Bütöv Azərbaycanın böyük şairi

 

Müşfiq Mirzə Ələkbər Sabir öz əsərləri ilə bizim müasirimiz olaraq qalır

 

Azərbaycandan kənarda Mirzə Ələkbər Sabirə münasibətdən danışarkən son yeni faktlardan biri kimi 2003-cü ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində böyük şairin «Hophopnamə»sinin yeni nəşrini göstərmək yerinə düşər. Kitabın tərtibçisi və naşirləri Cənubi Azərbaycanda yaşayan 35-40 milyonluq azərbaycanlı oxucunun mənəvi və ədəbi ehtiyaclarını nəzərə alaraq Sabir irsinə yenidən müraciət etməli olublar. Əlbəttə, bu çox sevindiricidir.

«Hophopnamə»nin bu yeni nəşri hicri 1381-ci, miladi 2003-cü ildə İran, Ərdəbil Şeyx Səfiəddin nəşriyyatı tərəfindən buraxılmışdır. Kitabın tərtibçisi Mir Kərim Yəqubdur. Kitab «Səragəz»lə (Ön sözlə) başlayır. «Sabir ədəbi məktəbi», «Xalq yaradıcılığı və onun əhatə dairəsi», «Sabir və satira», «Sabir yaradıcılığının məzmunu» başlıqlarını əhatə edən «Ön söz»ün müəllifi Mirzə Rəsul İsmayılzadədir. Qeyd edək ki, o, həm də kitabın redaktorudur. Kitab «Nə işim var» şeiri ilə başlayır və «Ramazan söhbəti» şeiri ilə bitir. Sonra «Taziyanələr», «Müxtəlif şeirlər», «Bəhri-təzüllər», «Uşaqlar üçün şeirlər», «Qəzəllər», «İzahlar-şərhlər», «Məktublar», «Tərcümələr» bölmələrində M.Ə.Sabirin zəngin yaradıcılığının müxtəlif tərəfləri öz əksini tapmışdır. Kitabın üz qabığı rənglidir və burada M.Ə.Sabirin rəngli məlum-məşhur şəkli ikili fonda verilmişdir. Kitabın əvvəlində qırmızı hürufatla «A Şirvanlılar!» satirası, sonunda isə M.Ə.Sabir satiralarına məşhur rəssam-karikaturaçı Nəcəfqulunun çəkdiyi 26 karikaturası (rəngli) verilib.

Kitab bütövlükdə 788 səhifədən ibarətdir. Ön söz (Sərağaz) farsca «Bozorgtərin şair vəhdətkarai müsəlman Qafqaz» («Qafqaz müsəlman birliyinin ən böyük şairi) sərlövhəsi ilə başlayır. Kitabın nəşri, ön sözün məzmunu və tərtibi İranda yaşayan oxucular üçün maraqlı və cəlbedicidir. Burada Sabir irsi, şəxsiyyəti, ədəbi mövqeyi barədə mühüm məlumatlar da verilir. Mirzə Rəsul İsmayılzadə «Ön söz»də M.Ə.Sabiri qiymətləndirməklə yanaşı, onun əsərlərinin ideya-estetik qayəsini, mahiyyətini təhlillər yolu ilə açmağa cəhd edir, Sabir ədəbi məktəbinə işıq salır, Sabir və satira, xalq yaradıcılığının bu satiraya təsir yolları, Sabir yaradıcılığının məzmunu kimi mühüm problemlərə toxunur. Doğrudur, burada müəllif Azərbaycan sabirşünaslığının nəticələrindən əhatəli istifadə etməsə də, lakin İranda yaşayan Sabirsevərlər üçün bu məlumatların və nəticələrin təqdimi olduqca əhəmiyyətli və qiymətlidir.

Qeyd etdiyimiz kimi, kitaba ön sözü Mirzə Rəsul İsmayılzadə yazıb. Müəllif «Hophopnamə»nin 1922-ci il nəşrində çap edilmiş «Oxucularımıza» və «Bəs hanı o şairimiz?!» yazılarından istifadə etdiyi aşkar görünür. Yeri gəlmişkən, bir maraqlı faktı da qeyd etməyi vacib bilirəm. Mirzə Rəsul İsmayılzadə «Hophopnamə»nin 2003-cü il nəşrində M.Ə.Sabirin yaxın əqidə və məslək dostu, romantik ədəbi cərəyanın ən böyük nümayəndəsi olmuş Abbas Səhhətə öz dəst-xəttilə yazdığı məktubları əlyazmaları ilə birlikdə verməsidir. Yenə də qeyd edim ki, bu məktub «Hophopnamə»nin 1922-ci il nəşrindən götürülmüşdür.

