Aşıq Kamandar sənəti

 

«Aşıq Kamandar deyəndə, istər-istəməz Aşıq Əmrah yada düşür»

 

Bu gün tarixi türk yurdu olan Borçalını yaşadan, varlığını təsdiq edənən ən qüdrətli soraq aşıq sənətidir. Araşdırmaçı Maşallah Xudubəyli Borçalıda çağdaş dövrdə aşıq sənətinin yaşamasında Aşıq Kamandar (1932-2000) yaradıcılığının əhəmiyyətli rolunun olduğunu bildirir: «Elimizin, obamızın sazlı-sözlü diyarı kimi tanınan Borçalı mahalı həmişə öz ustad aşıqları ilə fəxr edib. Özünün həzin qoşmalarına ilıq nəfəsilə can verən söz ustadı Xındı Məmməd, sinəsi dərya tutumlu Hüseyn Saraclı, hər zənguləsi bal kimi şirin olan Əmrah Gülməmmədov… Sənət dünyasında hər birinin özünəməxsus yolu var bu ustadların. Borçalıdan başlanan bu yollara bir cığır da qoşulub. Əzəli dolaylardan keçən bu daşlı-kəsəkli yol 50 ildən bəri təmizlənib, saflaşıb büllurlaşandan sonra ustadların yollarıynan qoşalaşdı, sənət aləmində ilk addımlarını atan cavan aşıqların qibləgahına çevrildi. Bu yol Aşıq Kamandar yoludur. Elə bil ki, Borçalı dərələrindən axan çayların ilahi bir zümzüməsi var bu aşığın səsində: o, həm şaqraq, həm də kövrəkdir. Bu iki nəfəs bir-birinə qovuşub telli sazın ahənginə qarışanda duyan ürəklərin ehtizazı dünyaya sığmır. Əgər Kamandarın yadigar səsi «Kərəmi» ifasıynan bizi kövrəldə bilirsə, Koroğlu simasında damarlarımızdan axan saf qanı coşdurur, hər birimizi hünər meydanında süvari bir əsgərə döndərir. Bəzən Aşıq Cünun nəsihətindəki müdriklik «Dəli Koroğlu»nu sığala çəkəndə də Kamandarın saz dünyası bizi sehrləyə bilir. O, adicə bir qoşmaya «Cəlili» ahəngiylə, sadə bir gəraylıya «Dübeyti» oxşaması ilə yeni məna verir, onu yüksək zövqlə bizə aşılayır».

M.Xudubəyli hesab edir ki, «Müxəmməs» maraqlı bir hadisənin saz havacatında söylənəcək nəqlidir: «Aşıq Kamandar dinləyicisinə belə nəql edir ki, hadisənin təfsilatı olduğundan daha maraqlı, daha şirin eşidilir. Ustad sənətkar «Yurd yeri»ni oxuyanda onu yaradan aşıq-bəstəkardan da çox həzinləşir, elə indinin özündə boş qalan ata-baba oylaqlarımızın hər ocaq daşını gözlərimiz önündə canlandırır. Lakin arxasınca ucalan «Misri» sanki bizi qəflətdən oyadır, atları yəhərləyir, qəlbimizə qeyrət, qolumuza qüvvət gətirir. Aşıq Kamandar «El havasını» elə çalıb oxuyur ki, onun avazı böyük bir elin əzəli birliyindəki gücə-qüdrətə çevrilir. O, hər havanı yerində çalıb oxumaqla öyünmürdü. Bu havaların hər birini Aşıq Kamandar daha da zənginləşdirdi, onlara yeni məna, yeni çalar gətirdi. Hər xalqın öz sənət mənbəyi olduğu kimi, bizimkiulu ozanların sinəsində dillənən telli sazdan başlayır. Necə ki, bu saz hər birimiz üçün müqəddəsdir, eləcə də onu yaşadan, ürəyinin başında əzizləyən aşıqlarımız da bizim milli mədəniyyətimizi yaşadan istinadgahımız olub».

M.Xudubəli bu qənaətdədir ki, indi başına aşıq papağı, ayağına xrom çəkmə geyinib oxuyan aşıqlar çoxdur: «Ancaq əsl sənət ustalarını barmaqla saymaq olar. Məhz Kamandar da adıynan, sənətiynən sayılanlardan olub həmişə. Onun özünəməxsus məktəbi var. Elə bir məktəb ki, ora yalnız Kamandar səsli, Kamandar avazlı adamlar qəbul oluna bilərlər. Oxuyanda həm özünü unudar, həm də eşidənləri özünə unutdurardı».

