"Dağlar qədər ağır-ağır qəmim var"

 

Həbib Sahir: «Özgə dildə danışmaram, ana dilim, ana dilim»

 

Güney Azərbaycanda XX yüzildə formalaşmış ədəbi mühit mahiyyətcə xəlqi problemlərimizi, dərd-sərimizi özündə ifadə etdi. Ədəbiyyatın bu dərəcədə milli taleyimizə yanğılı, inadlı, təəssübkeşliklə yanaşması Güney Azərbaycanda milli şüurun daim artmasına, inkişaf etməsinə və yeni-yeni üfüqlərin yaranmasına ciddi təkan verdi. XX yüzildə Güney Azərbaycanın milli ruhunun, milli şüurunun oyanmasında, inkişaf etməsində özünəməxsus xidmətləri olan şairlərimizdən biri də Həbib Sahirdir. Məlumdur ki, xüsusən 40-cı illərdən sonra SSRİ-nin tərkibində olan Azərbaycanımızın Quzeyində Güney Azərbaycan mövzusu, Güney Azərbaycan ədəbiyyatının araşdırılması tədricən davamlı xarakter almağa başladı. Bu barədə danışan araşdırmaçı Vəfa Əliyev deyir: «Sovet dövründə Güney Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri, onların milli şüurun inkişafı, ana dilimiz uğrunda apardıqları mübarizə, ümumiyyətlə, yaradıcılıqlarından söz açmaq çox çətin məsələ idi. Ancaq bütün çətinliklərə baxmayaraq Azərbaycanın tanınmış ziyalıları əllərinə düşən imkandan mümkün qədər yararlanmağa çalışıblar. Nizami adına Ədəbiyyat İnstitutunda Güney Azərbaycan ədəbiyyatı şöbəsi fəaliyyət göstərirdi. Şöbəyə ilk dövrlər Mirzə İbrahimov rəhbərlik edib. Burada Güney Azərbaycanda yaşayıb-yaratmış tanınmış soydaşlarımızın, qələm sahiblərinin həyat və yaradıcılığı tədqiq olunurdu. O dövrdə Güney Azərbaycan ədəbiyyatının tanınmış, gərəkli ədəbiyyat nümunələrini özündə birləşdirən bir neçə cildlik «Cənubi Azərbaycan ədəbiyyatı antologiyası» da buraxıldı. Bu, o dövr üçün böyük hadisə idi».

Sonrakı illərdə Güney Azərbaycan ədəbiyyatının araşdırılmasına maraq, hər şeydən əvvəl isə dövrün verdiyi imkan artdı: «Artıq bu dövrdən sonra araşdırmaçılarımız arasında Güney Azərbaycanın tanınmış söz-sənət adamlarının həyat və yaradıcılığını araşdırmağa meyl gücləndi. Habelə sözügedən «Cənubi Azərbaycan ədəbiyyatı» şöbəsinin də imkanları genişləndirildi. Söhbət 1978-79-cu illərdən gedir. Həmin illərdə aspiranturada təhsil almaq istəyirdim. Mərhum atam Güney Azərbaycan ədəbiyyatı ilə bağlı mövzu götürüb işləməyimi istəyirdi. İnstitut dövründə əski əlifbanı öyrənmişdim. Mərhum akademik Rüstəm Əliyev xeyir-dua verdi, o vaxtacan haqqında xüsusi məlumatımın olmadığı Həbib Sahirin həyat və yaradıcılığını araşdırmağımı məsləhət bildi, gərəkli olan ədəbiyyat göstəricisi və mənbələr haqqında məlumat verdi. O dövrdə bizim arxivlərdə Həbib Sahirlə bağlı məlumatlar demək olar, yox idi. R.Əliyev tez-tez İrana yaradıcılıq səfərlərinə gedirdi. Dedi sənə Həbib Sahirin əlyazmalarını da verərəm, araşdırarsan. Şairin şeirlərini kiril əlifbasına çevirdim. 1979-cu ildən başlayaraq «Azərbaycan», «Ulduz» jurnallarında, habelə «Ədəbiyyat və İncəsənət» qəzetində Həbib Sahir haqqında Quzey Azərbaycan oxucusuna ilk dəfə məlumat verdim. Təxminən iki il yarım ərzində mövzunu işlədim, ancaq müdafiə etmək əngələ çevrildi. İradımı bildirdim ki, şahlıq üsul-idarəsi dövründə təzyiq-təqiblərə məruz qalan, anadilli ədəbiyyat uğrunda mübarizə aparan, milli şüurun yaranmasında özünəməxsus rolu olan Həbib Sahir barəsində yazılan işə niyə əngəl törədilməlidir? Rüstəm müəllim mövzunun müdafiə edilməsini çox istəyirdi. Nə isə, mövzunu müdafiə elədim. Opponentlərim mərhum istedadlı alim Qafar Kəndli və Hökumə Billuri olmuşdu».

