İzi qalanlar  

 

Həyatdan nakam gedən Mikayıl Müşfiq Həyata müasir gözlə baxan Seyid Əzim Şirvani ruhani təhsil alsa da, mövhumat və cəhalətin əleyhinəydi

 

I yazı

 

1835-ci ilin iyulunda Şamaxıda bir uşaq dünyaya gəlir. Seyid Əzim adı verdikləri uşağın atası Şamaxının mötəbər, tanınmış şəxslərindən biri olan Seyid Məhəmməd idi. Kiçik yaşlarından balaca Seyid Əzim atasını itirir. Onu ana babası molla Hüseyn himayəyə götürür. Molla Hüseyn Dağıstanın Yaqsay kəndində yaşayır, orda mollalıqla məşğul olurdu. Babası onu ruhani kimi yetişdirmək, seyid Əzimi molla kimi görmək istəyirdi. Seyid Əzim kiçik yaşlarından ana babası Molla Hüseynin yanında yaşamağa başlayır. On il Dağıstanda yaşadıqdan sonra təzədən Şamaxıya qayıdan Seyid Əzim burda mədrəsə təhsili alıb orta ruhani təhsilini tamamlayır.

Elm öyrənmək, savadını artırmaq onu o qədər özünə cəlb edir ki, 1856-cı ildə ali ruhani təhsili almaq məqsədi ilə Seyid Əzim əvvəlcə İraqa gedir. İraqda Nəcəf və Bağdad şəhərlərində dini təhsil aldıqdan sonra Suriyanın Şam şəhərinə yollanır. Hələ dünyanın ən mötəbər ali dini mədrəsələrində təhsil alarkən Seyid Əzim Şirvani fərqində idi ki, onu vətənində necə ağır və çətin günlər gözləyir. Çünki yaşadığı şəhər – Şamaxı və ümumilikdə Azərbaycanı o zamanlarda dini cəhalət öz cənginə almışdı. Buna görə də Seyid Əzim iki yol ayrıcında qalmışdı – ya dini mədrəsələrdə aldığı təhsili bir kənara qoyub vətəninə geri döndükdən sonra bütün mollalardin adamları kimi o da maraqlarına uyğun bir şəkildə mövhumat və cəhalətin get-gedə böyüməsinə rəvac verəcək, ya da özünü dünyəvi elmlərin sürətlə avam camaat arasında yayılmasına həsr edəcəkdi.

 

Mötədiliyə təriqətinin üzvü

 

Şamda ali ruhani mədrəsəsində təhsil alarkən köhnə kəlamiyyunların təsiri altına düşən Seyid Əzim Şirvanidə dəhriliyə bir meyl oyanmışdı. Köhnə kəlamiyyunlar islam dininə mötədiliyə (islamın əleyhdarları) kimi baxırdılar; əslində isə onlar əqliyyunlar (rassionalistlər) idilər. Əqliyyunlar, məlum olduğu kimi, hər şeyi ağılla ölçürdülər. bunlar təbiətdə heç nə olmadığını, ünsürlərin istihalə yolu ilə haldan-hala keçərək dəyişildiyini söyləyirdilər. Seyid Əzim ŞirvaniŞamda bu əqidəni qəbul etmişdi. Şamaxıdakı şiə əyanlarının ona maddi yardım göstərməkdən imtina etmələrinin əsas səbəblərindən biri də məhz elə bu idi.

Seyid Əzim Şirvaninin yaşadığı dövrdə rusca oxuyanların sayı əvvəlki dövrlərə nisbətən artmış və yeni ziyalılar yetişmişdilər. Buna baxmayaraq hələ ruhani təhsili çox qüvvətli idi. Nəcəf, Şam, Tehran, Qəzvin və Yaxın Şərqin sair şəhərlərində ruhani təhsil almaq üçün gedənlərin sayı MoskvaPeterburqa ali təhsil üçün gedənlərin sayından qat-qat artıq idi. Rusiyanın ali təhsil müəssisələrini bitirmiş mühəndislər, həkimlər mədəniyyətin tərəqqisinə və müasirləşməsinə kömək etdikləri halda, Yaxın Şərqdə ruhani təhsili alanlar mədəniyyətin inkişafına mane olurdular. Yəni, bu baxımdan birincilər dövrün mütərəqqi, ikincilər isə mürtəce qüvvələrini təmsil edirdilər. Seyid Əzimin mütərəqqi cəhəti birondan ibarət idi ki, o, özü təhsil baxımından ikincilərdən olduğu halda, dünyagörüşü və fəaliyyəti ilə hər zaman birincilərin yanında dayanırdı. Həyata müasir gözlə baxan şair köhnə ruhani təhsilinin puçluğunu açıq-aydın görürdü. O, hətta bir neçə satirasını da bu məsələyə həsr etmişdir.

