Fətəli xan və Tuti Bikə
Abbasqulu ağa Bakıxanovun «Gülüstani-İrəm» əsərində bildirilir ki, Məmməd Hüseyn xanın qardaşı Tahir bəyin təhqirlərinə, zülmkarlığına dözməyən dərbəndlilər Fətəli xana müraciət edirlər. Gənc xan çətinlik çəkmədən qalanı tutur. Lakin bu zaman Fətəli xanın əsas məqsədi Şirvan torpağını, Şamaxı və Ağsunu özünə tabe etdirmək idi. Bu zaman Şamaxı sərkər Əsgər bəyin oğlanları, Mustafa Səid xan və Ağası xanın əlindəydi.
Fətəli xanın Şamaxıya birinci hücumu 1758-ci ildə baş verdi. Atası Hüseynəli xan vəfat edən kimi şirvanlı Ağa Razi bəy Qubanın Bərmək mahalına hücum edib oranı viran qoymuş və 200 ailəni özü ilə Şamaxıya aparmışdı. Bu zaman Fətəlinin başı atasının dəfni ilə məşğul idi. Xəbər ona yetişən kimi əks-cavab vermək üçün tələsməyə başladı. Atasını əvəz etmək üçün tələsik taxtaçıxma mərasimini yerinə yetirdi, qoşun yığdı və iki gün ərzində Şamaxıya yürüş edib sərhəddə Məhəmməd Səid xan və onun qardaşı oğlu Ağa Razi bəyin qoşunlarını darmadağın etdi, döyüş apardığı kəndləri viran qoydu. Özü ilə 400 ailə götürüb onları tabeliyində olan ərazilərdə yerləşdirdi. Döyüşdə Ağa Razi bəy öldürüldü. Bu döyüş yenicə taxta çıxan gənc xana ətraf xanlıqlar arasında hörmət qazandırdı.
Dərbəndi alandan sonra Fətəli xanın şöhrəti daha da artdı. Hətta Qacar hökmdarı Kərim xan Zənd Quba xanına məktubla müraciət edərək, Şamaxıya yürüş etmək niyyətində olduğunu bildirdi. Bu müraciətə Fətəli xan sərt cavab verdi: «Mənim səninlə heç bir ədavətim yoxdur. Elə ona görə də Kür çayından o tayda sənə sakitlik və əmin-amanlıq arzu edirəm. Lakin Kürdən bu yana keçməyin və buranı hakimiyyəti altına almaq istəyin sənin sakitliyinə xələl gətirə bilər. Bunun birinci səbəbi mənim Rusiya imperatriçəsinə müraciətim və müraciətimə rəğmən əlahəzrət imperatriçədən kömək almağım olacaq. Bunun qarşısında İran qoşunlarının davam gətirəcəyi müşkül məsələyə çevriləcək».
Həmin dövrdə Fətəli xan və Əmir Həmzədən danışmaq olduqca vacibdir. Onların qoşunları Xudat yaxınlığında Gavduşan adlanan çöllükdə qarşılaşdı. Fətəli xan üçün, əslində, bu gözlənilməz döyüş idi. O, döyüşdən əvvəl vacib hazırlığı görməyə, demək olar ki, macal tapmamışdı. Bununla belə onun hərbi yürüşlərində bəlkə də ən qanlı toqquşma olan Gavduşanda əvvəlcə üstünlük Fətəli xanın tərəfində idi. Ağır olmasına baxmayaraq, bu döyüşü də Quba xanı öz xeyrinə həll etmək üzrə idi. Əmir Həmzə tərəfdən vuruşan Məhəmməd Dişsiz, qazıqumlu Eldar bəy, məsum Şeyxəli bəy həlak oldular. Əmir Həmzə böyük itkilər verirdi. Lakin birdən, yenə də gözlənilmədən düşmən tərəfdən yeni, sanki buna kimi ehtiyatda saxlanılan qüvvə irəli çıxdı. Qəfil güclü zərbələrdən Fətəli xanın döyüşçüləri arasında çaşqınlıq yarandı. Əmir Həmzənin olduqca zirək və mərd oğlu Əli bəy hücuma keçərək, Fətəli xanın qoşunlarını mərkəzdən dağıtmağa başlamışdı. Bu hücum döyüşün müqəddəratını həll etdi. Fətəli xan təzyiqə davam gətirə bilmədi. O, geri çəkilməli oldu. Pərən-pərən düşən qoşunların bir hissəsi ilə Salyana qaçdı. Ağır məğlubiyyətdən sonra Fətəli xan yaxın adamlarından birini Qızlar qalasında məskunlaşan rus ordu komandanı general-mayor Medemlə danışıqlara göndərdi.
