Hüquqi dövlətdə etno-mədəniyyətin
qorunması
Mahama Bazarov: «Bizim siyasət milli
azlıqların hüquqi dövlət quruculuğu prosesinə
daha sıx cəlb olunması məqsədini
daşıyır»
Şair Həsənov: «Milli və
etnik azlıqların hüquqlarının qorunması təkcə
yerli qanunlarla tənzimlənmir, eyni zamanda Azərbaycanın
qoşulduğu bir sıra beynəlxalq konvensiyalarla tənzimlənir»
Kamil Həsənov: «Azərbaycanda
tarixən məskunlaşan bütün milli, etnik və dini
azlıqların hüquqları konstitusiya çərçivəsində
qorunur»
Hüquqi
dövlətdə mədəniyyətin tərkib hissələrindən
birini etnomədəniyyət təşkil edir. Hər bir
xalqın etnomədəniyyəti tarixən
formalaşmış milli ənənələrə, mentalitetə
əsaslanan mənəvi xəzinədir. Bu mənada, Azərbaycan
etnomədəniyyəti ümumtürk mədəniyyəti,
spesifik Azərbaycan mədəniyyətilə yanaşı,
islam, qafqazdilli və s. xalqların mədəni ünsürlərini
də özündə əks etdirir. Azərbaycan xalqı
özündə türkçülüyü,
islamçılığı və müasirliyi birləşdirərək,
spesifik tarixi özünəməxsusluğu və mədəni
suverenliyi ilə fərqlənmiş dünya mədəniyyətində
öz yeri olan etnomədəniyyət yaratmışdır.
Coğrafi baxımdan Avropa və Asiya qitələrinin sərhəddində yerləşən müasir Azərbaycan müxtəlif mədəniyyətləri kəsişməsində bərqərar olub. Lakin maddi və mənəvi dəlil kimi tarixi abidələrdə təcəssümünü tapmış bütün bu mədəni simbioz və rəngarəng ənənələrlə yanaşı, Azərbaycanın çiçəklənməsi fenomeni onun etnogenezi ilə, bədii yaradıcılığın ən müxtəlif sahələrində ecazkar incilər yaradan xalqla bağlıdır. Azərbaycan etnosunun tarixini nəzərdən keçirsək, görərik ki, respublikamızın əhalisinin 93 faizini təşkil edən azərbaycanlılardan başqa, bu etnosun təşəkkülündə əsrlərdən bəri müxtəlif azsaylı xalqlar, etnik və milli qruplar iştirak etmişlər. Onların arasında Altay ailəsinin türk qoluna məxsus (Azərbaycan türkləri, tatarlar, Ahıska türkləri), eləcə də hind-avropa (tatlar, talışlar, dağ yəhudiləri, kürdlər), qafqaz (udilər, ləzgilər, avarlar, saxurlar, buduqlular, ingiloylar, qrızlar, xınalıqlar), slavyan (ruslar, molokanlar, ukraynalılar) dil qruplarının təmsilçiləri vardır.
XX əsrin sonunda keçmiş SSRİ respublikaları dövlət müstəqilliyinin bərpası yolunda tarixi imkan əldə etdilər. Keçmişə, milli şüurun təşəkkülünə və inkişafına, mədəni sərvətlərin yenidən dəyərləndirilməsinə, tarixi yaddaşın aktuallaşdırılmasına maraq artdı. Bununla yanaşı, müasir dünya birliyinin inkişafında qloballaşma aparıcı təmayülə çevrildi ki, bu da müxtəlif ölkə və xalqlar arasında sərhədlərin götürülməsinə əsaslanır, insanları yaxınlaşdırır və vahid ümumbəşəri, planetar mədəniyyətin təşəkkülünə və inkişafına şərait yaradır. Sadalanan ictimai – tarixi hadisələr dalğasında respublika rəhbərliyinin balanslaşdırılmış siyasətinin əsas məsələlərindən biri dövlətin polietnik əhali kütləsinin qorunub saxlanılmasından ibarətdir. Bu da xalqın mədəni genofondunun determenantı kimi, etnik mədəniyyətin – dil, xalq incəsənəti, xalqın maddi mədəniyyəti, adət və ənənələri, etika, ənənəvi tərbiyə sistemi və s. bu kimi ünsürlərini özündə ehtiva edir.
