Azərbaycanın qədim sikkələri

 

Əli Rəcəbli: «İki min ildir sikkələr milli dövlətçiliyimizi müşayiət edir və çoxsaylı örnəkləri ilə onu təsdiqləyir»

 

Sikkə tariximiz qədimdir. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin «Numizmatika və epiqrafika» elmi-fond şöbəsinin müdiri, tanınmış numizmat alim, professor Əli Rəcəbli hesab edir ki, Azərbaycan dövlətçiliyinin kökləri uzaq keçmişə gedib çıxır. Bu köklər e.ə. XI-VI yüzillərdə tarixi Azərbaycan ərazisində ilk dövlət qurumları — Manna dövləti, skif çarlıqları və Midiya imperiyası ilə bağlı olub, e.ə. IV yüzildə sikkə hüququna malik müstəqil dövlətlərin — Atropatena və Albaniya dövlətlərinin yaranması ilə yeni mərhələyə daxil olur: «Azərbaycanın zəngin numizmatik irsi son vaxtlara qədər ciddi elmi tədqiqatlardan kənarda qalmışdı. Yüz il bundan öncə ölkədə nə bir diqqətəlayiq sikkə kolleksiyası, nə də bu sahədə bilim adamı — numizmat vardı. İlk Azərbaycan Respublikası — Azərbaycan Cumhuriyyəti tərəfindən yenicə təsis olunmuş Bakı Darülfununda (indiki Bakı Dövlət Universiteti) dərs demək üçün dəvət olunan xarici ölkə alimləri sırasında Tiflisdən Bakıya köçərək, universitetdə numizmatika və arxeologiya fənlərindən dərs deməklə yanaşı Muzekskursla (indiki Milli Azərbaycan Tarixi Muzeyi) əməkdaşlıq edən məşhur kolleksiyaçı-numizmat Yevgeniy Paxomov muzeydə və universitetdə ilk sikkə kolleksiyalarını yaratdı və sonrakı elmi-pedaqoji fəaliyyəti ərzində Azərbaycanda numizmatika elminin əsasını qoydu. Hazırda 100 mindən çox sikkəyə malik bu kolleksiya Azərbaycanın zəngin numizmatik irsinin qeydə alındığı, toplanılıb saxlanıldığı, tədqiq, təbliğ və nəşr edildiyi respublikanın vahid numizmatik tədqiqatlar mərkəzinə çevrilmiş və MDB məkanında ən böyük sikkə fondlarından biri sayılmaqdadır. Akademik İ.Meşşaninovun «yeraltı muzeylər ölkəsi» adlandırdığı Azərbaycan ərazisində aşkar olunan sikkə dəfinələri hesabına fond ildən-ilə zənginləşir. Numizmatika elminin çağdaş uğurları da məhz bu dəfinələrlə bağlıdır. Onların kompleks tədqiqi və topoqrafik özəlliklərinin araşdırılması bu elmin başlıca mənbəəşünaslıq bazasını təşkil edir».

İstənilən sikkə dəfinəsi çox dəyərli, bəzi hallarda əvəzsiz tarixi qaynaq, unikal maddi mədəniyyət abidəsidir: «Sikkə dəfinəsi torpağa basdırıldığı dönəmdə ölkənin pul təsərrüfatında və sosial-iqtisadi həyatında baş verən dəyişiklikləri, daxilixarici ticarətin səviyyəsini və arealını, siyasi durumunu əks etdirən «numizmatik foto»dur. Sikkə dəfinəsi, ölkənin bütün yeraltı sərvətləri kimi xalqa məxsusdur, xalqın tarixi naminə qorunub saxlanılmalıdır.

