Ümumtürk ədəbiyyatının
görkəmli nümayəndəsi
Qazi Zəhirəddin Məhəmməd
Baburun keşməkeşli həyatı
Böyük türk hökmdarı və dövlət xadimi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Qazi Zəhirəddin Məhəmməd Baburun (1482-1530) «Baburnamə» əsəri memuar janrında yazılmış ilk əsərdir. Müəllif əsərdə keşməkeşli həyatını qələmə alıb, Mərkəzi Asiyanın, Əfqanıstanın və Hindistanın tarixinə, mədəniyyətinə, etnoqrafiyasına, flora və faunasına dair qiymətli məlumatlar verib. «Baburnamə»ni cığatayca, türkcə və rusca nəşrlərindən Azərbaycan türkcəsinə çevirən, ön sözün, qeydlərin və izahların müəllifi Ramiz Əskər mövzu ilə bağlı danışaraq bildirir: «Dünyanın ən zəngin, köklü dillərindən biri olan türk dili üç böyük qrupa – oğuz, qıpçaq və qarluq qruplarına ayrılır. Hər qrup da öz tarixi inkişaf mərhələsindən asılı olaraq özlüyündə bir neçə qola bölünür. Məsələn, qarluq qrupuna hazırda özbək, uyğur, sarı uyğur, salar və s. dillər daxildir. Vaxtilə mövcud olmuş qaraxani və çağatay dilləri isə qarluq türkcəsinin tarixi mərhələsidir. Üstəlik, bu dillərdə zəngin ədəbiyyat yaranıb. Qaraxani dönəmində Mahmud Kaşğarlı «Divanü lüğat-it-türk»ü, Yusif Balasağunlu isə «Qutadğu bilig»i yazıb. Bunlar ortaq türk ədəbiyyatının və Türk Dünyasının təməl əsərləridir. Çağataycada da türklük üçün böyük önəm daşıyan əsərlər qələmə alınıb. XX yüzildə qardaş Türkiyənin humanitar elmlər sahəsində yetirdiyi ən böyük şəxsiyyət olan ordinarius professor Məhmət Fuad Köprülü çağatay türkcəsini «Monqol istilasından sonra Çingizin övladları tərəfindən qurulan çağatay, elxani və Altın Ordu imperatorluqlarının mədəni mərkəzlərində XIII-XIV yüzillərdə inkişaf edən və Teymurilər dövründə, xüsusilə XV yüzildə klassik bir mahiyyət alaraq zəngin bir ədəbiyyat yaradan ədəbi Orta Asiya ləhcəsi» kimi səciyyələndirib. Türkcənin bu qolunda Şəkkaki, Lütfi, Ətai, Xocəndi, Sarayi, Xarəzmi, Hüseyn Bayqara, Qütbi, Əlişir Nəvai, Bayram xan, Əbülqazi Bahadır xan və onlarca qələm sahibi ölməz əsərlər yaradıblar. Bunların arasında şanlı türk hökmdarı və dövlət xadimi, Baburilər dövlətinin və ya Böyük Moğol imperiyasının banisi, şair, nasir, tarixçi, coğrafiyaçı, etnoqraf, ensiklopedik zəka sahibi Qazi Zəhirəddin Məhəmməd Babur şahın xüsusi yeri var».
Babur 1483-cü ildə Əndicanda anadan olub. Onun atası Fərqanə
hakimi Ömər Şeyx Mirzə Əmir Teymurun nəticəsi,
anası Qutlu Nigar xanım isə Çingiz xanın 14-cü
nəsildən törəməsi idi.
