«Bir mən vardır məndə məndən içəri»…

 

 İlahi türkü deyənlərimiz – Yunis İmrə və Qaracaoğlan

 

Aşıq sənəti, saz türk ruhundan doğub, Türk qüdrətini, mənəviyyatını təsdiq edir. Azərbaycan aşıq sənətinin qədim kökləri mövcuddur. Bu sarıdan həm də qardaş Türkiyənin zəngin aşıq ədəbiyyatı, ənənəsi var. Bu gün Azərbaycanda Yunis Əmrə, Qaracaoğlan və başqalarının imzalarını soydaşlarımız gözəl tanıyırlar. Professor Maarifə Hacıyevanın araşdırmalarında türk-ozan aşıq sənətinin inkişafı, türk-aşıq ədəbiyyatının yüzillər boyunca yaşayıb-yaradan sənətkarlarının taleyi və yaradıcılığı ilə bağlı soraqlar var. Türk-aşıq ədəbiyyatının məşhur nümayəndələrindən biri olan Yunis Əmrə 1240-cı ildə Əskişəhərə bağlı Sivrihisarın Sarıkök adlanan kəndində anadan olub. Bu kənd Porsuq çayının Sakaryaya töküldüyü bir yerdədir. Hazırda həmin kənd Yunis Əmrənin adını daşıyır.

M.Hacıyeva bildirir ki, Yunis Əmrənin bir neçə şeirindən onun mədrəsə təhsili aldığı məlum olur: «Onun ailə həyatı, anası, atası haqqında ətraflı bir məlumat zamanımıza qədər gəlib çatmayıb. Şeirlərində də bu barədə bir işarə yoxdur. Bir rəvayətə gör, iki dəfə evlənib, başqa bir rəvayətə görə isə mürşidi Tapdıq Əmrənin qızına aşiq olub. Şairin adı, həyatı, məzarı rəvayətlərə dönüb. Anadolunu gəzən şairin daha sonralar Azərbaycana, Şama gəlməsi, Konyada Mevlana Rumi ilə görüşdüyü, son günlərini Sarıköydə keçirərək 1320-ci ildə həmin kənddə öldüyü arpaşdırmaçılar tərəfindən yazılmaqdadır. Anadolunun bir çox yerlərində şairin məzarları olduğu söylənsə də məzarının Sarıköydə (indiki Yunis Əmrə bələdiyyəsində) olduğu artıq qəbul olunub.

Mürşidi Tapdıq Əmrənin, Yunus Əmrənin Qax rayonunun Oncalı kəndindəki Oğuz məzarlığında qəbirləri olduğu yazılmaqdadır. Professor Məşədixanım Nemət qeyd edir ki, Qax rayonunun Oncalı kəndində yerləşən qəbristanlıqdakı Şeyx Yunus və Hacı Tapdıq baba pirləri yerli əhali tərəfindən müqəddəs sayılan ziyarətgahlardan biridir. Yunus Əmrənin ilahiləri yüzilləri aşaraq xalqın könlündə, dərgahlarda, təkkələrdə yaşayıb və yaşamaqdadır. Onun bir çox əsərləri ölümündən sonra yazıya alınıb. Şairin ölümündən 118 il sonra onun divanı Mahmud Mustafa Bin Xan tərəfindən yazdırılıb. Bu divanda onun xeyli şeiri var. Sonradan professor Fuad Köprülüprofessor Abdulbakı Gölpınarlı bu divanı nəşr etdirmişlər».

Yunis Əmrənin əfsanəyə dönmüş həyatı haqqında danışan M.Hacıyeva daha sonra deyir ki, onun şeirlərinin sayı haqqında bir neçə rəvayət var. Bir rəvayətə görə, onun 3 min şeiri varmış: «Bir divan halında toplanmış bu şeirlər Molla Qasım adlı bir xocanın əlinə keçir. Molla Qasım şeirləri oxuyur, şəriətə uyğun görmədiklərini yandırırmış. Min dənə şeir yandırdıqdan sonra usandığı üçün mininisuya atmağa başlayır. Üçüncü minə başlayınca aşağıdakı beytlə qarşılaşır:

 

Dərviş Yunus, bu sözü əyri-buyru söyləmə,

Səni sığaya çəkən Molla Qasım gəlir.