Sikkə, təbii ki, ilk öncə bütün əmtəələrin universal dəyər ölçüsüpulun xüsusi metal növü olub, əmtəə-pul mübadiləsi üçün buraxılan və pulun bütün funksiyalarını icra edən iqtisadi faktordur. Sikkə eyni zamanda çox dəyərli siyasi-ideoloji faktordur. Çap sözünün olmadığı dönəmlərdə böyük tirajlarda zərb olunan sikkə tez bir zamanda yayılır, insanların şüuruna təsir edir, dövlətin sosial-iqtisadi, siyasi-hərbi, mədəni siyasətinin «missioneri» — carçısı rolunu oynayırdı. Sikkənin meydana çıxdığı ilk zamanlardan sikkə zərbi hüququali hakimiyyətə məxsus olub, hakimiyyət təmsilçiləri — bazilevs, çar, imperator, şah, krals. adından icra olunur. Sikkə suveren dövlətin müstəsna imtiyazı, ən önəmli dövlətçilik rəmzlərindən biridir. İki min ildən artıq zaman kəsiyində Azərbaycan sikkəsi milli dövlətçiliyimizi müşayiət edir və çoxsaylı örnəkləri ilə onu təsdiqləyir. Təkcə onu demək kifayətdir ki, Azərbaycan və Aran xoronimləri haqqında ilkin bilgilərimiz antik Azərbaycan — klassik AtropatenaAlbaniya haqqında bilgi verən yunanRoma müəlliflərindən xeyli öncə burada zərb olunan sikkələrdən qaynaqlanır. Belə ki, bəzi mülahizələrə görə hələ Makedoniyalı İsgəndər (e.ə. 336 — 323) tərəfindən işğal olunmuş Gündoğan vilayətlərinin satrapı təyin edilmiş Andraqor Atropatena adının baş hərflərindən ATP (ATRopatena) ibarət monoqram Atropatenadan keçən Böyük İpək yolunun üzərində tranzit-ticarət mərkəzi rolunu oynayan Ekbatan (indiki Həmədan) şəhərində qızıl və gümüş sikkələr kəsdirmiş, bir qədər sonra isə əslən Atropatilər nəslindən olan Parfiya çarı III Artabanın həmin monoqram ilə kəsilmiş gümüş draxmaları Azərbaycan və Quzey Qafqazda geniş yayılmışdı. Hər iki xoronimin adlarına ənənəvi olaraq, Sasani sikkə zərbində (IV-VII yüzillər), Ərəb Xilafəti dönəmində (VIII-XII yüzillər), Azərbaycan feodal dövlətlərinin — Sacilərin (899-957), Salarilərin (941-1065), Elxanilərin (1256-1357), Ağqoyunluların (1468-1503) və başqalarının sikkələri üzərində rast gəlirik. Minillik Şirvan dövlətinin (VI-1544) sikkələri isə ardıcıl olaraq «şirvanşah» titulunun daşıyıcılarıdır».

Araşdırmaçının fikrincə, bu gün tarixi araşdırmalarda numizmatik faktlardan sərf-nəzər etmək qeyri-mümkündür: «Tarix elminin «qidalandığı» arxeoloji, etnoqrafiks. maddi mədəniyyət abidələri sırasında numizmatik faktlar dəqiqliyi və informasiya dolğunluğu ilə seçilir. Yetər ki, sözügedən Şirvanşahlar dövlətinin siyasiiqtisadi həyatının xronolojigeneoloji problemlərinin onun sikkələri əsasında araşdırıldığını qeyd edək».