Babur
anadan olanda Ömər Şeyx Mirzə Səmərqəndə
məşhur sufi şair Xoca Nəsrəddin
Übeydullah Əhrarın yanına gələrək körpəyə
ad qoymasını xahiş edir. O, əvvəlcə «Zəhirəddin
Məhəmməd» adını təklif edir, sonra bir az düşünərək «Bu ad tələffüz
baxımında avam dili üçün ağırdır, qoy
onlar «Babur Mirzə» desinlər» deyir. «Babur» sözü əski
türkcədə «bəbir», «pələng» mənasına gəlir:
«Baburun anası Qutlu Nigar xanım Sultan Mahmudun böyük
bacısı, Monqolustan xanı Yunusun qızı idi. Babur ana nənəsi İsən Dövlət bəyimin
yanında böyümüş, ondan tərbiyə
almışdı. Bu qadın bütün
Orta Asiyada qeyrətli, ağıllı bir şəxs kimi məşhur
idi. Bir dəfə əri ilə birlikdə
düşmənə əsir düşəndə şahzadələrdən
biri ona təcavüz etmək istəmiş, İsən
Dövlət bəyim kənizlərinin köməyi ilə
harın şahzadəni öldürərək meyidini
sarayın həyətinə tullamışdı. Səhər
məsələ məlum olanda o, hamının hüzurunda belə
demişdi: «Bu adam şəriəti pozaraq
namusuma toxunmaq istədi, mən də onu öldürdüm. Buna görə bir suçum varsa, çəkməyə
hazıram». Öldürülən
şahzadənin atası dərin xəcalət hissi keçirərək
bəyimin günahkar olmadığını bildirmiş və
bütün əsirləri azad etmişdi».
Dövlət idarəçiliyini öyrənməsi
üçün atası Baburu hələ 10 yaşında ikən
Əndicana vali təyin edir. Bundan 2 il sonra Axsi qalasında
uçurumun üstündə göyərçinləri seyr
edərkən müvazinətini itirərək uçuruma
yuvarlanan Ömər Şeyx Mirzə həlak olur və Babur
1494-cü ildə 12 yaşında Fərqanə taxtına
çıxır: «Həmin dövrdə Orta Asiyada və
civarında siyasi mənzərə belə idi: Səmərqənddə
Baburun əmisi Sultan Əhməd Mirzə, Hisarda və Bədəxşanda
dayısı Sultan Mahmud Mirzə, Monqolustanda babası Yunus xan,
Kabildə II Uluğ bəy Mirzə, Heratda Hüseyn Bayqara
hökm sürürdü. Qızılbaşların
başında Şah İsmayıl Xətayi, özbəklərin
başında Şeybani xan dururdu. Hindistanda
isə hər vilayətdə, hətta hər şəhərdə
bir mirzə, xan və ya bir racə hakim idi. Babur hökmdar olduqdan qısa bir müddət sonra
taxtını əmisindən və dayısından qorumaq məcburiyyətində
qalır. Ağlı-fərasəti və ətrafındakı
yaxın adamlarının köməyi sayəsində əmisi
ilə dil tapır, Kasan bölgəsini dayısına güzəştə
getməklə təhlükəni sovuşdurur. Yavaş-yavaş güclənən Babur 1497-ci ildə
Səmərqəndi alır. Ancaq
ağır xəstələndiyi üçün uzun müddət
burada fəaliyyətsiz qalır, ətrafındakı bəylər
onu tərk edirlər. Bu yetməzmiş
kimi, Baburun ən inandığı bəylərindən biri,
Axsi qalasının komendantı Uzun Həsən (Ağqoyunlu
Uzun Həsənlə qarışdırmamalı) başqa bəylərlə
əlbir olub «Babur, ağır xəstədir, dili tutulub,
ağzına pambıqla su damızdırırlar» deyə
şayiələr yayaraq Əndicanı mühasirəyə
alır. Bunu eşidən Babur əmrindəki
250 nəfərlik dəstə ilə Əndicana üz tutur,
ancaq şəhərin ələ keçdiyini öyrənərək
Xocəndə gəlib dayısına sığınır.