 

Bu beyti oxuyar-oxumaz Molla Qasım Yunus Əmrənin ərənlərdən olduğuna və kəramətinə inanır, divanı öpüb başına qoyur. Ancaq artıq gec olur. Çünki onun əlində cəmi min şeir qalıbmış».

Tanınmış Azərbaycan ədəbiyyatşünası Salman Mümtaz hələ 1929-cu ildə yazdığı bir məqalədə Yunus Əmrə və Həsənoğlunun çağdaşı olan Molla Qasımın XIII yüzildə yaşamış Azərbaycan şairi olduğunu qeyd edib: «Molla Qasımdan ədəbiyyatımıza iki təcnis və bir şeir yadigar qaldığını yazan Mümtaz bu şeirlərin birinə Yunis Əmrənin nəzirə yazdığını da qeyd edib, Molla Qasımın və Yunus Əmrənin şeirlərini məqalədə nümunə olaraq göstərib. Hazırda Yunis Əmrənin elm aləminə iki əsəri məlumdur. Bunlardan biri bütün şeirlərindən ibarət divanı, digəri isə «Öyüdlər kitabı» adlı əsəridir. Bu əsər 573 beytlik məsnəvi olmaqla şairin görüşlərini əks etdirən nəsihətlərdir».

1957-ci ilin mayından başlayaraq Türkiyənin Əskişəhər adlı şəhərində «Uluslararası Mədəniyyət və Sənət həftəsi» adlı Yunus Əmrəni anma proqramları keçirilir. YUNESKO-nun qərarı ilə 1991-ci il bütün dünyada Yunus Əmrə ili elan olunmuşdu.

Araşdırmaçının fikrincə, təsəvvüf yoluna qədəm qoymuş Yunus Əmrə türk xalq ədəbiyyatının, türk düşüncə və təkkə (təsəvvüf) ədəbiyyatının ilk böyük şairidir: «Təsəvvüfə görə, kainatın tamamı Tanrının təcəllisidir. Bu inancla ikilik ortadan götürülür, yaradan ilə yaradılan birləşmiş olur. Kamil insan Tanrıya qovuşmaq, onun varlığında olmaq istəyir ki, buna «vəhdəti-vücud» deyilir».

Yunus Əmrə şeiriyyəti insanın özünə, ruhuna bələdliyi baxımından yaxşı bir mənəvi soraqdır. Onun məşhur – «Məni məndə demə, məndə deyiləm, Bir mən vardır məndə məndən içəri» – məşhur fikri insanın özündəki mövcud vəziyyəti ilə kifayətlənməməyə, onu daxili dünyasının sirlərinə baş vurmağa çağırır. Bu, əslində insanın gerçəklikdən üstün halıdır.

Türk-aşıq ədəbiyyatının XVII yüzildə yaşamış tanınmış aşıqlarından biri Qaracaoğlandır. Uzun illər ərzində onun həyatı haqqında elm aləmində az məlumat olub. Bu məlumatların da çoxunu rəvayətlər təşkil edib. Onun həyatı, şeirləri, yaşadığı dövr, anadan olduğu yeril alimləri çox məşğul edib. Qaracaoğlanın 1606-cı ildə anadan olduğu, 1676 və ya 1689-cu illərdə vəfat etdiyi söylənilir. Harda doğulub, harda ölməsi, adı, nəsli haqqında həqiqətə bənzəyən bir çox rəvayətlər mövcuddur. Bir çox tədqiqatçılar yaşlı insanların söylədiklərinə əsaslanaraq Qaracaoğlanın Kökçeeldə anadan olduğunu, Xocaoğulları dərəbəyliyi zamanı onu öldürmək istədiklərini xəbər tutarkən Ban şəhərinə getdiyini yazırlar. Haqqında yazılan başqa rəvayətə görə, Əskiyurdunda Kılıclı bəylərindən birinin arvadı ilə aralarında məhəbbət macərası olduğu üçün onu öldürmək istəyiblər. O, iki bacısı ilə obasından qaçıb, bir çox yerləri gəzərək Ərzuruma qədər gəlib, ömrü boyu evlənməyib, orada da ölüb. Başqa bir rəvayətə görə isə Qaracaoğlan Bahçelli ilçəsinin Varsaq kəndində anadan olub: «Bu, bir həqiqətdir ki, Qaracaoğlan aşıq ənənənələrinə uyğun olaraq sazı və sözü ilə Osmanlı imperatorluğunun Konya, Mardin, Karaman, Adana, Diyarbəkir, Hələb, Misir, Tokat, Ankara, Bursa, Sivas kimi yerlərin kənd və yaylalarına qədər gəzib-dolaşıb, hər yerdə şairlik və aşıqlıq gücünü göstərib. O, öz adının gah Hasan, gah da Xəlil, Qaracaoğlanın isə təxəllüsü olduğunu şeirlərində ifadə edib. Şeirlərində Dunay boylarından, Avstriya müharibələrinə qədər söz etdiyinə görə, onun Osmanlı imperatorluğunun qərb hüdudlarına, hətta xarici ölkələrə də getdiyi ehtimal olunur. Onun doğulduğu yer kimi adı, soyadı, öldüyü yer və dəfn edildiyi məkan dəqiq olaraq bilinmir və müxtəlif rəvayətlərlə izah edilir. Məsələn, bu rəvayətlərdən birində deyilir ki, Qaracaoğlan Maraşın Cezel yaylasında 96 yaşında ölüb, vəsiyyətinə görə tənha bir bulaq başında dəfn olunub. Sazı çürüyənə qədər baş tərəfində ağacdan asılı durduğu söylənilir».

