Azərbaycan rəngkarlığında
portret janrı
Portret Azərbaycan
rəngkarlığında həmişə əsas yerlərdən birini tutur. Rəngkarlığın peşəkar məktəbi
yarandığı vaxtdan
portret Azərbaycan rəssamlarının yaradıcılığında
nəzər diqqəti
cəlb edir. Təbii ki, portret janrının
əsas obyekti insandır, buna görə də onun mənəvi aləmi və cəmiyyətdəki mövqeyinin
təsviri sənətin
əsas mövzusunu təşkil edir.
Azərbaycan rəngkarlığında uzun
illər ərzində
portretlər əsasən
yaradıcı ziyalılarla
yanaşı, fəhlələrə,
kolxozçulara, əmək
qabaqcıllarına da
həsr olunmuşdur. 1930-50-ci illərdə Azərbaycan
rəssamlarının yaradıcılığında
yazıçıların, musiqiçilərin portretləri
çoxluq təşkil
edirdi. Xüsusən
Orta əsrlər Azərbaycan klassik poeziyasının nümayəndələri
olan Nizami, Vaqif, Füzuli, Nəsiminin, siyasət və elmdə məşhur Şah İsmayıl Xətai, Nəsrəddin Tusinin bərpa olunmuş portretlərini göstərmək
olar. Bu, rəssamların
öz mədəniyyət
tarixinə münasibətindən,
həmçinin müsabiqələrin
və yubileylərin keçirilməsi ilə əlaqədar olurdu.
Belə müsabiqələrin
əhəmiyyəti həqiqətən
böyükdür, belə
ki, biz obrazlı da olsa məşhur
Azərbaycan şairlərinin,
mədəniyyət və
elm xadimlərinin obrazları
ilə tanış
oluruq. Belə müsabiqələrin hazırlıq prosesində
rəssamlar dərin elmi-tədqiqat işi aparırdılar, həqiqəti
olduğu kimi yaratmağa çalışırdılar.
Bu gün belə
portretlər ən yüksək adlara layiq görülür, demək olar ki, qiymətli sənəd kimi xəzinəyə çevrilmişlər.
1960-cı
illərdən başlayaraq
Azərbaycan rəngkarlığında
portret konsepsiyası dəyişir: məşhur
mədəniyyət xadimlərinin
obrazı ümumiləşdirilmiş
formada görünür.
Rəssamlar bu və ya digər şəxsiyyətin
müəyyən xüsusiyyətlərini
qabartmağı üstün
tuturdular. Təbii ki,
bu tendensiya o dövrdə sovet incəsənətində baş
verən ümumi dəyişikliklərlə əlaqədar
idi.
1970-80-cı illərin növbəti mərhələsində
bir tərəfdən
obrazların ümumiləşməsində,
digər tərəfdən
isə modellərin seçilməsində daha
demokratik yanaşma özünü göstərir. Zaman keçdikcə
portretlərin personajları
rəssamların yaxın
adamları, dostları,
qohumları, yaxud sadəcə zahiri görkəmi ilə cəlb edən tanınmayan insanlar olur. Getdikcə portret özünün
«portret özünəməxsusluğunu»
itirir, yəni konkret «kiçik» insanın mənəvi aləmi, onun psixi vəziyyəti, nəhayət, xarici görünüşü başqa
formada görünür.
Əksinə, Azərbaycan
rəssamlarının insan
obrazında rəngkarlıq
elementləri diqqəti
cəlb edir: rəng, fakturanın eksperimenti, məkan hərəkətləri, format və
s.
Anonim portretlərin
sayı çoxalır,
burada rəssamlar obrazı öz gördükləri kimi təsvir edir. Şəxsiyyətə
müraciət getdikcə
modelin xarakteri ilə əvəz olunur: daha çox
kostyum adlandırmaq istədiyimiz geyimlə, qrim xarakerində olan mimika ilə,
obrazın məhdud ifadəsi ilə ifadə olunur. Bu proses digər sovet milli məktəblərində,
xüsusən rus məktəbində diqqəti
cəlb edir. Belə hallarda obrazın zahiri görünüşünə,
xarakterinə, üz cizgilərinin son dərəcə
formal ifadəsinə, rəng
və fakturaya daha da diqqət
yönəlirdi. Azərbaycan rəngkarlığında
uşaq portretləri
(bir qayda olaraq rəssamların övladlarının) əsas
mövzulardan biridir.
Bu əsərlər reallıqdan kənar çıxaraq daha geniş təsvir olunmuşdur. Uşaq dünyası
– parlaq rənglər,
təmizlik, saflıq,
sadəlik, təbiilik
dünyasıdır. Azərbaycan rəssamları
uşaq portretlərinin
əksəriyyətini 1970-ci illərdə yaratmışlar.