V.Əliyevin Həbib Sahirin həyat və yaradıcılığına həsr etdiyi «Hürriyyət fədaisi» («Həbib Sahiri taleyi və ədəbi irsi») adlanan kitabda şairin həyatı və yaradıcılığı haqqında ciddi, dolğun bilgi var: «Azərbaycan oxucusu ilk dəfə olaraq şair haqqında ətraflı bilgi ala bildi. Həbib Sahir ömrü boyu çəkdiyi əzab-əziyyətə, məşəqqətlərə, yasaqlara baxmayaraq heç vaxt əqidəsindən dönməyib. Dəfələrlə sürgündə olan şair əsərlərini ancaq ana dilində, çox az qismini isə farsca yazıb». Həbib Sahir həmişə əsarətə qarşı barışmaz olub:

 

Düşmən ilə barışmaram,

Hamərd ilə qarışmaram,

Özgə dildə danışmaram,

Ana dilim, ana dilim.

 

Ana dilinə bitib-tükənməz sevgi Həbib Sahir yaradıcılığının əsas sütunlarından biridir. Heç də təsadüfi deyil ki, şairin ana dilimizə həsr olunmuş xeyli şeirləri var.

Araşdırmaçı habelə Həbib Sahirin şeirlərini «Məndən salam deyin gözəl Təbrizə» adı ilə kitab halında çap etdirib: «O, bəşəri duyğular şairidir. Bir neçə il qabaq ölkə başçısının sərəncamı ilə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin əsərləri sırasında tərtibatım əsasında hazırlanmış Həbib Sahirin «Seçilmiş əsərləri» latın qrafikasında da çap olundu».

Həbib Sahir Xiyabani Hərəkatının da şahidi olub. Güney Azərbaycanda Milli Azadlıq Hərəkatının müxtəlif dövrlərində Həbib Sahirin şeirləri həmişə dildən-dilə gəzib. O, Şəhriyarla dost olub. Həbib Sahir türk poeziyasının nümunələri ilə də yaxından tanış idi. Bir müddət Qəzvində, Zəncanda müəllimlik edib. Şair sürgün dövrünü yaradıcılığında xüsusi ifadə edib. «Varlıq» jurnalı nəşrə başlayarkən bu xəbərdən çox sevinib, «Azadlıq quşu, «»Varlığ»ım» şeirini yazıb. 1945-1946-cı illərdə Milli Hökumət dövründə yazdığı şeirlər özünün mübarizə əzmi, duyğusallığı, döyüşkənliyi ilə diqqəti cəlb edir. Şairin Süleyman Rüstəm, Osman Sarıvəlli və başqaları ilə sıx ünsiyyəti olub.

Həbib Sahir 1986-cı ildə 83 yaşında vəfat edib. Ömrünün son illərinə qədər xalqın azadlığı uğrunda qələm çalıb, mübarizəsindən dönməyib. Məhz 80-ci illərdə yazdığı azadlıq ruhlu şeirlərinə görə şair təqib olunmağa başlayır. Bilir ki, yenə də həbs olunacaq. Qoca yaşında həbsə yenidən düşməmək üçün intihar edib. Bu, artıq onun ləyaqətini qorumaq məqsədilə atılmış qaçılmaz addım idi.

Həbib Sahirin şeirlərinə mahnılar bəstələnib. Güneydə şairin kitabları işıq üzü görüb. Şair tərcümə sənəti ilə də məşğul olub. Şairin «Ana yurddan qovulanlar» adlı poemasında sürgünün insan həyatında yaratdığı əzab-əziyyət, sarsıntılar dərin ifadəsini tapıb. O, fars şovinizminin bütün hücumlarına baxmayaraq inadından qalmır, döyüşkənliyindən əl çəkmir. Özü demişkən, «yada qul olub dərdə alışmır, farsca danışmır». Əks təqdirdə onun üçün «bu beşgünlük diriliyin qiyməti» olmazdı. Şair daim yurdun taleyini düşünür, könlü sızlayır:

 

Dağlar qədər ağır-ağır qəmim var,

Tapdalanıb soyulmuşam, nəyim var?

