Əslində insan taleləri həmişə itirdiyinin sorağındadır. Bəlkə insan taleyini yazan elə o itirdikləridir. İtirdiyini tapmaq istəyi, gücü insanı təzədən yaşatmaq yaşamaq istəyi ilə səfərbər edir. Şair bülbülün nağılını yazıb. Həm elə yazıb ki, bu nağıl elə onun özünün taleyidir, onun özünün həyatıdır.

Q.İlqarın yaradıcılığında Bəxtiyar Vahabzadədən, M.Arazdan gələn ilıq nəfəs duyulur, orta yüzil sufizminin işıqları da közərir. ən başlıcası, müasir dünyamızın ziddiyyətləri, təzadları arasında çırpınan bir şairin ürək döyüntüləri eşidilir. Yeri gəlmişkən, Qəşəm İlqar özünün daxili-mənəvi aləmində bir rəngin bir qara rəngin çarpışmaları arasında yol gedən şairdir. Bu rəng, qara rəng Xeyirin Şərin obrazı, doğrunun yalanın da mahiyyəti ola bilər, işığın zülmətin qarşılaşması kimi düşünülə bilər. Qəşəm daxili-mənəvi aləmindəki bu çarpışmadan qorxmayıb, çəkinməyib bütün varlığı ilə Xeyirin tərəfində durmağa çalışıb. Bəlkə elə ona görə bir şair taleyinin saflığını da qorumağa gücü çatıb. Həyatda, cəmiyyətdə baş verənlər Qəşəm İlqar tərəfindən fəhmən gözəl duyulur.

Yeri gəldikcə Q.İlqar özünə sual verməyi bacarır: «İnsandı dağıdan, insandı quran, görəsən, sabaha nəyin qalacaq yenə özünə cavab verir: «Qələmin qəm üstə köklənib yaman, Ay İlqar, bu qədər olma bədgüman». Bir vaxt füzulişünas Sabir Əliyev Mövlana Füzuli haqqında danışarkən yazmışdı: «Bəşəri kədər şairi mövzu mətləbinə uyğun qəmli sərgüzəşt vaqiələrdən yerli-yerində, bol-bol istifadəyə sövq edir». Q.İlqarda da belədir. O, insan münasibətlərinə, insan-həyat qarşılaşmasına ona görə baş vurur ki, həyatın onun qarşısında sual kimi görünən mətləblərinə işıq sala bilsin. O, şair duyumu ilə bilir ki, həyatın bütün suallarına cavab insan münasibətlərindədir.

Q.İlqar gözəl dost ləyaqətli ailə başçısıdır. Sözündəki, sənətindəki birlik, bütövlük onun şəxsi həyatındakı bütövlüyün birliyin bir hissəsidir. Bəlkə o bütövlüyü, o birliyi tamamlayan hissəsidir. «Üfüqdən qüruba»: bu aradakı yolun özü bir insan ömrüdür, bir insan taleyidir.

Q.İ.Ruhdaşın oxuculara təqdim olunan yeni kitabının adında kədər notları da var. bu kədər elə kitabın özünün ruhundan gəlir. Ancaq onun yaradıcılıq ruhu kifayət qədər enerjilidir yazıb-yaratmaq əzmindədir.

 

Əli Rza Xələfli,

şair-publisist

Xalq Cəbhəsi.- 2012.- 17 fevral.- S.14.