 

Şamaxıya qayıdış

 

İraqda Nəcəf və Bağdad şəhərlərində, daha sonra isə Suriyanın Şam şəhərində ali dini təhsilini tamamlayandan sonra Şamaxıya geri qayıdan Seyid Əzim radikal bir qərarla mədrəsədə çalışmamaq qərarına gəlir. Nəinki, o, ruhani məktəbində molla kimi çalışmır, hətta öz əsərləri ilə dövrü öz cənginə alan mövhumat və cəhalətin əleyhinə getməyə başlayır. Buna görə Seyid Əzim Şamaxının mürtəce dairələrindən özünə çoxlu düşmən qazanır. Ruhanilər və əyanlar onu xalqın gözündən salmaq üçün cürbəcür hədyan və həzyanlar danışırdılar. Avam insanlar onu artıq «kafir» kimi tanıyırdılar.

Ruhanilikdən bütövlükdə əl çəkən şair 1869-cu ildə Şamaxıda yeni üsulla məktəb açaraq ömrünün axırınadək burda müəllimlik edir. Köhnə mollaxanalardan ciddi surətdə fərqlənən bu məktəbdə Seyid Əzim uşaqlara Azərbaycan və fars dilləri ilə yanaşı, tarix, coğrafiya, hesabs. dünyəvi fənnlərdən də ümumi ibtidai məlumat verirdi. Seyid Əzim fars və ərəb dillərini mükəmməl bilməklə yanaşı, eyni zamanda müasir eləmlərdən də xəbərdar idi. Onun məktəbində Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə kimi dövrünün ən qabaqcıl ziyalıları təhsil alıblar.

Seyid Əzim Şirvani öz məktəbində dərs deməkdən başqa, həm də dövlət tərəfindən açılan rəsmi məktəblərdə də müəllimlik edirdi. 1874-cü ildə Şamaxıda Bakı vilayəti ruhani məclisinin nəzarəti altında yarı mülki, yarı ruhani bir məktəb açılır ki, Seyid Əzim həmin məktəbə fars və azərbaycan dili müəllimi təyin olunur. Lakin mollaların ciddi-cəhdləri sayəsində bir müddətdən sonra o, müəllimlikdən azad olunur.

 

Məkkəyə səfər və ərəb şairləri ilə tanışlıq

 

Şamda ali ruhani təhsilini tamamlayıb Şamaxıya geri qayıdandan bir müddət sonra Seyid Əzim Şirvani Şamaxıdan Hacı Əliabbas adlı varlı bir tacirin maddi dəstəyi ilə Məkkəyə gedir. Ərəbistanın mərkəz şəhərlərini gəzən Seyid Əzim daha sonra Məkkədən qayıdanda Qahirəyə gəlir. Bir neçə ay Qahirədə qalan Seyid Əzim Qahirədə o dövrün məşhur ərəb şairləri və alimləri ilə görüşür. Görüşlər zamanı ciddi elmi-ədəbi-mənəvi diskusiyalar baş tutur. Məkkə səfəri Seyid Əzimin həyatında və dünyagörüşündə xeyli önəmli rol oynayır.

Sədinin «Gülüstan» və «Bustan» əsərlərindən, «Ziynətül – məclis»dən və başqa fars mənbəələrindən tərbiyəvi əhəmiyyəti olan bədii parçaları Seyid Əzim Şirvani Azərbaycan dilinə tərcümə edirözükiçik maraqlı şeirlər yazıb uşaqlara oxutdurur. Bir neçə il bu qayda ilə dərs verdikdən sonra uşaqlara oxutdurduğu həmin parçalardan bir dərslik tərtib edib, çap olunmaq üçün Qafqaz maarif idarəsi rəisinə təqdim edir. Lakin bu dərsliyin çap olunmasına icazə verilmir.

Dövrün tədqiqatçıları bildirirlər ki, Seyid Əzimin tərtib etdiyi kitabçadan bir nüsxəsi özünün dəsti-xətti ilə yazılıbmış. O, bu dəsti-xətti ilə yazılmış kitabçanı Qafqaz maarif idarəsinin müsəlman şöbəsinin inspektoru olan Çernyayevskiyə göndəribmiş. Həmin hekayələrdən bir neçəsi Çernyayevskinin tərtib etdiyi «Vətən dili» kitabına da salınıbmış. Kitabça geniş mənada üç dəftərdən ibarətdir. Birinci dəftərdə Sədi Şirazinin «Bustan» və «Gülistan» kitablarından tərcümə olunan bəzi nəsihətamiz hekayələr toplanıb. İkinci dəftərə isə bu tip hekayələr və başqa öyüd – nəsihətlər daxildir. Üçüncü dəftərdə isə şeirlə yazılan əxlaq və dəyərlərdən bəhs edən təmsillər var. Bunlardan başqa bir sıra xırda məzhəkələr və gülməli hekayələr də həmin dəftərdə qeyd olunub ki, bunlar heç cür təlimə uyğun sayıla bilməzdi. Bəlkə də bu kitabın nəşr edilməməsinə səbəb də elə bu xırda məzhəkələr və gülməli hekayələr imiş, kim bilir?

