Ədəbiyyatımızın fanatları

 

Bəhlul Bəhcət sovet hakimiyyətinə qarşı savaş elan etmişdi…

 

Bu yazımızda ötən yüzildə Azərbaycan ədəbiyyatının, folklorunun soraqlarının toplanılmasında fədakarlıqlar göstərmiş bir neçə aydınımız haqqında danışacağıq.

Bəhlul Bəhcət Azərbaycan folklorşünaslığı tarixində özünəməxsus yeri olan ziyalılarımızdandır. «Bəhcət» onun yaradıcılıq imzasıdır. 1885-ci ildə Zəngəzur qəzasının Qubadlı rayonunun Dondarlı kəndində anadan olub. Araşdırmaçı-alim Rza Xəlilov bildirir ki, Bəhlul Əfəndi sonralar təhsilini Türkiyə və İranda davam etdirib. Türkiyə və İranda təhsilini başa vurduqdan sonra vətənə qayıdıb, Zəngəzur qəzasında dini fəaliyyətə başlayıb. 1918-ci ildə Azərbaycanda Demokratik Cümhuriyyət qurulduqdan sonra 1920-ci ilə qədər Zəngəzurun qazısı vəzifəsində çalışıb. O, milli dövləti fəaliyyətilə dəstəkləyənlərdən olub. Azərbaycanda bolşevizm bərqərar olduqdan sonra onun həyatının ağır günləri başlayır. Süni quraşdırılmış bir ittiham əsasında ilk dəfə olaraq 1924-cü ildə həbs edilir. 10 ildən sonra həbsdən qayıdır: 3 il ərzində əvvəlcə «Azərnəşr»də, sonra isə Elmlər Akademiyasının Azərbaycan filialının ədəbiyyat sektorunda işləyir. Bu elm ocağı Bəhlul Bəhcətin son yeri olur. 1937-ci ilin avqustunda yenidən həbs edilir, 15 mart 1938-ci ildə quraşdırılmış ittihamlar əsasında güllələnir. 20 ildən sonra Azərbaycan SSR Ali Məhkəməsinin 5 noyabr 1958-ci il tarixli qərarı ilə bəraət verilir. Şərq ədəbiyyatı və dillərini, həmçinin Şərq tarixini gözəl bilən B.Bəhcətin bizə gəlib çatmış əsərləri onun görkəmli ədəbiyyatşünas, folklorşünas olduğunu göstərir: «Deyilənə görə, o, Əmin Abidlə birlikdə Firdovsinin «Şahnamə»sini dilimizə tərcümə edib». Həm də bir ədəbiyyatşünas kimi tanınmış Bəhcət XIX yüzilin məşhur şairlərindən olan Əbülqasim Həbatinin ədəbi irsinin toplanmasında və araşdırılmasında böyük rol oynayıb. 1935-ci ildə bu sahədə fəaliyyətinin məntiqi nəticəsi olaraq «Nəbati» kitabını çap etdirib. B.Bəhcətin yaradıcılığında Azərbaycan folkloru, xalq ədəbiyyatı geniş yer tutub. Azadlığa çıxdıqdan sonra ədəbi yaradıcılıqla məşğul olduğu dövrdə yazdığı «Nəbati-Xan Çobanı», «Sarı Aşıq», «Aşıq» təxəllüslü bayatı şairinin tərcümeyi-halı və yaradıcılığı», «El şairi» və «El şairləri», «Aşıq Mahmud» adlı məqalə və resenziyaları ədəbiyyatın, folklorun onun yaradıcılığında mühüm yer tutduğunu, müəllifin necə məhsuldar qələm sahib olduğunu göstərir: «Onun bu dövrkü fəaliyyətində müşahidə edilən canlanma ölkədə kütləvi repressiyaların daha güclü bir dalğasının başlandığı dövrə təsadüf edir. Görünür, B.Bəhcət rejim tərəfindən ona ayrılan vaxtın daraldığını, azaldığını hiss etmiş, bu sahədə daha çox görmək lazım gəldiyini fitrətən dərk etmişdi. Sonuncu məqalənin çapından təqribən bir il sonra o, həbs olundu». R.Xəlilov bu dövrdə «Ədəbiyyat» qəzetində «Çoban» imzası ilə dərc olunmuş bir məqalənin onun folklorşünas olaraq bu sahədə toplayıcılıq fəaliyyətinə işıq saldığını bildirir: «Ərəbcə «sevinc», və «gözəllik» mənalarını ifadə edən «Bəhcət» təxəllüslü Bəhlul Əfəndi Azərbaycan xalq ədəbiyyatına, klassik Şərq mədəniyyətinə yaxından bağlı olub. Bəhlul Əfəndi həm dünyəvi elmlərlə, həm də siyasətlə məşğul olsa da, bütün ömrü boyu Azərbaycan xalq ədəbiyyatına qırılmaz tellərlə bağlı olub. Sarı Aşığın bayatılarını toplayıb kitab halına salıb, «NizamiQafqaz folkloru» mövzusunda elmi əsər yazıb. Təəssüf ki, Bəhcətin Azərbaycan tarixinə dair yazdığı xeyli əsərlərinin çoxu itib-batıb. H.Əfəndiyev bu qənaətdədir ki, belə bir xəzinənin içərisində «Qarabağ tarixi» xüsusi əhəmiyyət kəsb edir. Milli hökumət qurulduqdan sonra onun Zəngəzur qəzasındakı dayaqlarından biri olan B.Bəhcət haqqında bir sıra elmi və bədii ədəbiyyatda çox bəhs edilib. Bəhcət sovet hakimiyyətinə qarşı savaş elan etmişdi, deyirdi ki, ya qazi, ya da şəhid olaq. O zaman Qubada, Şamaxıda, Zəngəzurda, Qarabağ, Laçın, Cəbrayıl və başqa mahallarda bolşeviklər qırğınlar törədirdilər. O, belə bir vəziyyətdə xalqı ardıcıl olaraq müqavimətə çağırırdı. Hadisələrin çıxılmaz olduğu bir vəziyyətdə Bəhcət tərəfdarları ilə İrana keçir, bir ildən sonra Azərbaycana qayıdır. Bayıl həbsxanasında olduğu 10 il ərzində ardıcıl olaraq mütaliə və yaradıcılıqla məşğul olur. Həbsdən çıxdıqdan sonra ona mənzil də verilmişdi. Lakin az sonra yenidən həbs edilir, güllələnir».