 

AYB-nin Güney Azərbaycan bölməsinin rəhbəri Sayman Aruz bildirir ki, hər dövrün ədəbi prosesi ictimai, siyasi, sosioloji mühitin məhsulu olduğunu xüsusi izah etməyə yəqin ki, ehtiyac yoxdur: «Güney Azərbaycan ədəbi prosesinin tarixən keçdiyi müxtəlif mərhələlər bu fikri təsdiq kedir. Məşrutə inqilabı illəri, Xiyabani hərəkatı dövrü, sonrakı illərdə Rza xanın hakimiyyət illəri və Milli Hökumət dövrünün ədəbi hərəkatının dalğalarını yada salmaq kifayətdir. 1979-ci ilin fevralında İranda baş verən inqilabı adətən bənzərsiz keyfiyyətləri ilə xarakterizə edirlər. Bu illərin əlamətdar yaradıcılıq hadisələrindən biri də ədəbi tənqidə maraq və rəğbətin artması olmuşdu. Bir sıra məlum səbəblər üzündən təkcə Güneydə deyil, ümumən İran miqyasında türkdilli ədəbi tənqidin bəlkə də yox dərəcəsində olması həqiqətdir. Başqa janrlara nisbətən tənqidin öz simasını bilməsi çox müşkül məsələdir. İnqilabın ilk illərində xalqın içərisində keçmiş şah irticası dövrünün sona çatdığını düşünüb müəyyən azadlıqların olacağı ümidi ilə yeni ədəbi mühitin anadilli nümunələri göstərilən qəzet və jurnallar yarandı: «Ulduz», «Yoldaş», «Koroğlu», «İşıq», «Çənlibel», «Qardaşlıq», «Molla Nəsrəddin», «Azadlıq», «Odlar yurdu», «Varlıq», «Dədə Qorqud», «İnqilab yolunda», «Ülkər» «Yaşmaq» «Yapraq» «Günəş» və s.

Diqqət etdikdə bu mətbu orqanların sadəcə, adları belə onların hədəf və ideya istiqamətləri barədə yetərincə təsəvvür yaradır. Bu «bahar müjdəçiləri»nin çoxu elə doğrudan da bir novruzgülü ömrü qədər yaşadı. Ancaq əsas cəhət onları doğuran ictimai-siyasi və ədəbi zəminin mahiyyəti idi. İnqilabdan sonra ədəbi prosesin qabarıq cizgilərindən biri poeziyanın qabaqcıl mövqedə addımlaması oldu. Təbii ki, bu, səbəbsiz deyildi. Burada şeirin çox qədim və zəngin ənənələrə malik olması, dövrün, zamanın, ictimai həyatın sifarişinə əks-səda verməkdə çeviklik qabiliyyəti çox mühüm, bəlkə də həlledici rol oynadı. Bir də əlbəttə, Güneyin Şəhriyar, Həbib Sahir, Məmmədəli Məhzun, Haşım Tərlan, Müzəffər Derəfşi kimi təcrübəli sənətkarları yaratdıqları əsərləri ilə döyüşkən və inqilabi ruhlu ədəbiyyatın bünövrə daşını qoymuş Əlirza Nabdil (Oktay), Mərziyə Uskui, Səməd Behrəngi, Səhənd kimi sələflərinin yaradıclıq yolunu davam etdirdilər. Heydər Xətibi, Ələkbər Həddad, Həmid Nitqi, Həsən İldırım, Əziz Möhsünü, Abbas Bariz, Həsən Savalan, Sönməz kimi sənət yolçuları inqilab dövrünün mübariz və döyüşkən poeziyasının çağırışına gur səslə cavab verdilər. Ancaq ölkədə qalib gələn inqilab bir sıra daxili və xarici səbəblər üzündən xalqın, xüsusilə zəhmətkeş təbəqələrin ümidlərini, arzularını axıradək doğrultmadı. Buna isə ədəbi proses laqeyd qala bilməzdi. Bu həqiqət həmin dövrdə Haşım Tərlan, Süleyman Salis, Həbib Sahir, Urmulu, Çayoğlu, Həsən Şəqaqi, Firidun Həsari, Behrəngdust, Məmmədəli Məhzun kimi sənətkarların qələm məhsullarında dolğunluğu ilə özünün bədii əksini tapdı».

         

         

Uğur

 

Xalq cəbhəsi.-2012.- 11 iyul.- S.14.