Filmin şair rejissoru
Andrey Tarkovski
isə gerçək sənət fədaisi idi…
1984-cü il. Stokholm. İsveç kino
institutu. Studiya-2. Rejissor Andrey Tarkovski çəkiliş
pavilyonundadır. Onun əlli dörd yaşı təzəcə
tamam olub. Dünya şöhrətli rejissor özünün
sayca yeddinci filmini çəkir. O, başıbəlalı vətənində,
Rusiyada, Sovetlər Birliyində altı film çəkməyə
macal tapıb. Əlli dörd yaşına qədər o, cəmi
altı film çəkib. Yeddinci film onun mühacirətdə
çəkdiyi ilk filmdi. Əlli dörd yaşlı rejissor
bir az sürtülmüş nimdaş cins şalvar, cins
köynək geyinib, ayaqlarında ağ krassovka, idman
ayaqqabısı var. Ana vətənində mədəniyyət
bürokratları ilə iyirmiillik mübarizədən sonra
ölkəni tərk etmək məcburiyyətində
qalıb.
İsveç kino institutu fransız və
ingilis prodüserləri ilə birlikdə bu filmin çəkilişinə
yeddi milyon marka vəsait ayırıb.
Azadlıq və məsuliyyət – insan həyatının
mənası haqqında fəlsəfi, şairanə
düşüncələr. İnsanın ruhi aləmi ilə
maddi dünyanın qarşıdurması – onun bütün
filmlərinin qayəsi budur… Kamera. Tarkovskinin gözləri. Bu
gözlərin dərinliyində özünü dərk
etmiş bir insanın kədəri gizlənib. Amma bu gözlərin
dərinliyində təəssüf və qorxu yoxdu. Bu gözlər
Stalkerin gözləridi. «»Stalker» filminin ssenarisini oxuyanda mən
bir neçə dəfə Andrey Tarkovski ilə münasibətdə
yanlışlıq etmişəm. Mənə elə gəlirdi
ki, əslində elə belə də idi, – o, travial adam
deyildi, onun dünyaya baxışı qeyri-adi idi» – Boris
Struqitski rejissor haqqında belə yazır. Bu səbəbdən
bəzən onu anlamaq çətin olurdu. Məncə, bir
kinorejissorla bir ssenaristin film haqqında təsəvvürləri
iki tam fərqli təsəvvürlərdi.
Andrey Tarkovski «Stalker» filmini yeraltı
bunkerin labirintində, yəni çıxılmazlıq
mühitində lentə alıb… …Mən də Stalkerəm. Mən
də labirintdə yaşayıram. Axşam. Çəkiliş
qurtarıb. Yorğun-arğın rejissor baş montaj
otağında təkcə oturub lentə alınmış
kadrlara baxır. O, özü çəkdiyi kadrlara baxıb
heyrətlənir. O, elə həyəcanlanır ki, həyəcandan
gözləri dolur. Bayırda yağış yağır…
Andrey Tarkovskinin «Tip» jurnalında dərc
olunmuş müsahibəsini vərəqləyirəm – «Bizim
sivilizasiya ona görə böhran keçirir ki, disproporsiya əmələ
gəlib. Disharmoniyada iki anlayış mövcuddur, maddi və
mənəvi tərəqqi. Biz orta adamın mənəvi aləminin
son dərəcə aşağı səviyyədə
olduğu bir cəmiyyətdə yaşayırıq. Hər
gecə yatmazdan qabaq düşünürük ki, sabah yuxudan
oyanmaya bilərik. Əgər bir sərsəri düyməni
bassa, üç bomba planetdə həyatı məhv etməyə
bəs edər. Demək olmaz ki, biz bunu anlamırıq,
anlayırıq, amma çox zaman unuduruq».
Kadr. Böyük dövlətlərdən
birinin başçısı televiziya ekranından bəyan
edir ki, yaxın günlərdə atom müharibəsi
başlayacaq. Və teleekran tədricən qa-ra-lır…
İnteryer. Bayram süfrəsi arxasında beş nəfər
əyləşib. Kiminsə doğum günüdü.