Onun köməyi ilə Axsi və Əndicanı
geri almağa çalışsa da, bundan bir şey
çıxmır. Yalnız 15 ay sonra Əndicanı
qurtarmağa müvəffəq olur. Bu arada
12 yaşından bəri nişanlı olduğu əmisi
qızı (Sultan Əhməd Mirzənin qızı) Ayşə
bəyimlə evlənməli olur. Bu evlilik uzun
sürmür, Ayşə bəyim bir il sonra
onu tərk edir.
Taxta çıxdığı vaxtdan bəri Hüseyn
Bayqaranın bəyləri ilə savaşan Babur bu dəfə
rəqiblərin ən təhlükəlisi olan Şeybani xanla
üz-üzə gəlir. 1501-ci ilin yayında Səripul
müharibəsində ona məğlub olub Səmərqəndə
qaçır. Şeybani xan bu dəfə Səmərqəndi
mühasirəyə alır və tutur. Babur
şəhəri tərk edir, ancaq bacısı Xanzadə bəyim
Şeybaninin əlinə düşür, xan onunla evlənir.
Bəxti gətirməyən və hər
şeyini itirən gənc Babur yanındakı bir neçə
nəfərlə ac-susuz vəziyyətdə dağlarda,
düzlərdə dolaşır, axırda payi-piyada Daşkəndə
gələrək yenə dayısı Sultan Mahmud Mirzəyə
sığınır. Bu sıralarda onun
digər dayısı Əhməd xan Monqolustandan Daşkəndə
gəlir. İki qardaş Fərqanəni
tutmaq üçün ona dəstək verir. Babur bəzi yerləri ələ keçirərək
Əndicana yaxınlaşır, qoşunla dincəldiyi zaman qəfildən
basqına uğrayır, çoxlu itkiyə məruz qalır,
özü isə Əndican bəyi Əhməd Tənbəlin
qılınc zərbəsilə başından ağır
yaralanır, səkkiz yaxın adamı ilə birlikdə
qaçıb qurtulur. Sonra onlardan
ayrılaraq yolboyu xarabalıqlarda gizlənə-gizlənə
birtəhər dayılarının yanına qayıda bilir».
Şeybani xan Babura və dayılarına qarşı
mübarizəni davam etdirir, onları ağır məğlubiyyətə
uğradır.
Babur bu dəfə Fərqanənin cənubundakı
dağlara qaçır. Uzun müddət burada
ağır şəraitdə ac-yalavac qalır, nəhayət,
Xorasana Hüseyn Bayqaranın yanına getmək
üçün əksəriyyəti qadınlardan və
uşaqlardan ibarət olan 250 nəfərlik qafilə ilə
1504-cü ilin iyun ayında yola çıxır: «Qunduz
hökmdarı Xosrov şahın ərazisindən keçərkən
xalq iki ulu xaqanın törəməsini böyük sevgi ilə
qarşılayır, şahın qardaşı Baqi
Çağanyani başda olmaqla bir çox adam ona qoşulur. Qısa müddətdə Baburun ətrafında
böyük bir ordu toplanır. Babur istiqaməti
dəyişdirərək bu dəfə Xorasana deyil,
Hindiquş dağlarını keçib Kabilə üz tutur.
Qan tökmədən Müqim Arğundan şəhəri
alır və 1506-cı ildə özünü Kabil
şahı elan edir. Həmin il Heratda
çox sevdiyi Mahım bəyimlə evlənir. Şah İsmayıl Xətayi 1510-cu ildə
Şeybani xanı öldürür. Ən
əsas düşmənlərindən birinin aradan
çıxması ilə Babur şah əski
torpaqlarını, yəni ata mülkü Mavəraünnəhri
yenidən ələ keçirmək fikrinə
düşür. Ona görə Şah İsmayılla
müqavilə bağlayır, onun adına
xütbə oxutdurur və sikkə kəsdirir. Lakin
sünni əhali Baburun bu hərəkətini bəyənmir.
