Şərqin bülbülü – Ümmü
Gülsüm
Onu bu cür xatırlayırlar: «Səslərin ən gözəli, Ərəb musiqisinin primadonnası, Misirin dördüncü ehramı, Nilin ölməyən səsi, delta bülbülü, qaşqab əş-Şərq (Şərq ulduzu), xalqın ürəkdən sevdiyi əfsanəvi Ümmü Gülsüm»… 1898-ci ildə Misirin Nil deltasındakı Dəqhaliyə əyalətinin Sinbillaveyn bölgəsi yaxınlığındakı Tamay Zahayra kəndində kasıb bir ailədə dünyaya gələn körpəyə valideynləri Ümmü Gülsüm adını qoyur. Tam adı Ümmü Gülsüm İbrahim əl-Seyid əl-Baltaçıdır. Misirdə qız uşaqları ailə qurana qədər atalarının adını daşıdıqlarına görə Ümmü Gülsüm də bu cür çağırılırdı.
Quran hafizi olan atasından ilk musiqi təhsili almağa başlayan 5 yaşlı Gülsüm bunu avazlı şəkildə Quran oxumaqla edirdi. Atası Gülsümü xüsusilə, Ramazan ayında ilahilər, qəsidələr və Quran oxumaq üçün özü ilə kəndlərə aparardı. Kiçik yaşlarında ətraf kəndlərdə qızların cəmiyyət içərisində çıxışları yaxşı qarşılanmadığına görə, oğlan libası ilə ilahilər oxumağa başlayır. Daha sonralar isə, «Qurani-Kərim»in avazı üzərində səsini inkişaf etdirirdi. Övladının məlahətli səsi olduğunu görən atası onu 1920-ci ildə Qahirəyə, Şeyx Əbü-l Əlanın yanına səsin formalaşması üçün təhsil almağa göndərir. Qısa bir vaxtda məşhurlaşan Ümmü Gülsüm şair Əhməd Rami, Məhəmməd Əbdülvahab kimi sənətçilər cərgəsinə qoşulur. 1920-ci ilə Ümmü Gülsüm Qahirədə Məhəmməd Əbdülvahabla tanış olur. Əbdülvahab klassik ərəb musiqisinə gətirdiyi bir çox yeniliklərlə müasir ərəb musiqisinin qurucusu hesab edilir. Saray müğənnisi kimi məşhurlaşan Əbdülvahabın 1964-cü ildə bəstələdiyi, sözləri Əhməd Şəfiq Kamilə aid «Əntə omri» (Ömrümsən) mahnısı Ümmü Gülsümün ifasında ən çox sevilən mahnılardandır. İndiyə qədər bu mahnı üçün Misirdə «Bütün zamanların ən yaxşısı» deyirlər. Əbdülvahab 1964-cü ildən sonrakı illərdə də Gülsümün ifası üçün milyonları sehrləyən mahnılar bəstələmişdir.
Misir Kralı Faruq dövründə rejimin simvolu və Misirin dördüncü ehramı kimi qəbul edilən Ümmü Gülsüm kralın doğum günündə sarayda çıxış etmə şansını əldə edir. Bir çox bəstəçinin məşhur müğənniyə bəstələrini təklif etmələrinə baxmayaraq, şair Əhməd Raminin əsərlərini səsləndirməyi seçir. Kral Faruqun əmilərindən olan Şərif Səbri Paşa 1946-cı ildə Ümmü Gülsümlə evlənmək istəsə də, sənətdəki uğurlarına və məşhur statusuna baxmayaraq Nil kəndlisi olan Gülsümü özləri ilə eyni dərəcədə görməyən kral ailəsi bu evliliyə qarşı çıxırlar. O dövrün Misir aristokratiyası da bu evliliyə birmənalı baxmırdı. Şərif Səbri Paşa ilə evlənməyə razı olan Ümmü Gülsüm də bütün bunlar sarsıntı yaradır. Səhhətilə bağlı yaranan problemlər və sevgidəki uğursuzluq zamanı sıxıntı içində olan Gülsüm bəstəkar Mahmud Şərifin evlənmə təklifini qəbul edir. Ancaq həm Ümmü Gülsüm, həm də Mahmud Şərif bu nigahın üzün sürməyəcəyini anlayırlar, onların evliliyi cəmi bir neçə gün davam edir.