Kitabdakı annotasiyada qeyd olunur ki, bu kitab hələ 1964-cü ildə (hicri -1343) Mirzə Rəsul İsmayılzadə tərəfindən nəşr olunub. Bütün bu faktlar M.R.İsmayılzadənin müəllif toplusu kimi zəhmətinə zərrə qədər də kölgə salmır, lakin tekstoloji fakt kimi dəqiqləşdirmə tələb edir ki, biz «ötəri» də olsa diqqəti buna cəlb etmək istədik. «Ön sözdə» M.R.İsmayılzadə Cənubi Azərbaycanında baş verən ictimai-sosial problemlərə uyğun bir tərzdə M.Ə.Sabir yaradıcılığına yanaşır, sanki bunu nümunə kimi təqdim etməyə çalışır: «Sabir mətbuata qoşulmaqla cəhalətə, savadsızlıq və xürafata, ölüm-dirim mübarizəsinə girişdi. Firudin Köçərli və Cəlil Məmmədquluzadə ilə əlaqələri ədəbi və ictimai cəhətdən onun beynəlxalq şair kimi tanınmasına səbəb oldu. Xüsusilə, xürafatı, cəhaləti və savadsızlığı tənqid edən şeirləri və müsəlmanları ayıltmaq yolundakı ədəbi səyləri onun səsini və şöhrətini Misir, Hindistan, Orta Asiya və Türkiyə kimi uzaq bölgələrə çatdırdı. O, müsəlmanların geriliyindən, savadsızlığından və cəhalətindən çox narahat olan və dərdçəkən bir müsəlman idi».

Burada M.R.İsmayılzadə bizim oxucular üçün yeni bir fikir səsləndirməsə də, lakin Cənubda yaşayan soydaşlarımız üçün çox mühüm, əhəmiyyətli cəhətlərə diqqəti cəlb etmiş olur, yazısını vacib ictimai-sosial informasiya daşıyıcısına çevirir, iranlı oxucuları bir növ, ayıldır, onları maarifləndirir.

Əvvəla oxucusunu İranda tuğyan edən cəhalətə, savadsızlığa, xürafata qarşı ölüm-dirim mübarizəsinə çağırır. İranlı oxucuların diqqətini böyük Azərbaycan ziyalılarına (yaşlı və cavan nəslin nümayəndələrinə) yönəldir, ilk ədəbiyyatşünas və ədəbiyyat tarixçisi Firudin bəy Köçərli, demokrat Mirzə Cəlil Məmmədquluzadənin adlarını çəkmiş olur. Müsəlmanları ayılmağa, cəhalət, xürafat, savadsızlıq ətalətindən oyanmağa çağırır və bu yolda M.Ə.Sabir şəxsiyyətindən və amalından öyrənməyi İran ziyalılarına nümunə göstərir. Sabir şəxsiyyətinin əhəmiyyətini, böyüklüyünü qeyd edir, məşhurluğunun mühüm bir səbəbini də onun «ədəbi-bədii funksiyasının» bu istiqamətdə – vətəndaşlıq istiqamətində olduğuna işarə edir və olduqca doğru vurğulayır ki, «xüsusilə xürafatı, cəhaləti və savadsızlıhı tənqid edən şeirləri və müsəlmanları ayıltmaq yolundakı ədəbi səyləri onun səsini və şöhrətini Misir, Hindistan, Orta Asiya və Türkiyə kimi uzaq bölgələrə çatdırdı».

Göründüyü kimi, müəllif bu siyahıya düşünərək İranın adını salmır və onu özününkü hesab edir. Həmçinin demək istəyir ki, İranda bu günlərdə də ayaq açıb yeriyən xürafata, cəhalətə və savadsızlığa qarşı çıxsanız, sizlərin də şöhrəti Sabir kimi uzaq-yaxın ölkələrə yayılaraq əbədiləşər, həm də millətimizə, xalqımıza xeyir verər. Burada M.R.İsmayılzadənin bir fikri də diqqəti çəkir: o, Sabiri, doğru olaraq «ziyalı müsəlman» kimi təqdim edir, onu proletar və «ateist şair» kimi qəbul edənlərə bir növ cavab vermiş olur. Sovet ədəbiyyatşünaslığı isə M.Ə.Sabiri «inqilabçı proletar və ateist» şair elan etməklə onun böyük və əzəmətli şair şəxsiyyətini ümumşərq kontekstindən ayırmağa cəhd edirdi.