Buradaca araşdırmaçı Kamandar sənətinə xas olan cəhətlərdən söz açır: «Aşığın çaldığı hər havada öz yenilik payı var. Ancaq bu yeniliklər heç bir havanın əzəli çalarına xələl gətirmir. Əksinə, vurduğu güllər onu daha da zənginləşdirir. Aşıq-bəstəkar kimi özü yaratdığı havalar da heç kiminkinə bənzəmir. Hər havada, hər sözdə, hər söhbətdə nəsə bir müsbət yenilik icad edib. Hər dəfə də Aşıq Kamandar camaatın gözündə təzələnib. Neçə yüz nəfərlik mikrofonsuz mağarda kimsə cınqırını da çəkməyib, hamı bütün varlığıynan ona diqqət kəsilib. Havaların ahəngiynən adamlar haldan-hala düşüblər. Gah coşub-daşıb, gah heyfsiləniblər, gah gözləri yaşarıb, gah da gülüşüblər. Bəzən aşıq özü «Yanıq Kərəmi», «Dilqəmi» və «Məmmədhüseyni» kimi havaları oxuyanda sel kimi gözlərindən yaş axıdıb. Havacat isə öz ahəngində davam edib. Adam gördüklərinə inana bilməyib. Bu, həqiqətdir, yoxsa möcüzə? Görən Kərəm də öz dərdini telli sazın ahənginə qoşanda beləcə ağlaya-ağlayamı oxuyurmuş? Görəsən, Məmmədhüseyn ana yurdu Göyçəni tərk edəndə bədahətən yaratdığı havasını göz yaşlarıynanmı izhar edirmiş

Aşıq Kamandarın dastan danışmasını təhlil edən M.Xudubəyli deyir: «O, gah mülayim, gah da hirsli görünürdü. Hadisələri nəql etdikcə özü də qəhrəmanları ilə bərabər yaşayırdı. Söhbətləri şirin, ardıcıl və maraqlı olurdu. Belə hallarda onun tamamilə bənzərsiz ustalığı xüsusilə nəzəri cəlb edirdi. Aşıq danışanda sazı susdurub qoltuğuna almırdı. Həm danışır, həm də sazı məzmuna uyğun tərzdə çalırdı. Nə barmaqları yanılırdı, nə də dili. Ahəngi ahəngə qoşub eşidənləri heyran qoyurdu. Elin çeşmə suyu kimi saf dilində elə danışırdı ki, Borçalı ləhcəsindəki şirinlik sazda vurduğu təzə güllər kimi axıcı olurdu».

«Aşıq Kamandarın səhnə mədəniyyəti göz oxşayan, ürəyəyatan olub»- deyən araşdırmaçı onun bəzi aşıqlar kimi şit-şit oynamaqla, yeri gəldi-gəlmədi səsinin tonunu dəyişməklə özünü gözə soxmağa çalışmadığını bildirir: «Onda hər nə varsa, təbii idi: çalmaq da, oxumaq da, danışmaq da. Hər havanın sözünü ustalıqla seçər, məzmunsuz mənasız və haradasa yerinə düşməyən sözü oxumazdı. Aşıqlıq sənətində neçə hava varsa, Kamandar onu öz sazında çala bilib. Aşığın gileyiçox idi. Sazın tellərinə hörmət etməyən, onu ucuz gəlir mənbəyinə çevirən bəzi üzdəniraq aşıqlar, sözün əsl mənasında, ulu sənətimizə xəyanət etmiş kimidi. Əgər belədirsə, bu məsələ rəsmiləşdirilsə yaxşı olmazmı? Qoy yeməkxanalarda, sanatoriyalarda, çayxanalardabaşqa ictimai yerlərdə oxuyan aşıqlara xüsusi icazənamə verilsin. Belə ki, onlar ustad aşıqlar tərəfindən yoxlanılsın, görək el içinə çıxasıdı, yoxsa yox? Əgər belə olsa, uzaq eldən gələn qonaq-qara yanında da üzümüz olar. Axı onların arasında elələri var ki, bizim aşıq sənəti haqqında şifahi məlumatı olsa da, özünü görməyib, səsini eşitməyib? Naşı aşıqlar isə onlarda klassik saz sənətimiz barədə yanlış fikir oyada bilər… Bəli, ustad gileyində haqlıydı. Bu, ellikcə hamımızın qayğısıdır».

Aşıq Kamandar deyəndə, istər-istəməz Aşıq Əmrah yada düşür: «Ya da ki, əksinə. Ümumiyyətlə, bu iki ustadın adı həmişə, hər yerdə qoşa çəkilib. Lakin Kamandardan soruşanda ki, «Ustadın kim olub?», o, Aşıq Sadıqdan sonra Aşıq Əmrahın adını xüsusi bir kövrəkliklə çəkirdi. Bəlkə də çoxları nə zamansa bu iki kamil sənətkardan birinin ustad, o birinin isə şəyird olduğunu bilməyib. Elə onları sənət yollarında qoşa görüb, qoşa tanıyıblar. Amma bu müqəddəs sənətin əlilə ustadla şəyird münasibətlərinin nümunəvi bir dostluğa çevrilməsi hər kəsə nəsib olmur. Aşıq Kamandar məhz belə sənətkarlardandır. Onu Aşıq Əmrahla bağlayan dostluq tellərini dünyanın ən dəhşətli tufanları da qıra bilməzdi. Hər yerdə, hər məclisdə qoşa gəzib, qoşa durub, qoşa da oxuyublar. Nədənsə onların xasiyyətləri kimi sənət vərdişləri, hətta səsləri də oxşar olub, zəngulələri də. Radio dalğalarında onlara qulaq asan dinləyicilər qarşılıqlı oxumada kimin Əmrah, kimin Kamandar olduğunu ayırd etməkdə çətinlik çəkiblər. Bircə onu biliblər ki, Əmrahla Kamandar oxuyur. Deməli, dinləmək, tam diqqətlə qulaq asmaq lazımdır».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 14 mart.- S.14.