İndicə ölkə başçısı televiziya ilə
çıxış edib. Atom müharibəsi… Masa
arxasındakı qadınlardan biri hıçqıraraq
ağlayır. Filmin qəhrəmanı filosof Aleksandr fəlakətin
qarşısını almaq qərarına gəlir. O,
insanlığı xilas etmək naminə özünü
qurban vermək niyyətindədir. O, özünə əziz
olan hər şeyindən, evindən-eşiyindən, sevimli qadınından,
balaca oğlundan vaz keçməlidir.
Filosof Aleksandr dəli-divanədirmi? Onun
ruhi dəngəsi pozulubmu? Bir insanın özünü qurban
verməsi bu dünyada nəyisə dəyişə bilərmi?
Andrey Tarkovski özü bu ağrılı-acılı, əzablı
suallara cavab verir – mənasız qurban olmur. Özünü
qurban verən insan nahaq ölmür, o, nahaq yerə ölmədiyinə
inanır. «Qurbanvermə» kamera musiqisini xatırladır – bu
film kamera filmidir. Filmdə cəmi səkkiz aktyor var. Film bir
insanın, filosof Aleksandrın bütün dünyanın, bəşəriyyətin
taleyinin məsuliyyət daşımasından söz
açır. Filmin sonu yoxdu, film bitmir, davam edir… Biz
hamımız – sən də, mən də, küçədən
keçən yad adam da, elə rejissorun özü də bu
filmin, yəni həyatın personajlarıyıq…
1927-ci ildə Luis Bunyuel Parisdə ilk
sürrealist film kimi kino tarixinə düşmüş «Əndəlus
köpəyi» filmini lentə alıb. Filmin ssenari müəllifi
rəssam Salvador Dali idi. «Əndəlus köpəyi»
böyük əks-sədaya səbəb oldu. Andrey Tarkovski bir
rejissor kimi Luis Bunyuel sürrealizminin təsiri altında
formalaşdığını səmimiyyətlə
vurğulayırdı. Tarkovski tamaşaçını həyatla
ölüm, yerlə göy, odla su arasındakı mifik sərhəd
zonasına səyahətə dəvət edir. Bəzən
kamera uzun müddət bir obyektin üzərində dayanır,
sanki rejissor tamaşaçının səbrini sınağa
çəkir.
Tarkovski tamaşaçılara deyirdi: «Mənim
filmlərimə ömrünüzdən şütüyüb
keçən qatarın pəncərəsindən
baxırmış kimi baxın».
…Bir zamanlar mən şəhərətrafı
qəsəbədə yaşayırdım. Çox vaxt şəhərə
elektrik qatarı ilə gəlib-gedərdim. Hələ də
bilmirəm ki, nədənsə həmişə
üçüncü vaqona minərdim. Qatar pəncərəsindən
görünən mənzərələr sürətlə
bir-birini əvəzləyərdi. Hər gün
gördüyüm adi mənzərələr hər dəfə
təzə bir biçimə, hər dəfə fərqli bir
koloritə düşərdi. Elə Tarkovski filmlərinin mənzərələri
kimi.
Tarkovski filmlərinin qəribə mənzərələri
sirli, müəmmalı insan qəlbinin maddiləşmiş
görüntüsü təsiri bağışlayır.
Salvador Dalinin, Corce da Krikonun, Rene Maqrittin sürreal
tabloları, Nazim Hikmətin, Brayten Braytenbaxın, İnqeborq
Baxmanın, Fəyyal Xamisin, Aydın Əfəndinin, Adil
Mirseyidin şeirləri də mənim qəlbimdə belə
bir ovqat yaradır. Salvador Dalinin, Rene Maqrittin tabloları,
Xamisin, Aydının, Baxmanın, Adilin şeirləri mənim
dostlarımdı. Andrey Tarkovskinin filmlərinə baxan insan
sanki çıxılmaza düşür. Onun filmləri
mürəkkəb metaforalarla, şifrələrlə,
işarələrlə, dini rəmzlərlə zəngindir.
