Ədalət Ağaoğlunun hekayələri
Ədəbiyyat
əsərləri ilə cəmiyyətdəki dəyişmələr
arasındakı əlaqə, həm ədəbiyyatşünaslığın,
həm də ümumi olaraq sosial elmlərin müraciət
etdiyi formalardan biridir. Bunu yaddan çıxarmamaq
lazımdır. Çünki cəmiyyətdəki ictimai
müəssisələrin, xüsusən də dəyişmələrin
açıq-aşkar baş verdiyi gündəlik həyatın,
o həyat içərisindəki əlaqələrin ədəbiyyat
kimi həyata aid olan bir sənət zəminindən
müşahidə olunması adi bir hal ola bilməz.
Çağdaş
türk ədəbiyyatının önəmli təmsilçilərindən
olan və roman, esse, dram əsərlərindən başqa həm
də hekayələri ilə ədəbiyyatımızda
özünəməxsusluğu ilə seçilən Ədalət
Ağaoğlu forma, məzmun, mövzu və dil
bütövlüyü içərisində nəsrimizə
yeni bir prizma qazandırıb. Ağaoğlunun
çağdaş türk ədəbiyyatına gətirdiyi bu
prizma, bir tərəfdən onun özünəməxsus
yaradıcılığının püxtələşdiyini
sübut eləyərkən, digər tərəfdən də
mədəniyyət dünyamızın yazı yetkinliyinin
önəmli qaynaqlarından birinə çevrilmişdir.
Ağaoğlunun
ilk hekayə kitabının, 1970-ci illərin ortalarında nəşr
olunduğunu və 1970-80-ci illər arasında türk ədəbiyyatında
108 nasirin təxminən 330 hekayə kitabının nəşr
olunduğunu düşünsək, bu qədər hərəkətli
bir ədəbi mühiti içərisində fərqlilikdir.
Fərqlilik deyəndə mövcud olana etiraz etmək kimi qəbul
olunacaq bir fərqlilikdən daha çox, get-gedə
monotonlaşan hekayələr cəminə daxil olmamaq mənasında
bir fərqlilikdir. Çünki xüsusiyyət olaraq
qısaca konturlarını cızdığım həmin
dövr bu gün hər birisi öz hekayə
anlayışları ilə ədəbiyyat tariximizdə yerlərini
alan ciddi adlar yetişdirməyinə baxmayaraq, haqqında
danışılan bu yüzdən artıq addan, ancaq çox
az bir hissəsinin dönəmə damğa vuran hadisələrdən
bəhs etməməsinin səbəbləri müzakirə
olunanda birdən-birə «Yüksək gərginlik» nəşr
olundu. «Yüksək gərgnlik»dəki doqquz hekayənin hər
birisi əslində fərqli bir prizmanın istehsalı kimi
oxuna bilər, ancaq ümumi olaraq baxılanda içində
formalaşdıqları ədəbiyyat toplum üçün
düşüncəsi, özəlliklə də 50-60-cı
illərdə yaranan, 70-ci illərdə əməlli-başlı
ciddiləşərək cəmiyyətin bel sümüyünü
meydana gətirən «sosrealizm», başqa bir deyilişlə «cəmiyyət
realizm»i ilə ayaqlaşa bilən hekayələrdir. Bir
manifest şəklində deyil heç şübhəsiz, amma
hakimi-mütləqə etiraz edib ondan uzaqlaşaraq, onun qəlibləşmiş
formaların əlinin tərsi ilə bir kənara itələyəcək
bir mənada, başlayan önəmli yazı sisteminin
inkişafının işarətçisidir «Yüksək gərginlik».