Xətayinin hərbi qüvvələrinin
yardımı ilə Hisarı, Buxaranı və Səmərqəndi
ələ keçirən Babur Osmanlı-Səfəvi
savaşı ilə əlaqədar Şah İsmayılın
öz qoşununu geri çağırması üzündən
tutduğu torpaqları yenidən itirir. Xətaiynin
Çaldıran savaşında osmanlılara məğlub
olması Baburun bütün ümidlərini puça
çıxarır. Çarəsiz qalan
Babur 4 illik fasilədən sonra Kabilə geri qayıdır və
bütün diqqətini bu coğrafiyaya yönəldir».
Babur şah 1519-26-ci illərdə Hindistana 5 dəfə
yürüş edir. Pəncabı (1519/20), Qəndahar (1522), Lahor (1523), Dehli
və Aqra (1526) şəhərlərini ələ
keçirir. Nəticədə Əfqanıstanı,
Bəlucistanı və şimali Hindistanı öz
hökmranlığı altına alaraq Böyük
Moğollar imperiyasının təməlini qoyur.
Hindistanda
iki əsas rəqibindən biri olan İbrahim Ludini Panipat
yaxınlığında məğlub edərək 5 may
1526-cı ildə Dehlini tutan Babur raçputların
başçısı Rana Sanka ilə vuruşur və 16 may
1527-ci ildə onun qoşunlarını Kanvanda darmadağın
edir. Bu savaşdan sonra «Qazi» ünvanını
alır. Babur 1527-29-cu illərdə öz nəzarətindəki
yerlərdə üsyanları yatıraraq, müstəqil
knyazlıqların çoxunu məhv edir, axırda Qanq
çayını keçərək Benqal
hökmdarını yenir və 24 iyun 1529-cu ildə Aqra şəhərinə
qayıdır».
R.Əskər bildirir ki, uşaqlığından bəri
ağır xəstələliklər keçirən,
xüsusilə də bataqlıq qızdırmasından əziyyət
çəkən Baburun səhhəti ciddi şəkildə
pozulur. Onu bir dəfə zəhərləyirlər. İbrahim Ludinin anası tərəfindən
aşpaz Əhmədin əli ilə verilən
ağının təsiri nəticəsində Baburun vəziyyəti
gündən-günə ağırlaşır. Baburun qızı Gülbədən bəyim
özünün «Hümayunnamə» adlı kitabında
atasının həyatının son aylarını müfəssəl
şəkildə təsvir edib. Onun
yazdığına görə, şahzadə Hümayunun
çox ağır şəkildə xəstələnməsi
Babura öz dərdini unutdurur. O, xüsusi bir ayinə əməl
edərək oğlunun yatağı başına üç
dəfə dolanır, Hümayunun xəstəliyini öz
üzərinə götürdüyünü bildirir. Tezliklə Hümayunun vəziyyəti
yaxşılaşır və sağalır. Əvəzində Baburun xəstəliyi getdikcə
şiddətlənir. Babur
övladlarını (oğulları Hümayun, Kamran, Əskəri
və Hindal mirzələri, qızları Gülrəng,
Gülçöhrə və Gülbədən bəyimləri),
bəylərini və sərkərdələrini yanına
çağırır. Hamının
hüzurunda böyük oğlu Hümayunu padşah təyin
edir, elə həmin gün – 26 dekabr 1530-cu ildə 48
yaşında vəfat edir. Aqrada dəfn
olunur, sonralar vəsiyyətinə uyğun olaraq qəbri Kabilə
köçürülür. 1646-cı ildə
Baburilər sülaləsinin üzvlərindən biri olan Cahan
şah onun Baği-Babur adlı bağda yerləşən qəbri
üzərində bir məqbərə tikdirir.
Baburilər səltənəti 1858-ci ilə kimi davam
edib.
Uğur
Xalq Cəbhəsi.- 2012.- 29 iyun.-
S.14.