Ümmü Gülsüm məşhurlaşsa da, hələlik radioalarda füsunkar səsin sahibi olaraq qalırdı. Geniş xalq kütlələrinə çatmaq üçün müğənni 6 filmdə baş rollarda çəkilir. Filmlər Orta Şərqdə və Türkiyədə nümayiş etdirilir. Misir radiosunda verdiyi canlı konsertləri ilə də Mərakeşdən Türkiyəyə qədər böyük bir ərazidə səsi tanınmağa və sevilməyə başlanılan müğənninin konserti zamanı ərəb ölkələrinin liderləri öz çıxışlarını təxirə salar, küçələr boşalar, insanlar əfsanəvi səsi dinləmək üçün radiolarını açmağa tələsərdilər. Buna aid bir hadisəni qeyd etmək yerində olardı: artan ərəb millətçiliyinin təsirilə Liviyada 1969-cu ildə Müammər Qəddafi və Əbdüssələm Cəlludun başçılığı ilə Türk dostu Sənusi ailəsindən, Liviya kralı İdris əs-Sənusini devirmək üçün plan qurulur. Devirmənin bütün şərtləri 21 martda həyata keçiriləcəkkən həmin gündə Binqaziyə gəlib konsert verəcək Ümmü Gülsümə görə planın şərtləri 5 ay sonraya təxirə salınır. O gecə həm sui-qəsdçilər, həm də kral ailəsinin üzvləri Ümmü Gülsümü dinləmək üçün Binqazidəki konsert salonunda yerlərini tuturlar. Devrimçilər o gecə sui-qəsd planını deyil, ölkələrini şərəfləndirən füsunkar səsi dinləməyə üstünlük verirlər.
1948-ci ildə İsrailə qarşı döyüşlərdə Misir ordusunun uğursuz hərbi əməliyyatlarından sarsılan müğənni vətənə dəyən maddi zərəri və ölkəsinin statusunu qaytarmaq üçün Livan, Küveyt, Tunis, Sudan, Liviya kimi ərəb ölkələrində konsertlər verməyə başlayır. Əldə edilən 2,5 milyon sterlinqi öz şəxsi cəvahiratları ilə Misir hökumətinə bağışlaması xalqının ona olan sevgisini daha da artırır. Bəzi konsertlərində dinləyiciləri arasında döyüş qəhrəmanlarından Əlbay Camal Əbdünnasirin olması da bildirilir.
Kral rejimin 1952-ci ildə bitməsilə Ümmü Gülsümün radiodakı çıxışlarına qadağa qoyulur. Lakin az bir müddət sonra bu qadağa Misir ərəb milliyyətçilərinin lideri və Ümmü Gülsümün heyranı Əbdünnəsrin əmriylə ləğv olunur. Sənətçi 1954-cü ildə şair Əhməd Raminin onunla tanış etdiyi Həsən əl-Hifnavi ilə evlənir. Hifnavi də onun kimi Nil Deltası kəndlərindən idi. Ərəb ölkələri xaricində Ümmü Gülsümün 1967-ci ildə Fransada konserti keçirilir. Ondan sonra bu cür konserti verən ikinci şəxs Bülənt Ersoy idi. Vəfatı zamanı (1975-ci il) Qahirədə cənazəsinin dəfninə qatılan insanlar təxminən 4,5 milyon nəfər idi. Bu Misir dövlət başçısı Camal Əbdülnasirin dəfn mərasiminə qatılanlardan daha çox göstərici idi.
Oktay
Xalq Cəbhəsi.- 2012.- 7 iyun.-
S.13.