XX əsrin əvvəllərində folklorşünaslıq

 

Maarif xadimləri ədəbi dili doğru istiqamətdə inkişaf etdirməyə çağırırdılar

 

Azərbaycan xalqının tarixində XX əsr çox ziddiyyətli dövrlərdən biridir. Bu illərdə ictimai-siyasi həyatda baş verən hadisələrlə əlaqədar şifahi xalq ədəbiyyatına olan maraq da güclənmişdi. Azərbaycanda, xüsusilə Bakıda fəhlə sinfinin meydana gəlməsi, sosial demokrat düşüncənin güclənməsi və başqa amillər öz növbəsində ədəbiyyatın, incəsənətin qarşısında bir sıra yeni tələblər qoyurdu. XIX əsrin sonu, XX əsrin əvvələrində Azərbaycan folklorşünaslığında dövrün hadisələri ilə bağlı olaraq bir sıra özünəməxsus yeni keyfiyyətlər meydana çıxırdı. Bu da ondan ibarətdir ki, folklor yalnız yazılı ədəbiyyatla deyil, o zamanın pedoqoji fikirləri ilə də sıx bağlı idi. Folklora yazıçı və şairlərlə birlikdə həm də pedaqoji fikir nümayəndələri yaxından maraq göstərirdilər. Əgər dəqiqləşdirsək, yazılı ədəbiyyat nümayəndələrinin əksəriyyəti folklolrdan öz pedaqoji fikirlərini yaymaq üçün bir vasitə kimi istifadə edirdilər. H.Zərdabi, S.Ə.Şirvani, S.S.Axindov, A.Şaiq, M.Ə.Sabir, A.Səhhət, R.Əfəndiyev, F.Köçərli kimi görkəmli şəxslərin ədəbi – pedaqoji fəaliyyətinə diqqət etsək görərik ki, bunların hamısının tərbiyə xarakteri daşıyan əsər və məqalələrinin əsasında məhz xalqdan seçilib götürülən folklor materialı durmuşdur. Başqa sözlə desək, onlar məhz xalqın bu səpkidə, tərbiyə mövzusunda yaradılmış əsərlərini axtarıb seçmiş, yenidən canlandırmışlar.

XX əsrin əvvəllərində ictimai həyatda baş verən hadisələrlə əlaqədar olaraq folklor ana dili, milli dil, xalq dili məsələləri ilə sıx bağlı idi. Şifahi xalq ədəbiyyatı ana dilinin, sadə xalq dilinin əsas mənbəyi hesab edilirdi. Bu dövrdə ana dilindən söhbət düşəndə xalqımızın qabaqcıl övladları ilk növbədə folklorun diliniana laylasının dilini irəli atırdılar. Bunu biz yazıçı və maarif xadimlərimizin həm bədii əsərlərində, həm də məqalələrində çox aydın şəkildə görürük. «Molla Nəsrəddin»in xalq ədəbiyyatına demək olar ki, hər nömrəsində müraciəti, C.Məmmədquluzadənin «Anamın kitabı», «Kamança» pyeslərində folkloru, xalqın dünyagörüşü, Ü.Hacıbəyovun xalq ədəbiyyatı, xalq musiqisi əsasında əsərlər yazması, uşaq yazıçılarımızın folklordan istifadə ilə yazılmış əsərləri, F.Köçərli, A.Şaiq, R.Əfəndiyev, Y.V.Çəmənzəminli və başqalarının bir sıra məqalə və məktubları məhz bəhs etdiyimiz bu məsələlərlə əlaqədar idi.

XX əsrin əvvəllərində gərgin ictimai, ədəbi mübarizələr dövründə rus ideologiyası demokratik ədəbiyyata, milli xalq dilinə olduğu kimi folklora da kəskin hücumlar edirdi. Bir çox sənətkarlar folklorun ədəbi dilin inkişafındakı, demokratik ədəbiyyatın xalqda milli hisslərin oyanmasındakı mühüm rolunu çox yaxşı başa düşürdülər. Ona görə də onlar dilə, demokratik ədəbiyyata və folklora eyni dərəcədə hücum edənlərə qarşı çıxırdılar. Rusların burjuaçar ideoloqları Azərbaycan xalqının əsrlər boyu yaratdığı ədəbiyyat, mədəniyyət abidələrini, folklorunu inkar edirdilər. Onlar folkloru sənət cərgəsinə heç daxil etmir, xalqın əsrlər boyu yaratdığı mənəvi sərvətləri heçə çıxarmaq istəyirdilər.

Firudinbəy Köçərli Azərbaycan mədəniyyəti tarixində böyük rol oynamış bir şəxsiyyətdir. F.Köçərlinin fəaliyyəti zəngin və hərtərəfli olmuşdur. O, qabaqcıl pedaqoq, folklor toplayan, həm də xalq ədəbiyyatının nəzəriyyəçisi, ədəbiyyat tarixçisi olmuşdur. F.Köçərli sözün həqiqi mənasında ilk Azərbaycan folklorşünası olmuşdur. Elə yalnız «Balalara hədiyyə» kitabı F.Köçərliyə folklorşünaslıq tariximizdə müəyyən mövqe qazandırmışdır. Hər şeydən əvvəl F.Köçərlidən biz xalq ədəbiyyatının toplayıcısı kimi danışmalıyıq. Çünki hər bir folklorşünas eyni zamanda dövrə görə xalq ədəbiyyatı nümunələrini toplamaqla da məşğul olur.

