Qarabağın "Xan qızı"

 

Bədii yaradıcılığa XIX əsrin 50-ci illərində başlayan Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatında Füzuli ənənələrini davam etdirən görkəmli şairələrdən biridir. Həzin, səmimi lirika, təbiət gözəlliklərinin və insanın könül dünyasının bəzən gerçək, bəzən isə romantik, təsirli poetik vasitələrlə təsviri onun yaradıcılığının başlıca özəlliklərindəndir.

Natəvan Azərbaycanın ictimai həyatında, xüsusən Qarabağın mədəni inkişafında, Şuşa şəhərinin abadlaşdırılmasında önəmli xidmətlər göstərmiş, bir sıra xeyirxah tədbirlər həyata keçirmişdir. Onun rəhbərliyi və bilavasitə hamiliyi ilə 20 ildən artıq bir müddətdə fəaliyyət göstərən «Məclisi-üns» ədəbi məclisinin şöhrəti Qarabağın, ümumiyyətlə, Azərbaycanın sərhədlərini aşaraq bütün Zaqafqaziyaya, Krıma və Dağıstana yayılmışdır.

Xurşidbanu Natəvan 1832-ci ilin avqustun 15-də Şuşa şəhərində anadan olmuşdur. O, mənşə etibarilə tanınmış bir nəsildən idi. Babası məşhur Qarabağ xanı İbrahimxəlil Cavanşir idi. Atası Mehdiqulu xan Cavanşir də 17 il Qarabağda hakimlik etmişdi. Şairin anası Bədircahan bəyim Gəncə hakimi Cavad xanın nəslindən olan Uğurlu bəyin qızıdır. Mehdiqulu xan Bədircahan bəyimlə evləndikdən bir qədər sonra Qafqaz canişini, general Yermolovun Qarabağ xanlığına qarşı yeritdiyi qərəzli siyasət nəticəsində 6 min evlə İrana köçüb mühacirətdə yaşamaq məcburiyyətində qalmışdı. Yermolov hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra onu əvəz edən general Paskeviç Mehdiqulu xana bəraət qazandırıb, öz vətəninə qaytarmışdı. Bu ailə uzun müddət — təxminən 25 il övlad həsrəti ilə yaşamış, nəhayət, Xurşidbanu dünyaya gəlmişdir. Natəvan ailənin yeganə övladı idi. Onun uşaqlığı sarayda keçmiş, ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiləri olmuşlar. Natəvan ilk təhsilini də atasının sarayında xüsusu müəllimlərdən almış, hələ kiçik yaşlarında oxuyub-yazmağı, dini və dünyəvi bilikləri, habelə, klassik poeziyanı öyrənmiş və bir tərəfdən yüksək ədəb-ərkanına, biliyinə, savadına, digər tərəfdən, ictimai mənşəyinə görə Qarabağda «Xan qızı» ləqəbi ilə tanınmışdır.

Sarayda doğulub böyüməsinə baxmayaraq, Natəvanın ömrünün çoxu qəm-qüssə və iztirablar içində keçmişdir. 1845-ci ilin may ayının 15-də şairənin atası Mehdiqulu xan Ağcabədi kəndində qəflətən vəfat edir. Xurşidbanu Mehdiqulu xanın yeganə varisi olduğu üçün, xanlığın mülklərinin idarə hüququ ona keçir. Amma çar Rusiyasının Qafqazda yeritdiyi müstəmləkəçilik siyasəti, Qafqaz hakimi Vorontsovun Qarabağ xanlığını həm siyasi, həm də iqtisadi cəhətdən tamamilə Rusiyaya tabe etdirmək niyyəti xanlığın sərbəst fəaliyyəti üçün açıq-aşkar maneə törədirdi. Vorontsov Qarabağ xanlığına siyasi təsir göstərmək məqsədilə xanlığa məxsus torpaqların bir çoxunu dövlətin xeyrinə müsadirə edir. Bundan bərk narahat olan Bədircahan bəyim hökümət dairələrinə şikayət ərizələri göndərir. Ancaq bu ərizələr nəticəsiz qalır. Buna görə o, 1848-ci ilin yazında qızı Xurşidbanu ilə bərabər Tiflisə gedir. Onlar avqust ayına qədər Tiflisdə qalıb öz mülklərini geri, vərəsə Xurşidbanunun ixtiyarına qaytarırlar.

Tiflisdə olarkən Xurşidbanu Vorontsovun şəxsi yavəri general-mayor Xasay xan Usmiyevlə tanış olur. Əslən qumıq olan Xasay xan Usmiyev Bədircahan bəyimə Vorontsovla əlaqə yaratmaq işində kömək edir və bunun əvəzində Xurşidbanu ilə evlənmək istədiyini bildirir. Çıxılmaz vəziyyətdə qalan Xurşidbanu Xasay xana ərə getməyə razılıq verir. 1850-ci ilin payızında Xasay xan Şuşada toy edib, Xurşidbanu ilə evlənir və onu götürüb əvvəlcə Dağıstana, öz doğma yurduna, oradan da Tiflisə aparır. Natəvan iki ilə qədər Tiflisdə yaşayır. Amma Tiflisin ab-havası ona düşmür, səhhəti pozulur. Qan azlığından əziyyət çəkir və 1852-ci ildə həkimlərin məsləhəti ilə doğma Şuşaya qayıdır. Bir müddət Şuşada müalicə olunduqdan sonra tamamilə sağalır.

