«Sabir bütün satirik şairlərin yolunu kəsdi»

 

75 yaşlı İskəndər Etibar: «Satiralarım ürəyimin göz yaşıdır, qələmimin həyata tutduğu güzgüdür – nə quruyar, nə də sınar»

 

İskəndər Etibar 1937-ci ildə Şamaxıda anadan olub. 45 ildən çoxdur ki, yaradıcılıq yolu gələn şairin çoxsaylı şeirlər və publisistik kitabları çap olunub. Oxucular onu həm də yaradıcısı və baş redaktoru olduğu «Tək səbir» qəzetindən ötən əsrin birinci yarısında Şərqi riqqətə gətirən «Molla Nəsrəddin» jurnalının ənənələrinin davam etdiricisi kimi yaxşı xatırlayırlar. Əsasən satirik şair kimi tanınan İskəndər Etibarın həm də bəşərə, dünyaya, həyata məhəbbətlə yoğrulan lirik şeirləri də diqqəti cəlb edir. Ötən müddətdə ömrünün demək olar, hamısını ədəbiyyata, sözə həsr etdiyini deyən şair bildirir ki, sözlə ünsiyyəti hələ birinci sinifdə oxuyarkən başlayıb: «Mən fəhlə ailəsində dünyaya göz açmışam. Təbiidir ki, belə bir şəraitdə ədəbi mühitim ola bilməzdi. Ədəbiyyatla sövq-təbii məşğul oldum, uzun müddət bu yöndə ardıcıllıq yaranmadı. İş elə gətirdi ki, 7-ci sinfi qurtarandan sonra Şamaxı Kənd Təsərrüfatı Texnikumunda oxudum. Oradan da Gəncədəki Kənd Təsərrüfatı İnstitutuna daxil oldum. Ancaq ədəbiyyata olan marağımı qətiyyən səngitmədim: şeirlər, məqalələr yazırdım. Hələ tələbə ikən «Kirpi» jurnalının iki dəfə mükafatını almışam: müsabiqədə birinci yer tutmuşdum». Onun satiraya meyli maraqlıdır. Hələ texnikumda oxuyarkən satirik şeirlər yazmağa başlayıb: «O dövrkü şeirlərimi idealizə etmirəm, ilk qələm təcrübələrim idi. Sabiri oxuyandan sonra öz-özümə dedim ki, Sabirdən sonra satira yazmaqmı olar

Sabir o qədər güclü şairlik təbinə malik idi ki, hətta meyxananın da imkanlarını əlindən aldı. Mübaliğəsiz demək olar ki, Sabir kimi ikinci satirik şair yoxdur. İ.Etibar deyir ki, Sabir bütün satirik şairlərin yolunu kəsdi, daha doğrusu, «çörəyini kəsdi», onların hamısını kölgədə qoydu: «Xaqanini də xüsusi şəkildə oxuyub-öyrənməyə başladım. Bundan sonra əlim-qolum daha da yanıma düşdü ki, Xaqanidən sonra ümumiyyətlə, şeir yazmaq mümkün deyil. Amma içimdəki narahatlıq məni dinc dayanmağa qoymurdu, istər-istəməz yazırdım. Nizami, Nəsimi qorxusu canıma dolsa da, yazmaya bilmədim. Bir gün öz-özümə dedim ki, Xaqanidən sonra Nizami, Nizamidən sonra Füzuli, Füzulidən sonra Seyid Əzim, Seyid Əzimdən sonra Sabir, Cavid və başqaları yetişdi. Əgər biri-birinin ardınca bu qədər qeyri-adi təbə malik şairlərimiz yetişibsə, bu, o deməkdir ki, ədəbiyyatda söz demək imkanları tükənməzdir».

