Molla Nəsrəddinçilərin
ədəbiyyata dəxli
Nigar İsfəndiyarqızı:
«Əslində tarixi yazılı ədəbiyyat yaradır»
Əkbər
Qoşalı: «Füyuzat»çılar ədəbiyyatşünaslığımızda
haqq etdiyi yeri almalıdır»
II yazı
«Molla Nəsrəddin» ədəbiyyat deyil,
publisistikadır. «Molla
Nəsrəddin»də tarix
yoxdur. Bu jurnal elə bil ki, impulsdur…»
Bu fikri Kulis.az-ın suallarını cavablandırarkən Milli Məclisin Mədəniyyət
Komitəsinin sədri
Nizami Cəfərov bildirib. Bəs görən yazarlarımız
necə düşünür:
yəni, doğrudanmı,
Mirzə Cəlil və ümumiyyətlə,
«Molla Nəsrəddinçi»lərin
yazdıqları ədəbiyyat
deyil? Mövzunu davam etdiririk.
Türk Hərəkatı
İctimai Birliyinin sədr müavini Nigar İsfəndiyarqızı
hesab edir ki, Nizami müəllimin
dedikləri həqiqətdir:
«Amma burda bir məqam unudulub, əslində tarixi yazılı ədəbiyyat yaradır.
Fərqi
yoxdur, dərginin missiyası nədir, o varsa, artıq tarixdir. Bəli, Əli bəy
Hüseynzadənin ideyaları
danılmazdır, amma
«Ölülər» reaksiya
deyil, zamana vurulan zərbədir.
Cəlil
Məmmədquluzadə ədəbiyyatda
inqilab etdi ki, o zərbənin dalğaları bu günə də sirayət edir. «Ölülər» möhürdür
və cəsarətlə
deyə bilərəm
ki, heç bir ideologiya, heç bir birləşdirici fikir bu möhürün qüdrətini inkar edə bilməz! O ki, qaldı zamana, dövrə ideyalar ədəbiyyatdan verilirsə, necə olur ki, ideoloq
və ədəbiyyatçı
anlayışı biri-birindən
fərqləndirilir? Bu müqayisənin özü
absurddur. Bir növ
ANS telekanalında yayımlanan
«Dahilərin divanı»
verilişinin formatını
əks etdirir. Ki, dahilər divana çəkilməz».
DGTYB başqanı
Əkbər Qoşalının
fikrincə, Nizami müəllimin məqsədi
Mirzə Cəlili, «Molla Nəsrəddin»i ədəbiyyat tarixindən,
ədəbiyyatşünaslığımızdan
çıxarmaq deyil,
ona baxışı (elmi baxışı!) sosrealizm standartlarından çıxarmaq, yeni və həqiqi münasibət bəsləməkdir. Bu münasibət təbii olaraq digər ədəbi-elmi məktəbi — «Füyuzat»ı
diqqət mərkəzinə
gətirir. Bilirsiniz
ki, sovet dönəmində «Molla Nəsrəddin»ə bəlkə
aşırı münasibət
sərgilənərkən, «Füyuzat»a isə
minimumdan aşağı
münasibət, belə
demək olarsa, münasibətsizlik olub. Professorun Mirzə Cəlil və «Molla Nəsrəddin»çiliklə, özəlliklə Əli
bəy Hüseynzadə
və «Füyuzat»la bağlı fikirləri maraqlıdır və şəxsən mənim baxışlarımla üst-üstə
düşür. Yazıçıların
ötən və bu il gözlənən qurultayları
qarşısında keçirilən
silsilə ədəbi
müzakirələrdə bu
məsələlərə bu və ya
digər dərəcədə
mən də toxunmuşdum. Həm buna, həm
də mənsub olduğum ədəbi birliyin fəlsəfəsinə
uyğun olaraq bu mövzu mənimçün
maraqlıdır, doğmadır.
«Füyuzat», «Füyuzat»çılar ədəbiyyatşünaslığımızda,
mədəniyyətimizdə haqq etdiyi yeri
almalı, haqq etdiyi münasibəti görməlidir».