Qeyd etmək
vacibdir ki, 1970-ci illərdə Azərbaycan
rəssamlar nəsli sovet incəsənətinin
ümumi hərəkatı,
xüsusən Moskva məktəbi əsasında
inkişaf etmişdir. Milli məktəblərlə
mərkəz arasında
müxtəlifliklər və
təzadlar da mövcud idi. Azərbaycan rəssamlarının bu nəslinə gəldikdə
isə demək olar ki, incəsənətdə
yeni mərhələnin
başlanması keçirilən
gənclik sərgilərində
aydın şəkildə
görünürdü. Bu yenilik yetmişinci
illərin hərəkatı
ilə əlaqədar
idi. Portret sahəsində, daha
doğrusu portret canrı konsepsiyasında baş verən islahatlar həm Azərbaycan, həm də Moskva məktəbləri üçün
çox əhəmiyyətli
idi. Mərkəzdə olunan bütün
dəyişikliklər Azərbaycan
rəssamlarına aid deyildi.
Ona görə də tənqidin nəticələri
70-ci illərin Azərbaycan
rəssamlarına qismən
şamil olunurdu.
Portret janrında
əsrin sürəti
aydın görünürdü. 70-ci illərin portretlərində
ümumiləşmiş, enerjili,
qüvvəli obrazları
psixoloji cəhətdən
mürəkkəb xarakterlər
əvəz edirdi.
Mənəvi aləmə maraq
artırdı, fikrin və intellektin dərinliyinə varmaq, portreti mənəviyyatca zəngin məzmunda yaratmağa meyl güclənirdi. Tənqidə görə müasir portret dərin mənəviyyat, sərt intellektuallıq kimi əsas xüsusiyyətlərinə
görə fərqlənir.
Qeyd etmək
vacibdir ki, Azərbaycan rəngkarlıq
məktəbində baş
verən dəyişikliklər
prinsipial xarakter daşıyır və geniş miqyaslı, həmçinin əsərlərin
xüsusiyyətləri ilə
əlaqədardır. Axı söhbət
XX əsrin sonuncu rübündən gedir.
Yer kürəsinin ən müxtəlif nöqtələri
arasında obyektiv əlaqə görünür.
Müxtəlif qütblərdə birdən-birə eyni əsaslı hadisələr
baş verir. Azərbaycan məktəbləri üçün
də 1970-ci illərin
sovet incəsənətinin
xüsusiyyətləri xarakterikdir.
Başqa
sözlə desək,
portret janrı daha yığcam məzmunla, həm də qismən modellə əhatə olunur. Əlbəttə, bu o demək
deyil ki, portret bir janr
kimi transformasiya olunub. Qocaman ustalar, həm
də gənc rəssamlar konkret üz cizgilərinin – modelin təqdim olunması ənənələrini
davam etdirirdilər.
Burada M.Abdullayevin («Kabildə»), O.Sadıqzadənin («Azərbaycanlının
portreti»), B.A.Mirzəzadənin
(«Qadın portreti») əsərlərini göstərmək
olar. T.Salahov, T.Nərimanbəyov, R.Babayev, N.Əbdürrəhmanov
kimi rəssamlar da portret janrında
işləməyə davam
edirdilər. Onlardan hər
biri özünün fərdi xüsusiyyətlərini,
eyni zamanda da yeni üsullarını
tətbiq edirdilər.
T.Nərimanbəyovun «Naməlum portret»
əsəri çox maraqlıdır. Bu portretdə
faktik olaraq sifətin fraqmenti görünür: bütün
kətan boyu yalnız gözlər və burun əks
olunur. Sifət sanki yan hissədən verilmişdir.
Kətanın qalan hissəsi
isə dekorativ güllər fonunda əks edilmişdir. Kompozisiyanın fraqmentliyinə baxmayaraq,
burada natamamlıq qətiyyən hiss olunmur.
Bununla bərabər burada hər şey aydın və dəqiq ifadə olunmuşdur. Göz və
burunun güclə sezilən konturu portretdəki insanın şəxsiyyəti haqqında
tam təsəvvür yaradır.
Elə təsəvvür yaranır
ki, biz sifəti tam görürük, sadəcə
aparatın obyektivi müvəqqəti olaraq onun bir hissəsinə
yönəlib. T.Nərimanbəyov həmişə öz əsərlərində eksperimentlərlə
fərqlənib və
«Naməlum portret» bu mənada sözsüz ki, qeyri-adiliyi, məsələyə
inamı münasibəti
ilə nəzəri cəlb edir.
Oktay
Xalq Cəbhəsi.-
2012.- 2-4 iyun.- S.13.