Azərbaycanda yaşayan milli azlıqların, azsaylı xalqların və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin inkişafı dövlət yardımını nəzərdə tutan 1992-ci ildə verilmiş müvafiq sərəncamla başlanmışdır. Sərəncamın məzmununda etnik azlıqların təhsil, mətbuat, mərkəzi televiziya və radio ilə xüsusi verilişlərin təşkili, həmfikirlik və ədalətlilik, tolerantlıq və həqiqilik, bərabərlik və əməkdaşlıq hüquqları təsbit edilir. Bu sərəncamın uğurla həyata keçirilməsi ona gətirib çıxarıb ki, yeni Azərbaycanın vətəndaşlarının bugünkü şüurunda üç komponentin vəhdəti kök salıb: bunlar öz etnosuna mənsubluq haqqından, öz milli ənənələrinə və öz xalqının tarixinə hörmət və məhəbbət hissindən, milli dilin və milli mədəniyyətin öyrənilməsi meyllərindən ibarətdir. Eyni zamanda, onların çoxmillətli Azərbaycan cəmiyyətinə və nəhayət, dünya birliyinə mənsubiyyət hüququnun təsdiqi, təkcə öz xalqının və çoxmillətli ölkəsinin taleyi üçün deyil, eləcə də bütün dünyanın taleyi üçün məsuliyyət hissinin aşılanması bu qəbildəndir. 28 dekabr 2006-cı ildə prezidentin imzaladığı «Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı»nda da etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və daha da inkişafı maddəsi də əksini tapıb.
Alim Səlahəddin Xəlilov özünün «Şərq və Qərb: ümumbəşəri ideala doğru» əsərində Azərbaycan etnomədəniyyətində əsas amil olan Şərq və Qərb anlayışlarına düzgün olaraq təkcə coğrafi termin deyil, həm də mənəvi amil kimi yanaşır: «Əvvəla, Şərq – ənənəviliyin, Qərb isə müasirliyin simvolu kimi başa düşülür. İkincisi, Şərq və Qərb bölgüsünü sivilizasiyalararası və mədəniyyətlərarası fərq kimi başa düşürlər. Üçüncüsü, ən başlıcası Şərq və Qərbi fərqləndirən ən mühüm amil odur ki, Şərqdə əsas məqsəd insanın kamilləşməsidirsə, Qərbdə əsas məqsəd cəmiyyətin təkmilləşməsidir».
Mədəniyyət sistemində mühüm yer tutan etnomədəniyyət milli şüur, tarixi yaddaş, dövlətçilik, millət, milli-mənəvi dəyərlər anlayışları ilə sıx bağlı olan istilahdır.
Azərbaycan etnomədəniyyəti millilik və ümumbəşəriliyin vəhdətindən ibarət olub, humanist xarakterilə fərqlənir, varislik prinsipinə əsaslanır, milli mentalitet vasitəsilə gerçəkləşir.
Azərbaycan etnomədəniyyətinin yaranması və inkişafı qədim dövlətçilik ənənələrilə (Midiya, Atropaten, Şirvanşahlar, Ağqoyunlu, Qaraqoyunlu, Eldəgizlər, Səfəvi, Albaniya, Azərbaycan xanlıqları və sonradan ADR, Azərbaycan SSR, Azərbaycan Respublikası) sıx bağlı olmuşdur. Azərbaycan etnomədəniyyəti xalqda vətənçilik, vətən əxlaqı, vətənpərvərlik tərbiyə etməklə yanaşı, ünsiyyət birliyi, qarşılıqlı zənginləşmə üçün şərait yaradır.
Azərbaycan Konstitusiyasının 25-ci maddəsinə əsasən, dövlət irqindən, milliyyətindən, dinindən, dilindən və mənşəyindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını, azadlıqlarını irqi, milli, dini, dil, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
Avar Mədəniyyət Mərkəzinin rəhbəri, hüquqşünas Mahama Bazarovun sözlərinə görə, konstitusiyasının 44-cü maddəsinə əsasən, hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz: «Bundan başqa «Mədəniyyət haqqında» qanunun 11-ci maddəsində milli mədəniyyətin inkişafına və qorunub saxlanılmasına yardım nəzərdə tutulur. Dövlət Azərbaycan xalqının milli mədəniyyətinin inkişafına və qorunub saxlanılmasına, eləcə də Azərbaycan ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verir».