Məlumdur ki, F.Köçərli məşhur ədəbiyyat tarixçisidir. Bu işlə əlaqədar ədib xalq ədəbiyyatını toplamış, çap etdirmişdir. Bütün məşhur ədəbiyyat tarixçiləri kimi o da ədəbiyyat tarixinin məhz şifahi xalq yaradıcılığından başlandığını çox yaxşı bilirdi. Bu mənada F.Köçərli böyük həvəslə folkloru yığır və təbliğ edirdi. F.Köçərlinin yığdığı folklor əsərləri o zamanlar müxtəlif mətbuat səhifələrində çap olunurdu. Onun çap etdirdiyi xalq yaradıcılığı əsərləri içərisində «Balalara hədiyyə», «Sayaçı sözləri», «Aşıq Valeh» və sairə var idi. F.Köçərli xalq ədəbiyyatına, ədəbiyyatın müəyyən məsələlərinə dair yazdığı məqalələrində bolluca folklor nümunələri gətirirdi. Bu da o zamana görə çox doğru bir hərəkət idi. F.Köçərli bütün qabaqcıl ziyalıların da diqqətini bu işə, folklorun toplanması işinə cəlb etmək istəyirdi.

Rəşidbəy Əfəndiyev Azərbaycan xalqının məşhur maarif xadimi və yazıçısıdır. XIX əsrin sonlarında K. Əfəndiyev xalqımızın yaratdığı bir çox əfsanələr, rəvayətlər barədə, xalq etiqadi, adət – ənənələri, hətta xalq təbabətinə aid çox maraqlı etnoqrafik məlumatları toplayıb rus mətbuatında çap etdirmişdi. Hələ inqilabdan əvvəl yazdığı dərsliyində o, xalq ədəbiyyatına mühüm yer ayırmış, folklor əsərləri barədə kiçik nəzəri məlumat da vermişdir. Müəllif burada xalq ədəbiyyatının poetik janrlarından olan bayatı, şikəstə, ağı, mahnı barədə həm nəzəri məlumat verir, həm də misallar gətirir. Burada folklor əsərləri barədəki nəzəri və elmi izahlar kiçik yaşlı uşaqların yaş xüsusiyyətlərinə uyğun şəkildə yazılmışdır. Ədib öz əsərlərində xalq ədəbiyyatında olan nağıl, lətifə, əfsanə, dastanbaşqa janrların xüsusiyyətlərindən danışır və misallar gətirir. O, şifahi xalq ədəbiyyatının yaranmasına, mənşəyinə toxunaraq yazırdı: «Hər bir el yaşadıqca həyatı gedişində təsadüf etdiyi hadisələri, təcrübələri, səadətli və fəlakətli halları qeyd olunmuş əsərlər o elin ruhunu, zövqünü və təbii incəliyini oxşarona zövq verirbununla bərabər o elin adət və ənənələrini tərbiyələnndirir». Göründüyü kimi R. Əfəndiyev burada folkloru xalqın həyatı, tarixi ilə bağlayır və onun bədii – estetik, tərbiyəvi əhəmiyyətini xüsusilə qeyd edirdi.

Abdulla Şaiqbu dövrdə xalq ədəbiyyatının bir sıra məsələləri barədə maraqlı fikirləri ilə çıxış etmişdir. Onun zəngin və çoxcəhətli yaradıcılığı xalq ədəbiyyatı əsərləri ilə vüsət tapır. 1926-cı ildə A.Şaiq topladığı bayatıları nəşr etdirir. Kitabda 650-yə qədər bayatı vardır. Burada Azərbaycan bayatılarının ən gözəl və rəvan nümunələri toplanmışdı. Müqəddimədə qeyd edilirdi ki, çap olunan toplanmış bayatıların yalnız bir hissəsidir. A.Şaiq folklor nümunələrini yalnız toplamaqla kifayətlənmir, xalq ədəbiyyatı, onun xüsusiyyətləri, bədii dil, bədii nəzəri fikirlər də söyləyirdi. Xalq ədəbiyyatımızda ifadə edilən sağlam fikirlər, gözəl, oynaq, aydın dil şairi valeh edirdi. A.Şaiq xalqımızın adətlərinə, məişət tərzinə, mərasimlərinə də dərindən bələd bir sənətkar idi. A.Şaiqin bədii yaradıcılıqda xalq ədəbiyyatına müraciətini bironun yaşadığı dövrlə, ictimai-siyasi hadisələrlə əlaqələndirmək lazımdır. Xalq ədəbiyyatı A.Şaiq üçün sadəcə material deyildi. XX əsrin əvvəllərindəki kəskin sinfi ziddiyyətlər şəraitində öz ictimai-pedaqoji, tərbiyəvi fikirlərini xalqa çatdırmaq üçün folklor ədibə bir vasitə, bir köməkçi idi. XX əsrin əvvəllərində folklora müraciət özünə görə siyasi əhəmiyyət kəsb edirdi. Həmin dövrdəki mətbuatda dərc edilən bir sıra yazılar, qabaqcıl ziyalıların məktublaşmaları fikrimizi sübüt edən aydın bir dəlildir. XX əsrin əvvəllərində Azərbaycan görkəmli maarif xadimləri, folklorşünasları Azərbaycan ədəbi dilini doğru istiqamətdə inkişaf etdirmək üçün şifahi xalq ədəbiyyatından geniş şəkildə istifadə etməyə çağırır, el dilinin zənginliklərinə müraciət etməyi, onun incəliklərinə dərindən yiyələnməyi ən doğru yol hesab edirdilər.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 21 iyun.- S.13.