Ana olmaq arzusu ilə gecə-gündüz Yaradana dua edən Xurşidbanu 1854-cü ildə əri ilə Bakıya gəlib, Şıx kəndindəki Bibiheybət məscidini ziyarət edir, 1855-ci ildə onun oğlu, 1856-cı ildə isə qızı dünyaya gəlir.

Natəvanın həyatında maraqlı hadisələrdən biri də onun 1858-ci ildə Bakıda böyük fransız yazıçısı Aleksandr Düma ilə görüşməsidir. Bu haqda A.Dümanın xatirələrində deyilir: «Mənim dəvət olunduğum evdəki məclisdə iki tatar (azərbaycanlı-Z.Ə.) knyaz qadını və kiçiyinin əri iştirak edirdilər. Açıq deməliyəm ki, onlar gəlişimizi səbirsizliklə gözlədiklərindən, bizi sevinclə qarşıladılar. Knyaz qadınlarından biri Qarbağın son hakimi Mehdiqulu xanın arvadı, digəri onun qızı idi. Anasına 40, qızına isə 20 yaş vermək olardı. Hər ikisi milli paltar geymişdi. Qızı bu bahalı, həm də zərif paltarda olduqca cazibədar görünürdü. Öz anası kimi geyinmiş 3-4 yaşlı qız uşağı təəccüb doğuran iri qara gözləri ilə bizə baxırdı. Həmçinin 5-6 yaşlı oğlan nənəsinin dizi üstündə oturub, instinktiv olaraq hər cür təsadüfə hazır vəziyyətdə öz xəncərinin dəstəyindən yapışmışdı. Hər iki tərəfi iti olan həqiqi xəncəri fransız ana heç vaxt uşağının əlinə verməz. Heyrət edirəm ki, tatar (azərbaycanlı-Z.Ə.) analar üçün bu bir uşaq oyuncağı idi. Ataları Xasay xan Usmiyev… Andreyova kəndində doğulmuş, 35 yaşlı, yaraşıqlı, məğrur bir kişi idi. Fransızca əsl parisli kimi danışırdı. O, əyninə qara kostyum geymiş, başına zərlə işlənmiş sivri uclu şapka qoymuşdu. Belindən fil sümüyündən dəstəsi və qızıla tutulmuş qını olan xəncər asılmışdı». Bəli, dediyimiz kimi, 1872-ci ildə Şuşa ziyalılarının təşəbbüsü, Natəvanın köməkliyi və maddi təminatı ilə «Məclisi-üns» («Dostluq məclisi») adlı ədəbi məclis təşkil edilir. Şuşa ziyalılarının həvəslə toplanıb şeirləşdiyi bu məclisin rəhbərliyini və bütün xərclərini Natəvan öz öhdəsinə götürmüşdü. Məclisə şairlərlə bərabər, musiqi biliciləri və ifaçıları da toplaşır, şeirlə musiqinin qarşılıqlı əlaqəsi barədə ədəbi, elmi söhbətlər aparırdılar. Belə canlı ədəbi mühitdə fəaliyyət göstrəməsi Natəvanın yaradıcılığını cilalayır, istedadını daha da püxtələşdirirdi. Onun şöhrəti Qarabağın sərhədlərini aşaraq Şamaxıya, Bakıya, Tiflisə, İrəvana, Krıma — Baxçasaraya yayılırdı. Əliaçıq olduğu, sənət adamlarına ehtiram göstərdiyi üçün hər yerdə böyük şöhrət qazanmışdı. Müasirləri onun şeirlərini yüksək qiymətləndirir, poetik istedadını tərifləyirdilər.

1873-cü ildə Natəvan Şuşadan yeddi kilometr aralı olan Sarı Baba təpəsindəki su mənbəyindən şəhərə su kəməri çəkdirimiş, sonra böyük su anbarı tikdirmiş, hovuz, hamam və buzxana düzəltdirmişdi. Şəhər əhalisinin gəzintisi və istirahəti üçün yaşadığı evin günbatanında bağ saldırmışdı. 1885-ci ildə Natəvana ağır bir bədbəxtlik üz vermişdi; onun ikinci əri Seyid Hüseyndən olan 17 yaşlı oğlu Mirabbas xəstələnib vəfat etmiş, bu hadisə şairəni tamam sarsıtmışdı. Əziz övladının vaxtsız ölümündən sarsılaraq dərin iztirablar, mənəvi böhranlar keçirən ana özünün daxili üzüntülərini, oğul itkisindən doğan qüssə və kədərini        

 

 

Oktay

 

Xalq cəbhəsi.-2012.- 11 iyul.- S.13.