Gavduşan döyüşündən qalib çıxan Əmir Həmzə Dərbəndə yol aldı. Əsas məqsəd Dərbəndi ələ keçirmək idi. O, qalanın divarlarına yaxınlaşan zaman döyüşdə həlak olanlardan birini kəfənə tutub təmtəraqla şəhərə tərəf aparmağa başladı. Bu zaman artıq Fətəli xan Tuti Bikəyə döyüşdə həlak olduğu barədə yalan xəbər göndərmişdi. Buna baxmayaraq Tuti Bikə qardaşına inanmadı. Bu, Əmir Həmzənin ikinci və yenə də uğursuz hiyləsi idi. Fətəli xanın şir ürəkli xanımı əyninə hərbi paltar geyinib, bütün qalanı döyüşə hazır vəziyyətə gətirdi. Onun mərdliyi Dərbənd əhalisini ruhlandırdı. Hər bir kişi qalanın müdafiəsi uğrunda ölənə qədər vuruşacağını qət etmişdi. Əmir Həmzə isə təmtəraqlı yas mərasimi ilə qoşunun qarşısında qalaya doğru yaxınlaşırdı. Hələ tələsmək olmazdı, qoy bir az da yaxınlaşsın. Birdən Tuti Bikə qala divarlarına qoyulan toplardan atəş açmaq əmri verdi. Toplardan açılan birinci zərbə Əmir Həmzənin yalanına tuşlanmışdı. Yalan taktikası baş tutmadı. Hətta bəzi müəlliflərin yazdığına görə, Tuti Bikə qala divarından onu aldatmağa çalışan qardaşına demişdi: «Sən yalanı da düz-əməlli danışa bilmirsən. Fətəli xan sənin düzəltdiyin bu kiçik tabuta sığışa bilməz».
İndi Usmi başqa yalana əl atmalı idi. Danışıqlar, hücumlar nəticəsiz qalırdı. Fətəli xan sağ idi. Əmir Həmzə Dərbəndi tutması haqqında xəbərin Rusiya tərəfindən yaxşı qəbul olunmayacağını bilirdi. Deməli, vaxt yalnız ona qarşı işləyirdi. Odur ki, tələsmək lazım idi. Qaraqaytaq usmisi diqqəti təkcə qalaya yox, həm də ətrafa yönəldirdi. O, bütün adamlarına göstəriş vermişdi ki, Dərbənd yaxınlığında rus görən kimi ya yerindəcə öldürməli, ya da həbsə alıb mənim yanıma gətirməlisiniz.
Mühasirə doqquz ay davam etdi. Bu müddətdə Əmir Həmzə qoşun çəkib Bakı qalasına hücum etməyə də vaxt tapdı.
Lakin burada da qala
divarları onun üçün həddən
artıq hündür
oldu. Bakı Əmir Həmzəni
məğlub etdi.
Bundan əvəz çıxmaq
üçün usmi Bakı kəndlərinə
hücum edib oraları viran qoydu. Sonra yenə Dərbənd
qalasına döndü,
burada o, mühasirəni
davam etdirirdi. Doqquz ay dağlarda, soyuq və isti
fəsillərdə mühasirəyə
davam gətirmək bir həqiqətdən xəbər verirdi: Tuti Bikənin əzmkarlığı və
tabeliyində olan adamlara təsir etmək gücündən.
Onun mərdliyi Fətəli xana da məlum
idi. Dinc vaxtlarda xan qalanın idarəsini öz xanımına həvalə edirdi. İndi isə vaxt gedir,
mühasirəyə davam
gətirmək üçün
qüvvə tükənirdi.
General Medemin Əmir
Həmzənin üzərinə
yürüş etməsi
iki cür izah olunur. Bəzi məxəzlərdə
göstərilir ki, Medem Rusiyanın himayəsinə arxalanan Fətəli xanın hakimiyyətini bərpa etmək məqsədilə
Dərbəndə doğru
hərəkət etdi.
İkinci qism və rusca çoxluq təşkil edən əsərlərdə bu yürüşün əslən
alman olan və Rusiya xidmətində elmi fəaliyyət göstərən
səyyah akademik Samuil Qmelin ölümünə
görə qisas almaq üçün təşkil olunması əsas səbəb kimi gətirilir. Qmelin səyahətini Volqa çayı boyunca başlayıb Azərbaycana
gəlmiş, Bakıdan
dəniz yolu ilə İrana getmiş, Rəşt və Ənzəlidə olmuşdur. Bir neçə il
davam edən səyahətin sonunda Rusiyaya Mozdok yolu ilə geri
qayıtmaqdan ötrü
yenidən Bakı, Quba və Dərbənd
istiqamətini tutur. Lakin səyyah adlanan, təbiətşünaslıq üzrə
elmi müşahidələr
aparan və Rusiya xidmətində olan Qmelini Dərbənd
yaxınlığında bədbəxtlik
gözləyirdi. Əmir Həmzənin
«Harda rus görsəniz öldürün,
ya həbs edin» göstərişinə
əsasən, Qmelin və onu müşayiət
edən dəstə saxlanılır. Usminin adamları
onu Dərbənd yaxınlığındakı Əhmədkənd
deyilən yerdə saxlayırlar. Deyilənə görə, Qaraqaytaq hakimi akademiki azad etmək üçün ruslardan fidyə, canpulu istəyirdi. Amma akademikin
Əhmədkənddə göz
dustağı kimi saxlanılmasının səbəbini
ondan ehtiyat edilməsi kimi də izah edirlər.
