Borçalıda “Elat Mədəniyyəti
Günü”
İyulun
26-da Gürcüstanda — Azərbaycan Türklərinin tarixi dədə-baba
yurdlarından biri olan Borçalının Armudlu yaylasında
(Dmanisi rayonu ərazisindədir) Borçalı Türklərinin
IV Elat Günü keçirilib. Artıq ənənəvi
olaraq ildə bir dəfə — hər il iyul ayının 26-da
keçirilən tədbirdə əslən Borçalıdan
olan Azərbaycanın tanınmış ziyalıları,
Bakıdan getmiş müxtəlif sənət sahələrində
çalışan, təşkilatları təmsil edən
tanınmış ziyalılar, jurnalistlər, habelə
İrandan-Güney Azərbaycandan, Türkiyədən gələn
qonaqlar iştirak ediblər.
Rəsmi
tədbirdən sonra milli yöndə musiqilər səslənib.
Azərbaycandan, habelə Borçalıdan, Türkiyədən
gəlmiş musiqiçilərin çıxışları
maraqla qarşılanıb. Yenə də Armudlu yaylasında əsasən
Borçalının müxtəlif kəndlərindən gəlmiş
soydaşlarımızın biri-biriylə süfrə
arxasında doğmalaşma söhbətləri hamıya
gözəl təsir bağışlayıb.
Borçalıya — Vətənin ruhumuzda ayrılmaz,
bütöv ünvanına gediş insanların
yaddaşında gözəl iz qoyub. Borçalının zəngin,
türk ruhlu təbiəti, orada yaşayan
soydaşlarımızın bizlərə doğma sevgisi
müşahidə olunub. Deməli, xalq ola bilmək, xalq kimi
yaranmaq, yəni insani, milli halımızı artırmaq
imkanımız həmişə var. Yurdun əbədi var
olması üçün orada yaşayanların ruhən var
olması gərəkdir. Türkün köçəri, elat
ruhu bizi sevməyənlərin pis anlamda car çəkdikləri
köçərilik deyil. Türk öz ucsuz-bucaqsız
yurdunda köç edib həmişə.
Yağılarımızın
dediyi köçəri xalq belə bir oturuşmuş mədəniyyət,
xəlqi möhtəşəmlik yarada bilməzdi: xalqı
yetkin fərdlər yaradır. «Borçalı» İctimai Cəmiyyətinin
sədri Zəlimxan Məmmədlinin belə bir istəyi
gerçəkləşdirməsi hünər
sayılmalıdır. Yurdu yaşatmaq, olanları qorumaqla
bağlı indi daha çox danışılır, ancaq
gerçək əməlçilər barmaqla sayılası
qədər azdır. Söz ki işdə gerçəkləşmir,
o, yaşamır.
Yurd
niyə müqəddəsdir? Ona görə ki, yurd sevgisində
torpaq müqəddəslik səviyyəsində dərk olunur.
İnsan dünyaya sığmadığı dərəcədə
Vətənə sığır. Tədbir boyunca
tanınmış aşıqlar, söz adamları
çıxış ediblər. Armudlu yaylasında —
Borçalının axar-baxarlı yerində düzənlənən
tədbirdə minlərlə soydaşımız cıdır
və güləş yarışlarına, saz-söz məclisinə
baxıblar. Tədbir iştirakçılarda böyük ruh
yüksəkliyi yaradıb. Vətəni yaradan və
yaşadan onun fərdləridir. Bu səbəbdən də Vətəni
yaratmaq və yaşatmaq ilk olaraq özümüzü ruhən
qurmağımızla sıx bağlıdır.
Uğur
Xalq Cəbhəsi.- 2012.- 28 iyul.-
S.3.