Bunu bəlkə də kitabın nəşr olunduğu ilk illərdə hiss etmək olduqca çətin idi. Ancaq aradan keçən bu qədər ildən sonra formalaşan hekayə dünyamız haqqında düşünməyə başlayanda, Ədalət Ağaoğlunun gördüyü, heç şübhəsiz romanlarında da bu belədir, ancaq özəlliklə hekayədəki bu yazı yeniləşməsinin ciddi nümunələrini 90-cı illərdən sonra yetişməkdə olan nasirlərimizin əsərlərindəki axtarışlarda görmək mümkündür. Özəlliklə 1990-cı illərdən sonra öz «hekayə» yaradıcılıqlarını sadə nəqldən uzaqlaşdıraraq, yeni yaradıcılıq stilləri ilə var edən bir xeyli dəyərli adı görə biliriksə və yazı sistemimizin inkişafı baxımından mənalı hesab ediriksə, bunda 1970-ci illərdəki yaradıcı üslubu ilə Ədalət Ağaoğlunun təsirini görməyə bilmərik.
1970-ci illər türk ədəbiyyatının gedişatı əsas ana xəttləri ilə incələnsə, Ədalət Ağaoğlunun «Yüksək gərginlik»dəki hekayələrinin, bir tərəfdən hekayə sənətimizin inkişafına necə təsir elədiyi, bunula bərabər cəmiyyətdəki dəyişmələri qavramağımıza necə yardımçı olduğunu görərik. Yeri gəlmişkən, Ədalət Ağaoğlu ilə bağlı gəldiyim bir qənaəti də sizlərlə paylaşmaq istəyirəm: Ədalət Ağaoğlu, o dövrdə nasir kimi heç qəbul da olunmamışdır. Həm pyeslərində, həm romanlarında, həm də hekayələrində yaxaladığı ustalıqlara baxmayaraq, heç kim onun həqiqi bir nasir olduğunu qeyd etməmişdir.
Ədalət Ağaoğlunun nəsri, bir növ etiraz nəsri kimi həmişə özünü göstərir. İlk hekayə kitabı «Yüksək gərginlik»in nəşr olunduğu illərdə türk ədəbiyyatında sosrealist tənqidçilik düz bir xətt üstündə eləcə seyrü-səfər etməkdə və olaylara yanaşmaq, eyni zamanda istifadə olunan dil getdikcə anonimləşən bir tərzə çevrilməkdə idi. Onun elə bu ilk kitabında fərqli bir dil və quruluşdan istifadə etməsi, sənətçi tərzinin önə çıxması ilə məna qazanan dərin məzmuna malik olmuş, türk hekayəçiliyinin bir-birindən təsirlənərək kəmiyyət etibarı ilə çoxalmağından daha çox, get-gedə qələbəliyə çevrilən hekayə dünyasına yeni bir müstəvidən baxmışdır.
Bu gün türk nəsrinin gəlib çatdığı əlverişli nöqtələrdən baxaraq, prosesin çirkablarını bir kənara buraxıb süzdüklərinə görə dəyərləndirmək heç şübhəsiz daha asandır. Ancaq bir başa qarışıqlığın, xaosun yaşandığı və ədəbiyyat əsəriylə sənətçinin fərdinin var olduğu reallıq zəminində bunun anlaşılması, sənətin azad dilinin yaxalanması, heç şübhəsiz yenə də o yaradıcı hissdə və bir mövzunun necə ədəbiyyatlaşdırıla biləcəyinin sərgilənməsində gizlənir.
Özəlliklə kitaba adını verən hekayə «Yüksək gərginlik» dövrə öz damğasını vuran reallıq mənasında mövzu paralelliyi daşıyan bir hekayədir. Ancaq haqqında danışdığım yaşanılan sadəcə yazarın fərdinin yaşadığı yox, həyatın bizə yaxın olan yerində şahidi ola bildiyimiz bütün anlardır. Gündəlik həyatımız içərisində itib gedən çoxlu ünsür və dəyərlərin yazılı mətnə köçürülməsi, bunun ədəbiyyatlaşdırılmasıdır Ağaoğlunun gördüyü iş.
Mətin Turan
Tərcümə: Oktay
Hacımusalı
Xalq Cəbhəsi.- 2012.- 28 iyul.- S.13.