Azərbaycan folklorunun, aşıq ədəbiyyatının qiymətli incilərinin toplanmasında xüsusi xidmətləri olan Hümmət Əlizadə cəmi 33 il yaşayıb. 1907-ci ildə Qazax qəzasının Köçəsgər kəndində doğulub. Atasını hələ uşaq yaşlarında ikən itirib. Balaca Hümmət Aşıq Əli adlı bir el aşığından atalıq qayğısı görür. Aşıq Əli Güney Azərbaycanın Sulduz mahalından gəlmişdi, məşhur aşıq kimi tanınırdı. İlk təhsilini doğulduğu kənddə alan Hümmət Əlizadə sonradan Bakıya gələrək Pedaqoji İnstitutda (indiki ADPU-da) oxuyur. Bu zaman institutda dərs deyən tanınmış yazıçı Abdulla Şaiq gənc Hümməti himayəsinə götürür, hətta otağının bir hissəsin yaşamaq üçün onun ixtiyarına verir. Səməd Vurğun da Hümmət Əlizadəyə himayədarlıq edir, onun toyunda yaxından iştirak edir. 1928-ci ildə Azərbaycan Aşıqlarının I qurultayı keçirilən zaman H.Əlizadə çox zəhmət çəkir. Bu əhəmiyyətli tədbirin əsas təşkilatçısı böyük bəstəkar Üzeyir Hacıbəyli idi. Azərbaycanın sovet dönəmində ideoloqları olan Ruhulla Axundov, Səmədağa Ağamalıoğlu aşığı dövlətin ən yaxşı təbliğatçısı hesab edirdilər. Bu, imperiyanın düşünülmüş siyasəti idi ki, xalqın ruhunun yaşadığı aşıq poeziyasında sosializm ideyaları təbliğ olunsun. Belə bir zamanda gənc folklorçu alim Hümmət Əlizadə Azərbaycanın folklor nümunələrini, tanınmış aşıqların yaradıcılığını toplayırdı.

