Sabirin millət dərdi

 

«Ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım»

 

Azərbaycanda məşhur satirik şair Sabirin imzası ağlı söz kəsən hər kəsə yaxşı tanışdır. Əslində Sabir dərd şairi idi: əsərlərini satirik üslubda yazırdı. 20-ci yüzilin əvvəllərində dünyanın halında bir oyanma vardı: inqilablarln yeni, daha fəlakətli mərhələsi başlayırdı. İnqilabın milləti oyatmaq xüsusiyyəti var. Ancaq əgər bunun ardınca idraka əsaslanma gəlmirsə, bütün uğurlara baxmayaraq məğlubiyyət qaçılmazdır. Sabirlər isə milləti maariflənmə yoluyla dəyişdirməyə, yönləndirməyə çalışırdılar. Ayrıca bir konsepsiya, fəaliyyət proqramı isə yox idi.

Sabirin Sabirliyini aşkarlayan «Molla Nəsrəddin» jurnalı oldu. Sabir ədəbi cəbhədə çalışsa da, fəaliyyəti ilə ictimai-siyasi problemlərə toxunurdu. Onun əsərlərində çağındakı Şərqin ictimai-siyasi problemlərinə bu ya digər şəkildə toxunulub. Sabirin satirasında sərtlik var, kəskin tənqid var, güzəştsizlik var. O, millət fədaisi idi. Milətinin dərdləriylə yaşayırdı. Onun şairliyi çağında heç kəsin şairliyinə oxşamırdı. İndi heç kəsin şairliyinə oxşamır. Bənzərsizlik budur.

20-ci yüzilin əvvəllərində dərdi göstərməyin özü (Sabir kimi, Mirzə Cəlil kimi) hünər idi. İndi çağımızın çatışmazlıqlarını Sabir kimi şeirdə göstərmək, ifadə etmək ənənəmiz niyə səngiyib görəsən? Deməli, millət daim hər sahədə irəliyə dogru getməli, inkişaf etməlidir. Sabirin dərdi millətin öz çatışmazlıqlarından qurtulması idi. O, Avropaya ümidlə baxırdı. Bu cəhət o dövrdə bir çox düşüncə adamlarında vardı. Sabir məşhur taziyanəsində yazırdı:

 

Əcnəbi seyrə balonlarla çıxır,

Biz hələ avtomobil minməyiriz.

 

Sabir Qərbin maddi tərəqqisini onun elmə olan həvəsində görürdü. Ancaq Şərqi məhz zamanının gerçəkliyinə bərabər saymaq o dövr düşüncə adamlarımızın yanlışı idi. Çünki Şərqin mahiyyəti təkcə despotçuluqdan ibarət deyil. Şərqin əzəli bəşəri imkanları hələ tam aşkarlanmayıb

Sabirin satiraları indi dillər əzbəridir. Ancaq görəsən, onun tənqid hədəfləri niyə azalmır, əksinə, artır? Çünki ədəbiyyat dərdi göstərir, daha yaxşı ifadə edir. Dərdi aradan qaldırmaq isə insanlardan hünər istəyir. Ümumiyyətlə, bütün dövrlər üçün Sabirin şeirləri aktual olacaq. O zaman ki, Sabirin tipləri yalnız ədəbiyyatda qalacaq, həyatda olmayacaq, bax, belədə demək olar ki, artıq şairin dərdi dərmanını tapıb. Ancaq Sabirin dərdinin dərmanı asan tapılmayacaq. Zaman-zaman bu dərd Sabirlərin cismini öldürdü. Yetər artıq. İndi dərdli özündə o dərəcədə güc tapmalıdır ki, dərdi öldürsün. Bu, o deməkdir ki, insan özüylə üz-üzə qalmahı, özünü yaratmağı bacarmalıdır. O zaman dərd yeniləcək. Fərdin içində yenilən dərd cəmiyyətdə yoxa çıxacaq. Sabirləri yaşatmağın yolu budur. Ümumən dünyanın, çağımızın ruhsuzluğuna, ümidsizliyinə, idealsızlığına sabahlı, gələcəkli baxış gərəkdir. qədər ki, cəmiyyət insanilik tələbi üstə yaşamır, heç bir şər çaları ölmür, itmir, yox olmur. Sabirin sənətkarlığının bir cəhəti onun meyxananın imkanlarından bacarıqla yararlanması idi.