Bu, o deməkdir ki, insan yaradıcılığına hüdud yoxdur, insanın potensial imkanı çoxdur. Digər tərəfdən də yaranan nə varsa, əvvəlki xəlqi qədimliyi, sərvəti inkar etmədən daim yeni-yeni inkişaf üfüqləri yaradılmalıdır. İ.Etibar bundan sonra ürəklənib. Belə axtarışların müəyyən bir mərhələsində «Tək səbir» qəzeti meydana gəldi: «1992-ci ildə «Şirvan» Xeyriyyə Cəmiyyəti yarandı, həmin cəmiyyətin sədri seçildim. Cəmiyyətin qəzetinin buraxılması ideyası meydana çıxdı. Sabir ruhu ilə bağlı «Tək səbir» adlı qəzet buraxmaq istəyimi dilə gətirdim, fikrimlə hamı razılaşdı». Bu gün təəssüf ki, hələ də Azərbaycanda satiraya, yumora qarşı bir dözümsüzlük var. Məlumdur ki, Şərqdə ilk satirik jurnal olan «Molla Nəsrəddin»in əsası Cəlil Məmmədquluzadə tərəfindən qoyulub. Mirzə Cəlil məcbur oldu ki, jurnalı Bakıda yox, Tiflisdə çıxarsın. Hətta Təbrizdə 8 sayı çap olunan «Molla Nəsrəddin»lə İran karikaturası öz tarixini başlayır. Görəsən şeirə, sənətə fitrətən bağlı olan bir millət niyə özündəki islah olunmalı cəhətləri görmək istəmir? Şeirlərində Sabir ruhunun güclü təsirinin olduğunu bildirən şair deyir ki, bu gün Mirzə Cəlilin, Sabirin ruhunun yaşadılmasına böyük ehtiyac var. Millət öz səhvlərini görməyi və islah etməyi bacarmalıdır: «Satira o vaxt satiradır ki, o, sənət əsəridir, bədiiliyə çevrilir. Bir var söz, bir də var bədii söz. Söz hələ sənət deyil, bədii söz sənətdir. Əgər bədii dil, bədii təfəkkür yoxdursa, o yazı satira deyil. Həmişə cəmiyyət satiraya qarşı amansız olub. Satiranı qəbul etməmək bəzən naşılıqdan, nadanlıqdan, ya da ki, paxıllıqdan olur. Dəfələrlə belə hallar başımıza gəlib. Qəzetdə karikatura, ya satirik şeir vermişik, gəliblər ki, bunu mənə aid etmisiniz. And-aman etmişik ki, vallah, bunun sənə aidiyyatı yoxdur. Satirada insan özünü oxuyub görür. Çox adam öz narahatlığını gizlədə bilir. Amma görürsən ki, balaca adamlar onu davaya çevirirlər. Sabir bütün məsələlərdə demək olar ki, bizim «pasportumuzu» verib. Sabiri oxumaq nöqsanlarımızı görmək deməkdir».

Filologiya üzrə elmlər doktoru Qalib Sayılovun fikrincə, İskəndər Etibarın satirik yaradıcılığı ayrıca təhlil olunmalıdır: «Mən İ.Etibarı 1992-ci ildən tanıyıram. O vaxt gənc bir tələbə idim, o qədər də təcrübəm yox idi. Sadəcə o, gülərüz, xeyirxah insan kimi yaddaşımda həkk olunmuşdu.