Onun həyatı və yaradıcılığı haqqında ilk dəfə türk ədəbiyyatının qurucularından olan Fuad Köprülü 1915-ci ildə «Türk-saz şairləri» adlı kitabında bəhs edib. Qaracaoğlan sağlığında belə məşhur olub, onun şeirlərinə türkülər oxunub. Bu türkülər bütün Anadoluya, İstanbula, Azərbaycana, Krıma və Rumelindən Dunaya qədər yayılıb. Sorağı hər tərəfə yayılan şeirlərinə türkülər söylənən Qaracaoğlanın şeirlərindən ikisinin hələ sağlığında nota alındığını tədqiqatçılar yazmaqdadırlar. Onun şeirlərində məhəbbət, təbiət və qürbət lirikası güclüdür. Onun eşq şeirlərində bəşəri eşq ən yüksəkdə durur: «Qaracaoğlanın məhəbbət şeirlərində ayrılıq mövzusu da var. Həmçinin onun şeirlərində idealizə edilmiş eşq anlayışı ilə yanaşı ilahi eşq, yəni Allah eşqi, gerçək eşq anlayışı da var. Şairin yaradıcılığında zəmanədən, özündən və könlündən şikayət motivləri güclüdür. Zəmanədən şikayət bəzən dünyadan, fələkdən şikayət şəklində, özündən, könlündən şikayət isə çəkdiyi peşimançılıq, etiraf şəklində ifadə olunur. Yaradıcılığında təbiətin təsvir və tərənnümü də əsas yer tutur. Təbiət onun şeirlərində təkcə seyr edilən bir mənzərə olmayıb, yaşanan bir məkandır. Təbiətin hər bir çiçəyi, bitkisi, ağacı, daşı, quşu onun duyğularını anladan bir vasitədir. Qaracaoğlanın şeirlərindən gördüyü və yaşadığı həyat canlı şəkildə təsvir edilir. O, xalqın adət-ənənəsini, etnoqrafiyasını şeirə gətirib, onu dupduru xalq dili ilə ifadə edib».

Qaracaoğlan xalq dilinin incəliklərini, gözəlliklərini bütün təravəti ilə şeirə gətirdiyi kimi, heca vəznində ən yayğın və klassik formada şeirlər yazıb: «Türk-aşıq şeirində varsağı deyilən zaman Qaracaoğlan xatırlanır. Türk-xalq ədəbiyyatında məhəbbət mövzusunu ən çox işləyən Qaracaoğlan olduğu kimi, XVII yüzil aşıq ədəbiyyatında daha çox gözəlləmələr yazan da o olub. Onun istifadə etdiyi nəzm şəkillərindən biri də qoşmadır. Aşığın tədqiqatçılarının yazdığına görə, onun yazdığı 500-dən çox şeirin 322-si qoşma biçimində olmaqla yanaşı bu şeirlər klassik qoşma şəklinin ən mükəməl nümunələrindəndir».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 23 iyun.- S.14.