Mistik dünyaya bələd olmayan, bu dünyada yalnız
görmək istədiyini görə bilən, naturanın
zahiri görünüşünə uyan, onun mahiyyətinə
varmayan və ya vara bilməyən adam – tamaşaçı
desəm, daha doğru olar – bu filmlərin kodunu aça bilmir.
Tarkovski dünyasının qapıları onun üzünə
açılmır.
Tarkovski rebuslarını necə, nə
cür şifrələmək olar? Bəlkə bunu rejissorun
özündən soruşaq, nə deyirsiniz? Tarkovski belə
suallardan diksinərdi, söhbətin mövzusunu məharətlə
yayındırardı. Bəzən deyərdi ki, guya öz rəmzlərinin
mənasını heç özü də dəqiq bilmir və
s. Tarkovskinin filmləri, bu filmlərin obrazları, rəmzləri
tamaşaçıdan intuisiya tələb edir, bu filmlərə
soyuq, biganə naturalist rasional təfəkkürlə
yanaşmaq düzgün deyil – zira Tarkovski sizin
üçün müəmma olaraq qalacaq. Tarkovski
göyüzünü, buludları sevirdi. Saatlarla, günlərlə
çəkilişi dayandırıb arzu elədiyi buludları
səbrlə gözləyərdi. İndi mən də
göyüzündən ötüb keçən buludlara
baxa-baxa Nazim Hikmətin misralarını xatırlayıram.
…Tarkovski İtaliyadadır. O, «Nostalji»
filmini çəkir. O, bulud gözləyir. Bu anda bəlkə
də onu şair Adil Mirseyiddən yaxşı heç kəs
duya bilməz, çünki o da bulud adamdır. Adil Mirseyid
Tarkovskinin çəkdiyi filmin kadrına düşə bilərdi.
…Yuxumda bulud idim
bir ilk bahar gecəsi
Pəncərədən girmişdim
bir talesiz adamın qaranlıq hücrəsinə
Talesiz adam gülümsəyirdi röyada
Tarkovskinin İtaliyası Fellininin
neorealistik İtaliyasına bənzəmir. Tarkovskinin öz
İtaliyası var – filmin qəhrəmanı mühacir
yazıçı Andrey Tarkovskinin alter-eqosu deyilmi?
Kadr. Mehmanxana nömrəsi (otel odası).
Bu səhnə filmin ən uzun kadrlarından biridi. Əsərin
qəhrəmanlarından biri qəribə bir vəziyyətdə
büzüşüb mürgüləyir, onu yuxu aparır. Pəncərədə
öləziyən zəif işıq. Pəncərədə
yağış yağır…
…Andrey Tarkovski əlli dörd il
yaşadı, yeddi film çəkdi. Mən Tarkovskinin
bioqrafiyasını, çəkdiyi filmlərin süjetini nəql
etmək fikrində deyiləm. Bu, ən azından mənim tərəfimdən
naşılıq olardı. Bəzən insanların
nadanlığı ilə üzləşəndə
susmuşam. Susmuşam, məni naşı biliblər, amma mən
naşı deyiləm. Mən azad adamam – azad adamın çəkdiyi,
çəkə biləcəyi çilələri mən də
yaşadım. Mən Stalkerəm…
«Tip» jurnalına verdiyi müsahibədə
Tarkovski deyirdi: «Bizim hər birimiz azad adamlarıq, amma azad
dövlətdə yaşadığımıza görə
azad deyilik. Məsələ bunda deyil. Qədim Romada sonuncu
daşyonan da daxilən mütləq azad adam ola bilərdi.
Prinsipcə, insan azaddır. Əlbəttə, azad adam olmaq
çətin işdi. İnsan azad deyilsə, bu, onun öz
günahıdır».
Andrey Tarkovskinin son filmi – «Güzgü»
haradasa avtobioqrafik əsərdi. Bu filmdə rejissor öz
uşaqlıq aləminə səyahət edir, film boyunca real
epizodlarla irreal, xəyali epizodlar bir-birini əvəzləyir.
Məşhur Argentina yazıçısı Xulio Kortasar
deyirdi ki, hekayə sonet kimi yazılır.
Tarkovskinin «Güzgü» filmi sonet kimi
çəkilib. Bu film şeirdi, poeziya nümunəsidi.
