Qəbələdə Fikrət Əmirova həsr edilmiş konsert

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində SSRİ Xalq Artisti, Dövlət mükafatı laureatı, dahi bəstəkar Fikrət Əmirovun 90 illik yubileyi münasibətilə konsert olub. APA-nın məlumatına görə bu münasibətlə iyulun 26-da «Qafqaz Resorte» otelinin qarşısındakı açıq səma altındakı səhnədə Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub. Konsertdə bəstəkar Fikrət Əmirovun «Azərbaycan suitası», «Kürd ovşarı» simfonik muğamı, «Sevil» operasından Balaşın və Sevilin ariyaları, «Azərbaycan elləri», fortepiano və skripka üçün ikili konsert, «Şur» simfonik muğamı, «Azərbaycan kapriççiosu» səsləndirilib. Konsertdə xalq artisti, tanınmış xanəndə Mənsum İbrahimov, əməkdar incəsənət xadimləri Fəxrəddin Kərimov və Yalçın Adıgözəlov, Əyyub Quliyev (dirijor), Gülnaz İsmayılova (soprano), əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança), beynəlxalq mükafatlar laureatı olan gənc pianoçu, bəstəkar Fikrət Əmirovun Belçikada yaşayan nəvəsi Nəzrin Əfəndiyeva, Azər Rzazadə (tenor), Mustafa Mehmandarov (violin) iştirak edib.

Qeyd edək ki, həmin gün Qəbələdə Azərbaycan və Rusiyanın gənc musiqiçilərinin iştirakı ilə kamera musiqisi axşamı da olub. Konsertdə Azərbaycan və Avropanın görkəmli bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib.

 

 

Xalq Cəbhəsi.- 2012.- 28 iyul.- S.13.