1934-cü ildə «Ədəbiyyat» qəzeti işıq üzü görəndən sonra folklor materiallarının çapı məqsədilə qəzet ayrıca səhifə ayırdı. H.Əlizadə topladığı materialları orada çap etdirirdi. 1929-cu ildə «El ədəbiyyatı» adlı ilk kitab, 1934-cü ildə isə Aşıq Ələsgərin şeirləri işıq üzü gördü. Bu dövrdə H.Əlizadə «Koroğlu» dastanının qollarını toplamağa da girişdi. Ona qədər Hüseyn Bozalqanlıdan dastanın 2 qolu Vəli Xuluflu tərəfindən yazıya alınaraq çap olunmuşdu. H.Əlizadə dastanın 13 qolunu, iki variantını, 50-dən çox şeirini toplayaraq 1940-cı ildə çap etdirdi. Onun özünəməxsusluğu onda idi ki, Şimali Azərbaycanın aşıqlarından eşitdiyi «Koroğlu»nu sistemli şəkildə çap etdirdi. Folklorla məşğul olduğu 8 ildə o, 15-dən çox kitab çap etdirib. Folklor toplamaq sahəsində məktəbi də H.Əlizadə yaradıb. İllərlə müxtəlif bəhanə axtarırlar, nəhayət, 1940-cı ildə onu həbs edirlər. Guya ki, o, folklor ezamiyyəsinə ayrılan vəsaiti mənimsəyibmiş. S.Vurğun onu zaminə götürür. H.Əlizadə həbsdə yatdığı bir neçə ay ərzində vərəmə tutulduğundan onu doğulduğu kəndə aparırlar. 3 aydan sonra vəfat edən H.Əlizadə doğma kəndində dəfn olunur.