Keçən əsrin 90-cı illərindən ölkədə yüzlərlə qəzet nəşr olunmağa başladı. Onlardan barmaq hesabı ilə sayılacaq qədəri gəlib günümüzə çatıb. İsgəndər Etibarla «Azərbaycan» nəşriyyatında eyni mərtəbədə çalışırdıq. İ.Etibar qəzeti təkbaşına buraxırdı. Həmişə onu tələsən görərdim və qeyri-ixtiyari Həsən bəy Zərdabi yadıma düşürdü: «Çap maşını yox, pul yox». Lakin bu zavallı millətə bir qəzet lazımdır» – deyə Həsən bəy «Əkinçi»ni əzabla çap edirdi. İ.Etibarın şair, jurnalist kimi fəaliyyətindən başqa ictimai fəallığı da həmişə diqqəti çəkib. O, uzun illərdir ki, «Şirvan» xeyriyyə cəmiyyətinin idarə heyətinin sədri olub. Bu müddət ərzində Azərbaycanın tanınmış adamlarının xatirəsinə hörmət olaraq anım gecələrinin, xalqın unudulmaqda olan bayramlarının, el şənliklərinin təşkil edilməsində zəhmət çəkib. Bu il İ.Etibarın bir kitabı nəşr olunub. Kitabın maraqlı adı var: «Sınmayan güzgü». Sınmayan güzgü İ.Etibarın özüdür. Görüb-gördüklərini iç dünyasında bişirib cəmiyyətə təqdim edir. Kitab haqqında müəllifin və İlqar Fəhminin geniş «Ön sözü»ü hər şeyi deyir. İ.Fəhmi şairin satirik yaradıcılığını çox geniş erudisiya ilə şərh edərək onun xələflərinə layiq sələf olduğunu oxuculara təqdim edir».

İ.Etibar «Müəllifdən» başlıqlı yazısında deyir: «Əziz oxucu, «Sınmayan səs»də cəmlənən şeirlər mənim həyat eşqim, həqiqətə, vətənpərvərliyə, dünyəviliyə, bəşəriliyə olan sədaqətim, can yanğım, alovlu məhəbbətimdir. Hər satirik şeir gördüyüm səhvin, nöqsanın, nadanlığın, biganəliyin, qarınqululuğun, Vətənə, millətə, bəşərə laqeydliyin qəlbimdə, ruhumda baş qaldıran göynərti və harayın təzahürüdür. Heç zaman özüm üçün, yəni varlanmaq, vəzifə tutmaq üçün yaşamamışam. Kiminsə faciəsini görəndə o şəxsdən daha çox sızlamışam. Yalan, böhtan, şər deməmişəm. Fəqət! Xəbislərdən, qarınqulu, vəzifə, pul düşkünü qohumlardan, dostlardan saysız xəyanətlər, hətta cinayətlər görmüşəm. M.Ə.Sabir dövründəki azsavadlılıqla bugünkü 80-90% ali təhsillilər arasında fərq nədir? Elə müasir geyimmi? Diplomlu nadanlar daha qorxulu deyilmi? Qəribədir, düşünürəm ki, heç kimə pislik etməmişəm, ictimai bəlaları göstərmişəm, heç bir felyetonumda şəxsi mənafeyim, kimdənsə qisas almaq eşqim olmayıb. Bu insanlar eybindən çəkinməkdənsə, niyə mənə düşmən kəsilirlər? Görünür, bu, dünyada belədir. Filologiya elmləri doktoru Əziz Mirəhmədov deyirdi: «İsgəndər, tarix boyu dünyada heç bir satirik əcəli ilə ölməyib, özünü qoru». Bir az təvazökarlıqdan uzaq olsa da deyirəm: Mən, məndən xəbərsiz Xaqani, Nəsimi, S.Ə.Şirvani, M.Ə.Sabir, M.Hadi ruhu ilə yoğrulmuşam, onların ömür yükünü daşımışam. Həqiqət budur ki, nə bəla çəkmişəm, insana, insanlığa böyük qayğıdan, məhəbbətdən irəli gəlib. Çoxları bu mədəniyyətimdən sui-istifadə ediblər. Satiralarım gözlərimin yox, ürəyimin göz yaşıdır, qələmimin həyata tutduğu güzgüdür – nə quruyar, nə də sınar. Bunlara şahid olmaq üçün 21 iyun 1992-ci ildə həyat döyüşünə atılan «Tək səbir»i oxu, bil ki, bu dediklərim həqiqətdir. Əsl sözü sən deyəcəksən, bu günün, sabahın oxucusu. Kövrəldim, daha yaza bilmirəm, sən yaz, sən de, yaza, deyə bilmədiklərimi…»

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 21 iyun.- S.14.