Belə yanaşma daha ağlabatan görünür.
Çünki Qmelindən sonra
onun xeyli sənədlərinin də
yoxa çıxdığı
salnaməçilər tərəfindən
qeyd olunur. Əhmədkənddə bir müddət
qalandan sonra, otuz yaşlı akademik xəstələnib
ölür. Deyilənə görə, İkinci Yekaterina bu xəbərdən
hiddətlənib Qaraqaytaq
usmisinin dərhal cəzalandırılmasını əmr edir. Medemin onun üzərinə yürüşünü yalnız
bununla izah etmək doğru olar. Xanlıqlar arasında çəkişmələr,
ardı-arası kəsilməyən
müharibələr Rusiyanı
az narahat
edirdi. Əksinə, bütün bu
kiçik müharibələr
Şimal dövlətinin
böyük geosiyasətini
həyata keçirmək
üçün əlverişli
şərait yaradırdı.
Əmir Həmzə Medemin piyada qoşununun qarşısına Dərbəndin
şimalında yerləşən
İrani-Xarab adlanan yerdə çıxır. Usminin hesabına
görə, onun qüvvələri Medemin piyadalarına lazımınca
müqavimət göstərmək
gücündə idi.
Amma gözlənilmədən rus
artilleriyası döyüşə
qoşulur. Əmir Həmzənin
qoşunları darmadağın
edilir. Qaraqaytaq usmisi qaçıb
canını qurtara bilir. Dərbəndin alınmaz qalması
Azərbaycan tarixində
adı əfsanəyə
çevrilən Tuti Bikənin qəhrəmanlığı
ilə bağlanmalıdır.
Tuti Bikə 1785-ci ildə vəfat etdi. Fətəli
xanın arvadının
şərəfinə tikdirdiyi
türbə bu gün də ziyarət olunmaqdadır.
1775-ci ildə baş
verən hadisələr
Qaraqaytaq usmisi Əmir Həmzənin Dərbənd xəyallarına
son qoydu. Fətəli xan Azərbaycanın
bütün ərazilərinə
nəzarət edirdi.
Təkcə İbrahim xan
kənardan ona kömək ediləcəyinə
inanıb, Fətəli
xanın təsiri altına düşməkdən
imtina edirdi. Fətəli
xan 1789-cu ildə Kartli Kaxetiya çarı II İrakli ilə Şəmkir çayı kənarında
görüşüb, Rusiyanın
himayəsi altında daha yeni əraziləri
öz təsirləri
altında saxlamaq haqqında danışıqlar
aparır. Lakin bu görüşdən sonra
Fətəli xan qəfil xəstələnir.
Görüşdə onun zəhərləndirildiyi
barədə də fikirlər yürüdülür.
İrakli Fətəli xanın
simasında Qafqazda və Azərbaycanda həddən artıq nüfuzlu bir hökmdar görür və buna qısqanclıqla
yanaşırdı. Ən maraqlısı
budur ki, xəstə, halsız Fətəli xan özünü doğma,
tam arxayın bildiyi bir adamın yanına yetirməli idi. Bu isə
onun bacısı Xədicə Bikə idi. Xədicə Bikə xəstə
qardaşını sağaltmaqdan
ötrü canfəşanlıq
göstərir, ona hər cür qulluq edirdi. Lakin miladi tarixi ilə
1789-cu ilin mart ayında
Fətəli xan vəfat etdi. Onu Bakı əhli böyük hörmət və ehtiramla müqəddəs Bibiheybət
ziyarətgaoı yanında
olan qəbiristanlıqda
dəfn etdi.
İllər keçdi. Bütün ömrünü Azərbaycanı birləşdirmək
uğrunda mübarizəyə
sərf etmiş xanın qəbri itdi. Dərbənddə isə Tuti Bikə türbəsi bu gün də
qalmaqdadır. Bu türbə
Fətəli xanın
da xatirəsini özündə yaşadır…
Oktay
Xalq Cəbhəsi.-
2012.- 6 iyun.- S.13.