Azərbaycan ərazisində rast gəlinən ilk sikkələr Makedoniyalı İskəndərin adından kəsilən gümüş draxma və tetradraxmalardır: «İsgəndərin ölümündən sonra yaranmış ellinist dünyası ilə qarşılıqlı əlaqələri sayəsində zəngin təbii sərvətlərə və çox önəmli geosiyasi mövqeyə malik olan antik Azərbaycan xarici ölkələrin maraq çərçivəsində olduğu üçün bura həmin ölkələrin sikkə axını başlayır. Azərbaycan tədricən monetar pul dövriyyəsi sferasına daxil olur. Son yüzillərdə Azərbaycanda tapılan 10-dan çox irili-xırdalı antik sikkə dəfinəsi bunu təsdiq edir. Bu dəfinələrin tərkibi əsasən iri pul vahidləri — gümüş tetradraxmalardan ibarət olub, böyük ticarət-maliyyə əməliyyatlarında ödəniş vasitəsi qismində dünya pulu rolunu oynayırdı. Yenicə vüsət tapmaqda olan lokal əmtəə-pul münasibətləri isə xırda ticarət və alış-veriş üçün daha münasib dövriyyə vasitələri zərurətini ortaya qoyurdu. Alban bazarı tezliklə, e.ə III yüzilin II yarısından başlayaraq, İsgəndərin gümüş draxmalarına təqlidən, onlara oxşar öz gümüş sikkə kəsimini icra etməklə bu zərurəti aradan qaldırdı. Beləliklə, tarixi Azərbaycan ərazisində milli dövlətçiliymizin ən bariz atributu olan sikkə zərbinin əsası qoyuldu. Alban sikkəsi prototipə mənsub keyfiyyətləri — vəzn, əyar və tipoloji özəllikləri özündə əks etdirir, ancaq yazısız zərb edilirdi. Yazı, ümumiyyətlə, bu tip sikkələr üçüb xarakterik deyil. Albaniya çarlığında sikkə kəsimi haqda bilgilərimiz son zamanlara qədər məşhur yunan coğrafiyaşünası, antik Azərbaycan haqqında ən məlumatlı tarixçi Strabonun (e.ə. 64 — b.e. 23) albanların sikkə ilə tanış olmadıqları haqda fikrindən irəli getmirdi. XX yüzilin ortalarında Şamaxı bölgəsinin Xınıslı kəndi yaxınlığında və Qəbələ bölgəsinin Çuxur-Qələbə kəndində tapılmış antik sikkələrdən ibarət dəfinələrdə xeyli miqdarda bu sikkələrə rast gəlinməsi yunan müəllifini təkzib etdi və göstərdi ki, albanlar Strabondan çox-çox öncə nəinki sikkə ilə tanış idilər, hətta sikkə də kəsir və pullu ticarətlə məşğul olurdular. Alban təqlidi-bənzətmə sikkələr daxili ehtiyacı ödəmək məqsədilə kəsilir və bütün ellinist periferiyasında olduğu kimi anonim, adsız buraxılırdı. 200 ildən çox bir müddət ərzində Albaniya pul dövriyyəsinin tərkib hissələrindən biri kimi işlədilən Alban gümüş sikkəsi e.ə. I yüzildən etibarən güclənən Parfiya gümüş draxmalarının Albaniyaya axını nəticəsində öz yerini sonunculara verdi. Alban bənzətmə sikkələrinə daha çox Quzey Azərbaycanda, bu sikkələrin zərb olunduğu Albaniyanın paytaxtı Kabalaka (Qəbələ) şəhərinə yaxın ərazilərdə — Yaloylutəpə arxeoloji qazıntılarında (Quba, Xaçmaz zonasında), daha sonra adları yuxarıda qeyd olunan Xınıslı və Çuxur-Qəbələ antik sikkə dəfinələri tərkibində, ən nəhayət, təkcə bu sikkələrdən ibarət Nüydi kəndi (Ağsu bölgəsi) yaxınlığında və 2005-ci ildə Lənkəran bölgəsində aşkar olunmuş dəfinələr şəklində rast gəlinib. Göründüyü kimi, Alban sikkələrinin dövriyyə arealı Arazdan Baş Qafqaz dağları silsiləsinə, Xəzərdən Qanıx (Alazan) çayına qədər uzanan Albaniya torpaqlarını əhatə edirAlbaniya dövlətinin tarixi coğrafiyasının müəyyənləşdirilməsində dəqiq və təkzibedilməz qaynaq rolunu oynayır. Hərbi-iqtisadi və siyasi baxımdan daha qüdrətli dövlət qurumu sayılan Atropatena hakimləri — ilk Atropatilərin sikkə zərbi haqqındakı bilgilərinə malik olmasaq da, e.ə. II- I yüzillərdə zaman-zaman Ərsakilər Parfiyasının və Roma imperatorluğunun nüfuz dairəsində olan Midiya Atropatenasının çarı, Atropatilər sülaləsinin son nümayəndələrindən olan Dariyin bizə gəlib çatan gümüş draxmaları Atropaten dövlətçiliyinin rəmzi kimi xüsusi önəm daşıyır».

 

 

Uğur.

 

Xalq Cəbhəsi.-2012.- 27 iyul.- S. 14.