Məhəmmədəli Fərzanə 1923-cü ildə Təbriz şəhərində anadan olub. O, Güney Azərbaycan folklorunun əvəzsiz tədqiqatçılarından və təbliğatçılarından biri idi. Milli folklorla uşaq yaşlarından tanışlığı onun duyğularında, düşüncələrində əhəmiyyətli rol oynayıb. Tədqiqatçı Afaq Ramazanova onun yurda, vətənə tükənməz sevgisinin elə-belə formalaşmadığını bildirir: «Məhəmmədli Fərzanənin milli ruha, xalqın taleyinə ciddi bağlanmasındandır ki, 1945-46-cı illərdə Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Hökumətin ideoloqlarından biri olub. Fərzanənin məktəb illəri əvvəlki dövrlər kimi ana dilində yazıb-oxumağın, hətta danışmağın belə yasaq olduğu dövrə təsadüf edirdi. O, Azərbaycan xalq ədəbiyyatı nümunələrini böyük bir eşqlə öyrənərək yurdunun acı-ağrısının, fəlakətli halının aradan qaldırılması istiqamətində bu mənəvi sərvətdən, silahdan bəhrələnə bilib. Fərzanə Pişəvərinin hökumətində ideoloq kimi çalışarkən Güney Azərbaycanın müstəqilliyinin davamlı olması üçün çox çalışıb. O, 40-cı illərdə təbliğ etdiyi ideya və fikirlərə görə, şah rejimi tərəfindən təqib edilib, dəfələrlə həbsxanaya salınıb. Güney Azərbaycanda dilimizə, milli ədəbiyyatımıza olan münasibət Məhəmmədəli Fərzanənin bütün yaradıcılığı boyu izlədiyi və zaman-zaman problemlərinə toxunduğu əsas məsələlərdəndir. Doktor Fethi Gədikli yazır ki, Azərbaycan türkcəsində təhsilin qadağan olunduğu bir məmləkətdə dilimizə olan münasibətdən ilk yazanlardan biri də məhz doktor Məhimmədəli Fərzanə olub. Onun «Ana dilimizmilli varlığımız uğrunda» silsilə məqalələri də məhz bu barədədir. Güney Azərbaycanda Azərbaycan qrammatikasına həsr olunmuş ilk kitabın müəllifi də Məhəmmədəli Fərzanədir. Onun «Azərbaycan türkcəsinin qrammatikasının əsasları» adlı iki cildliyi İranda dörd dəfə nəşr edilib. Avropanın qabaqcıl təhsil ocaqlarında mühün elmi hadisə kimi qiymətləndirilən bu kitaba Azərbaycan Milli Elmlər Akademiyası da müsbət rəy verib. Məhəmmədli Fərzanənin Azərbaycan folkloru ilə elmi tanışlığı 1942-ci ildə pedaqoji texnikumu bitirərək bir il sonra Təbrizdə kitabxanaya işə düzəlməsi zamanı baş verib. O zamanlar Fərzanə İranda yayımı yasaq edilmiş kitablar, o cümlədən «Dədə Qorqud kitabı» ilə rastlaşır. Həmin vaxtdan etibarən o, folklorumuzun toplanması, tərtibi və nəşri ilə ardıcıl məşğul olmağa başlayır. Onun ana dilində ilk məqalələri Mahmud Kaşğarinin «Divani-lüğətit-türk» adlı əsərinə həsr olunmuş «Divani lüğət-it-türk» əsərində işlənən deyimlər» və «Füzuliyə bir baxış» adlı yazıları «Vətən yolunda» qəzetində dərc olunur. Onun Azərbaycan xalq ədəbiyyatı və milli dastanlar barədə yazıları isə milli hökumətin mətbu orqanı «Azərbaycan» qəzetində çap edilir. M.Fərzanənin «Kitabi Dədə Qorqud»a həsr etdiyi yazıları da bu qəzetdə yayımlanır. 1946-cı ildə Pişəvərinin rəhbərliyi ilə yaradılmış Milli Demokratik Hərəkat devrildikdən sonra Məhəmmədəli Fərzanə Azərbaycan məsələsinə aid yazılarını fars dilində yazmağa başlayır. Bu mənada onunu böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında yazdığı ardıcıl məqalələrdən əlavə bir çox kitabları da olub. Güney Azərbaycan folklorunun toplanması və tərtibində mühüm hadisələrdən biri bu dövrdə, yəni ötən yüzilin 40-cı illərində İranda Azərbaycan bayatılarının toplu şəkildə çapıdır. Məhəmmədəli Fərzanənin bu illərdə davam edən folklor sahəsindəki araşdırmaları, eləcə də «Azərbaycan türkcəsi qrammatikasının əsasları» adlı iki cildliyi Pəhləvi hakimiyyəti illərində çap edilməyib. Ancaq 1978-ci ildən sonra «Bayatılar» yenidən işlənərək əlavələrlə 8 dəfə işıq üzü görüb, bu baxımdan İranda çap edilən kitablar arasında ilk yeri tutub. «Dədə Qorqud kitabı», «Molla Nəsrəddin lətifələri», «Azərbaycan el mahnıları», «Azərbaycan el sözləri (atalar sözü, məsəllər, deyimlər)», «Azərbaycan xalq ədəbiyyatı və antologiyası», «Bir söz inciləri (Azərbaycan klassikmüasir ədəbiyyatı antologiyası, 3 cilddə)», Cəlil Məmmədquluzadə, Əziz Nesin, Ələviyyə Babayevabaşqa yazıçıların farscaya tərcümə edilmiş əsərləri, «Varlıq» dərgisində yayımlanmış məqalələr, «Güney Azərbaycan folkloru» cildi Məhəmmədəli Fərzanənin Azərbaycan folklorşünaslığı tarixinə salınmağa mənəvi haqqının olmasından xəbər verir.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 20 iyun.- S.14.