Mahama Bazarov təkcə etnik və milli azlıqların deyil, hətta dini azlıqların da hüquqlarının qorunması ilə bağlı dövlət tərəfindən qəbul edilən qanunverici aktların mövcudluğundan danışdı. O, bildirdi ki, 1992-ci il oktyabrın 7-də qəbul olunmuş «Təhsil haqqında» qanunun 6-cı maddəsinə və «Dövlət dili haqqında» qanunu 3-cü maddəsinə əsasən təhsil milli azlıqların müxtəlif dillərində verilə bilər: «Azərbaycanda yaşayan milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, eləcə də dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı» haqqında Azərbaycan prezidentinin 1992-ci il 16 sentyabr tarixli fərmanı milli azlıqlar arasında əlaqələrin yaxşılaşdırılması və hüquqi dövlətin yaradılmasına onların cəlb olunmasının səviyyəsinin artırılması məqsədini daşıyır. Daxili qanunvericiliyin bu müddəaları ilə yanaşı, Azərbaycanın 1996-cı il 31 may tarixində qoşulduğu irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, aparteidin və genosidin qarşısının alınması və cəzalandırılması haqqında BMT Konvensiyaları kimi beynəlxalq sənədlərin müddəaları da tətbiq olunur».
Onu da qeyd edək ki, 2000-ci ilin iyun ayında Azərbaycan Avropa Şurasına üzv olmamışdan çox-çox əvvəl Avropa Şurası Milli azlıqların qorunması haqqında Çərçivə Konvensiyasına qoşulub. Azərbaycan 2002-ci il iyunun 4-də milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının qorunmasına dair vəziyyət barədə milli hesabatını Avropa Şurasına təqdim edib. Bundan savayı, ölkəmiz Avropa Şurasının «Hamı fərqlidir-hamı bərabərdir: Müxtəliflik, insan hüquqları və iştirak üçün Avropa Gənclər Kampaniyası»na qoşulub. Bununla əlaqədar, qeyri-hökumət təşkilatları, dövlət qurumları, kütləvi informasiya vasitələri və s. nümayəndələrindən ibarət Milli Kampaniya Komitəsi yaradılıb. Komitənin məqsədi Avropa Şurası ilə əməkdaşlıq sahəsində kampaniya çərçivəsində keçiriləcək tədbirlər planının tərtib edilməsi və həyata keçirilməsindən ibarətdir.
«Ronahi» Kürd Mədəniyyəti Mərkəzinin sədri Kamil Həsənov hüquqi dövlətdə etnomədəniyyətə münasibət məsələsində Azərbaycanda heç bir problemin olmadığını dedi. Onun fikrincə, Azərbaycanda tarixən məskunlaşan bütün milli, etnik və dini azlıqların nümayəndələrinin hüquqları konstitusiya və prezidentin 2006-cı il sərəncamı ilə təsdiq olunan insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı çərçivəsində qorunur: «Ölkədə müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Azərbaycan insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirib, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxıb və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib. Prezidentin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq olunmuş və insan hüquqlarının müdafiəsinə yönəlmiş dövlət proqramı çərçivəsində qanunvericilik və institusional islahatlar həyata keçirilib».
Ləzgi Mədəniyyəti Mərkəzinin sədri Şair Həsənovun sözlərinə görə isə Azərbaycanda milli, etnik və dini azlıqların qorunması ilə bağlı qanunvericilik bazası möhkəmdir: «Milli və etnik azlıqların hüquqlarının qorunması təkcə yerli qanunlarla tənzimlənmir, eyni zamanda Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq konvensiyalarla tənzimlənir. Bu da vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verir. Düzdür, hər bir dövlətdə olduğu kimi bizdə bir sıra problemlər mövcuddur. Amma hökumət onların da aradan qalxması istiqamətində tədbirlər görməkdədir».
Cavid
Xalq Cəbhəsi.- 2012.- 28 fevral.- S.5.