Kadr. Xəstə, pəltək yeniyetmə
hipnoz vasitəsi ilə müalicə kursu keçir. Ruhi
sarsıntı keçirmiş yeniyetmənin yaddaşı
özünə qayıdır. O, yenidən meşə kənarındakı
balaca taxta komada keçmiş xoşbəxt uşaqlıq
günlərini xatırlamağa başlayır… Xoşbəxt
uşaqlıq aləminin əsrarəngiz röyaları və
şəxsiyyətə pərəstiş dövrünün
dəhşətli səhnələri… Sebastyan Baxın ölməz
kantatası səslənir. Filmdə A.S.Puşkinin romantik məktubları
oxunur, kiminsə gözəgörünməz bir adamın, bəlkə
də elə Tarkovskinin öz əlləri Leonardo da
Vinçinin rəsmlərini vərəqləyir. 140 dəqiqəlik
film, 140 dəqiqəlik müəmma, 140 dəqiqəlik poema…
Rejissor Nikita Mixalkov fikrimcə, dahi
istehsalçıdır, o, kino istehsal etməyin
ustasıdır. Andrey Tarkovski isə gerçək sənət
fədaisi idi. O, sinematoqrafın mühacir şairi idi. Əlbəttə,
zövqlər müxtəlifdi, necə deyərlər,
zövqlər haqqında mübahisə edilmir. Amma mən yenə
öz fikrimdə qalıram, Nikita Mixalkov
istehsalçıdır, rəssam Nikas Safronov da istehsal rəssamıdır.
Əslində hər iki sənətkar bəxtləri gətirmiş
sənətkarlardı. Onlara qarşı heç bir
qısqanclıq hissi keçirmədiyimə məni
yaxından tanıyan insanlar şübhə etməzlər,
axı zəif, konyuktur filmlərin Oskar mükafatına layiq
görülməsinin şahidi olmuşuq. Nobel ödülü
də zaman-zaman siyasi konyukturaya çevrilir…
Hər dəfə Andrey Tarkovskinin
«Güzgü»sünə baxanda sanki mən də öz
uşaqlıq aləmimə geri dönürəm. Mənim
uşaqlıq adlı aləmimdən yaz fəslində meşə
rütubəti qoxusu gəlir. Mənim uşaqlıq adlı aləmimin
pəncərəsində yağış yağır. Mən
güzgülərlə oynayan uşaq kimiyəm, bir
güzgünün içindən çıxıb başqa
bir güzgünün içinə girmək mənim ən
sevimli məşğuliyyətimdi. Mən güzgüdəki
adamam. Güzgülərin birində Van Qoqla, Modilyani ilə,
Salvador Dali ilə rastlaşıram, başqa bir güzgüdə
Aydın Əfəndi ilə «Malakan bağı»nda mübahisə
eləyirəm, bir başqa güzgüdə Kobe Abe ilə
sake içirəm… Başqa bir güzgüdə Tarkovskiyə
şeir oxuyuram. Güzgüdəki adamlar, dilinə, dininə,
dərisinin rənginə görə bir-birindən fərqlənmir.
Biz kimik, hardan gəlib hara gedirik?..
Kadr. Yenə çəkiliş meydanı.
Filmin son kadrları çəkilir. Göyüzündə pəmbə
bəyaz buludlar axır. Nazim Hikmətin Salvador Dalinin, Andrey
Tarkovskinin və mənim buludlarım… Birdən-birə
rejissorun halı xarab olur. Çəkiliş
yarımçıq qalır. Təcili yardım
maşını onu xəstəxanaya çatdırır. Onu
müayinə edən həkimlər bu xəstəliyə «xərçəng»
diaqnozu qoyurlar.
Kadr. Roma. 1986-cı ilin dekabrı. Ayın
iyirmi doqquzunda – yeni ilə iki gün qalmış əlli
dörd yaşlı böyük rejissor dünyasını dəyişir,
əbədi olaraq güzgülərə çəkilir…
Oktay
Hacımusalı
Xalq Cəbhəsi.-
2012.- 24 fevral.- S.11.