Asif Ata ocağının yükümlüsü
İşıqlı Atalı
hesab edir ki, «Molla Nəsrəddin»
ədəbi məktəbinin
publisistik çaları
olsa da, ədəbiyyatın imkanlarından
istifadə edərək
çox işlər görüb: «Ədəbiyyata
töhfəsini verib. Ədəbiyyat ədəbiyyat
üçün deyil:
bu fikri bir az da aydınlaşdırsaq,
ədəbiyyat əbədiyyət
üçündür. Bu məntiqlə də sənət sənət üçün deyil, həqiqət üçündür.
Mirzə Cəlil, Sabir və başqaları
milli dərdlərlə
yaşadıqları və
bunu ədəbiyyatda ifadə etdikləri dərəcədə millətin
üfüqlərini, sabahını
böyük mənada
görə bilmirdilər.
Məsələyə gerçəklikdən üstün olan həqiqətçilik ölçüsüylə
yanaşmaq gərəkdir.
Obrazlaşdırsaq, onlar mahiyyətcə
təkcə Azərbaycan
miqyasında deyil, ümumən Şərq miqyasında Hovruzəli gerçəkliyini (geriliyini)
görür və tənqid edirdilər.
Ancaq Şərqin, konkret Azərbaycanın zamandan üstün potensiyasını
(imkanlarını) görə
və göstərə
bilmirdilər. Təbii olaraq
burada ədəbiyyatın
məhdudluğu məsələsi
meydana çıxır.
Zamanı ötməyən (yəni böyük mənada həqiqət ölçüsü olmayan)
ədəbiyyat ədəbiyyat
deyil.
Əli bəy Hüseynzadə
XX yüzilin əvvəlində
türkün bir millət olaraq yox olub getməsinə
qarşı sözün
gerçək mənasında
dirəniş göstərən
ideoloji savaş açdı. Onun yaradıcılığında
millət dərdi var, problemə özünəməxsus yanaşır,
ideoloji yöndən çıxış yolu göstərir. Ancaq bu çıxış yolunda da çağımız
üçün yanlış
sonuclar var: konkret türkçülüklə
Qərbçiliyin və
dinçiliyin birliyi ideyası. Ancaq bütün hallarda
Əli bəy Hüseynzadənin elə bir zamanda türkçülüyü
ayrıca bir ideoloji savaş yönünə çevirməsi
ciddi hadisə idi.
Bütün bunlar isə Mirzə Cəlil və ətrafındakıların
ədəbiyyatdan uzaqda
olmalarını demək
üçün bizə
əsas vermir. Mirzə Cəlil yaradıcılığında
insanlara çatdırmaq
istədiyi məqamlardan
məharətli şəkildə
ifadə edirdi. «Ölülər» nəinki Azərbaycan, habelə dünya ədəbiyyatında bənzəri
olmayan komediyadır, mahiyyətcə faciədir,
dərdimizi ifadə edən yetkin ədəbiyyat nümunəsidir.
Mirzə Cəlil elə
bir gərgin zamanda fikirlərini demək üçün məhz satira yolunu seçdi. O dövrdə yazıçı-şair
daha çox eləsi hesab edilirdi ki, yazılarında
ərəb-fars sözlərini
bolluca işlətsin,
yazdıqları daha çox mürəkkəblik
ifadə etsin. Ancaq Mirzə Cəlil bütün bu çərçivələri dağıtdı, ədəbiyyatı
xüsusən dil etibarilə xalqa yaxınlaşdırdı. Böyük yazıçı incə
yumorla xalqın fəlakətlərinin səbəblərini
göstərməyə çalışırdı.
Mirzə
Cəlil hekayə yaradıcılığında da özünəməxsus
idi. Hər bir hekayəsində
cildlərlə kitabın
deyə bilmədiyini deyə bilirdi. Bu, onun az sözlə fikir ifadə edə bilmək ustalığı
idi. Mirzə Cəlil sözün
böyük mənasında
xalqdan gəlirdi, həyatdakı eybəcərliklərlə
barışa bilmirdi.
Mirzə Cəlillə Əli
bəy Hüseynzadənin
hər birinin özünəməxsus dəyərli
cəhətləri var. Meydanda
olan keyfiyyətlər
isə çağımız
və sabahımız
üçün azdır. Bu insanların yaradıcılığındakı
əsas, xəlqi gərəkliyini dəyərləndirməliyik».
Oktay
Xalq Cəbhəsi.-2012.-
20 iyul.- S. 13.