 

Günahsızlığın sübutu

 

1877-ci ildə sentyabr ayının birindən Seyid Əzim Şirvani Şamaxı şəhər məktəbinə Azərbaycan dili və şəriət dərsləri müəllimi təyin olunur. Şamaxı şəhər məktəbində müəllimlik vəzifəsində çalışanda şair Azərbaycan dilinin təliminə böyük əmək sərf edərək şagirdlərə quran və şəriət kitabları əvəzinə, özünün müasir ruhda yazdığı şeirlərinin və Şərqin böyük mütəfəkkirlərindən Sədi, Hafiz və başqalarından etdiyi tərcümələri oxudurdu. Bu isə hakim dairələrdə ona qarşı şübhə doğurur. Hökumət nəzərində etibarsız və sədaqətsiz göründüyü üçün müəllimlik vəzifəsindən azad edilir. Bundan şikayətçi olan Seyid Əzim Tiflisə şikayətə gedir, orada Qafqaz maarif idarəsinə vəzifəsindən haqsız çıxarıldığını sübut edir. Az sonra o, yenə öz müəllimlik vəzifəsinə geri qaytarılır və ömrünün sonuna kimi bu vəzifədə qalır.

 

«Beytüs-Səfa» məclisi

 

Seyid Əzim Şirvani Şamaxıda çox sevdiyi yaxın dostu şair Məhəmməd Səfanın evində «Beytüs-Səfa» şeir məclisini təşkil edərək uzun illər bu məclisə rəhbərlik edir. Müasirləri arasında böyük şöhrət qazanan şair Qarabağdakı «Məclisi – fəramüşan»ın üzvləri ilə, özəlliklə də Abdulla bəy Asi ilə, Bakıdakı «Məcmeyi – Şüəra»nın üzvlərindən Əbdülxalıq Yusif, lənkəranlı İsmayıl Qasir, şəkili İsmayıl bəy Nakam, dərbəndli Mirzə Məhəmmədtağı Qumri, gəncəli Mirzə Mehdi Naci ilə şeirləşir, məsləhət və göstərişləri ilə onların yaradıcılığına istiqamət verirdi. Bakı şairlərindən Ağa Dadaş Münirinin dediyinə görə Seyid Əzim Şirvani çox ağıllı, hazırcavab, hafizəli, rəvan təbli, bilikli bir şair kimi öz maraqlı söhbətləri ilə məclisdə olanları özünə cəlb edir, şeir müsabiqələrində çox vaxt birincilik qazanırdı.

Seyid Əzim Şirvani Həsənbəy Zərdabi ilə də sıx əlaqə saxlamış və onunla tez-tez yazışmışdır. 1875-ci ildə «Əkinçi»nin nəşrindən sonra onun Həsənbəy Zərdabi ilə əlaqələri daha da möhkəmləndi. Belə ki, «Əkinçi»nin nəşri Seyid Əzim Şirvanini çox sevindirmişdi. O, bu zaman bir tərəfdən «Əkinçi»nin xalq arasında yayılmasını təmin edir, digər tərəfdən isə özüböyük bir həvəslə maarifçi şeirlər yazıb qəzetdə çap etdirirdi. O, Həsənbəy Zərdabi ilə əl-ələ verərək cəhalət və nadanlıq əleyhinə ciddi şəkildə mübarizə aparırdı.

Şeirlərindən də anlaşıldığı kimi Seyid Əzim Şirvaninin həyatı elə də xoş keçməmişdir. Aldığı az maaş onu heç bir zaman təmin etməmişdir:

 

Çox etdim dəhrdə hər karə xidmət,

Gəhi xanə, gəhi tüccarə xidmət.

Birindən olmadı rəf-i məlalım,

Keçindi möhnətü üsrətlə halım.

 

Seyid Əzim Şirvani 1888-ci il iyunun 1-də Şamaxıda dünyasını dəyişir burda Şahxəndan qəbristanlığında dəfn edilir.

 

 

Oktay Hacımusalı

 

Xalq Cəbhəsi.- 2012.- 1 iyun.- S.14.