Azərbaycan oxucularına bir mətləbi də açıqlayaq ki, M.R.İsmayılzadənin Sabir şəxsiyyətinə və yaradıcılığına belə bir mövqedən yanaşması, həmçinin müasir İslam, fars şovinizminə örtülü və ciddi bir işarədir. Müasir İran şovinizmi öz sifətini müsəlman aləminə, müsəlman birliyinə, sosial İslam mühitinə vurduğu zərbələri ilə erməni şovinizminə münasibətində açıq şəkildə göstərdi. O, minillər boyu birgə, bir dövlət tərkibində yaşadığı vətəndaşları olan azərbaycanlılara İslami dəyərlərdən yox, milli münasibətlərdən, millətçilik mövqeyindən yanaşır, süni əcəmi-türk qarşıdurması yaradır, Şərq qardaşlığına və birliyinə zərbələr vuraraq erməni-xaçpərəstlərinə üstünlük verir. Belə bir siyasət isə ən azı təəccüb və etiraz, nifrət doğurur. İranlı müsəlman, İslam mücahidləri, dövlət adamları dəstəmazlarını pozaraq erməni xaçpərəstlərini, kafirləri sinələrinə basırlar, donuz və şərab iyi verən erməni şovinistləri ilə qucaqlaşıb öpüşürlər.

M.Ə.Sabir satirası bax, belələrinə tuşlanmışdı. XX əsrin əvvəllərində onlar Sabirin gözünə belə görünmürdülər. XXI əsrin ilk illərində Şərqə qarşı çevrilən erməni vandalizminə tərəf duranlara da M.Ə.Sabir gözü ilə baxmaq gerçəkliyi ortaya çıxır. Məhz bu gərəkliyi duyan Mirzə Rəsul İsmayılzadə M.Ə.Sabiri düşündürən əsas mətləbləri ümumiləşdirərək onları aşağıdakı qaydada qruplaşdırır: müsəlman cəmiyyətinin müxtəlif təbəqələrini bürüyən və ifrat dərəcədə olan cəhalət və savadsızlıq; M.Ə.Sabirin müsəlman cəmiyyətinin bəlası hesab etdiyi xürafat; tacirlərin, varlıların və müsəlman cəmiyyətinin digər imkanlı təbəqələrinin müsəlmanların ümumi işlərinə diqqət göstərməməsi; sülhə və müsəlmanların ümumi vəhdətinə çağırış; dünyanın bütün nöqtələrində müsəlmançılıq işlərinə yardım; M.Ə.Sabirin «əhli-beytə və İslami məhəbbət ruhuna məhəbbəti».

Beləliklə, M.R.İsmayılzadə M.Ə.Sabir şəxsiyyətinin və yaradıcılığının nə dərəcədə yüksək müasirliyə xidmət etdiyini açıqlamış və sübut etmişdir ki, M.Ə.Sabir həmişə bizim müasir olaraq qalır və o öz yaradıcılığında bəşəri, həmçinin bəşəri olduğu qədər də milli olan ümummüsəlman dəyərlər uğrunda mübarizə aparır, həyatda, məişətdə, işdə, adət və ənənədə, insani münasibətlərdə, ailə və cəmiyyətdə millətçilik mövqeyindən yox, ancaq yüksək İslam-müsəlman əxlaqı, ənənəvi keyfiyyətləri – kişiliyi, mərdliyi, düzlük və halallığı müdafiə edir, bunları satirik qələmlə, tipik, gerçək bədii situasiyaların kürəsində bişirə-bişirə oxucusuna, mühitinə təqdim edir.

Vaxtilə, xüsusilə sovet dövründə SSRİ xalqlarının ədəbiyyatının tərcüməsi müntəzəm həyata keçirilirdi. İndi respublikamızın müstəqil olduğu bir dövrdə milli ədəbiyyatımızın xarici dillərə tərcüməsi və təbliğinə, həmçinin ədəbiyyatşünaslıqla bağlı əsərlərimizin ən vacib olanlarını xarici dillərə tərcümə etməyə böyük ehtiyac var. Bu çox vacibdir!

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 5 iyun.- S.13.