Mirzə Ələkbər Sabir 1862-ci il mayın 30-da Şamaxıda anadan olub. Uşaq vaxtı yazdığı üç misralıq ilk şeri məşhurdur:

 

Tutdum orucu irəmazanda,

Qaldı iki gözüm qazanda,

Mollam da döyür yazı yazanda.

 

Sabir 12 yaşına qədər mollaxanada oxuyub, sonra məşhur şair Seyid Əzim Şirvaninin açdığı yeni üsullu məktəbə keçmişdi. 1885-ci idə ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedir: Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Xorasan başqa şəhərləri gəzir. XX əsrin əvvəllərindən başlayaraq Sabirin şeirləri mətbuat səhifələrində görünür. 1906-cı ildə «Molla Nəsrəddin»in ən fəal müəlliflərindən biri olur. 1910-cu ilin əvvəllərində Bakıya işləməyə gəlir. Əvvəlcə «Zənbur» jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanı məktəbində böyük həvəslə dərs deməyə başlayır. Aylarla ehtiyac içində, işsiz, əzab-əziyyətlə dolanan böyük şair 1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulur, Şamaxıya qayıdır. 1911-ci ilin mayında müalicə üçün Tiflisə gedir, dostu C.Məmmədquluzadənin evində yatır. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şeir yazmağa davam edir. İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif edirlər. Ancaq o, buna razı olmur. O, Şamaxıya qayıdır. Axır günlərindən birində şair deyir:

 

İstərəm ölməyi mən, leyk qaçar məndən əcəl,

Gör bədbəxtəm, əcəldən gərək naz çəkəm!

 

Sabir deyirdi: «Mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi xalqımın yolunda qoyardım». 1911-ci il iyulun 12-də Sabir vəfat edir, Şamaxıda «Yeddi günbəz» qəbiristanında dəfn olunur.

İndi Sabirin satiralarlndan bir neçə misra təqdim edirik:

 

Daş qəlbli insanları neylərdin, ilahi!

Bizdə bu soyuq qanları neylərdin, ilahi!

***

İntelligentik, gəzərik naz ilə,

Ömr edərik nəşeyi-dəmsaz ilə!

***

Amalımız-əfkarımız ifnayi-vətəndir.

***

Ah eylədiyim nəşeyi-qəlyanın üçündür,

Qan ağladığım qəhveyi-fincanın üçündür.

Vəz eylədiyim hədyəvü ehsandır, ancaq

Ümdə qərəzim kisəvü-həmyanın üçündür.

***

Könlüm bulanır kuçədə cövlanını görcək,

Nitqim tutulur hərzəvü-hədyanını görcək.

***

Nuri-çeşmanımmısan, ey pul, canımmısan?

İsmətim, namusum, irzim, qeyrətim, qanımmısan?

Müshəfim, Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan?

***

İnsan olanın cahü-cəlalı gərək olsun,

İnsan olanın dövləti, malı gərək olsun!

***

Pah atonnan, ağır yatdı bu oğlan, ölüb ə!

***

Cin görürəm, can görürəm qorxmuram,

Harda müsəlman görürəm qorxuram!

***

İş görmək əvəzinə söz əzbərlərik,

Aşiqik ancaq quru, boş söhbətə!

***

Ta gəlirik biz bir az anlayaq,

Məhzəri-irfanda vurur tək səbir.

***

Qəzaya çarə yox, giryan ol, üryan ol, peşiman ol,

Səbur ol, şakir ol, yəni müsəlman ol, müsəlman ol!

***

Arif çalışır ki, millət azad olsun!

Zahid çalışır ki, məscid abad olsun!

Söz boynu kraxmallınındır ki, deyir:

Bir madmazel olsun ki, pərizad olsun!

***

Neyləməli, göz görür, ağlım kəsir,

Mən günəşi göydə dana bilmirəm!

 

 

Ugur

 

Xalq Cəbhəsi.- 2012.- 2-4 iyun.- S.14.